XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

18 Mart 2017 - 20:28

Tramp Merkelin əlini niyə sıxmadı:Məsələ, deyəsən, pulun başında imiş

 

merkel tramp

“Almaniya NATO və ABŞ-a böyük məbləğdə pul borcludur”.

Strateq.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp öz Twitter hesabında yazıb.

Bütün dedi-qodulara baxmayaraq, Almaniya kansleriylə “möcüzəvi” görüş keçirdiklərini bildirən Trampın fikrincə, bunun müdafiə sahəsində yaranan borca qətiyyən dəxli yoxdur: “Almaniya ona təmin edilən güclü və olduqca bahalı müdafiə üçün NATO və ABŞ-a böyük məbləğdə pul ödəmək məcburiyyətindədir!"

 Qeyd edək ki, NATO-nun 2014-ci ildə Uelsdə keçirilən sammitində müttəfiq ölkələrin 2024-cü ilə qədər müdafiə məsrəflərini Ümum Daxili Məhsullarının 2%-nə qədər yüksəltməsi qəbul edilib. Amma indiyədək bir neçə Balkan ölkəsi, Türkiyə və ABŞ-dan başqa bu öhdəliyə əməl edən olmayıb.

Barak Obama hakimiyyəti dövründə də bu məsələ ABŞ-Avropa ölkələri arasında ciddi mübahisə mövzusuna çevrilmiş, lakin həll olunmamış qalmışdı. Donald Trampın da seçkiöncəsi təşviqat dövründən bəri, qarşıya qoyduğu əsas hədəflərdən biri budur – öhdəliyin yerinə yetirilməsi. O, dəfələrlə digər müttəfiqlər əllərini ABŞ kimi “daş altına qoymasalar”, onsuz da xarici təhdidlə üzləşməyən Vaşinqtonun yalnız özünümüdafiə strategiyasına yönələcəyini, dolayısıyla NATO-dan ayrılacağını bildirmiş və həmin iddia Avropa ölkələri tərəfindən təhdid kimi qəbul olunmuşdu. Görünür, məhz bu səbəbdən də Trampın prezident seçildiyi aydınlaşan kimi, Avropa Birliyi Xarici İşlər nazirləri bir araya gəlmiş və ittifaqı gözləyən təhlükələri birgə müzakirə etmişdilər.

Trampın prezident seçildikdən sonra həqiqətən bu məsələnin üzərinə ciddi şəkildə getdiyi nəzərlərdən qaçmır. Deyəsən, o, get-gedə tələblərinin sahəsini də genişləndirir. Necə ki, ABŞ prezidentinin bu zamana qədərki tələbi NATO-nun Uels sammitinin qərarlarına əməl etmək – ÜDM-nın 2%-ni müdafiəyə ayırmaq idi. Son “Twitter” paylaşımından isə belə çıxır ki, Tramp indi 2014-cü ildən bu yana ödənməyən xərcləri də ABŞ-a və ya NATO-ya qaytarılmasını tələb edir.

Almaniya kansleri Angela Markelin bundan sonra Uels sammitinin qərarlarına əməl edəcəklərini dəfələrlə dilə gətirməsinin ABŞ prezidentini sakitləşdirməməsi də bundan xəbər verir. Merkel eyni fikirləri Trampla görüşündən sonra keçirilən mətbuat konfransında da təkrarlamış, xeyli tövazökar ifadələrlə ABŞ prezidentinin gözünə girməyə çalışaraq demişdi: “Almaniya müdafiə xərclərini 2%-ə yüksəltmək hədəfinə bağlı qalmağı davam etdirəcək. NATO-nun əhəmiyyətli rolunu bir daha təsdiq etdiyi üçün Trampa minnətdaram".

Tramp isə bu minnətdarlığa tamamilə etinasız yanaşır, bəzən ifadələrində centlemenlik sərhədlərini aşır, "Almaniya kansleri Merkelə NATO-ya olan güclü dəstəyimiz, eyni zamanda müttəfiqlərimizin müdafiə xərclərinə ədalətli payı ödəmələrinə ehtiyacımız olduğunu bir dəfə daha ifadə etdim"-deyirdi.

İki lider arasındakı görüşdən sonra keçirilən müştərək mətbuat konfransına damğasını vuran digər bir detal da Trampın Merkellə son görüşündən sonra da yumşalmadığını gözlər önünə sərmişdi. Jurnalistlərin təkidlərindən sonra kansler üzünü ABŞ prezidentinə tutaraq “əl verib mənimlə görüşərsinizmi?”-demiş, Tramp isə özünü görməməzliyə vurmuşdu.

Bu davranış mətbuat konfransından sonra həm ABŞ-da, həm də Almaniyada ciddi müzakirələrə səbəb olmuşdu. Hər kəs bu etinasızlığın səbəbini anlamağa çalışdığı bir zamanda Trampın haqqında bəhs etdiyimiz paylaşımları beyinləri qurcalayan sualın cavabına oxşayır.

Deyəsən, bütün məsələ pulun başındadır.

Heydər Oğuz

Strateq.az