XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 November 2015 - 04:51

Ermənistan dalana dirənib: Seçim imkanı tükənib – Təhlil

lavrov-2.jpg

Geosiyasətin öz qanunları vardır. Rəsmi İrəvanın uzun illərdir yeritdiyi yararsız xarici siyasəti dəyişmək imkanı demək olar ki, tükənib. Bunu son zamanlar erməni siyasətçilərin atdığı addımlar da sübut edir. Ekspertlər ziddiyyətli proqnozlar verirlər. Onlar İrəvanın konkret hansı uğurları qazandığını göstərə bilmirlər. Bu səbəbdən əksər hallarda absurd fikirlər söyləyirlər. Prezident Serj Sarkisyanın Tbilisiyə səfəri, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvana gəlişi və erməni nazirin Tehranda biznes forumda iştirak etməsi fonunda bütün bunlar maraqlı proqnozlar verməyə imkan yaradır. Bir-biri ilə zahirən əlaqəsi olmayan bu hadisələrin arxasında geosiyasi faktorların dayandığını inkar etmək çətindir. Ekspertlər də bu fikirdədirlər.

Geosiyasi oyuncaq: İrəvanın sevimli statusu

Ermənistan mətbuatı ölkənin geosiyasi oyuncağa çevrildiyini açıq yazır. İrəvan artıq müstəqil siyasət yeritmək qabiliyyətini tam itirib və onunla yalnız hökm dilində danışırlar. Erməni ekspertlər yazırlar ki, bu proses “təhlükəli fəndlər mərhələsinə qədəm qoyub” (bax: məs., Наира Айрумян. Армения становится главным инструментом и агентом России / “Lragir.am”, 3 noyabr 2015).

Cəmi bir neçə gün öncə isə erməni KİV-i tamamilə başqa məqamlardan – əsasən, Ermənistanın geosiyasi perspektivlərindən danışırdılar. Başlıca mövzu isə İranın Ermənistan ərazisindən keçməklə təbii qazı Avropaya nəql etməsi imkanının yaranması idi. Lakin proseslər tamamilə fərqli məntiqi ortaya qoymaqdadır. Aydın olur ki, İrəvanın illərdir apardığı qeyri-konstruktiv xarici siyasət onun səmərəli və müstəqil əməkdaşlıq potensialını minimuma endirib. Burada iki aspekti vurğulamaq istərdik.

Birinci məqam Serj Sarkisyanın Gürcüstana səfəri ətrafında yaradılmış süni ajiotajla bağlıdır. Ermənistan mətbuatı İrəvanın “siyasi üstünlüyündən” dəm vurdu. Hətta utanmadan S.Sarkisyanın Azərbaycan Prezidentini bu sahədə “qabaqladığını” yazdılar. Ancaq Tbilisidə tərəflərin yalnız söz ifadə etməsi, ümumi şəkildə əməkdaşlıqdan danışması fonunda bu, çox gülünc göründü. üstəlik Gürcüstan KİV-in təqdim etdiyi rəqəmlər ermənilərin nə dərəcədə yalan danışdığını ortaya qoydu.

Belə ki, bu ilin sentyabrına qədər Ermənistanın Gürcüstanla olan xarici ticarət dövriyyəsi 2014-cü ilə nisbətən 32,5% azalıb. Gürcüstandan Ermənistana olan ixracın həcmi 36,2% aşağı düşüb. Bütövlükdə Gürcüstana idxal olunan mallarda İrəvanın payı cəmi 2,2% təşkil edir (bax: В Тбилиси состоялась встреча президентов Грузии и Армении / “Lragir.am”, 30 oktyabr 2015).

Bu rəqəmlərin işığında iki dövlət arasında əlaqələrin hansı səviyyədə olduğu aydın görünür. Ekspertlər onu yüksək dərəcəyə qaldırmaq potensialını görmürlər. çünki Ermənistan həm iqtisadi cəhətdən zəif və başqasından asılı dövlətdir, həm də bütün regional layihələrdən təcrid olunub. Bu səbəbdən rəsmi İrəvanın geosiyasi perspektiv haqqında söylədikləri daxili auditoriya üçün nəzərdə tutulmuş nağıldan başqa bir şey deyildir.

İkinci məqam Yaxın Şərqdə son vaxtlar bir qədər fərqli geosiyasi mənzərənin meydana gəlməsindən İrəvanın yararlanmağa çalışması ilə əlaqəlidir. Ancaq hazırda Ermənistanın düşdüyü vəziyyəti real əks etdirən proseslər başqa təsəvvürlər formalaşdırır. Onlara Yaxın Şərqdə hadisələrin yeni məzmun alması ilə yanaşı, bölgənin böyük dövlətlərinin fəallıqlarını artırması prizmasından baxılmalıdır. Bu kontekstdə erməni ekspertlərin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri haqqında ziddiyyətli fikirlər bildirməsi diqqəti çəkir. Onlar tərəflər arasında bərabərhüquqlu əməkdaşlığın baş tuta biləcəyinə ehtimal verməyib, əsasən, iki məqam üzərində dayanırlar.

Birincisi, S.Lavrov Ermənistanı bir sıra geosiyasi addımlardan çəkindirmək üçün oraya səfər edib. Bu bağlılıqda da Vladimir Putinin Antalyadan sonra İrəvana gələ bilməsini vurğulayırlar. Moskva guya daha çox İrəvanın Tehranla münasibətləri dərinləşdirməsindən narahatdır. Ancaq erməni ekspertlərin bu proqnozunu təsdiq edən fakt yoxdur.

İkincisi, S.Lavrov Dağlıq Qarabağ məsələsində rəsmi İrəvana təzyiq etmək üçün oraya gedib. Guya, rusiyalı nazir Ermənistanın Azərbaycanın 7 rayonunu azad etməsi tələbini ortaya qoyur. Bu məsələ, şübhəsiz ki, ayrıca təhlilin mövzusudur. İndi isə yalnız onu qeyd edək ki, Ermənistan işğal etdiyi ərazilərin hamısından çəkilməlidir və bu tələbi rəsmi Bakı ortaya qoyub. Digər dövlətlər isə gec və ya tez Azərbaycanın bu haqlı tələbi ilə razılaşmalıdırlar. Həmin səbəbdən erməni ekspertlərin narahatlığının konkret mənası yoxdur. Onlar, nəhayət ki, illüziyalardan yaxa qurtarmalıdırlar.

Sözdə suveren: seçim imkanının yoxluğu

Maraqlıdır ki, S.Lavrovun İrəvana səfəri ilə Ermənistanın İranla birgə keçirdiyi biznes forum arasında cəmi üç gün fərq olub. İqtisadiyyat naziri Karen çşmarityan böyük nümayəndə heyəti ilə Tehrana gedib (bax: В Тегеране начался армяно-иранский бизнес-форум / “Lragir.am”, 8 noyabr 2015). Görünür, İrəvan Moskvaya alternativ seçə biləcəyi işarəsini verməyə çalışır. Mətbuatda S.Sarkisyanın S.Lavrovla görüşü zamanı yalnız ölkələr arasında diplomatik gediş-gəlişin çox olmasından gileyləndiyi bildirilir.

Bu kontekstdə erməniləri daha çox Rusiyanın vəd etdiyi 200 milyon dollarlıq silahın satışının ləngiməsi maraqlandırır. Ermənistan sabit inkişafı təmin edən əməkdaşlığa deyil, ölüm saçan silahlara üstünlük verir.

Bunlar Ermənistanın regionda hələ də qeyri-konstruktiv geosiyasi rol oynadığını təsdiq edir. İrəvan faktiki olaraq başını itirib. Nə S.Sarkisyanın Tbilisi səfərindən bir müsbət nəticə var, nə də S.Lavrovun İrəvana gedişindən tərəflər arasındakı əməkdaşlığın yeni səviyyəyə qalxa biləcəyi ehtimalı. Ortada konkret faktlar deyil, yalnız ümumi sözlər var.

Digər tərəfdən, Ermənistan Yaxın Şərqdə cərəyan edən hadisələrin fonunda Cənubi Qafqazda geosiyasi mənzərənin dinamikasının dəyişməsi qarşısında acizliyini nümayiş etdirir. Onun Türkiyə, İran və Rusiya istiqamətində yeritdiyi siyasətdə ardıcıllıq və obyektivlik gözə dəymir. Türkiyə ilə ümumiyyətlə heç bir münasibət yoxdur. Rəsmi İrəvan hələ də köhnə yanaşma çərçivəsində, əsassız düşmənçilik müstəvisində hərəkət edir.

İranla əlaqələrdə də bir qeyri-müəyyənlik hökm sürür. Bunun əsas səbəbi İrəvanın Rusiyadan asılı olmayan siyasət yeridə bilməməsidir. Nəzərə almaq lazımdır ki, hazırkı mürəkkəb mərhələdə Kreml özünün enerji maraqlarını aktiv şəkildə müdafiə edəcək. O, Tehranın İrəvanla bu sahədə əlaqələrini inkişaf etdirm
əsinə bir məqama qədər razı ola bilər. Digər tərəfdən, İran Ermənistanla münasibətlərdə Azərbaycan və Türkiyə faktorunu nəzərə almalıdır. Suriya məsələsində Ankara ilə müəyyən ziddiyyətlərə getməsinin İran üçün nə kimi nəticələrə səbəb ola biləcəyi hələ ki, məlum deyil. Dünyanın neft bazarında da prosesləri proqnozlaşdırmaq çətinləşib.

Burada Azərbaycan faktorunu da unutmaq olmaz. İranla Azərbaycanı tarix, mədəniyyət və bir çox geosiyasi məqamlar birləşdirir. çətin ki, Tehran həmin reallıqdan qaynaqlanan imkanları əldən versin. Onun Ermənistanla əməkdaşlığa müəyyən sərhəd qoyması mümkündür.

Rusiya məsələsi isə Ermənistan üçün həlledici rol oynayan faktordur. İndi Dağlıq Qarabağ probleminin həllindən tutmuş iqtisadi məsələlərə qədər bir çox sahələrdə İrəvanın Moskvadan böyük asılılığı mövcuddur. Faktdır ki, Rusiya Ermənistanın arxasından çəkilsə, İrəvan bu məsələdə çox pis vəziyyətlə üzləşəcək. Bunu başa düşən ermənilər həmin məqama çox həssas yanaşırlar. çətin ki, erməni siyasətçilər Moskvanın iradəsinə qarşı çıxsınlar. Nə qədər separat fikirlər söyləsələr də, onların Kremldən gələn əmrləri icra etməkdən başqa yolu yoxdur. Bu aspektdə Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycana münasibətdə müsbət mövqe tutmağa başlamasını, Bakının Avrasiya İqtisadi Birliyinə üzv olmağa sövq edilməsi kimi absurd fikirlərin İrəvandan eşidilməsi, havaya atılmış boş güllədən başqa bir şey deyil.

Reallıq ondan ibarətdir ki, rəsmi İrəvan yuxarıda sadalanan geosiyasi faktorların formalaşdırmaqda olduğu mənzərədən qorxuya düşüb. O, konstruktiv və düzgün kurs seçə bilmir. Atdığı addımlar səmərəsiz olur. Bütün bunlar erməni ekspertlərin və KİV-in əsassız fikirlər irəli sürməsi ilə müşayiət olunur. Onlar gah rəsmi İrəvanı kəskin tənqid edirlər, gah da Ermənistanın “geosiyasi perspektivindən” dəm vururlar. Dünyada, ümumiyyətlə, hər şey dəyişir. Cənubi Qafqazda da yeni geosiyasi dinamika meydana gələ bilər. Ancaq çox maraqlıdır ki, dəyişməyən Ermənistan rəhbərliyinin qeyri-konstruktiv xarici siyasətidir.

Newtimes.az