Məsiağa Məhəmmədi
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin baş elmi işçisi
İran İslam Respublikasında növbəti – 12-ci prezident seçkilərinə hazırlığın ölkə qanunvericiliyində nəzərdə tutulmuş bir neçə mərhələsi artıq arxada qalıb, proses özünün həlledici – təbliğat mərhələsinə daxil olub.
Aprelin 28-də başlanan bu mərhələ mayın 17-dək davam edəcək, mayın 19-da isə səsvermə keçiriləcək. Həmin gün eyni zamanda şəhər və kənd şuralarına da seçkilərin keçirilməsi nəzərdə tutulub.
Prezident seçkilərində iştirak etmək üçün rekord sayda – 1636 nəfər (onlardan yalnız 35 nəfəri ölkə miqyasında tanınmış şəxslərdir) müraciət etsə də, son nəticədə Nəzarət Şurası (Şuraye-Negəhban) cəmi 6 nəfərin namizədliyini təsdiqləyib. Bunlar aşağıdakılardır:
1) Həsən Ruhani – ölkənin fəaliyyətdə olan prezidenti. 1948-ci ildə anadan olub. Məsləhət Şurasının və Ekspertlər Şurasının üzvüdür. Əvvəllər ölkə parlamentinin deputatı və sədr müavini, Ali Milli Təhlükəsizlik Şurasının katibi, Məsləhət Şurası yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru olub. 2013-cü ildə 50,8% səs toplayaraq, prezident seçilib. Rəhbəri olduğu Mötədillik və İnkişaf Partiyası, eləcə də islahatçı və mötədil siyasi qüvvələr tərəfindən dəstəklənir;
2) Məhəmməd Bağır Qalibaf – 2005-ci ildən Tehran şəhərinin meri. 1961-ci ildə anadan olub. Paytaxtın meri seçilməzdən öncə İslam İnqilabının Keşikçiləri Korpusu ("Sepah”) Hava qüvvələrinin və ölkə polisinin (Niruye-Entezami) komandanı olub. 2004 və 2013-cü illərdə prezident seçkilərində iştirak etmiş və müvafiq olaraq, 13,9 və 16,5% səs almışdır. Seçkilərdə lideri olduğu İnkişaf və Ədalət Partiyası, həmçinin mühafizəkar cinahın "İslam İnqilabı Qüvvələrinin Xalq Cəbhəsi” (CƏMNA) adlanan seçki bloku tərəfindən dəstəklənir;
3) İbrahim Rəisi – Məşhəddəki İmam Rza ziyarətgahı kompleksinin (Astane-Qodse-Rəzəvi) rəhbəri. 1960-cı il təvəllüdlüdür. Ölkənin ali dini rəhbərini seçən Ekspertlər Şurasının üzvüdür. Bundan öncə Tehran şəhərinin prokuroru, ölkənin Baş İnspeksiya Təşkilatının sədri, Məhkəmə-Ədliyyə hakimiyyəti sədrinin birinci müavini, Dövlət Teleradio Təşkilatına Nəzarət Şurasının sədri və ölkənin Baş prokuroru kimi vəzifələrdə çalışıb. Dini rütbəsi hüccətül-islam olsa da, son zamanlar ayətullah kimi də təqdim olunur. Məşhəd şəhərinin imam-cüməsi, qatı mühafizəkar olaraq tanınan ayətullah Əhməd Ələmülhüda onun qayınatasıdır. Seçkilərdə Mübariz Ruhanilər Cəmiyyəti və CƏMNA tərəfindən müdafiə olunur. Onun ali dini rəhbər ayətullah Əli Xameneyi tərəfindən dəstəkləndiyi barədə də məlumatlar dolaşmaqdadır;
4) İshaq Cahangiri – ölkənin birinci vitse-prezidenti. 1958-ci ildə doğulub. Əvvəllər İsfahan əyalətinin valisi, Məhəmməd Xatəminin prezidentliyi dövründə Sənaye və faydalı qazıntılar naziri olub. Bir vaxtlar sədri olduğu Quruculuq İcraçıları Partiyası (Karqozarane-Sazəndegi) tərəfindən dəstəklənir;
5) Mustafa Mirsəlim – Məsləhət Şurasının üzvü. 1947-ci ildə anadan olub. Əvvəllər Daxili İşlər nazirinin siyasi məsələlər üzrə müavini, Xameneyinin prezidentliyi dövründə onun aparatının rəhbəri və baş müşaviri, Rəfsəncaninin prezidentliyi dövründə isə ölkənin Mədəniyyət naziri postunu tutub. O, İranın böyük keçmişə malik (1963-cü ildə yaradılıb) siyasi təşkilatlarından olan İslam Koalisiyası Partiyasının (Hezbe-Motəlefeye-Eslami) Mərkəzi Şurasının sədridir və həmin partiya tərəfindən dəstəklənir;
6) Mustafa Haşimitəba – 1946-cı ildə doğulub. 1980-ci illərdə İran Milli Olimpiya komitəsinə sədrlik etmiş, daha sonra Ağır Sənaye naziri vəzifəsini tutmuş, Rəfsəncani və Xatəminin prezidentliyi dövründə isə vitse-prezident və Bədən Tərbiyəsi təşkilatının sədri vəzifəsində çalışıb. 2001-ci ilin prezident seçkilərində iştirak edərək 0,1% səslə 10 rəqibi arasında sonuncu yeri tutub. O, hazırda ev dustaqlığında saxlanan keçmiş baş nazir, "Yaşıl Hərəkat”ın lideri Mirhüseyn Musəvinin tərəfdarlarından sayılır. Quruculuq İcraçıları Partiyası tərəfindən dəstəklənir.
Gözlənildiyi kimi, qarşıdakı seçkilər İranda ənənəvi siyasi qüvvələrin – mühafizəkarlar və islahatçıların növbəti mübarizə səhnəsinə çevriləcək (əlbəttə, bu adlar ümumiləşdirilmiş səciyyə daşıyır və istər mühafizəkar, istərsə də islahatçı cinahda çeşidli siyasi qruplaşmalar müşahidə olunur).
Maraqlıdır ki, Nəzarət Şurası namizədlərin səlahiyyətini təsdiq edərkən, sanki bu qüvvələr arasında pariteti gözləməyə çalışıb: belə ki, qeyd olunan namizədlərdən 3-ü islahatçı (Ruhani, Cahangiri və Haşimitəba), 3-ü isə mühafizəkar (Qalibaf, Rəisi və Mirsəlim) cinahı təmsil edir.
Bu namizədlərin potensialı və şansı təbii ki, eyni deyil. Məsələn, Mirsəlim və Haşimitəbanın sona qədər gedəcəkləri təqdirdə ciddi bir uğur qazana biləcəkləri inandırıcı görünmür. Həsən Ruhaninin birinci müavini olan İshaq Cahangiri isə sırf ehtiyat variant kimi irəli sürülüb və onun müəyyən müddətdən sonra Ruhaninin xeyrinə namizədliyindən imtina edəcəyi gözləniləndir. Belə ki, prosesin başlanğıcında Ruhaninin namizədliyinin qeydə alınmayacağı barədə müəyyən narahatlıq vardı, hətta İran mətbuatında belə məlumatlar yayılmışdı ki, "hakimiyyətdəki bəzi nüfuzlu şəxslər” ona namizədliyini verməmək barədə ismarış yollamışlar. Həmin vaxt Ruhaninin "əsas dayağı” Rəfsəncaninin qəfil ölümü vəziyyəti daha da mürəkkəbləşdirmiş və islahatçı cəbhədə alternativ namizədlərin vacibliyi barədə müzakirələr başlanmışdı. Son nəticədə islahatçıların mənəvi lideri, eks-prezident Məhəmməd Xatəminin tövsiyəsi və Ruhaninin təkidi ilə İshaq Cahangiri də namizədliyini irəli sürdü. Lakin Ruhaninin namizədliyi təsdiqləndikdən sonra onun hökumətini təmsil edən Cahangirinin marafonda qalması lüzumsuz görünür.
Mühafizəkarlara gəldikdə isə, onlar son prezident və parlament seçkilərindəki uğursuzluqlardan nəticə çıxararaq, qüvvələrini maksimum birləşdirməyə çalışmış və yuxarıda adı çəkilən CƏMNA blokunu yaradaraq, reytinq səsverməsi əsasında 5 namizəd irəli sürmüşlər və onlardan ikisi (Qalibaf və Rəisi) qeydə alınıb. CƏMNA-nın real namizədləri sayılan əvvəlki prezident seçkisinin iştirakçıları – "Sepah”ın sabiq komandanı Möhsün Rzayi və Xarici İşlər nazirinin keçmiş müavini (Ali Milli Təhlükəsizlik Şurasının sabiq katibi) Səid Cəlili isə ümumiyyətlə namizədliklərinin irəli sürülməsinə razılıq verməmişlər. Qeydiyyat başa çatdıqdan sonra Səid Cəlili (və onun mənsub olduğu ifrat mühafizəkar "Sabitlik Cəbhəsi”) İbrahim Rəisinin namizədliyini müdafiə etdiyini açıqlayıb. Yayılan məlumatlara görə, bu dəstəyin müqabilində Rəisi qalib gələcəyi təqdirdə Cəlili xarici işlər naziri, yaxud birinci vitse-prezident postunu tutacaq.
CƏMNA səsvermə gününə bir namizədlə gedəcəyini bəyan etsə də, mövcud iki namizəddən hansının geriyə çəkiləcəyi bəlli deyil. Hazırkı şəraitdə Qalibaf və ya Rəisinin digər mühafizəkar namizədin xeyrinə marafonu tərk edəcəyi inandırıcı görünmür (üstəlik, Rəisi hər vəchlə CƏMNA-dan məsafə saxlamağa çalışır və özünün təkcə bu bloku təmsil etmədiyi mesajını verir). Bir çox müşahidəçilər onların sona qədər mübarizə aparacaqlarını və səsləri parçalayaraq, ikinci tura şərait yaratmağa çalışacaqlarını bildirirlər.
Beləliklə, qarşıdakı 3 həftədə prezident kürsüsü uğrunda əsas mübarizənin 3 namizəd (Ruhani, Qalibaf, Rəisi) arasında gedəcəyini əminliklə söyləmək mümkündür.
Newtimes.az