XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 May 2017 - 16:42

Ərdoğanın ABŞ səfəri:Trampla görüş Türkiyəyə nə gətirəcək? - Təhlil

Emel Parlar Dal

Anadolu News Agency

 

Türkiyə-Amerika əlaqələri ümumi olaraq qiymətləndirildikdə, onun böhranlı nöqtəyə çatdığını görürük. Ərdoğan-Tramp görüşündə YPG-ni ağır silahlarla təchiz və Raqqa əməliyyatında YPG ilə birgə Suriya Demokratik Qüvvələrindən (SDF) istifadə etməyə dair iki dövlət arasındakı fikir ayrılığı və Ankaranın könlünü almaq üçün PKK ilə mübarizədə istifadə olunacaq hərbi avadanlığın ən qısa müddətdə Türkiyəyə çatdırılacağı ümumi tabloya yerləşdirildi.

Münasibətlərin strateji xarakterinin təkrar qeyd olunduğu həmin görüşdə İŞİD və PKK kimi terror təşkilatları ilə mübarizədə ortaq bir rəftar və dayanıqlılıq göstərmənin də əhəmiyyəti vurğulandı. Digər tərəfdən, ilk məlumatlar ABŞ prezidenti Trampın Raqqa əməliyyatı əsnasında, ya da əməliyyatdan sonra Türkiyəyə "yeni bir vəzifə" verməyəcəyi şəklindədir. YPG-yə veriləcək ağır silahların PKK-nın əlinə keçməməsi üçün güclü nəzarət mexanizminin olacağı və Türkiyə sərhədində mümkün PKK hərəkətliliyi mövzusunda Türkiyəyə əlavə kəşfiyyat köməyi ediləcəyinə dair vədin varlığına dair də məlumat yoxdur.

Tramp administrasiyasının Türkiyənin Əl-Babdaki mövcud varlığının hərbi əsasa çevrilməsi ehtimalı mövzusunda da türk rəsmilərinə lazımi dəstək və zəmanət verdiyini söyləmək çətindir.

Qısası, danışıqlardan çıxan ilk nəticə ABŞ-ın Raqqa əməliyyatında tərəfdaşının, əvvəl də elan edildiyi kimi, YPG və onun daxil olduğu SDF olacağı, amma Türkiyənin PKK ilə mübarizəsində ABŞ-ın keçmişlə müqayisədə daha dəstəkləyici mövqe tutacağı ehtimal edilir.

ABŞ-Türkiyə əlaqələrindəki bu tarazlıq axtarışının və qarşılıqlı kiçik güzəştlərlə böhranları geridə qoyma istəyi, dərin strateji fərqlərin ortaya çıxarmasının bundan sonrakı dövrdə də davam edəcəyi nəzərdə tutula bilər. Bütün bunlar 16 May danışıqlarından əvvəlki əksər təxmin və təhlillərin mahiyyətcə doğru olduğunu isbatlayır.

Eləsə YPG dilemması bundan sonrakı müddətdə hara qədər davam edəcək?

Bu gün əlaqələrin YPG ətrafında sanki kilidlənmə dərəcəsinə gəldiyi prosesin başlanğıcını, ABŞ, Türkiyə, YPG və İŞİD-i müəyyən şəkildə, bilvasitə, ya da birbaşa olaraq Kobani hadisələrinə qədər aparmaq mümkündür.

ABŞ-ın Yaxın Şərqdə yürütdüyü kürd siyasətinin dünən meydana gəlmiş bir siyasət olmadığını nəzərə alaraq, amerikalıların suriyalı kürdləri bu tənliyə qatmasının, Suriya müharibəsi və xüsusilə 2014-cü ilin sentyabrında başlayan Kobani hadisələrindən sonra formalaşmadığını da söyləmək səhv olmaz.

İŞİD tərəfindən mühasirəyə alınan şəhər ABŞ-ın hava hücumları və Şimali İraq Regional Kürd Rəhbərliyinin Türkiyə vasitəsilə göndərdiyi peşmərgələrin yardımı ilə xilas edildi və mühasirə zamanı çox sayda suriyalı kürd sərhədə doğru axın edib Türkiyəyə sığındı.

Türkiyənin hərbi yardım etməməsi, bunun yerinə humanitar kömək etməsi ölkədəki bəzi kürd siyasətçilərin tənqidlərinə məruz qalmışdı. Kobani hadisələri olan müddətdə ölkədə qətliamın dayanmasına və dialoq zəmininin meydana gəlməsinə vəsilə olan proses 2015-ci ilin iyulunda PKK hücumlarının başlamasıyla tamamilə dayandı.

Kobani sonrası dövrdə YPG-nin mərhələli olaraq ABŞ-ın Suriyada İŞİD-lə mübarizəsində mühüm yerli aktyor olaraq ortaya çıxdığı görünür. Görünən həm də budur ki, ABŞ-ın NATO üzrə müttəfiqinin – Türkiyənin bütün etirazlarına baxmayaraq, YPG-nin (SDF ilə birlikdə) Raqqa əməliyyatını başlaması üçün dolğun strategiyası yoxdur. Əksinə, ABŞ-ın kürd kartını işlətməklə bu coğrafiyada yenidən qarışıqlıq yaradacaq, bir-birilə əlaqəli, çox ölçülü və bütöv bir kürd strategiyası var.

ABŞ suriyalı kürdlərə sərmayə qoyaraq və onları silahlandıraraq post-İŞİD dövründə Suriyada meydana gələcək yeni nizamda kürdlərin muxtariyyət istəklərinə göz yumur və bu geosiyasi təsəvvürün reallaşması üçün sanki vasitəçilik edir.

Şimali İraq Kürd Regional Rəhbərliyinin 2017-ci ildə müstəqillik referendumu keçirmə qərarı və bu məsələdə istər Avropaya, istər ABŞ-a dəstək çağırışları etdiyi xatırlanarsa, ABŞ-ın Suriyadakı kürdləri də içinə alan yeni və əhatəli bir kürd siyasəti dizayn etdiyi düşünülə bilər.

Eyni şəkildə Rusiyanın da YPG-yə silah verməməklə dəstəyini davam etdirdiyini xatırlatmaqda fayda var.

Bu vəziyyətdə Türkiyənin qarşısında iki seçənək var:

– birincisi, ABŞ-ı YPG-dən vaz keçirmədiyi nəzərə alındıqda, müttəfiqi ilə əlaqələrini gərmək, öz milli təhlükəsizliyini təhlükəyə soxacaq hər cür prosesə qarşı "muxtar bir strategiya yürütmək" ki, bunu prezident Ərdoğan "öz başımızın çarəsinə baxarıq" sözləri ilə də ifadə etmişdi. Bu da Türkiyəni suriyalı kürdlərə qarşı yürütdüyü siyasətlə YPG siyasətini bir-birindən daha dəqiq bir şəkildə ayırma zərurətinə gətirəcək. O, Türkiyənin içəridə atmağı düşünə biləcəyi yeni bir kürd addımını da asanlaşdıracaq.

– ikincisi, Suriyanın şimalındakı proseslərin öz daxilinə sıçraması ehtimalını da nəzərə alaraq, ölkədə kürd məsələsində yeni bir şüurlu zəmin hazırlığına girmək. Qısası, öz kürd kartını təkrar müzakirəyə çıxarmaq.

Hazırda Suriya mövzusuna daha çox dəvətçi ABŞ rəhbərliyinin olması və Türkiyənin digər iki aktyorla Suriyada sülh naminə yeni diplomatik mexanizm inkişaf etdirməsi Türkiyənin Suriya məsələsində dünənlə müqayisədə daha yaxşı bir nöqtədə olduğunu göstərir. O, "Fərat qalxanı" əməliyyatı ilə öz sərhədində həm İŞİD, həm də YPG-dən təmizlənmiş etibarlı bir xətt meydana gətirib. Bu, Türkiyənin Suriya mövzusunda bundan sonrakı dövrdə əlini yüngül edəcək ünsürlərdir.

Bütün bunlar post-Raqqa dövründə meydana gələcək yeni vəziyyətə bağlı olaraq, Suriyada sülhün təsis edilməsində və ölkənin yenidən inşası prosesində Türkiyəyə də əhəmiyyətli məsuliyyətlər verir. Proses yaxşı idarə olunarsa və ölkədə kürd məsələsi ilə əlaqədar yeni bir mühit meydana gələrsə, Türkiyə Suriya bataqlığından beynəlxalq aktyorluğunu gücləndirərək çıxa bilər. 

Bu, Türkiyənin xarici siyasətinə və beynəlxalq imicinə müsbət qatqı olacaq. Digər tərəfdən, Tramp rəhbərliyiylə kövrək bir zəmində də olsa, hərbi və strateji əlaqələrin davam etdirilməsi iki ölkənin münasibətlərində əvvəlki illərdə laqeyd edilmiş və ikinci yer tutan ticarət sahəsində də yeni bir ehtiyac yarada bilər.

Yeni prezidentin sərbəst ticarət mövzusundakı şərhləri ABŞ-ın yeni dövrdə ikitərəfli sərbəst ticarət razılaşmalarına üstünlük verəcəyinə dair siqnallardır. Xarici siyasətə ticarət məntiqi ilə yaxınlaşan, bu fəlsəfə ilə ikitərəfli əlaqələrə əhəmiyyət verən Tramp administrasiyası və Türkiyənin ticarət və müdafiə sənayesində ortaqlığı gücləndirməsi, iki ölkə arasındakı münasibətlərə yeni bir nəfəs və praqmatik bir zəmin qazandıracaq.

 

Tərcümə: Strateq.az