XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Mart 2017 - 14:21

Ermənistan:“Rusiya-Türkiyə əlbirliyinə yol verməyəcəyik” – Təhlil

pe

Gevorq Darbinyan

"Yerkir" (Ermənistan), 16.03.2017

 

Ermənistan müdafiə naziri Vigen Sərkisyan “Valday” beynəlxalq diskussiya klubunun səyyari sessiyasında çıxışında və Rusiyanın RT telekanalına müsahibədə digər məsələlərlə yanaşı Rusiya-Tükiyə münasibətlərinin Cənubi Qafqaz bölgəsinə təsirindən də danışıb. O deyib ki, Rusiya sabitqədəm Türkiyə əldə edə bilsə, Ermənistanın maraqlarına uyğun olacaq. Sərkisyan deyib: “Çünki daha anlaşıqlı və sabitqədəm Türkiyə haqqında həmişə düşünmüşük. Türkiyədə baş verən proseslər nəzərə alınmaqla əmin deyiləm ki, bu, tezliklə baş verəcək… Ermənistan-Rusiya strateji müttəfiqliyi Gümridəki Rusiya 102 saylı bazasının varlığında da ifadə olunub. Bu, bölgədə son dərəcə önləyici amildir”.  

İrəvanın bu bəyanatı Rusiya-Türkiyə münasibətlərinin son aylarda ildırım sürəti qazanmış normallaşdırılması fonunda verilib. Türkiyə prezidenti Rəcəb Ərdoğan martın 10-da bir il ərzində üçüncü dəfə Moskvaya səfər edib. O, prezident Putinlə danışıqlardan sonra məmnunluqla qeyd edib ki, ikitərəfli münasibətlər 2015-ci ilin dərin böhranından sonra praktik olaraq tam həcmdə bərpa olunub. Onların görüşündən sonra verilmiş bəyanatlardan aydın olub ki, tərəflər Krım və Suriya kürdləri məsələsində razılıq əldə edə bilməsə də, Suriyanın ərazi bütövlüyünün saxlanması və iki böyük iqtisadi layihə – “Türk axını” qaz kəmərinin inşası və Türkiyədə “Akkuyu” atom stansiyasının inşasının təzələnməsi məsələsində ümumi yanaşmaya nail ola bilib.

Moskva və Ankara münasibətləri yaxşılaşdırmaq və əvvəlkindən daha yüksək səviyyəyə yetmək xatirinə heç nəyin qabağında durmur. Rusiya Türkiyənin iştirakı ilə Yaxın Şərq münaqişələrinin nizamlanması, orada mövqelərini möhkəmlətmək və Qərb tərəfdən iqtisadi təcridin  nəticələrini yumşaltmaqla Qərbin rolunun azaldılması naminə bunda maraqlıdır. Bu mənada Rusiyaya daha sabitqədəm və sadiq Türkiyə ilə iş görmək həqiqətən də zəruridir. Lakin məsələ bundadır ki, Türkiyə Rusiyaya nə qədər yaxınlaşırsa, Ankaranın beynəlxalq səviyyədə qəfilliyi bir o qədər artır. Rusiya özünün bu siyasəti ilə Türkiyədə Osmanlı imperiyasının bərpasına, aprel referendumundan sonra konstitusiya islahatları ilə legitim xarakter alacaq pantürkçülük azarından əzab çəkən Ərdoğanın totalitar rejiminin qurulmasına göz yumur. Bütün Avropa Türkiyədə Ərdoğan sultanlığının qurulması prosesinə mane olmağa can atır. Almaniya, Hollandiya, Danimarka hökumətləri bunun xatirinə Türkiyə hökumətinə konstitusiya təbliğatı kampaniyası çərçivəsində bu ölkələrin türk icmaları ilə görüş keçirməyi qadağan edib və hətta mümkün diplomatik qalmaqalların qızışması qarşısında da ayaq saxlamayıb. Avropa Ərdoğann ardıcıl siyasətində təkcə demokratik dəyərlərə yadlaşma deyil, həm də Türkiyə üzərində nəzarətin tam şəkildə itirilməsi təhlükəsi görür.

Moskva Qərbə zidd olaraq qapıları Ərdoğann üzünə açır, ona təkcə beynəlxalq təcriddən qurtulmaq imkanı vermir, həm də Ərdoğanın əlinə ciddi kart verir – Rusiyayönlü imitasiya yaratmaq və bununla da AB və Qərbdə öz dəyərini yüksəltmək. Moskva Ankaranın fikir ayrılıqları və hər iki tərəfdən dividend almağa əsaslanan ənənəvi xarici siyasətinə birbaşa xidmət edir. Bununla yanaşı Moskvanın heç bir zəmanəti yoxdur ki, Ankara yetərincə etibarlıdır. Heç olmasa, Rusiya üçün.

Rusiya diplomatiyasının Türkiyə məsələsində görünən əbədi korluğu, tarixdən ibrət dərsi götürməmək təkcə Rusiyaya qarşı işləmir, həm də Türkiyəyə qonşu bölgələri təhlükə altında qoyur. Bu sərbəstliyin Cənubi Qafqaz bölgəsində, məsələn, gündən günə kəskinləşən İran və ABŞ arasındakı böhranda necə əks olunacağı hələlik aydın deyil. Hətta ola bilsin, buna paralel olaraq Tehran-Ankara münasibətləri getdikcə gərginləşir. Bununla belə, bu, bölgə üçün həyatyüklü məsələdir, çünki bölgənin bütün ölkələrinin, o cümlədən Ermənistanın təhlükəsizliyinə birbaşa dəxli var.

Vigen Sərkisyanın İrəvan toplantısında bu kontekstdə etdiyi qeyd olduqca vacibdir ki, keçən əsrin əvvəlində Ermənsitanın tarixi torpaqlarının Türkiyəyə verildiyi sazişdən dərin inciklik ermənilərin tarixi yaddaşında qalıb (Erməni xalqının bizim eramızda ümumən dövlətçiliyə malik olmadığı faktını yada salsaq, müəllifin hansı “tarixi torpaqlar”dan danışdığı başa düşülmür – tərc.”). Aydındır ki, söhbət kamalçı Türkiyə və bolşevik Rusiyasının yaxınlaşdığı nəticədən – 1921-ci il Moskva və Qars müqavilələrindən gedir. Ermənistan bu müqavilələrə əsasən onların arasında bölünüb.

İrəvan Türkiyə ilə Rusiyanın yaxınlaşmasına ödədiyi bədəli ilk dəfə bu cür səviyyədə yada salır. Ehtimal ki, xatırlatmanın məqsədi isə izah etməkdir ki, İrəvan, birincisi, uzunmüddətli perspektivdə etibarlı Moskva-Ankara tandeminin formalaşacağına inanmır. İkincisi, İrəvan Moskvaya eyham vurur ki, siyasi qarşıdurma və ya müharibədənsə gözlənilən, sabit Rusiya-Türkiyə münasibətləri Ermənistan üçün daha sərfəli olsa da, İrəvan anlayır ki, onun arxasında əlbirliyi necə hazırlaya və növbəti roman xatirinə onun həyati maraqlarını necə qurban verə bilərlər. Və Ermənistan bu cür perspektivin təkrarına yol verməmək üçün hər şeyi edəcək.

Bu bəyanat arzu olunduğundan xeyli zəif olsa da, yenə də Ərdoğanın Moskvada Putinlə görüşdən sonrakı bəyanatına cavab idi ki, ən yüksək səviyyədə Rusiya və Türkiyə əməkdaşlığının toplantısında Türkiyə-Rusiya-Azərbaycan ittifaqı yaradılması və bu kontekstdə Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunub. Bu kontekstdə Vigen Sərkisyanın sıx Ermənistan-İran dostluğu və xüsusən də Ermənistan-NATO əməkdaşlığı haqda sözlərində də özəl məna görmək mümkündür. İrəvan bu xatırlatmalarla təhükəsizliyin təminatında Rusiya  zəmanəti işləməsə və yaxud Moskva Ermənistanın maraqlarına zidd getsə, öz təhlükəsizliyini təmin etməkdə alternativ istiqamət seçmək imkanı haqda dolayısı ilə xəbərdarlıq edib.

 

Tərcümə Strateq.az-ındır.