XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

06 Mart 2017 - 12:04

ABŞ-da Trampa qarşı “soyuq müharibə”:“Rusiya məsələsi” Vaşinqtonu dağıdır –TƏHLİL

putin maska trapm

Rusiya məsələsi, ittihamlar, getdikcə daha çox adamın ruslarla bağlılığı haqda yazılanlar Vaşinqtonda təhlükəli durum yaradıb.

CNN-in şərhçisi Stefan Kollinson bu məsələnin «aşındırıcı», «yeyici» rol oynadığını, Donald Trampın prezidentliyini, həm də ona etimadı təhlükə altında qoyduğunu, hazırkı isterikanın Ağ evi də dağıtmaq həddinə çata biləcəyini yazır.

Müəllifin sözlərinə görə, artıq elə bir durum yaranıb ki, Vaşinqtonda yalanla doğrunu, şayiəylə faktı ayırmaq müşkül məsələyə çevrilib. Daha Ağ ev də ittihamlara son verə bilmir, bəzənsə prezident özü başının üstünü alan buluddan xəbərsizmiş kimi, mübahisələri bir az da qızışdırır.

İCTİMAİ ETİMAD BÖHRANI

Bu gün bütün ABŞ qəzetləri, eləcə də Avropanın nüfuzlu saytları D.Trampın şənbə çıxışından – Barak Obamaya qarşı ittihamlarından yazır. D.Tramp özündən öncəki prezident Obamanın onun telefon danışıqlarını lentə aldırdığını deyib və Konqresin bu məsələni müzakirə etməsini istəyib.

Konqres isə bu aralar, müəllifin diliylə desək, şayiələr və söz-söhbətlərdən təngə gəlib, D.Trampın ruslarla bağlılığı haqda damla-damla yazıların onu dağıdacaq gölə çevrilməsini gözləyir.

«Rusiyanın seçkiyə müdaxiləsi, yeni administrasiya haqda intriqaların getdikcə dərinləşəcəyi, Ağ evi də, ABŞ-ın idarə sistemini də hələ bir neçə ay məşğul edəcəyi aydın görünür», – deyə yazan müəllif Moskvanın istədiyindən çox şeyə nail olduğunu vurğulayır. «Əgər Rusiya kəşfiyyatının məqsədi Vaşinqtondakı qüvvələri qarşı-qarşıya qoymaq, siyasi hərc-mərclik yaratmaq və ABŞ demokratiyasına etimadı azaltmaq idisə, Moskvadakılar arzuladıqlarından da çox şey əldə ediblər», – yazıda qeyd olunur. Müəllif respublikaçı senator Ben Sassenin şənbə günü dediklərini xatırladır: «Biz sivilizasiyanı korlayan ictimai etimad böhranı dövrünü yaşayırıq».

DİQQƏTİ YAYINDIRMAQ CƏHDİ

Keçən həftə baş verənlər – rusların seçkiyə müdaxiləsini araşdırmaqla məşğul olan prokurorluğun rəhbərinin – Ceff Sesşnsın özünün ruslarla görüşləri haqda yazılanlar, sonra da prokurorun araşdırmadan kənarlaşması ipi xeyli dolaşdırıb. Bütün bunlar bir yana, müşahidəçilərin fikrincə, bəzən rəsmilər «ittihamlara əsas yoxdur» dediyi halda, prezident özü «əsas var» deyən addımlar atır. Elə Trampın Obama haqda son çıxışı da, müəllifin fikrincə, belə addımlardan biridir. Onun sözlərinə görə, Ağ evin səsyazıları barədə araşdırma tələb etməsi günahkarın diqqəti özündən yayındırmaq cəhdinə bənzəyir.

Üstəlik, ötən həftənin yazılarında D.Trampın təhlükəsizlik müşaviri Maykl Flinnlə yanaşı, kürəkəni Kuşnerin də, həmçinin digər kampaniya rəsmiləri J.D.Gordon, Walid Fares və Karter Pagein də ruslarla görüşdüyü ortaya çıxıb. «Bu görüşləri keçirmək, əlbəttə, kiminsə səhv iş tutduğuna dəlalət etmir. Amma D.Trampın ətrafındakıların rusların casusluğuyla bağlı şayiələr gəzdiyi halda, belə görüşlərə getməsi onların kimliyi haqda suallar yaradır». CNN belə yazır.

Müəllifin sözlərinə görə, Ağ ev Rusiya məsələsinə tezliklə son qoya bilməyəcək və bunun bir neçə səbəbi var.

ŞAYİƏLƏR

Birinci səbəb odur ki, bəzi şayiələrin həqiqət olduğu, Ağ evin Rusiyanın əməliyyatlarının hədəfinə çevrildiyi təsdiqlənə bilər. Müəllifin fikrincə, bu, kimsəni təəccübləndirməz, çünki bu haqda yetərincə deyilib, indi də Rusiyanın Fransa və Almaniyada seçkilərə təsir göstərməyə çalışdığını yazırlar.

İkincisi, müşahidəçilərin dediyinə görə, D.Trampın ruslarla bağlı çıxışları – onları da, onların lideri Vladimir Putini də əsla tənqid etməməsi daim suallar yaradır və elə bu suallar da Rusiya məsələsini bir az da uzadır.

Müəllif prezidentin şəxsi xüsusiyyətlərinin də duruma təsir etdiyini, vergi hesablarını açıqlamaqdan imtina etməklə ruslarla biznes əlaqələrinin hələ də mövcudluğuyla bağlı şübhələr yaratdığını vurğulayır.

Bundan başqa, D.Trampın yardımçılarının ölkənin xarici siyasətiylə bağlı prioritetlərinin Moskvadakıların prioritetləriylə üst-üstə düşməsi də, müəllifin fikrincə, məsələni uzada bilər. Məsələn, Trampın Stefan Bannon kimi millətçi müşavirləri var ki, Rusiyanın AB-yə düşmən münasibətinə «güzgüdürlər».

TRAMP QURBANDIR?

Bütün bunlar bir yana, müəllif Ağ evdə koordinasiyanın gərəkən səviyyədə olmadığını da qeyd edir. Məsələn, keçən həftə D.Tramp da, Ağ evin sözçüsü Sean Spicer də J.Sesşnsın araşdırmadan kənarlaşmasına ehtiyac olmadığını deyirdi. Cəmi bir neçə saatdan sonra J.Sesşns araşdırmadan uzaq duracağını elan etməklə administrasiyaiçi koordinasiyaya şübhə yaratdı.

Digər tərəfdən, Ağ evin ruslarla görüşləri olan rəsmilərin siyahısını açıqlamaması, durub mətbuatın kimisə ifşa edəcəyini gözləməsi də müşahidəçiləri şübhələndirir. Məsələnin uzanmasının daha bir səbəbi demokratların bu yerdə əl-ələ verməsi və D.Trampı prezidentliyə layiq olmayan şəxs kimi göstərməyə çalışmasıdır.

Tərəfdarları hesab edirlər ki, D.Tramp, sadəcə, ona qarşı kampaniyanın qurbanına çevrilib. Prezident özü də təqibə məruz qaldığını deyir. «Ancaq prezidentin kəşfiyyat agentlikləriylə ədavətini nəzərə alsaq, kəşfiyyatdakı mənbələrin mətbuatla əlaqəyə girərək ona xələl gətirməyə çalışdığını düşünməyə əsas olar» – deyə CNN yazıb.

Tərcümə Azadlıq radiosunundur.




Yuxarı Əvvələ Ana Səhifə