XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

26 Noyabr 2015 - 07:08

İsrail nəşri: Doğrudanmı, Ərdoğanın başına hava gəlib? – Təhlil

Türkiyə fövqəldövlətə və onun davakar prezidentinə meydan oxudu. Bununla belə yadda saxlamaq lazımdır ki, Türkiyə bölgədə xeyli nüfuza malikdir və bunu sərgiləməkdən çəkinmir.

Suriyanın gələcəyi uğrunda savaşın uzun və üzücü gerçəkliyinin qəlizliyinə bələd olmayan adam düşünə bilər ki, Türkiyə prezidenti dəli olub. İlk baxışdan görünə bilər ki, Ankaradakı yeni sarayında əyləşmiş Ərdoğan osmanlı meqalomaniyası tutması zamanı Suriya sərhəddi bölgəsində Türkiyənin hava məkanına təsadüfən soxulmuş təyyarəni vurmağı əmr edib.

Axı dünyadakı başqa fövqəldövlətlərdən heç birinin lideri “mənə ilişmə” prinsipini Rusiya prezidenti Vladimir Putin qədər əyani şəkildə nümayiş etdirmir. çeçenistan, Gürcüstan, Ukrayna təsdiq edə bilər ki, Putinin ağalığını etiraf etmək istəmirsənsə, görünməmiş bədəl ödəmək təhlükəsinə məruz qalırsan.

Bəs onda Ərdoğan niyə Rusiyanı o həddə qədər hirsləndimək qərarına gəldi ki, prezident Putin vurulmuş təyyarə ilə bağlı hadisəni “arxadan vurulan bıçaq zərbəsi” adlandırdı və sərt cavabla hədələdi?

Qısa şəkildə cavab versək, indiki konkret halda Türkiyə bölgəsəl fövqəldövlət, Rusiya isə həyasız fitnəkardır.

 

Rusiyanın təkəbbürü

 

Ərdoğanın və çevrəsinin fikrincə, Rusiya fövqəldövlət təkəbbürü ilə Türkiyənin arxa həyətində baş verənlərə qarışmağı özünə caiz bilir və Bəşər Əsəd rejiminə qarşı müharibənin gedişatında sistemli şəkildə Türkiyənin səylərini sındırmağa cəhd edir. Türkiyə Putinə dəfələrlə xəbərdarlıq edib ki, o, Türkiyənin suverenliyini pozur və Rusiyanın itirilmiş əraziləri Əsədə qaytarmaq cəhdləri Suriyanın quzey bölgələrində Türkiyənin qiyamçılar üçün bufer zona yaratmaq cəhdlərinə mane olur.

Türkiyənin xəbərdarlıqları gözardı edilməsi lazım gəlməyən hərbi gücə əsaslanır. Unutmaq olmaz ki, Türkiyə HHQ 200-dən çox Amerika istehsallı keyfiyyətli təyyarəyə, güclü hərbi dəniz donanmasına və NATO qoşunlarının ümumi sayının üçdə birini təşkil edən quru qoşunlarına malikdir.

Rusiyanın isə Suriyada 50-dən az döyüş təyyarəsi və bir zəif dəniz donanması var. Türkiyə həm də dəniz boğazlarını Rusiya gəmilərinin üzünə bağlamaq  və Yaxın Şərqə qüvvə atmağı əngəlləmək iqtidarındadır.

Buna görə də təəccüblü deyil ki, mətbuatda parlaq şəkildə işıqlandırılan vurulmuş təyyarə ilə bağlı insidentə Rusiyanın reaksiyası davakar ritorikaya baxmayaraq, diplomatikcəsinə və nisbətən mötədil idi. İki ölkənin münasibətlər tarixi əsasən, Qara dəniz və onun resurslarına nəzarət uğrunda münaqişələrlə zəngindir. Deyəsən, Suriyadakı vətəndaş müharibəsi bütün aspektləri ilə bu qarşıdurmanın tərkib hissəsinə çevrilib.

Zəhləmiz gedən Ərdoğanın qüdrətli Putinin qəzəbinə düçar olmasından sevinən İsrail ictimaiyyətinin, demək olar, instinktiv reaksiyasına gəlincə isə, iki məqamı yadda saxlamaq lazımdır. Birincisi, Rusiya İranın və “Hizbullah”ın simasında onun satellitlərinin maraqlarına görə vuruşur. İran oxu hələ də İsrailin təhlükəsizliyinə başlıca təhdid təşkil edir.

İkincisi, kimsə ümid edirsə ki, Rusiya ordusu türk qoşunlarını gülünc durumda qoyacaq, onu anlamağı lazımdır ki, Putinin Ərdoğanla münaqişəsinin bu raundundan birinci növbədə Suriya xalqı əziyyət çəkəcək. Bu ölkədəki vətəndaş müharibəsi çoxdandır ki, yerli münaqişədən fövqəldövlətlərin oyunlarının tərkib hissəsinə çevrilib.

 

Neta Bar

Maariv (İsrail), 25.11.2015