Bir müddət əvvəl Bakıya səfər edərək ikitərəfli münasibətlərin inkişafı, iqtisadi, nəqliyyat-logistika sahəsində əlaqələrin daha da genişlənməsi ilə bağlı danışıqlar aparan Qazaxıstan dövlət başçısı Nursultan Nazarbayev nəqliyyat dəhlizləri ilə bağlı məsələyə böyük diqqət ayırır.
Bakı səfərindən dərhal sonra Qazaxıstandakı Azərbaycan logistika mərkəzinə baş çəkən və orada işin daha sürətləndirilməsi ilə bağlı yerli orqanlara tapşırıq verən Nazarbayev indi də qonşu Türkmənistan dövlət başçısı Qurbanqulu Berdıməhəmmədovla görüşə hazırlaşır.
Martın sonunda Özbəkistan dövlət başçısı Astanaya səfər etmişdi. Daha sonra Bakıya səfər edən Nazarbayev indi də digər qonşu-Türkmənistanın dövlət başçısı ilə görüşə hazırlaşır. Ekspertlər qeyd edirlər ki, görüşdə əsas diqqət nəqliyyat-tranzit məsələsinə yönələcək. Qazaxıstan mətbuatı yazır ki, Mərkəzi Asiya dövlətləri arasında Astananın ən az ticarət dövriyyəsi Türkmənistanladır – cəmi 200 milyon dollar. Siyasi müstəvidə Astana ilə Aşqabad arasında nə regional, nə də qlobal səviyyədə heç bir problem yoxdur. İki ölkə enerji və nəqliyyat-tranzit layihəsi ilə bir-biri ilə sıx əməkdaşlıq edir. Bunlardan biri- 3 il əvvəl istifadəyə verilən və Qazaxıstanla İran arasında Türkmənistandan keçməklə yaradılan dəhlizdir. Bu, Astanaya İran körfəzinə çıxmağa imkan verib. İran isə Rusiyanın nəqliyyat infrastrukturuna çıxış əldə edib. İrana tətbiq edilən sanksiyaların ləğvindən sonra qonşu dövlətlərin hər biri üçün yeni iqtisadi imkanlar yaranıb. Bu imkanlar iqtisadi diversifikasiya siyasəti həyata keçirən dövlətlərin marağına cavab verir. Nazarbayevin ötən il İrana reallaşdırdığı səfər çərçivəsində ikitərəfli əlaqələrin inkişafı, birgə müəssisələrin yaradılması, Qazaxıstanda istehsal olunan trasformator, taxıl, lokomotiv və tikinti materiallarının İrana ixracı ilə bağlı razılıq əldə olunub. Astana Xəzər ətrafında dairəvi dəmir yolunun yaradılması məsələsini də həll etməyə çalışır.
Qazaxıstanlı ekspert Almı Sultanqaliyev hesab edir ki, sanksiyaların ləğvi Qazaxıstan və Türkmənistan arasında yeni geosiyasi reallıqlar yaradıb və Aşqabad Astananın nəqliyyat marşrutlarının diversifikasiyasında mühüm rol oynaya bilər. Ona görə də Türkmənistanla münasibətlərin inkişafı vacibdir. Deməli, Aşqabadla əlaqələrin yeni mərhələyə çıxarılması Qazaxıstanın yeni xarici ticarət strategiyasında əsas yerlərdən birini tutur. Nəqliyyat-tranzit əlaqələrinin inkişaf etdirilməsi regionda dövlətləri daha da yaxınlaşdıra, birgə təhlükəsizlik tədbirlərin həyata keçirilməsini təmin edə bilər. Bu isə Mərkəzi Asiya dövlətləri ittifaqının yaranmasını təmin edə bilər.
Mərkəzi Asiya üzrə ekspert Aleksandr Knyazev bildirir ki, indiyə qədər əsas kimi siyasi amil götürüldüyündən bu ittifaq alınmayıb: “Hələlik tam inteqrasiyanın vaxtı çatmayıb. Amma hazırda müəyyən inteqrasiya təşəbbüslərindən danışmaq olar”. Ekspert hesab edir ki, Mərkəzi Asiya dövlətləri regionda olan bir çox problemləri ittifaq formatında yox, ikitərəfli formatda həll etməyə öyrəşib: “Qazaxıstanla Türkmənistanın quru sərhədi var və onların hər ikisi üçün Xəzərin statusu məsələsi vacibdir. Qazaxıstan, Özbəkistan və Türkmənistan Çinin Qafqaz, Yaxın Şərq və İran körfəzinə çıxışını təmin edən transmilli tranzit ərazisidir. Ekspert hesab edir ki, maliyyə problemləri yaşayan Aşqabad Astana və Daşkəndlə münasibətləri inkişaf etdirmək, müxtəlif layihələr həyata keçirməklə valyuta qazanmağa ümid edir. Rəsmi Aşqabad Əfqanıstanla sərhəddə yaranan gərginlikdən də təhlükəsizlik məsələsinə görə narahatdır. Qazaxıstan da bu narahatlığı bölüşdüyündən dövlətlər daha sıx əməkdaşlığa üstünlük verir.
Palitra