XƏBƏR LENTİ

25 May 2020

Digər Xəbərlər

17 Aprel 2017 - 12:07

Liviyanı ABŞ layihəsinə uyğun olaraq üç yerə böləcəklərmi? –Təhlil

NoonPost (Misir), 17.04.2017

 

Britaniyanın “The Guardian” qəzeti Liviyanın 1963-cü il aprelin 26-a qədər mövcud olmuş üç dövlətə – qərbdə Tripolitaniya, şərqdə Kirenaika, cənubda Fessana bölündüyü xəritəsini dərc edib. Bu qurumlar Osmanlı imperiyasının üç vilayətinin sərhədlərini təkrar edir.

The Guardian” xəbər verir ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə kiçik müşavirlərindən biri Sebastian Qorka Donald Trampın andiçmə mərasimindən bir az əvvəl yüksəkçinli Avropa diplomatı ilə görüşdə bu sxemin şərti sxemini cızmaqla Donald Trampa ABŞ prezidenti postunda Liviyanı üç hissəyə bölməyi təklif edib. Məlumdur ki, Sebastyan Qorka ABŞ prezidentinin Liviyada özəl elçisi postunu əldə etməyə can atır. O, yalnız 2012-ci ildə ABŞ-ın tamhüquqlu vətəndaşı olub və ABŞ prezidentinin siyasi və strateji məsələlər üzrə baş müşaviri, sağ ekstremist, bu yaxınlarda ABŞ Milli Təhlükəsizlik Şurasının üzvü vəzifəsindən azad edilmiş  Stiven Bennonla yaxşı münasibətdə idi. Bundan başqa, Qorka Macarıstanın ultrasağçı “Pəhləvanlar ordeni” ilə əlaqələrdə şübhəli bilinir. Bu qurum antisemitizmdə, nasistlərlə əməkdaşlıqda və II dünya savaşı zamanı Macarıstanda yəhudi qırğınında əli olmaqda ittiham olunur. Bu cür təşkilatların üzvləri ABŞ vətəndaşlığı almaq hüququna malik deyil. Sebastyan Qorka 1992-2008-ci illərdə Macarıstanda yaşayıb və Müdafiə Nazirliyinin məsləhətçisi olub, sonradan isə Donald Tramp komandasının üzvü olub.

İndiki anda bu məlumatı nə Ağ Ev, nə də prezident Tramp şərh edib. Hər  şeydən göründüyü üzrə, Amerikanın indiki rəhbərliyi birləşmiş Liviya hökumətini dəstəkləyən keçmiş ABŞ prezidenti Barak Obamadan fərqli olaraq Liviyaya dair duruma nisbətdə öz baxışını müəyyənləşdirməyib. Obama 2016-cı ildə etiraf edib ki, Liviya haqda qətnamə “onun administrasiyasının ən pis səhvi idi”.

Obama bildirib ki, Birləşmiş Ştatlar və NATO 2011-ci il üsyanı zamanı mülki əhalini müdafiə qəsdilə Müəmmar Qəddafiyə qarşı çıxış edib, lakin administrasiyasının səhvi Qəddafinin süqutundan sonrakı günə hazırlıqsızlıq idi ki, bu da ölkəni irimiqyaslı vətəndaş müharibəsinə sürükləyib.

ABŞ ölkədki duruma nəzarətsizliyə görə məsuliyyət daşıyır, lakin ABŞ-ın eks-prezidentinin sözlərinə görə, ən böyük səhv “hakim rejimin devrilməyindən sonra planın olmaması”ndan ibarət idi. Liviyanın ABŞ-ın yeni prezidenti Donald Tramp üçün hər hansı əhəmiyyət kəsb edəcəyi qeyri-müəyyən olaraq qalır.

 

İtaliyanın imtinası

 

İtaliyanın yeni xarici işlər naziri Ancelino Alfano Liviyanın bölünməsi ideyasını rədd edərək Liviya hökuməti və xalqının vahidliyini saxlamaq üçün beynəlxalq səylərin birləşdirilməsi zərurətini vurğulayıb. Bundan savayı Alfano bildirib ki, bu, liviyalılarla razılaşdırılmış və 2015-ci ilin dekabrında Mərakeşin Shirat şəhərində BMT-nin himayəsi altında qəbul edimiş sazişlərlə dinc nizamlama prosesi çərçivəsində edilməlidir.

İtaliya nazirinin sözlərinə görə, Liviyanın istənilən bölünməsi İtaliya üçün ciddi təhlükə təşkil edir. O, hesab edir ki, bu, İtaliya maraqlarına ciddi ziyan vuracaq və İtaliyaya dənizlə gələn miqrantlar üçün mühüm tranzit yolu olan Aralıq dənizi ölkəsində gərginlik səviyyəsini artıracaq. 2011-ci ilin fevralında Qəddafi rejiminin süqutundan sonra Liviya qeyri-leqal mühacirlər və yaraqlıların Aralıq dənizindəki əsas “ixracatçılarından” biri olub.

Shirat sazişlərinin imzalanmasından artıq bir ildən çox keçdiyinə baxmayaraq onlar hələ də gerçəkləşdirilmir. Liviyanı üç hökumət idarə edir: ikisi Tripolidə (Faiz Sərracın başçılığı ilə milli birlik hökuməti və Xəlifə Əl-Qveylinin milli qurtuluş hökuməti), üçüncüsü isə (Tobrukda Təmsilçilər Palatası formalaşdırıb) Əl-Baydədədir. Bundan başqa, istefadakı general Xəlifə Həftar Kirenaikada ərazinin böyük hissəsinə nəzarət edir, eyni zamanda Misurata gücləri Tripoli və Fessanda bir hissə əraziyə nəzarət edir.

 

Birinci dəfə deyil

 

Liviyanı üç dövlətə bölmək təklifi yeni deyil. Müəmmar Qəddafinin devrildiyi andan uzun illər ərzində bu cür təşəbbüslər irəli sürülüb. ABŞ Dövlət Departamenti keçmiş dövlət katibi Hillari Klintonun 2012-ci ilin martında köməkçisi Ceyk Sallivana göndərdiyi və Fransa, Britaniya xüsusi xidmətlərinin Liviyanı bölmək niyyəti haqda məlumat verilmiş məktubunu dərc edib.

Bundan savayı, bu yazışmadan aydın olur ki, İngiltərə və Fransa Liviyanın parçalanmasını dəstəkləyir. Fransa (DGSE) və İngiltərə (MI 16) kəşfiyyatlarının əməkdaşları Liviya ərazisində intensiv iş aparırlar ki, şərqdəki tayfaları və mülki fəalları Tripoli hökumətinə qarşı “yumşaq” müstəqillik tələbi irəli sürməyə təhrik edirlər.

Məktublardakı informasiya Liviya Milli Şurası ilə birbaşa təmasda olan qaynaqlardan, Qərb hökumətlərinin yüksək vəzifəli şəxslərindən, Misirdəki “Müsəlman qardaşlar”  təşkilatından və Qərb kəşfiyyatlarından alınıb. Liviyanın bölünməsi sxemi fransız iş adamlarının, onların fikrincə, kommersiya maraqlarını qorumayan yeni hökumətə şikayətindən sonra Fransa prezidenti Nikolya Sarkozinin müşavirinin təşəbbüsü ilə tərtib olunub.

Qərb ölkələri və Misir başda olmaqla bəzi ərəb dövlətlərinin Liviya neftində marağı var və onu nəzarətə götürməyə çalışır. Afrika qitəsində ən böyük neft ehtiyatı olan Liviya dünyada sübut edilmiş ən böyük neft ehtiyatı olan ölkələr içində doqquzncu yeri tutur. Ekspertlərin dəyərləndirdiyinə görə, Liviyada neft ehtiyatları tam 46,4 milyard barrel təşkil edir və indiki hasilat saxlanarsa, 77 ilə bəs edər.

 

Tərcümə Strateq.az-ındır.