XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

02 Noyabr 2015 - 21:28

Ərdoğanın “rəqəmsal taleyi”: Türkiyədə intiqam dövrü başlandı
erdoqan-99.jpg
 
Türkiyədə növbədənkənar parlament seçkiləri yekunlaşıb. Və maraqlı nəticələrlə diqqəti çəkir. Belə ki, seçkilərdə təxminən seçicilərin 87 faizə yaxını iştirak edib. Seçkidə iştirak edən seçicilərin 49,4 faizi Ədalət və İnkişaf Partiyasına (AKP) səs veriblər. Cümhuriyyət Xalq Partiyası (CHP) 25,37 faiz, Milliyyətçi Hərəkat Partiyası (MHP) 11,93 faiz, Xalqların Demokratik Partiyası (HDP) isə 10,69 faiz səs toplayıb.
 
İlk baxışdan bu rəqəmlər sadə oxucuya elə də çox şey deməyə də bilər. Ancaq daha diqqətli olanlar məhz bu rəqəmlərin Türkiyənin gələcək taleyini çızdığını anlamaqda çətinlik çəkməzlər. 
 
Məsələ ondadır ki, cəmisi 5 ay əvvəl Türkiyənin gələcək taleyi tamamilə fərqli rəqəmlərlə hesablanırdı. çünki 7 iyunda keçirilən parlament seçkilərində AKP 40,8 faiz, CHP 24,95 faiz, MHP 16,9 faiz, HDP isə 13,3 faiz səs toplamışdı.
 
Təbii ki, Türkiyənin eqosu yüksək siyasi lideri, prezident Rəcəb Tayyib Ərdoğan ölkəsinin taleyini həmin 7 iyun seçkilərinin rəqəmlərinə uyğun hesablaya bilmədi. çünki hansı tərəfə çəkib hesablasa da, hakimiyyəti bölüşmək, koalisyon hökumət qurmaq məcburiyyətində qalacaqdı.
 
Bu isə prezident R.T.Ərdoğanın daha uzaqgedən hesablamalarına tərs düşəcəkdi. Ona görə də, Ərdoğan bütün rəqəmləri də, hesablamaları da bir kənara atdı. Təkrar seçkilərin keçirilmə ssenarilərini işə saldı. Əslində, burada təəccüblü elə bir şey yoxdur.
 
Belə ki, R.T.Ərdoğan maksimalist hədəflərə bağlı siyasətçidir. O, bölüşməyi sevmir. Əsas hədəfi “ya hər şey, ya da heç nə”dir. Ancaq son 15 ildə bu hədəfin “hər şey” hissəsini özü üçün təmin etməkdə heç vaxt çətinlik çəkməyib. çünki hədəfin “heç nə” hissəsinin ağır basdığı dövrlərdə isə dərhal “hər şeyi” dağıdıb, yenidən dizayn edir. Nəticə də yenə də təkbaşına “hər şey”ə sahiblənmiş olur.
 
Xatırladaq ki, əslində, hələ 7 iyun seçkilərindən sonra R.T.Ərdoğanın öz maksimalist hədəflərinə sadiq qalacağını ehtimal etmişdik. Proqnozlaşdırmışdıq ki, Ərdoğan öz siyasi manevrləri ilə Türkiyədə koalisyon hökumətin qurulmasını əngəlləyəcək. Və bütün vasitələrlə Türkiyədə təkrar parlament seçkilərinin keçirilməsinə nail olacaq.
 
Onu da proqnozlaşdırmışdıq ki, Ərdoğan öz istəyinə nail olarsa və təkrar parlament seçkiləri keçirilərsə, AKP mütləq qələbəni özü üçün təmin edə biləcək. çünki təkrar seçkilərə qədər qalan müddət ərzində Ərdoğan öz siyasi sisteminin qarşısında yer alanları küncə sıxışdırmaqda çətinlik çəkməyəcəkdi.
 
Elə belə də oldu. Nəticədə Türkiyə üçün indiki rəqəmsal situasiya yarandı. Ərdoğanın manevrləri sayəsində AKP səslərini 40 faizdən 49 faizə qaldıra bildi və parlamentə 317 millət vəkili göndərmək hüququ qazandı. 
 
ötən seçkiləri özləri üçün böyük qələbə kimi qəbul edən rəqiblər isə rəqəmsal iflasla üzləşdilər. Belə ki, bu dəfə parlamentdə CHP-nin 134 millət vəkili, MHP-nin 40 (80-40) deputatı, HDP-nin isə 59 (81-22) təmsilçisi olacaq.
 
AKP isə bu nəticələrdən sonra yenidən təkbaşına hökumət qurmaq hüququnu özünə qaytarmış oldu. Və bu hüquq Ərdoğana öz ssenarilərini rahatca reallaşdırmaq imkanları açır.
 
Məsələ ondadır ki, cəmisi 5 ay əvvəl koalisyon hökumət qurulacağı təqdirdə, siyasi taleyi ciddi təhlükəylə üzləşə biləcək Ərdoğan indi başqalarının taleyini müəyyənləşdirmək şansına sahibdir. çünki təkrar seçkilər Ərdoğanın rəqəmsal taleyini qətiləşdirib. Digərlərinin taleyi isə indi Ərdoğandan asılıdır.
 
Heç şübhəsiz ki, Ərdoğanın əsas hədəfi PKK-HDP cütlüyü ilə səhnəarxası müttəfiqliyə baş vuran fətullahçılar ola bilər. Bu camaatlıqla haqq-hesab çəkilməsi üçün çoxdan bu cür gözəl fürsəti gözləyən Ərdoğan artıq belə bir şansa sahibdir. 
 
Böyük ehtimalla Türkiyədə bundan sonrakı siyasi mərhələ fətullahçıların və bu camaatlığa bağlı medianın küncə sıxışdırılıb, sıradan çıxarılması cəhdləri ilə diqqəti çəkə bilər. çünki özünə qarşı çıxanları bağışlamaq adətinə sahib olmayan Ərdoğanın fətullahçılardan və onlara bağlı mediadan intiqam alacağı qətiyyən şübhə doğurmur. 
 
Bu baxımdan, hazırda Türkiyənin siyasi hesablaşmaların ən taleyüklü və həlledici mərhələsinə qədəm qoyduğunu da düşünmək olar.
 
Elçin XALİDBƏYLİ
 
musavat. com