XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

17 Noyabr 2015 - 13:46

ABŞ Mərkəzi Asiyada siyasətini dəyişir: Con Kerrinin görüşləri nəyə hesablanıb? – Təhlil

kerri-asiya-3.jpg

ABŞ-ın dövlət katibi Con Kerrinin Mərkəzi Asiya ölkələrinə səfəri tarixdə Amerika diplomatiyası rəhbərinin beş keçmiş sovet ölkəsinə baş çəkdiyi ilk səfərdir. Səfərin əsas hadisəsi Səmərqənddə ABŞ və Mərkəzi Asiya ölkələrinin dialoqunun yeni formatda başlanması oldu. Amma Kerrinin səfərinin əsas səbəbi regionun digər ölkələri ilə bağlıdır.

Con Kerri Mərkəzi Asiya səfərinə Bişkekə – Qırğızıstanın paytaxtına baş çəkməklə başladı. Dövlət katibi Mərkəzi Asiya Amerika Universitetinin yeni korpusunun təntənəli açılış mərasimində iştirak etdi. Qırğızıstan prezidenti Almazbek Atambayevlə görüşdən sonra Kerri bəyan etdi ki, ABŞ və Qırğızıstan ikitərəfli əməkdaşlığın inkişaf proqramının hazırlanması ilə məşğul olacaq birgə işçi qrup yaradacaqlar.

Amerikalı diplomatın digər bəyanatı diqqətəlayiqdir. Onun fikrincə, Mərkəzi Asiya ölkələri hansı ölkə ilə – Rusiya, ABŞ, çin və ya “digər bloklarla” əməkdaşlıq seçimi ilə qarşılaşmamalıdırlar.

Amma Qırğızıstanla bağlı Kerrinin ən mühüm bəyanatı səfərin sonunda verildi. Diplomat bəyan etdi ki, ABŞ Qırğızıstanla hərbi əməkdaşlıq sahəsində saziş imzalamaq istərdi. “Sazişi müəyyən mərhələdə tamamlamaq da bizim üçün vacibdir. ümid edirəm ki, bu mümkün olacaq”, – deyə xarici siyasət idarəsinin rəhbəri bildirib. O, bu sazişin hansı mərhələdə olduğunu isə dəqiq deməyib.

 

“Kremlin təsirinə düşmə riski altında”

 

Dövlət Departamentinin rəhbəri qeyd edib ki, son on il ərzində ABŞ “təhsil, iqtisadiyyat və səhiyyə sahəsinin” dəstəklənməsi üçün Qırğızıstana təxminən 2 milyard dollar ayırıb. “Biz əməkdaşlığın davam etməsini istəyirik”, – deyə Kerri əlavə edib. O həmçinin xatırladıb ki, 2014-cü ildə Qırğızıstan ABŞ hərbi hava qüvvələrinin Manas hava limanında yerləşmiş aviabazasını bağlayıb. Amma bu barədə razılıq “müvəqqəti” xarakter daşıyırdı, ABŞ bununla bağlı “heç bir inciklik” hiss etmir.

Qeyd edək ki, Amerika diplomatiya rəhbərinin Qırğızıstana səfəri çətin şəraitdə baş tutub. İkitərəfli əlaqələr tarixdə ən kəskin böhranı yaşayır. İyulun 21-də Qırğızıstan birtərəfli olaraq ABŞ-la əməkdaşlıq sazişini ləğv edib. Bundan əlavə, ölkə prezidenti müntəzəm olaraq Vaşinqtonun ünvanına sərt bəyanatlar verir. Bütün bunlardan başqa, Bişkek Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olub.

Dövlət katibinin Mərkəzi Asiya səfəri barədə məlumat verən “The Wall Street Journal” nəşri yazıb ki, Kerrinin səfəri “Rusiyanın Mərkəzi Asiyadakı təsirini sınayacaq”. “Dövlət katibi Con Kerri Kremlin təsirinə düşmək riski altında olan ölkələrlə ticari və siyasi əlaqələri möhkəmləndirmək istəyir. Rusiya prezidenti Yaxın Şərqdə və Mərkəzi Asiyada təsir dairəsini genişləndirən İŞİD və digər islamçı qruplaşmaları dəf etmək üçün bütün keçmiş sovet ölkələrini Moskvanın qanadları altına yığmağa çalışır”, – deyə Amerika nəşri yazır.

 

Səmərqənd formatı

 

Bişkekdən sonra Kerri dünyanın ən qədim şəhərlərindən biri olan özbəkistanın Səmərqənd şəhərinə baş çəkdi. Amerikalı siyasətçinin səfərinin ən mühüm siyasi hadisəsi – Vaşinqtonun Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin yeni formatının – “C5+1” formatının işə düşməsi burada baş verdi. Aydındır ki, bu format əsas hərbi kontingentini Əfqanıstandan çıxarandan sonra çox şey itirən ABŞ-ın beş keçmiş sovet ölkəsində öz nüfuzunu möhkəmləndirmək üçün yeni yanaşmasıdır.

Dövlət Departamenti daha əvvəl bildirmişdi ki, Səmərqənddəki görüş “ABŞ və Mərkəzi Asiya respublikaları arasındakı dialoqun yeni formatıdır və bu format dövlət katibinə və nazirlərə regional və qlobal imkanları və çağırışları müzakirə etməyə imkan verəcək”.

Bundan əlavə, Kerri özbəkistanda prezident İslam Kərimovla görüşdü. Qeyd edək ki, özbəkistan Amerika silahının regiondakı əsas alıcılarından biridir. Bundan başqa, Vaşinqton nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (2012-ci ildə üzvlükdən çıxıb), nə də Aİİ-yə üzv olmayan Daşkəndin bitərəf mövqeyini xüsusi qiymətləndirir.

“The New York Times” diqqəti dövlət katibinin “dünyanın ən təzyiqçi hakimiyyəti”nin lideri – İslam Kərimovla görüşünə yönəltdi. Nəşr özbəkistandakı rejimi “qarşısıalınmaz korrupsiyanın, mütəşəkkil cinayətkarlığın, pambıq sahələrində məcburi əməyin və işgəncənin dəhşətli dünyası” kimi təqdim edən WikiLeaks-in materiallarına istinad edir. Bazar günü Con Kerri İslam Kərimovla bir saatdan artıq danışıqlar apardı.

 

Strateji tərəfdaşlıq dilemması

 

Qazaxıstana səfər dövlət katibi kimi Con Kerrinin ilk səfəri idi. Maraqlıdır ki, Kerrinin Astanadakı görüşlərinin əksəriyyəti bağlı qapılar arxasında keçdi. O, noyabrın 1-də axşam Astanaya çatdı. ABŞ-ın Qazaxıstandakı səfirliyinin məlumatına görə, Kerri prezident Nursultan Nazarbayevlə görüşüb.

Analitiklər əmindirlər ki, Qazaxıstan lideri və ABŞ Dövlət Departamentinin rəhbəri bir çox məsələlərə toxunublar, bu məsələlər arasında əsas yeri isə regional və beynəlxalq təhlükəsizlik tutur. Xüsusilə bir vaxtlar Qazaxıstanın Suriya müxalifətinin nümayəndələrinin Astanada görüşməsi təşəbbüsünü irəli sürdüyünü nəzərə alsaq, Suriyadakı vəziyyətin müzakirə edildiyi güman edilir.

Kerri Qazaxıstanda Qırğızıstanda verdiyi bəyanatı təkrar etdi. “Biz gərək aydın başa düşək ki, bir ölkə ilə dostluq ən azı digər ölkə ilə dostluğu məhdudlaşdırmamalıdır. Bu, oyun deyil”, – deyə dövlət katibi bəyan edib. Onun fikrincə, “Mərkəzi Asiya respublikaları xarici təzyiqlərdən və təhdidlərdən azad olmalıdırlar”.

Con Kerrinin Asiya səfərinin ümumi məxrəci terror təhlükəsinin yayılması məsələsinə xüsusi diqqətin ayrılması oldu. Vaşinqton Əfqanıstandakı vəziyyət səbəbindən təhlükəsizliklə bağlı Mərkəzi Asiya ölkələrinin narahatlığını başa düşür. Amerika tərəfi xüsusilə İŞİD və “əl-Qaidə”nin fəaliyyətləri baxımından radikal ekstremizmin yayılması ilə bağlı problemin miqyasını anlayır.

ABŞ-ın dövlət katibi Tacikistan və Türkmənistan liderlərini əmin edib ki, Amerika hərbi qüvvələrinin qonşu Əfqanıstandan çıxarılmasına baxmayaraq, Vaşinqton Mərkəzi Asiyanın təhlükəsizliyi məsələsini diqqətdən kənar qoymaq niyyətində deyil. Kerrinin Düşənbəyə səfəri tacik hökumətinin Aİİ-yə daxil olmaqla bağlı çətin seçim qarşısında olduğu bir şəraitdə keçdi. Bundan başqa, son aylarda Əfqanıstanın şimalındakı vəziyyət qəfildən şiddətlənib. Sentyabrın sonunda Taliban hərəkatı Tacikistanla həmsərhəd Kunduz əyalətinin paytaxtını tuta bilib. Con Kerrinin Türkmənistan səfəri Əfqanıstan-Türkmənistan sərhəddində radikal qruplaşmaların fəallaşması şəraitində keçdi.

ümumilikdə, dövlət katibinin Mərkəzi Asiya regionuna səfəri təkcə regionun inkişafı baxımından deyil, həm də geosiyasi münasibətlərin dinamikası baxımından da mühümdür. Əgər ABŞ əvvəllər regionun geosiyasi çərçivəsinin genişlənməsinə və “Böyük Mərkəzi Asiya”nın yaranmasına xüsusi diqqət ayırırdısa, indi Mərkəzi Asiyanın regional maraqlarına hörmət, Rusiyanın iştirakı olmadan reinteqrasiyada regiona dəstək və region üçün “təhlükəsiz ticari tərəfdaş” – “nonthreatening trading partner” olmaq cəhdi nümayiş etdirir.

Bütövlükdə, Mərkəzi Asiya ölkələri iqtisadi modernləşməyə və daha çox siyasi transformasiyaya ciddi ehtiyac duyurlar. Bununla belə, Vaşinqton çətin ki, xüsusilə ciddi enerji potensialına malik olmayan Mərkəzi Asiya ölkələri üçün gərəkli sərmayələri verməyə hazır olsun. Birləşmiş Ştatlar öncəliklə Rusiya Federasiyasının (Aİİ layihəsi) və çinin (İpək Yolu İqtisadi kəməri layihəsi) inteqrasiya təşəbbüslərinin qarşısının alınmasında, Mərkəzi Asiyanın enerji mənbələrinin şaxələndirilməsində, Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz kəməri layihəsinin reallaşmasında və özünün hərbi-siyasi iştirakının gücləndirilməsində maraqlıdır. Tacikistan və Türkmənistan liderləri ilə görüşlərdə də söhbət məhz bundan getdi.

Beləliklə, Mərkəzi Asiyaya səfər ilk növbədə ABŞ-ın özünün daxili siyasəti üçün imic gedişidir, belə ki, Rusiya Federasiyasının təşəbbüskar xarici siyasətinin fonunda Demokratlar partiyasının xarici siyasətinin zəifliyi müəyyən xarici fəallıq tələb edir. Və Kerrinin səfərinin yaxşı gizlədilməmiş mahiyyəti regionun ayrı-ayrı ölkələrinin Aİİ-yə qarşı durmağa hazırlaşan elitasını məyus etməyə bilməz. Bundan başqa, ABŞ-ın Trans-Sakit okean Tərəfdaşlığını canlandırmaq cəhdi Mərkəzi Asiyaya çox şey vermir, çünki coğrafiya baxımından bu tərəfdaşlığa qoşulmaq çətindir. Və bunu Mərkəzi Asiya ölkələrinin siyasi liderləri çox yaxşı anlayırlar.

Newtimes.az