XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

29 Mart 2015 - 16:47

Yaponiya-Çin rəqabətində ABŞ “barmağı”

Qlobal iqtisadi böhran və durğunluq fonunda Uzaq Şərq regionunun dünya iqtisadiyyatının lokomotivinə çevrilmə potensialı güclənməkdədir. Region ölkələri bir-birilə sıx tarixi bağlara və çoxşaxəli münasibətlərə malikdirlər. Bununla belə, regionda liderlik uğrunda mübarizə, ərazi mübahisələrinin tez-tez gündəmə gətirilməsi münasibətlərdə gərginliyin artması ilə müşahidə olunur. Bu cəhətdən, bölgənin aparıcı dövlətləri olan Yaponiya və çin arasındakı rəqabət Uzaq Şərqdə gedən geosiyasi proseslərin axarına təsir edən mühüm faktordur.

Yaponiya-çin rəqabətinin əsas xüsusiyyətlərindən biri kimi, ekspertlər bu iki ölkənin müxtəlif məsələlərdə bir-birindən geri qalmamağa çalışmasını göstərirlər. Məsələn, 2015-ci ilin yanvarında Yaponiya ilə Avstraliya arasında azad ticarətlə bağlı ikitərəfli saziş qüvvəyə minib. Bunun ardınca dərhal çin də bu ilin ikinci rübündə Avstraliya ilə analoji müqavilə bağlayacağını bəyan edib (bax: Китай и Япония в борьбе за региональное лидерство / “Новое Восточное Обозрение”, 9 mart 2015).

“Senkaku”, yoxsa “Diaoyu”?

İki ölkənin iqtisadi mübarizəsinin daha sərt tərəfi isə meydana çıxan ərazi mübahisələridir. Belə ki, Şərqi çin dənizində 7 kvadratkilometr ərazidə yerləşən, insan yaşayışı olmayan 8 kiçik ada və bir neçə qayaya sahiblik uğrunda mübarizə 1970-ci illərdən davam edir. Hazırda Yaponiyanın nəzarətində olan adalar XIX əsrin sonlarına qədər çinə məxsus olub. Lakin çinin “Diaoyu”, Yaponiyanın “Senkaku” adlandırdığı adalara sahiblik uzun müddət heç bir ölkə üçün prinsipial əhəmiyyət kəsb etməyib. İkinci Dünya müharibəsində Yaponiyanı işğal edən ABŞ adaları uzun illər nəzarətində saxlayıb və 1971-ci ildə Yaponiyaya qaytarıb. Bundan qısa müddət sonra ərazidə neft ehtiyatlarının olması barədə məlumatların yayılması yanacaq ehtiyatları baxımından kasıb olan çin və Tayvanın əraziyə iddialar irəli sürməsinə səbəb olub (bax: How uninhabited islands soured China-Japan ties / “BBC”, 10 noyabr 2014). Bölgədə hərbi, iqtisadi maraqları olan ABŞ isə bu mübahisədə Yaponiyanı dəstəkləyir.

çin ilə ərazi mübahisələrinin fonunda Yaponiyanın son zamanlar öz hərbi imkanlarını genişləndirmək yönündəki addımları da dünyanın diqqətini cəlb edən prosesdir. 2014-cü il iyulun 1-də hökumətin təsdiqlədiyi sənəd Yaponiyanın müttəfiqlərinə yardım məqsədilə öz sərhədlərindən kənarda hərbi əməliyyatlar aparmasına hüquqi əsas yaratdı (bax: Japan takes historic step from post-war pacifism, OKs fighting for allies / “Reuters”, 1 iyul 2014). Rəsmi Vaşinqtonun dəstəklədiyi bu addım ABŞ-ın yaxın hərbi müttəfiqi olan Yaponiyanın çin üçün təhlükəliliyini daha da artıra bilər.

Yaponiya-çin qarşıdurmasında ABŞ amili

Yaponiyanın hərbi sahədə yeni yanaşmasının formalaşmasında ABŞ-ın təsiri hiss olunur. Bir qədər keçmişə nəzər saldıqda, hazırkı geosiyasi proseslərin təməlinin demək olar ki, İkinci Dünya müharibəsindən sonra yeni dünya düzəninin formalaşması zamanı qoyulduğunu görmək olar. Məlum olduğu kimi, İkinci Dünya müharibəsində ABŞ və çin müttəfiq qüvvələr kimi çıxış edirdilər və Yaponiyanın məğlub edilməsində bu əməkdaşlığın mühüm rolu olub. Lakin 1946-cı ildə çindəki vətəndaş müharibəsindən kommunistlərin qalib çıxaraq hakimiyyəti ələ alması ABŞ-la çinin əks cəbhələrdə mövqe tutmasına gətirib çıxardı.

Əvəzində isə ABŞ-la Yaponiya arasında tədricən müttəfiq münasibətləri yarandı. Əvvəlcə, məğlubiyyətdən sonra Yaponiyanın əsas hissəsinə nəzarət ABŞ-a keçdi və bununla demək olar ki, Yaponiyanın yenidən qurulması prosesi başlandı. Prezident Harri Trumenin 1945-ci il sentyabrın 6-da imzaladığı “Yaponiya üçün ABŞ-ın ilkin təslimiyyətsonrası siyasəti” sənədinə əsasən, ABŞ-ın Yaponiya ilə bağlı siyasətinin əsas məqsədlərindən biri “başqa dövlətlərin hüquqlarına hörmət edən və BMT Nizamnaməsinin ideya və prinsiplərində əks olunan ABŞ-ın məqsədlərini dəstəkləyən sülhməramlı və məsuliyyətli hökumətin qurulması” idi (bax: U.S. Initial Post-Surrender Policy for Japan / www.ndl.go.jp). Sənədə əsasən, bu məqsədə çatmaq üçün Yaponiya tamamilə tərk-silah edildi, hətta daxili asayişi qorumaq üçün məhdud sayda polis qüvvələri istisna olmaqla milli təhlükəsizlik orqanlarından və onlara məxsus təchizatdan da məhrum edildi, ölkənin müdafiəsini ABŞ tamamilə üzərinə götürdü. Paralel olaraq, əhalinin dünyagörüşünün dəyişdirilməsi prosesi də həyata keçirildi, Yaponiya xalqının başına gələn müsibətlərin, nüvə fəlakətinin yeganə səbəbkarının imperialist Yaponiya hökuməti olması fikri aşılandı (bu ideya sonradan ölkənin yeni konstitusiyasında da əksini tapdı). ABŞ prezidenti H.Trumenin imzaladığı adıçəkilən sənəddə ultra-millətçiliyin, militarizmin təbliğinin qadağan olunması və Qərb demokratiya prinsiplərinin bərqərar olunması tələb edilir, “Yaponiya xalqının ABŞ və digər demokratik ölkələrin tarixi, institutları, mədəniyyəti və nailiyyətləri ilə tanış olmasına şərait və maraq yaradılmalı” olduğu vurğulanırdı (bax: əvvəlki mənbə). Təbii ki, bütün bunlar təhsil, mədəniyyət və informasiya sahəsində məqsədyönlü işin aparılması üçün kifayət qədər əsas yaratdı.

Yaponiyanın idarə olunduğu hazırkı konstitusiyası da 1946-ci ildə ABŞ hökumətinin nəzarəti altında, əksəriyyəti amerikalı hüquqşünaslardan ibarət olan heyət tərəfindən hazırlanıb, 1947-ci ildə qüvvəyə minib. Konstitusiyanın 9-cu maddəsində qeyd olunur ki, “Yaponiya xalqı dövlətin suveren hüququ kimi müharibədən və beynəlxalq mübahisələri nizamlama vasitələri kimi hədə və güc istifadəsindən əbədiyyən imtina edir”. Bu məqsədlə “heç zaman quru, dəniz və hava qüvvələrinin və digər hərbi potensialın formalaşdırılmayacağı” qeyd olunur (bax: The Constitution of Japan / www.japan.kantei.go.jp).

Konstitusiyanın bu maddəsi səbəbindən Yaponiyanın özünümüdafiə qüvvələri yaratması, eləcə də müttəfiqlərə hərbi yardım göstərilməsini nəzərdə tutan hökumətin 2014-cü il qərarı daim müzakirələrə səbəb olur. Lakin bir məqamı nəzərə almaq lazımdır ki, Yaponiyanın da üzvü olduğu BMT-nin Nizamnaməsinin 51-ci maddəsi ölkələrin hərbi təhlükələrə qarşı fərdi və kollektiv formada müdafiə olunma hüququnu tanıyır. Yaponiya konstitusiyasına əsasən isə ölkənin tərəfdar çıxdığı beynəlxalq hüququn normaları ölkənin ali qanununun prinsiplərinə zidd olsa belə yerinə yetirilməlidir (98-ci maddə). Deməli, BMT Nizamnaməsi hüquqi cəhətdən Yaponiya konstitusiyasından üstün olduğu üçün Yaponiyanın hərbi qüvvələrə malik olması nə beynəlxalq hüquqa, nə də dolayı yolla ölkənin konstitusiyasına zidd deyil.

Beləliklə, konstitusiyanın qoydu
ğu qadağalara baxmayaraq, ABŞ-ın razılığı ilə 1954-cü ildə Yaponiya özünümüdafiə qüvvələri yaradıldı. Paralel olaraq, ABŞ Yaponiyanın iqtisadi inkişafına geniş dəstək verdi. Əslində, Yaponiyanın inkişafı, güclənməsi və özünümüdafiə imkanlarının yaradılması geosiyasi proseslərdən irəli gələn zərurət idi. çünki müharibədən qalib çıxan SSRİ-nin öz gücünü və nüfuzunu artırması, çində kommunist rejimin qurulması, SSRİ-nin nəzarəti altında olan Şimali Koreyanın yarımadaya nəzarəti tam ələ almaq istəyi ABŞ-ı bölgədə kommunist dövlətlərə qarşı güclü əks-cəbhə yaratmağa vadar edirdi. Bu məqsədlə Yaponiya, Cənubi Koreya, Tayvan, Filippin kimi ölkələrin inkişafına Qərb dövlətləri böyük dəstək və şərait yaratdı. Qərb demokratiyası və kommunizm arasındakı bənzər formada rəqabət Avropada müharibədən sonra iki yerə parçalanmış Almaniyanın kapitalist hissəsi olan AFR-in sürətli dirçəlişi timsalında da özünü göstərirdi.

1991-ci ildə SSRİ-nin dağılması, ardınca Avropanın hər yerində sosialist-kommunist sistemin çöküşü “Soyuq müharibə”nin başa çatması, tamamilə fərqli dünya düzəninin yaranması barədə təsəvvürlər yaratdı. Lakin son illərdə aparıcı aktorlar arasındakı geosiyasi və geoiqtisadi mübarizənin kəskinləşməsi, əslində, “Soyuq müharibə” elementlərinin hələ də qaldığını göstərir. Belə ki, ABŞ kommunizmdən imtina edən Rusiyanı bu gün də əsas rəqibi kimi görür, Yaponiyanın Rusiyaya və çinə, eləcə də Vyetnam, Filippin kimi ölkələrin çinə qarşı ərazi iddialarını dəstəkləyir, həmin ölkələrlə hərbi əməkdaşlığını gücləndirməklə Sakit okeanın Asiya sahillərindəki hərbi mövqelərini gücləndirməyə çalışır. ABŞ-ın Yaponiya, Cənubi Koreya və Tayvanda hərbi bazalarının olması da özünün regiondakı nüfuzunu qoruyub saxlamasına yardım edir.

Bütün bunlar onu deməyə əsas verir ki, çin ilə Yaponiya arasında gedən mübarizə müəyyən mənada ABŞ-la çin arasında gedən qlobal geosiyasi mübarizənin regional miqyasda təcəssümüdür. Lakin əlbəttə ki, Yaponiyanın öz siyasi, iqtisadi maraqları uğurunda mübarizə aparması Yaponiya-çin rəqabətində başlıca amil olaraq qalır.

İstənilən halda, ABŞ-Rusiya qarşıdurması fonunda Qərbin birqütblü dünya düzəni formalaşdırmaq yönündə fəaliyyətinin həlledici mərhələyə daxil olması Yaponiya-çin münasibətlərini və bütövlükdə Şərqi Asiyadakı proseslərə bundan sonra daha böyük diqqət cəlb edə bilər.

Newtimes.az