XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 April 2017 - 11:33

Türkiyə Yaxın Şərqdə daim büdrəyir:Rəsmi Ankara Rusiya-İran cəbhəsindən niyə uzaqlaşdı? – Təhlil

Hüseyn Vodinalı,  

"Aydınlıq" qəzetii (Türkiyə), 09.04.2017

 

Əvvəlcə bir neçə parametr…Twitter-də ABŞ-ın qərbindən şərqinə tank və ağır silahlar daşıyan qatarlar əks olunmuş fotoşəkilləri paylaşırlar.

Polşa və Baltikyanı ölkələrə silah tədarükünün şəkilləri kimi. Az qala, NATO-nun Rusiyaya qarşı səfərbərliyi gedir. Oxşar tədarüklər Suriya və İraqın kürd bölgələrində də qüvvə toplayır.

ABŞ-ın dərin dövləti Trampı “ağıllandırıb”

Tramp öz komandası ilə sürpriz təqdim edərək seçkiləri udarkən onun xarici siyasətdəki başlıca fərqi Rusiya ilə dialoq və Suriyada Əsəd rejiminin tanınması idi.

2016-cı ili yada salın. Barak Obama və Hillari Klinton Rusiyanı qorxulu düşmən kimi müəyyən edərək mühasirə və gərəkdiyi halda Şərqi Avropa və Yaxın Şərqdə təcavüz üçün planlar qururdu. Obama 2008-ci il iqtisadi böhranından sonra Çinin əsas rəqib kimi hədəfə götürüldüyü, Yaxın Şərqdə isə özgə əliylə müharibələrlə fəaliyyətin planlaşdırıldığı yeni müdafiə doktrinası hazırladı. Amma bu, işləmədi.

Vaşinqtonda silah və neft lobbisi oyuna girdi və Rusiyanı yenidən əsas təhlükə adlandırdı. Çünki başlıca məsələ energetik resurslar və onun dünyadakı nəql marşrutları üzərində nəzarəti saxlamaq idi. Rusiya Avropaya enerji resurslarının əsas tədarükçüsü oldu. Xüsusən də Almaniya ilə üzərində əməkdaşlıq etdiyi “Şimal axını” boru kəməri və Balkanlar və Türkiyə ərazisindən yeni marşrutlar ABŞ-ı xoflandırdı.

Vladimir Putin 2008-ci ildə ABŞ-ın Gürcüstan ərazisindən hücumunu dəf etdi. Amma Rumıniya və Bolqarıstanın NATO-ya qoşulmasına mane ola bilmədi. ABŞ Rusiyanın güclənməsinə cavab olaraq bu dəfə Ukrayna gedişini etdi. Nəticədə isə Krım Rusiyanın əlinə keçdi. Ancaq Rusiya üçün əsas təhlükəni ifadə edən layihə Yaxın Şərqdə İraq, Qətər, Səudiyyə Ərəbistanı və digər ölkələrin Aralıq dənizi vasitəsilə Avropaya çıxası neft və təbii qazına çıxışı təmin edəcək kürd dövlətinin və Suriya ərazisində kürd dəhlizinin yaradılmasından ibarət idi. Kərkük və Mosulda da hərc-mərclik buna görə meydana çıxdı və indi bu bölgələri Bərzaniyə hədiyyə etməyə çalışırlar.  

İsrailin neft və təbii qazın Şərqi Aralıq dənizindən Kiprin yunan hissəsi və Misirlə birlikdə Avropaya ötürülməsi üzrə planları da Rusiyanın monopoliyasını pozmağa yönəlmişdi. Danışıqlar prosesi yoluyla Kiprdəki türk dövlətinin axırına çıxmaqda israrlı istək məhz buna görə mövcuddur. Suriyanın bölünməsi layihəsi ABŞ, İsrail, Böyük Britaniyanın planı idi, Səudiyyə Ərəbistanı, PKK/Xalq özünü müdafiə dəstələri (YPG), Qətər və Ədalət və İnkişaf Partiyası koalisiyaya icarəyə götürülmüşdü. İŞİD, “ən-Nusra”, Azad Suriya Ordusu və başqa təşkilatlar bunun üçün yaradılmışdı. Hazırda Səudiyyə Ərəbistanının başçılığı ilə onlardan “İslam ordusu” adlı geniş koalisiya qurmağa cəhd edirlər.

Yenidən ABŞ-la Rusiya arasındakı gərginliyə qayıdaraq görürük ki, Tramp hakimiyyətə gəldikdən sonra sistemli şəkildə dümsüklənir, onun Rusiya ilə dialoq uğrunda çıxış edən kadrları isə ixtisara salınır. Trampın hamıdan çox etibar etdiyi baş strateq Stiv Bennon (müəyyən mənada Göbbels) bu yaxınlarda Milli Təhlükəsizlik Şurasından çıxarılıb.

Və Tramp İdlibdə kimyəvi silahın işlədilməsi ilə hücumdan sonra deyib ki, Suriyaya münasibəti əvvəlki tək olmayacaq və qeyd edib: “Suriyada kimyəvi hücuma görə cavab addımlarının atılmasında şəxsi məsuliyyət hiss edirəm. Dünən baş verənlər mənim üçün qəbuledilməzdir”.

İsrail bu arada yenidən Suriyanı bombaladı. İsrail HHQ-nin olduğu ehtimal edilən təyyarələr əvvəlki hava hücumundan sonra Rusiyanın kəskin xəbərdarlığına baxmayaraq Suriyanın güneyində “Hizbullah”ın və Əsədin güclərinə zərbə endirib.

İdlibdəki hücum kimin işidir?

2013-cü il avqustun 21-də Dəməşqin şərq qəsəbəsi Qutada zarin qazının tətbiqi ilə həyata keçirilmiş hücum nəticəsində yüzlərlə adam həlak oldu. Bu hücumdan sonrakı qadın və uşaq cəsədlərinin şəkilləri bütün dünyanı sarsıtdı. Qərb və Türkiyənin bütün KİV-ləri buna görə məsuliyyəti Suriya prezidenti Bəşər Əsədin üzərinə yıxdı. Amma sonradan ortalığa çıxmış məlumatlar göstərdi ki, bu hadisələr Səudiyyə Ərəbistanı üzrə ox “ən-Nusra”nın sui-qəsdi imiş. Həlak olmuş uşaqların şəkilləri “ən-Nusra” yaraqlılarının Latakiyanın ələvi kəndlərində həyata keçirdiyi kütləvi qırğından sonra çəkilib.

Əsəd hökuməti bu hadisələrdən sonra meydana çıxmış basqı nəticəsində özünü  bütün silah anbarlarını BMT təmsilçiləri üçün açdı və kimyəvi silah ehtiyatını məhv etdi.

Qərb KİV-lərinin istifadə etdiyi qaynaqlar “Ağ dəbilqələr” (White Helmets) və onunla bağlı Londondakı “İnsan haqları üzrə rəsədxana” və Qərbyönlü cihad təşkilatları, birinci növbədə “ən-Nusra”dır. Yadınızdadırsa, Rusiya və Suriya Hələbi azad edərkən burada “ən-Nusra” terrorçularının buraxdığı xlor ehtiyatını aşkarladı və bütün bunları dünya birliyinə nümayiş etdirdilər.

Hələbdən qovulmuş bu terrorçular ailələri ilə birlikdə Xatayla həmsərhəd İdlibə yollandılar. ASO və “ən-Nusra” yaraqlıları burada bir-biri ilə vuruşmağa başladılar. Səudiyyə Ərəbistanı, Qətər, ABŞ və İsrail onların hamısını vahid qüvvədə birləşdirməyə cəhd etdi. Rusiya və Suriya İdlibin təmizlənməsi üzrə əməliyyat planlaşdırmışdı.

Və budur, bu silahlı qrupların Hələbdən gətirdiyi kimyəvi silah anbarı Suriya təyyarələrinin hava hücumu zamanı atəşə tutulub. Bu vaxt silah anbarının yanında hansısa səbəbdən yenə də qadın və uşaqlar həlak olub. Bizim hökumət KİV-ləri və “Sözcü” yenə də “Əsədin həyata keçirdiyi kütləqi qətliam” haqda antirusiya və Qərbyönlü başlıqlarla bərq vurmağa başlayıb.   

Suriya xarici işlər naziri Valid əl-Müəllim məlumat verib ki, İŞİD və “Fəth əl-Şam” (“ən-Nusra”nın köhnə adı) kimyəvi silahı Suriyaya Türkiyə və İraqdan tədarük edib və Dəməşq bu haqda BMT-yə, həm də Kimyəvi silahın yasağı üzrə Təşkilata xəbər verib. Bundan başqa, bu mövzuda sizə Mehmet Yuvanın məqaləsini tövsiyə edirəm (Aydınlık Gazetesi, 06.04.2017).

Türkiyə bu hücum nəticəsində Rusiya, İran və Suriya cəbhəsindən uzaqlaşıb. Və yenidən ABŞ-ın imperialist cəbhəsinə yaxınlaşıb. Düzdür, bu, yenilik deyil, çünki Trampın gəlişi ilə Səudiyyə Ərəbistanı ilə təzədən birləşmiş Ərdoğan və ƏİP antiiran bəyanatları ilə bu siyasəti faş edib. Kərkükdə kürd bayrağını qaldırmış Bərzaniyə dəstək üçün kürəkənini Ərbilə göndərmiş Tramp kürd dəhlizini yenidən gücləndirəcək.

Afrində yerləşərək yolu kəsmiş Rusiya Amerikanı hirsləndirib. Əslində, Türkiyə və Rusiya – Avrasiyanın iki gücü Yaxın Şərqdə eyni mövqedə qərarlaşıb. Suriyanın ərazi bütövlüyü Türkiyənin ərazi bütövlüyü deməkdir. Kərkük, Mosul və türkmanlar İraqın ərazi bütövlüyü deməkdir. İran da, İraq da, Türkiyə də bölgədə ikinci İsrail olmalı olan Kürdüstana qarşı çıxış edir.

İranla yüz milyardlarla dollarlıq energetika müqavilələri bağlamış Çin də Rusiya ilə birlikdə bölgə ölkələrinin tərəfindədir.

Başqa sözlə, bir növ Qərb-Asiya ititfaqının yaradılması həm ŞƏT-in, həm də bütün dünyanın bütün məzlumlarının marağındadır. Lakin bizim sayəmizdə “Böyük Yaxın Şərq” layihəsini heç cür təxirə salmırlar. NATO sevdasından heç cür qurtula bilməyən Ankara daim səndələyir…

Tərcümə Strateq.az-ındır.