XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2015 - 09:38

Fransanın Azərbaycandakı ilk səfiri: “Azərbaycanda geosiyasi vəziyyət mürəkkəb, stavkalar isə böyükdür”

perrin-1.jpg

1992-96-cı illərdə Fransanın Azərbaycanda səfiri olmuş Jan Perrin “Le Caucase“-də ölkəmizlə bağlı maraqlı təhlillə çıxış edib.

Strateq.az aşağıda fransız diplomatın həmin məqaləsini (Tərcümə Newtimes.az-a məxsusdur) öz oxucularına təqdim edir:

Bir neçə aydır ki, Azərbaycana Avropa və Amerikadan edilən təzyiqlər daha da intensivləşib.

Azərbaycan hökuməti insan haqlarını tapdalamaqda və müxalifətçilərin təqibində ittiham edilir. Tənqidçilər özlərini ölkənin müharibə şəraitində olduğunu guya bilmirlərmiş kimi aparırlar. 250-dən çox fransız idmançısının da iştirak etdiyi 12-28 iyun tarixlərində Bakıda keçirilən I Avropa Oyunları ərəfəsində və oyunlar zamanı bu tənqidlər daha da kəskinləşmişdi. Oyunların açılışında Avropa ölkələrindən bir nəfər də olsun dövlət və hökumət başçısı iştirak etməyib. Prezident Putinin Türkiyənin Prezidenti Ərdoğana incəliklə dediyi kimi: “Siz təkbaşına bütün Avropanı təmsil edirsiniz''.

Bu şikayətlərin arxasında Azərbaycanın “Şərq tərəfdaşlığı''ndan uzaqlaşmasına görə, avropalıların narazılığının gizləndiyi görünür. Həqiqətən, Riqa Sammitində (21-22 may 2015) iştirak etməyən bu ölkənin Prezidenti İlham Əliyev Avropa İttifaqı ilə assosiasiya sazişini imzalamaqdan imtina etmişdir. Həmin Avropa İttifaqı ki, onun Dağlıq Qarabağ probleminin həlli məsələsində ATƏT-in cəhdlərini təkrarlayan Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycanın ərazi toxunulmazılığına dair heç bir mövqe nümayiş etdirməmişdi. Əslində, bu günə qədər Aİ problemin həlli üçün heç bir konstruktiv təşəbbüs ilə çıxış etməyib. Halbuki o, Bosniya, Kosovo və Ukraynada aktiv rol oynayırdı. Azərbaycan Parlamentinin vitse-spikeri Valeh Ələsgərov öz ölkəsinin narahatlığını belə ifadə edir: “Biz tələb edirik ki, bizimlə bərabər tərəfdaş kimi danışsınlar… Azərbaycan öz ərazi bütövlüyünün tanınmasını tələb edir. Ancaq Aİ bunu hər zaman etmir''.

Azərbaycan Dağlıq Qarabağın statusu haqqında ermənilərlə razılığa gəlmək üçün ATƏT-in Minsk Qrupunun səylərinin nəticə vermədiyinə dair öz məyusluğunu dəfələrlə ifadə edib və təklif edib ki, ABŞ-Rusiya-Fransa həmsədrliyi genişlənərək Türkiyəni də əhatə etsin. İyun ayının əvvəllərində Azərbaycan hökuməti ATƏT-in Bakıdakı ofisinin bağlanmasına bir ay vaxt verdi. Onun təmsilçisi, görkəmli fransız diplomatı Prezident Əliyevin yanında göründüyünə görə, ABŞ-ın ATƏT yanında daimi nümayəndəsinin tənqidlərinə məruz qalmışdır. Eyni zamanda, o vətəndaş cəmiyyətinin, yəni hökuməti tənqid edən QHT-lərin yanında dayanmadığı üçün öz xarici işlər naziri tərəfindən də tənqid edilmişdi. Başqa sözlə desək, ATƏT-in Azərbaycandakı nümayəndəsi öz obyektivliyi və bitərəfliyi səbəbindən cəzalandırılıdı.

2014-cü ilin dekabr ayında sistematik olaraq, bu ölkə haqqında xoşagəlməz məlumatlar yayan Azadlıq radiosunun Bakıdakı bürosu möhürləndi və rəsmi olaraq 2015-ci ilin may ayında bağlandı.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Avropa-Amerika müştərək media hücumlarına qarşı 19 iyun tarixində bəyan etdi ki, “Əgər kiçik müsəlman ölkəsisən və zənginsənsə, milli və dövlətçilik maraqlarını qorumaq çox çətin olur. Müstəqil xarici siyasət həyata keçirmək istəyirsənsə, bu qeyri-mümkün olur. Amma hər tərəfdən müxtəlif xarakterli təzyiqlərə və hücumlara məruz qalırsansa, deməli ölkə düzgün yolla irəliləyir''. Bir neçə gün sonra isə o Avropa Şurasının Parlament Assambleyasının Azərbaycanda demokratik təsisatların fəaliyyətini tənqid edən qətnaməsinə (24 iyun) dair iradlarını bildirdi. Belə ki, o qeyd edirdi ki, “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Avropa qurumlarının mövqeyi onların ikili standartlar tətbiq etdiyini nümayiş etdirir. Təəssüflər olsun ki, Avropada bu siyasətin hara apardığını və nə ilə nəticələnə biləcəyini hələ anlaya bilmirlər. Avropa Şurasının belə bir mövqeyi Azərbaycanın bu təşkilatda qalmasını sual altında qoyur. Avropa İttifaqı artıq BMT qurumlarını da Azərbaycana qarşı kampaniyaya qoşur. Belə vəziyyət Azərbaycanı öz xarici siyasət kursunu dəyişməyə məcbur edə bilər''.

Bu bəyanatlar rəsmi deyildi. Bununla bərabər, onlar Avropanın hədəfləri baxımından bir çox azərbaycanlının narahatlığını əks etdirirdi. Belə ki, bütün bunlar Avropanın ikili standartlar siyasətini əks etdirən Yunanıstan böhranı və Ukrayna münaqişəsinin məngənəsində boğulduğu bir vaxtda baş verirdi.

2015-ci ilin yanvarında “New York Times'' qəzetində Azərbaycan Prezidentini hədəf alan məqaləyə cavab olaraq, Prezidentin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iri həcmli məqaləsində Barak Obamanı “ikiüzlülükdə'' ittiham edirdi.

ABŞ-ın planları ilə bağlı narahatlıqlara cavab olaraq, ABŞ-ın Azərbaycandakı səfiri diplomatik tarixdə indiyə kimi müşahidə edilməyən bir şəkildə 9 iyul tarixində bir bəyanat yayaraq, Səfirliyin dövlət çevrilişi hazırlama fikirlərini inkar etmək, eləcə də Azərbaycanda hər hansı siyasi partiyaya maliyyə dəstəyi və ya təlimat vermədiyini bəyan etmək məcburiyyətində qaldı.

Lakin burada QHT-lərdən bəhs olunmurdu.

Bildiyimiz kimi, Azərbaycanda geosiyasi vəziyyət mürəkkəb, stavkalar isə böyükdür. Türkiyədə Prezident Ərdoğan özü də çətin vəziyyətdədir. Bakıda rus qaz və nüvə sənayesi nümayəndələrinin iştirak ilə müzakirələr bağlı qapı arxasında keçirildi. Məlumdur ki, Rusiya türkmən qazını Avropaya nəql edəcək Transxəzər qaz boru xəttinin inşasına etirazını bir daha bildirdi. Əsasən çinin ehtiyaclarını qarşılayan bu qaz Qərbə Rusiya, İran və ya Türkiyə vasitəsilə gedə bilər. Enerji problemləri ilə məşğul olacaq Rusiya-Azərbaycan işçi qrupunun təsis edilməsinə dair qərar qəbul edildi.

Bakıda başa düşdülər ki, müzakirələrdən əvvəl Qərb tənqidləri iki dəfə artmışdır. Bu şayiələr arasında Qarabağ probleminin həll edilməsi halında Azərbaycanın Avrasiya İqtisadi İttifaqına, hətta gömrük birliyinə qəbul ediləcəyinə dair hipotezlər də formalaşdı. Bütün bunlar 1920-ci illərdə bolşeviklərin və B
akının kamalist Türkiyə ilə alyansını xatırlatdı. Vladimir Putin öz növbəsinə Azərbaycan ilə ikitərəfli münasibətlərin diversifikasiyası ilə bağlı təkidlərini artırdı.

10 iyul tarixində Ufada Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində Azərbaycan “dialoq tərəfdaşı'' kimi qarşılandı. Asiyaya bu şəkildə açılış Azərbaycana Qarabağ münaqişəsinin həlli üçün yeni bir çərçivə, eyni zamanda, ehtiyacları getdikcə artan çinə qaz ixracını və mübadiləsini artırmaq perspektivini verir. Əslində, bu yeni təmayül əsasən siyasi xarakterlidir. Avropanın anlayışsızlığı Azərbaycanı digər alternativlər seçməyə təşviq edir.

ölkəsinin məruz qaldığı hücumlara cavab olaraq, prezident İlham Əliyev Avropa Parlamentinin 10 sentyabr tarixli qətnaməsinə açıq şəkildə reaksiya verərək onu “yalanlar üzərində qurulmuş siyasi provokasiya” kimi dəyərləndirdi. Bu səbəbdən də, Azərbaycanla Avropa Parlamentinin orqanları arasında əməkdaşlıq donduruldu. O bəyan etdi ki, “heç bir xarici qüvvə bizim iradəmiz və müstəqilliyimizə təsir edə bilməz''.

1993-cü ildə Heydər ƏIiyevin iqtidara qayıdışından bu günə qədər Azərbaycan xarici qüvvələrə qarşı bərabər məsafəli siyasət yeridərək, müstəqillik istəyini bəyan etməyi dayandırmadı. O vaxtdan bəri ölkə böyük iqtisadi uğurlar əldə etdi, lakin 1994-cü ildəki atəşkəsə baxmayaraq, ölkə hələ də müharibə vəziyyətindədir. Qarabağda demək olar ki, hər gün təmas xətti boyunca atəşkəsin pozulması hallarına rast gəlinir.

Qarabağ problemi və ermənilər tərəfindən işğal olunmuş ərazilərdən qaçqın düşmüş 1 milyondan çox insanın mövcudluğu ölkə üzərində ağır yükdür. Münaqişənin sülh yolu ilə həllinin arzulayan Azərbaycan Prezidenti vəziyyətin sona qədər donmuş halda qalmasını qəbul edə bilmir və həll yolu tapmaq üçün əlindən gələni edir. Rusiya xarici işlər naziri Sergey Lavrov 1 sentyabr tarixində müzakirələrdəki tıxanıqlığı ortadan qaldırmağa səy göstərmək üçün Bakıda idi. Rusiya, əslində, coğrafi və tarixi baxımdan yaxın olan iki ölkənin uzun sürən münaqişəyə qərq olmasından narahatdır.

Azərbaycan sözün həqiqi və məcazi mənasında yolların kəsişməsində yerləşir. O, hər şeyə qarşı və heç nəyə baxmayaraq, ərazi bütövlüyü və birliyinin təhdid olunduğu bir vaxtda siyasi tarazlığı əldə etməyə nail oldu. Sərvətinə bir çoxlarının göz dikdiyi, burulğanlı zonada yerləşən bu ölkə Avropa və Şərq mədəniyyətlərinin harmoniyasının yarandığı və dünyaya açıq ölkə kimi qalır. Bura islam, iudaizm və xristianlığın hüzur içərisində birgə yaşadığı dini tolerantlıq vadisidir. Azərbaycan bizim dəyərlərimizi müdafiə edir.

Avropanın bu reallıqları dərk etməyinin və tərəfdaşlıq təklif etdiyi ölkələrlə bərbərlilik əsasında rəftar etməyi qəbul etməyinin vaxtı artıq çatıb.

 




Yuxarı Əvvələ Ana Səhifə