XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

27 Aprel 2017 - 20:09

Donald Tramp üçün “zəhərli həb”:Terror hücumunun qurbanlarını, yoxsa Səudiyyə Ərəbistanını dəstəkləməli? - Təhlil

Ceyms Raynl

"Middle East Eye"

 

Donald Tramp idarəçilikdə sadəliyə üstünlük verməsindən danışır və masasına qoyulan "mürəkkəb" məsələlərin çoxluğundan gileylənir. Buna görə də təəccüblü deyil ki, o, 9/11 qurbanlarının (2001-ci ilin 11 sentyabrında ABŞ-dakı terror – red.) ailələri və Yaxın Şərqdəki əsas müttəfiqi arasında mübarizədən naqolay şəkildə yayınır.

Bu, kəndirbazın üzərində gəzdiyi kəndirə bənzəyir. Keçən il qəbul olunan qanun sayəsində 9/11 terror hücumlarına məruz qalmış bəzi ailələr Səudiyyə Ərəbistanı hökumətinə qarşı məhkəmə iddiaları qaldırıb, bu yay həmin işlərə baxılmalıdır.

Buna cavab olaraq, səudiyyəlilər Konqresi inandırmaq üçün lobbiçilər və sabiq ABŞ hərbçilərinin ciblərini pulla doldurur. Bununla belə, sabiq prezident Barak Obama başda olmaqla, demokratların etirazlarına baxmayaraq, hələ ötən sentyabr ayında "Terorun sponsorlarına qarşı ədalət" qanunu (JASTA) qəbul edilib.  

Tramp üçün 9/11 qurbanları əsas məsələ deyil. O, hakimiyyətdə olduğu 100-cü gün münasibətilə aprelin 29-da öz ofisində şampan fəvvarəsi yaratmazdan əvvəl səhiyyə və ya vergi islahatı yönündə uğur qazanmalı, Şimali Koreyanın nüvə proqramı və qlobal ticarət disbalansı sahəsində nəsə etməlidir.

Buna görə də təəccüblü deyil ki, Ağ Evdə çoxmilyardlı Səudiyyə iddiaları ilə bağlı sorğuları şərh üçün "Middle East Eye"yə (MEE) cavab verilmədi. Amma əri Dünya Ticarət Mərkəzində ölən Terri Strada üçün bu çətin deyil.

"Ağ Ev, əlbəttə, Amerika xalqına və terror qurbanlarına sadiq qalmalı, JASTA-ya dəstəyini davam etdirməlidir. Səudiyyə Ərəbistanı JASTA-ya qarşı kampaniyası çərçivəsində multi-milyon dollar xərclərlə qanuna hər hansı bir dəyişiklik və ya düzəliş cəhdini durdurmalıdır", – deyə Strada "MEE"yə bildirib.

 

Səudiyyə lobbiçilər göndərir

 

Tramp JASTA-ya dəyişiklik edə bilməz, bunun üçün Konqresin razılığı tələb edilir. Qanunvericilərin əksəriyyəti hələ seçki kampaniyası zamanı, sentyabrda aktı dəstəkləyib və indi də Nyu-York, Vaşinqton və Pensilvaniyada həlak olmuş təxminən 3000 nəfər üçün üzülürlər.

Həmin qurbanların yaxınları və onları sığortalayanlar Səudiyyə hökuməti, eləcə də Səudiyyə bankları, xeyriyyə və aviasiya şirkətlərinə qarşı iddialar qaldırıb. 

İddianamələrdə qeyd edilir ki, 9/11 hücumlarında təyyarə qaçıran 19 nəfərdən 15-i "Əl-Qaidə" üzvü, Üsamə bin Laden kimi, Səudiyyə vətəndaşı olublar. Səudiyyə Ərəbistanının rəsmiləri və təşkilatları 2001-ci ildə qlobal terror şəbəkəsinə "kömək edib və ona dəstək verib".

Səudiyyə hökuməti bunu rədd edir. 2002-ci ildə ABŞ hökumətinin həyata keçirdiyi istintaq göstərib ki, terrorçularla rəsmilər arasında əlaqə müstəqil şəkildə təsdiqlənə bilməz, lakin hesabatın 28 səhifəsi 2016-cı ilə qədər ictimaiyyətə təqdim olunmayıb və bir çox tənqidçilər hələ də gizli məqamların mövcudluğunu vurğulayır.

Səudiyyə Ərəbistanı JASTA-nı tələblərini pozmaq və indi akta dəyişikliklər edilməsi üçün lobbiçilik məqsədilə "Qorvis MSLGroup" və digər Vaşinqton qurumları əl-ayağa düşüb və vəkillərə tələb edilən məbləğin 5 faizi qədər ödənc vəd olunub.

"Qorvis" və digər firmalar onlarla amerikalı veteranın Vaşinqtona səfəri, o cümlədən adambaşı gecələmə haqqı 800 $ olan "Trump International Hotel"də qalma xərclərini ödəyib ki, qanunvericilərin qəbulunda olub, JASTA-ya düzəlişə nail olsunlar.

Bred Ouens – indi Afrika və digər məkanlarda kəşfiyyat podratçı kimi çalışan sabiq dəniz veteranı deyir ki, JASTA Amerika diplomatları, hərbçiləri və digər şəxslərə qarşı xarici qanunvericilikdə təqlid kimi istifadə edilə bilər. Yəni Səudiyyə hökumətinə qarşı məhkəmə iddiaları qaldırmağa imkan verməklə, digər ölkələr də oxşar iddia ilə ABŞ hərbçilərini məhkəməyə çəkə bilər.

"Səudiyyəlilər həmişə regionda müttəfiqlərimiz olub. Onlar birgə hərəkətlərə indi də dəstək verir. Onlar düşmənlərimizə qarşı hərbi əməliyyatlara, o cümlədən soyuq müharibə zamanı mücahidləri maddi cəhətdən təmin edib", – deyə Ouens MEE-yə bildirib.

Təkcə Ouens bu fikirdə deyil. Avropa Birliyi "digər dövlətlər tərəfindən qarşılıqlı fəaliyyətə səbəb ola biləcəyi" xəbərdarlığı edib. Avstraliya sabiq müdafiə naziri Kim Bizli isə JASTA-nı bir "fəlakət" və Tramp üçün "zəhərli həb" adlandırıb.

 

Cəhənnəmə səyahət

 

Vaşinqtonda ziyarət edən veteranlar çox deyil. İraqda xidmət etmiş ABŞ veteranı Tim Kord deyir ki, o da pul müqabilində Riyadın xeyrinə lobbiçilik edənlərə qoşulub.

"Bu, cəhənnəmə bənzəyirdi. Mən xəstə idim. Özümü çirkaba bulaşmış kimi hiss edirdim", – deyə Kord "MEE"yə bildirib. 

"9/11 ailələri və sağ qalanları" təmsil edən T.Strada rəsmi Riyadı ittiham edir ki, o, veteranları aldadır. O, Ədliyyə Nazirliyini ABŞ-da lobbiçilik qaydalarını pozmaq cəhdini araşdırmağa çağırır.

"Qorvis" lobbiçilik sifarişinə şərh verməkdən imtina edib. Qanunvericilərin tezliklə JASTA-nı yenidən nəzərdən keçirib-keçirməyəcəyi aydın deyil. Lakin mülki iddialara məhkəmələrdə baxılması, çox güman ki, məsələni diqqət mərkəzinə qaytaracaq. 

"28pages.org" veb-saytının inzibatçısı Brayan MakQlinçinin rəyinə görə, iddiaçılar Səudiyyə və ABŞ hökumətlərindən məxfi material açıqlanmasını tələb etsələr, bu, dönüş anı olacaq.

Eyni zamanda, rəsmi Riyad onlar Amerika məhkəmələri tərəfindən dondurulma təhlükəsi olan ABŞ xəzinədarlığının qiymətli kağızları və digər aktivləri (750 milyard $) satmaq vədini yerinə yetirə bilər. Bu, ABŞ iqtisadiyyatı və Səudiyyənin özü üçün təhdiddir.

Tramp yanvar ayında vəzifəyə gəlməsindən bu yana 9/11 ailələrinə dəstəyini təkrarlamayıb. O, Ağ Evdən rəsmi Riyadın regional rəqibi olan İrana qarşı ritorika qaldırıb və qonşu Yəməndə Səudiyyə Ərəbistanının apardığı müharibədə ABŞ-ın dəstəyini artırmağı nəzərdən keçirir.

Corctaun Universitetinin elmi əməkdaşı Maykl Hudsonun fikrincə, Trampın siyasəti bu cür fəsadlara və təlatümlü sularda sükan arxasında oturmağa uyğunlaşa bilər: "Məncə, Tramp Səudiyyə rejiminə daha çox siyasi və hərbi kapital investisiya edəcək və JASTA-ya verdiyi dəstəyi azaldacaq".

 

Tərcümə: Strateq.az