XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 November 2015 - 06:26

Türkiyədə tarixi seçki: Təkbaşına iqtidarın 14-cü ilinə doğru…

21 həftəlik aradan sonra dünən Türkiyədə təkrar parlament seçkiləri keçirildi. Bu, cümhuriyyət tarixinə öz damğasını vuran seçki idi. Millət vəkillərini seçmək üçün Türk xalqı bir ildə ikinci dəfə səs verməli olmuşdu.

7 iyunda seçkinin lideri AKP olsa da, partiya təkbaşına iqtidar olmaq üçün yetərli səs toplaya bilməmişdi. Prezident Rəcəb Tayyib Ərdoğan və komandasının adının hallandırıldığı “böyük rüşvət əməliyyatı”, müxalif mediaya olan basqılar, “Gülən camaatı” ilə AKP rəhbərliyi arasında münasibətlərin ədavətə dönüşəcək səviyyədəsoyuması, prezident sarayının inşasına ayrılan böyük pullar – bu və bu kimi bir sıra səbəblər 7 iyunda AKP-nin üzünü güldürə bilməmişdi.

Yolayrıcı

Ərdoğan və ümumilikdə AKP camiəsi üçün gözlənilməz sayılan bu nəticə iki variantdan birini seçməyi diktə edirdi.
Ya AKP özündən sonra yüksək səs toplayan partiyalardan biri ilə koalisiyaya girərək yeni hökumət qurmalı, ya da təkrar seçkiyə getməli idi. Hələ əvvəldən proqnozlar təkrar seçkinin üzərində köklənmişdi. Istər yerli müxalifət partiyaları və mətbuatı, istərsə də Qərb mediası Ərdoğanın təkbaşına iqtidar olmaq şansını əldən verməyəcəyini və koalisiyaya getməyərək ölkədə təkrar seçki üçün zəmin yaradacağını bildirmişdi. Proqnozlar özünü doğrultdu və həftələrlə davam edən koalisiya müzakirələri nəticəsiz qaldı.

AKP hökuməti müxalifəti koalisiyadan imtina etməkdə, qarşı tərəf isə Ərdoğanı rəqibləri ilə ittifaqa maraqlı olmamaqda günahlandırdı. Beləliklə, koalisiyanın alınmayacağı və Türkiyənin müvəqqəti hökumət quracağı elan edildi.

Avqustun 28-də Türkiyə tarixində ilk dəfə olaraq seçim hökuməti quruldu. Bundan sonrakı hədəf AKP-nin 13 ildir davam edən təkbaşına iqtidar ənənəsini davam etdirmək idi.

Hədəfə doğru…

Iyun seçkisindən bu mənada məğlub çıxan AKP üçün itirilmiş səsləri geri qaytarmaq lazım idi. Bu mərhələdə Türkiyədə vəziyyət qəfildən nəzarətdən çıxmağa başladı. PKK silahlarını yenidən işə saldı. Demək olar ki, hər gün Türkiyənin bir bölgəsindən şəhid, terror xəbərləri gəlməyə başladı. Və nahayət oktyabrın 10-da Türkiyəcümhuriyyət tarixinin ən qanlı terror olayına şahid oldu. Paytaxt Ankaradakı teraktda 100-dən artıq insan həyatını itirdi, yüzlərlə insan yaralandı.

Bütün bunların fonunda AKP seçkiqabağı çıxışlarında “təkbaşına iqtidar” mesajını verməyə davam edirdi. Ərdoğanın ölkədəki qanlı olayları və şəhid xəbərlərini şərh edərkən “AKP-yə lazımi səs verilsəydi, belə olmazdı” fikrinə eyham vurması, baş nazir Əhməd Davudoğlunun xalqa “Bizi bir daha CHP ilə MHP-nin ayağına göndərməyin” tipli müraciətləri göstərirdi ki, AKP-nin hədəfi aydındır – təkbaşına, koalisiyasız iqtidar.

Son ana qədər seçkinin nəticələri barədə heç kim yekun rəy verə bilmirdi. Keçirilən rəy sorğuları belə, 1 noyabr seçkisini “sürpriz” nəticələrdən sığortalamırdı.

Artan şəhid xəbərləri fonunda bölgələrdə AKP hökuməti ilə bağlı ciddi narazılıq yaranmışdı. Insanlar narazılığını şəhid dəfnlərində açıq şəkildə dilə gətirməyəbaşlamışdı.
7 iyun seçkisində baracı keçərək 80 deputat yeri qazanan HDP ilə də bağlı məsələ qəlizləşmişdi. PKK terroru HDP-nin işini bütün mənalarda çətinə salmışdı.

AKP 316, CHP 134, HDP 59, MHP 41 deputat…

Belə bir mənzərə hökmrankən türk xalqı yenidən AKP-yə lazımi səsi verib onu təkbaşına iqtidar edəcəkdimi? ötən seçkidə uğurlu nəticə göstərən HDP-nin aqibəti necə olacaqdı?

Dünənki seçki bu və buna bənzər bütün suallara aydınlıq gətirdi. Səsvermə hüququ olan 14 milyon Türkiyə vətəndaşı budəfəki seçkiyə qatılmadı. Və seçkinin taleyini ölkə daxilində 54, xaricində isə 3 milyon vətəndaşın iradəsi müəyyən etdi.

Səsvermənin nəticələrindən məlum oldu ki, AKP təkbaşına iqtidar olmaq üçün yetərli səsi (49, 41 faiz) toplayaraq seçkinin lideri olub. Bu səs faizi AKP-nin Türkiyə Böyük Millət Məclisində 316 deputatla təmsil olunması və təkbaşına iqtidar qura biləcəyi deməkdir. Türkiyədə hökumətin məclisdən etimad ala bilməsi üçün 276 millət vəkilinin olması kifayət edir. 7 iyunda səslərin 40,86 faizini toplayan AKP həmin vaxt məclisə 258 mandat qazanmışdı.

Seçkinin ikincisi 25,4 faizlik səslə Cümhuriyyət Xalq Partiyası (CHP) olub. Partiya parlamentdə 134 millət vəkili ilə təmsil olunacaq. 7 iyunda 24,95 faiz səs almış CHP həmin vaxt 132 deputat yeri qazanmışdı.
 

MHP-yə acı sürpriz

Bu seçkinin ən böyük sürprizini ötən seçki ilə müqayisədə 4 faiz itirərək 12 faiz səs alan Milliyyətçi Hərəkat Partiyası (MHP) yaşadı. Partiya ötən seçkidə 80 millət vəkili yeri qazanmışdısa, bu dəfə deputatlarının sayı cəmi 41 oldu.

HDP-yə gəlincə, ötən seçki ilə müqayisədə bu dəfə səs itirən partiya son anda 10 faizlik barajı keçə bildi. Ən təəccüblüsü isə odur ki, HDP məclisdə 59 deputat yerinəsahib olur ki, bu da milliyyətçilərlə müqayisədə 18 yer daha artıqdır.

HDP-dən daha çox səs toplayan MHP-nin daha az mandata sahib olması isə ölkənin seçki sistemindəki 10 faizlik baryerlə bağlıdır. Türkiyənin cənubi-şərq bölgələrindən daha çox səs alan HDP paralel olaraq daha artıq deputat yeri qazanıb. MHP-nin isə Istanbul kimi böyük şəhərlərdə topladığı səslər partiyanın daha çox mandat qazanmasına kifayət etməyib. Nəticələrin elan edilməsindən sonra partiyanın lideri Dövlət Baxçalının istefa verdiyi xəbəri yayılsa da, sonradan MHP xəbəri təkzib edib.

Seçkinin gedişini ana vətəni Konyada izləyən AKP lideri Əhməd Davudoğlu elə ilk çıxışını da burada edib. Nəticələr açıqlanandan sonra Konyadakı meydana toplanan tərəfdarlarını təbrik edən Davudoğlu bu qələbənin AKP-nin yox, millətin olduğunu deyib: “Zəfər millətindir. Hər birinizə minnətdaram. Sizlərə heç vaxt arxa çevirmədik, çevirməyəcəyik də. Qarşıdakı 4 ildə xidmətinizdə olacağıq və 2019-cu ildə yenidən hüzurunuza gələcəyik…(azadliq.info).