XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

01 Aprel 2015 - 04:06

Putinin gözlənilməz Bakı səfəri… – Təhlil

Fransa prezidenti Fransua Ollandın ardınca Rusiya prezidenti Vladimir Putinin də Bakıya səfər edəcəyi barədə xəbər yayılıb. Putinin mətbuat katibi Dmitri Peskovun açıqlamasından aydın olur ki, heç nə istisna deyil, səfər reallaşa, Rusiya prezidenti həqiqətən 1-ci Avropa Oyunlarının açılış mərasiminə qatılmaqdan ötrü rəsmi Bakının dəvətini qəbul edə bilər.

Xatırladaq ki, Olland Azərbaycana müstəsna olaraq Dağlıq Qarabağ məsələsinə görə gələcəksə, – onun təşəbbüsü ilə prezidentlərin növbəti görüşünün aprelin sonunda Parisdə olacağı xəbəri də yayılıb, – Rusiya liderinin hansı gündəliklə Bakıya təşrif buyuracağını yalnız ehtimal etmək mümkündür.
***
Ondan başlayaq ki, Azərbaycan uğrunda Rusiya və Qərbin, daha doğrusu, ABŞ-ın geosiyasi mübarizəsi güclənib. Vəziyyətin özəlliyi ondadır ki, Azərbaycan energetik tellərlə Qərbə sıx bağlıdırsa, Rusiya da Bakıdan ötrü mühüm ticarət tərəfdaşı, o sırada önəmli silah satıcısı olaraq qalır. Son illər iki ölkə arasında hərbi-texniki əməkdaşlığın həcmi artaraq 4 milyard dolları ötüb ki, bu da haqlı olaraq işğalçı Ermənistanı ciddi narahat eləməkdədir.
Heç şübhəsiz, şimal qonşumuz Bakının müasir döyüş maşınları və sistemlərini nə üçün aldığını gözəl bilir. Bununla belə, forpost Ermənistanın açıq narazılığına baxmayaraq Azərbaycanı alıcı kimi itirmək niyyətində deyil – özü də tək kommersiya maraqları səbəbindən yox. Azərbaycanın ən böyük problemi isə həlli uzanan, üzücü Qarabağ münaqişəsidir.
***
Bəzi yerli və əcnəbi təhlilçilər hesab edir ki, ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan sülh danışıqlarında irəliləyişin əldə edilməməsindən təngə gələn Azərbaycan Avropa Oyunları başa çatandan dərhal sonra aktiv hərbi əməliyyatlara başlaya bilər. Məqsəd keçmiş DQMV ərazisinə girmədən, blits-müharibə ilə ən azından Ağdam rayonunu azad edib danışıqlar prosesində status-kvonun birmənalı şəkildə Azərbaycanın xeyrinə dəyişmək, Ermənistanı və vasitəçiləri fakt qarşısında qoyub, təcavüzkarı konstruktiv mövqeyə vadar eləməkdən gedir.
Azərbaycanın son aylar qardaş Türkiyə ilə intensiv hərbi təlimlər keçirməsi, təmas xəttindən işğalçı qüvvələrə daha sarsıdıcı zərbələr endirməsi, habelə ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin, müdafiə naziri Zakir Həsənovun düşmən tərəfə, erməni xalqına mütəmadi etdikləri ən sərt xəbərdarlıqlar və çağırışlar həm də bu kontekstdə izah oluna bilər. üstəgəl, hərb tarixi göstərir ki, əməliyyatlar üçün ən münasib vaxt yaz-yay aylarıdır.
Yerli analitiklərdən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə hesab edir ki, söhbət hətta 7 rayondan gedir.
Sitat: “Prezidentin və müdafiə nazirinin çıxışları ondan xəbər verir ki, Azərbaycan ordusu Dağlıq Qarabağ ətrafındakı rayonların azad olunmasına ciddi hazırlaşır. Bu plan Bakıda Avropa Oyunlarından sonra reallaşa bilər”.
Politoloqa görə, separatçılar Ağdam uğrunda savaşmayacaqlar: “Ermənilər geri çəkilib Dağlıq Qarabağın müdafiəsini gücləndirəcəklər. Bakı ancaq Dağlıq Qarabağa aidiyyəti olmayan rayonları azad etmək istəyir. Ordunun Xankəndinə hücum etmək kimi planı yoxdur”.
***
Şübhə yox ki, belə plan varsa, Rusiya ondan yüzdə yüz xəbərdar olacaq və bəlkə də artıq xəbərdardır. Nəzəri cəhətdən istisna deyil ki, Putinin Bakıya səfər edəcəyi barədə xəbərin məhz İrəvana planlaşdırılan ziyarəti fonunda gündəmə gəlməsi təkcə Qarabağ məsələsində neytral vasitəçi imicinin nümayişinə, “balansı bərpa eləməyə” hesablanmayıb, qat-qat ciddi mövzular var. Yəni mümkündür ki, Kreml başçısı Azərbaycana konkret mesajla gələcək: Avrasiya layihələri ilə bağlı Bakının konkret fikrini almaq və (və ya) cavabdan asılı olaraq Qarabağ məsələsində Bakıya hansısa “kart-blanş” verib-verməmək.
Moskvanın Qarabağ məsələsinə təsir imkanlarını nəzərə alsaq, aydındır ki, Bakının bircə rayonu – Ağdamı azad eləməsi üçün də Kremlin “dobro”su və ya neytrallığına, lap dəqiqi, blits-müharibə üçün bitərəf qalmasına ehtiyacı Bu zəmanətlə bağlı müzakirə və onu kamifulyaj eləmək üçün ən münasib fürsət yenə məhz Bakıdakı beynəlxalq idman tədbirinin açılış mərasimi görünür.
Bəs Moskva belə bir qarantı verərmi?
Əvvəla, məntiq diktə edir ki, Rusiyanın sanksiyalardan dolayı düşdüyü və getdikcə daha da ağırlaşmaqda olan durumu, o sırada dost-tərəfdaşlarının sayının seyrəlməsi, Türkiyə və Azərbaycanın isə ondan ötrü artan iqtisadi, energetik, geosiyasi, hərbi əhəmiyyəti, bu ölkələri itirməmək istəyi belə bir “yaşıl işığı” yandırmağı mümkün edir.
İkincisi, yuxarıda vurğulandığı kimi, Qarabağa dair “kart-blanş” əslində və böyük ehtimalla, Avrasiya layihələrinə qoşulmaq qarşılığında verilə bilər. çünki 2015 Putin üçün bu projelərin taleyi baxımından həlledici ildir. Avrasiya layihələrinin perspektivi isə böyük ölçüdə Azərbaycandan asılı vəziyyətə gəlib desək, yanılmarıq.
üçüncü yandan, söhbət onsuz da işğal altındakı bütün ərazilərdən getmir. Ayrı sözlə, Moskva Ağdam azad edildikdən sonra da Bakı və İrəvana təsir rıçaqlarını, bu iki paytaxtla siyasi bazarlıq imkanlarını, Azərbaycanla isə üstəlik, silah ticarətinə davam etmək imkanlarını saxlamış olacaq. Eyni zamanda Türkiyə ilə münasibətlərə xələl gəlməyəcək, çünki iki regional güc Qarabağa görə toqquşmalı olmayacaq.
***
Azərbaycanın götürəcəyi ən böyük divident isə cəmiyyətin “məğlubiyyət sindromu”ndan birdəfəlik qurtuluşu, Dağlıq Qarabağ probleminin ədalətli həll yolunda nəhayət, real perspektivin açılması (Qərbə də sərfəlidir), məsələdə bizim söz sahibliyimizin güclənməsi ola bilər.
O ki qaldı Avrasiya layihələrinə qoşulmağa, onsuz da onların perspektivi dumanlıdır və Bakı incə diplomatiya ilə, üzvlük şərtini Qarabağ ixtilafının yekin çözümünə bağlamaqla, ən başlıcası, Kremlin qəzəbindən yayınmaqla və onunla bazarlıq imkanlarını saxlamaqla iki problemin həllini uğurlu sintez edə bilər.
Musavat.com