XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2015 - 12:47

Ermənistan iki od arasında qalıb – Təhlil

Vurulmuş Rusiya təyyarəsi insidentindən sonra iki bölgə dövləti arasında münasibətlərin pisləşməsi İrəvanda əndişə doğurur ki, kiçik Ermənistan inkişaf edən qarşıdurmaya cəlb edilə bilər. Əndişə xeyli dərəcədə onunla bağlıdır ki, Ermənistan ərazisində Rusiyanın hərbi bazası yerləşir.

Bazanın münaqişədə istənilən şəkildə iştirakı Ermənistan-Türkiyə sərhədində durumun kəskinləşməsinə səbəb ola bilər.  İrəvanda həm də ehtiyat edirlər ki, Türkiyənin diplomatik və siyasi addımları Qarabağ münaqişəsi ətrafındakı durumu da kəskinləşdirər. Ermənistan artıq xeyli müddətdir ki, Türkiyənin ən yaxın müttəfiqi və strateji tərəfdaşı Azərbaycanla “nə sülh, nə də müharibə” vəziyyətindədir.

Ermənistanla Azərbaycan sərhədində atəşkəs rejiminin pozulması müntəzəm şəkildə, son bir neçə ayda isə ağır artilleriyanın tətbiqi ilə baş verir.

İki od arasında?

Rusiya ilə Türkiyənin arasında yaranmış böhranın inkişafının izləndiyi İrəvanda sayıqlıq bir neçə amillə izah olunur.

Birincisi, bu, ermənilərin qərbli qonşuya tarixi inamsızlığıdır. 1915-ci ildə Osmanlı imperiyasında ermənilərin kütləvi qətliamı ölkələr arasındakı qarşılıqlı münasibətə kölgə salmaqda davam edir. Türkiyə rəsmi səviyyədə etiraf edir ki, baş verənlər hərbi əməliyyatlarla diktə olunurdu və hadisə zamanı xeyli türk də həlak olub. Ermənistan ictimaiyyəti bu fonda son illərdə baş verən Rusiya-Türkiyə yaxınlaşmasını olduqca ehtiyatla qiymətləndirirdi.

Rusiya və Ermənistan Türkiyə sərhədi yanında müntəzəm şəkildə təlimlər keçirir, lakin bu torpaqda gerçək hərbi əməliyyatların mümkünlüyünə az adam inanır.    

Qafqaz institutunun direktoru, politloq Aleksandr İskəndəryan deyir: “Burada hesab edilir ki, Tükiyə ilə Rusiya arasındakı yaxşı münasibətlər Ermənistan üçün təhlükəlidir”.

İrəvanda xatırlayırlar ki, Stalinlə Mustafa Kamal Atatürk arasındakı yaxşı münasibətlər buna gətirib çıxardı ki, 1921-ci il Moskva müqaviləsi nəticəsində Rusiya bir sıra mübahisəli və yaxud Rusiya imperiyasının tərkibinə daxil olan əraziləri Türkiyəyə güzəştə getdi. İskəndəryan əlavə edir: “Lakin hazırda bu tezis də yaranıb ki, Rusiya ilə Türkiyənin münasibətlərinin pisləşməsi də Ermənistan üçün pisdir”.

Müxalifətdən Milli Məclisin deputatı, keçmiş xarici işlər naziri Aleksandr Arzumanyan indki durumla Ermınistanın Osmanlı və Rusiya imperiyalarının arasında bölündüyü XIX əsr arasında paralellər görür. Arzumanyan Rusiya-Türkiyə qarşıdurmasının ictmai müzakirəsinin gedişində bildirdi: “Biz “çar-sultan” münasibətləri sferasındayıq. Hər ikisi, onların təsəvvür etdiyi kimi, sultana və ya çara yaraşan bəyanatlar verir”.

Nə baş verəcək?

Erməni politoloq və siyasətçiləri bir məsələdə həmfikirdirlər: məsələ Rusiya və Türkiyə arasında hərbi əməliyyatlara qədər gedib çıxmayacaq. Nəticədə Rusiyanın Ermənistandakı hərbi bazası hərəkətə keçməyəcək. Aleksandr İskəndəryan ehrimal edir: “Bazadan Türkiyəyə qarşı istifadə etmək mümkünsüzdür”.

Hərbi analitik Sergey Minasyanın fikrincə, Ermənistan ərazisindəki Rusiya bazası Türkiyəyə qarşı hücum əməliyyatarı üçün yetərincə resursa malik deyil: “Lakin o, bir neç gün müdafiəni saxlaya bilər. Diqqətə almaq lazımdır ki, Gümrüdə türk ordusunun bir neçə briqadasına qarşı durmuş Rusiya briqadası yerləşir”.

Bu isə o deməkdir ki, Ermənistandakı Rusiya bazası Türkiyəyə qarşı münaqişədə yalnız önləyici amil ola bilər. Daha ciddi əməliyyatlar üçün Ermənistan ərazisinə rezervlər atmaq lazım gələcək, lakin Rusiya ordusu bunu sürətlə edə bilməz, çünki iki ölkə arasında ümumi sərhəd yoxdur. Hərbiçilərin gətirilməsini Gürcüstan və yaxud Azərbaycanın hava məkanından həyata keçirtmək isə son dərəcə problemlidir.

Türk siyasətçilərin Dağlıq Qarabağ bəyanatları Ermənsitanda təşviş doğurur

Lakin Ermənistan iqtisadiyyatı Rusiyanın türk mallarına qoyduğu sanksiyalardan ziyan görə bilər. Ermənistanla Türkiyə arasında nə diplomatik, nə də ticari münasibətlər olsa da, türk malları İrəvanda sərbəst şəkildə satılır. Onları tranzitlə üçüncü ökədən, əsasən, Gürcüstandan gətirirlər.

Aleksandr Arzumanyan fərz edir: “Rusiyanın Türkiyədən daşınmasına yasaq qoyduğu malların hamısı üçüncü ölkədən olsa da, avtomatik şəkildə Ermənistana gətirilir”.

Ermənistan cəmiyyətinin rəğbəti bütünlükdə Rusiyaya tərəfdir və bu anlaşılandır – Türkiyə-Ermənistan sərhədi bağlıdır, münsabətlərin normallaşması haqda 2009-cu ildə imzalanmış protokollar faktiki olaraq dəfn edilib.

Bazar günü ölkədə ilin əsas siyasi hadisəsi – Ermənistan Konstitusiyasının dəyişilməsi haqda referendum baş tutsa da, yeni əsas qanun ətrafındakı “bəli” və ya “xeyir”lər Rusiya-Türkiyə münaqişəsinin doğurduğu narahatlığa kölgə sala bilməyib.

İrəvanın qəzet və saytları Rusiya KİV-nin qarşıdurma haqda yazdığının, demək olar, hamısını çap edir. Türk mətbuatının yazıları nəşr və şərh edilmir. Sanki onlar yoxdur. Bununla belə, Ermənistanda türk rəsmilərinin Qarabağ münaqişəsi haqda sözlərini diqqətlə izləyirlər. Xüsusən də, Tükiyənin baş naziri Əhməd Davudoğlunun Bakı səfərini işıqlandırmaqla “Ermənistanın işğal edilmiş Azərbaycan torpaqların azad etməyinin” onun ölkəsi üçün önəmli olduğu haqda sözlərindən  yazırlar. Həm də türk baş nazirin sözlərinin məzmunu çoxlarının diqqətini çəkir.

Mark Qriqoryan

BBC.com, 07. 12. 2015

 




Yuxarı Əvvələ Ana Səhifə