XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 April 2017 - 15:47

“Qafqazlı” dostlar:Moskva və Ankara üçün Azərbaycan faktorunun hansı əhəmiyyəti var? –TƏHLİL

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya 3 mayda səfər edəcək.

Bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat verib. Görüşün təfərrüatları açıqlanmayıb.

Qeyd edək ki, daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov iki ölkə prezidentinin apardığı telefon danışığı zamanı ikitərəfli görüşün tarixinin müzakirə edildiyini bildirmişdi.

Əslində, Ərdoğan və Putinin gözlənilən görüşü yeni strategiyadan xəbər verir. Görünən budur ki, Türkiyə Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiyada söz sahibi olmaq istəyir. Lakin onu siyasi-ideoloji aspektdən çox, iqtisadi faktor maraqlandırır.

Türkiyəli analitiklər Rusiya ilə mübarizə aparmaq iddiasında və rəqib olmadıqlarını vurğulayırlar. Bir sözlə, Ankara geosiyasi gücə qarşı iqtisadi amili qabardır, siyasəti arxa plana keçirir. Məsələn, Türkiyə ABŞ ilə strateji tərəfdaşdır, lakin Rusiya ilə də sıx əməkdaşlığa başlayır, Çinlə iqtisadi əlaqələri sürətlə inkişaf etdirir, İrandan neft və qaz alır. Ankara iqtisadi amili daha önəmli hesab edir.

Proseslərin bu baxımdan təhlili onu deməyə əsas verir ki, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi Azərbaycanın da maraqlarına cavab vermirdi. Elə bu səbəbə də rəsmi Bakı Rusiya-Türkiyə gərginliyində neytral mövqe nümayiş etdirirdi. Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Ümumiyyətlə, Moskva-Ankara münasibətlərinin gərginləşməsi fonunda “Rusiya Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması məqsədilə İrəvana təsir edəcək” versiyası da önəmini itirirdi. Erməni politoloqlar hesab edirlər ki, Azərbaycan Türkiyənin müttəfiqi olduğundan Kreml Ankaranın müttəfiqinin ərazi problemini həll etməkdə maraqlı olmaya bilər. Ancaq bu amil Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək hüququndan istifadə imkanlarını məhdudlaşdırmır.

Onu da vurğulayaq ki, Türkiyə Avrasiya məkanında aparıcı dövlətlərdən biri olmağa çalışır. Bu baxımdan, Ankara Qarabağ və Azərbaycan məsələsində Rusiya ilə ortaq mövqe formalaşdırmağa can atır. Rusiya üçün də Türkiyə ilə əməkdaşlıq çox önəmlidir. Türkiyə bütün İslam dünyasında Rusiyanın müsbət imicinin formalaşmasına yardım edə bilər. Rusiyanın ərazisində milyonlarla türk-müsəlman yaşayır. Ankaranın Şimali Qafqazın müsəlman əhalisinə təsir imkanları da məlumdur. Rəsmi Ankara üçün Azərbaycan faktorunun ayrıca əhəmiyyəti var. Türkiyə Ermənistanla münasibətlərini Azərbaycanın maraqlarını nəzərə alaraq qurmaq zorundadır. Türkiyə və Azərbaycan ilk növbədə cəmiyyət olaraq biri-birlərinə çox yaxındır. Ona görə də Türkiyə Cənubi Qafqaz və daha böyük miqyasda postsovet məkanı siyasətində Azərbaycanı ilk sıraya qoyur.

Bütün bunlara görə, Cənubi Qafqazda Türkiyə ilə Rusiya arasında ciddi ixtilafın yaranması ehtimalı yüksək görünmür. Bir sözlə, bölgənin iki mühüm oyunçusu olan Rusiya və Türkiyə liderləri arasında keçirilən hər görüş Azərbaycan cəmiyyətinin maraqları baxımından önəmlidir. Moskva və Ankaranın qəbul edəcəyi qərarlar Azərbaycana təsir etməyə bilməz. Bakı hər iki ölkə üçün bir açar yolunu oynayır. Bu amil Azərbaycanın önəmini artırır. Ehtimal etmək olar ki, Ərdoğan-Putin görüşündə digər problemlərlə yanaşı, Azərbaycan üçün böyük önəm kəsb edən Qarabağ problemi də müzakirə ediləcək…

Azər RƏŞİDOĞLU 

Avropa.info