Dünyada xam neft istehsalının artması səbəbiylə neftin qiyməti 2014-ci ilin ortalarından bu yana yarıya endi. Əvvəlcə ABŞ-da mübahisəli hidravlik qırılma üsuluyla maye qazı istehsalının rekord səviyyəyə çıxarılması və iqtisadi inkişafın zəifləməsiylə çin və digər sənaye ölkələrində tələbin aşağı düşməsi də neftin ucuzlamasında rol oynayır.
Qiymətlərdəki son sürətli enişin ardından neft bazarında sabitlik müşahidə olunurdu. Brent markalı keyfiyyətli xam neftin 1 barrelinin qiyməti 41 dollara qədər yüksəldi. İstehsalın və ehtiyatların artması xəbərləri neftin qiymətinin 5,6 faiz səviyyəsində aşağı düşərək, 40 dollar 60 sentə qədər ucuşlaşmasına səbəb oldu. Yeddi ildir ki, neft bu qədər ucuzlamamışdı.
Nefti OPEC ucuzlaşdırdı
Neft İxrac Edən Dövlətlər Təşkilatının (OPEC) ötən cümə günü neftin hasilatının artırılması ilə bağlı qərar qəbul etməsi burada əsas rol oynadı. OPEC bu addımla hələ uzun müddət hasialtın azalması qərarını gündəlikdən çıxarmış oldu. Sun Global Investments investisiya şirkətinin strategiya mütəxəssisi Sanjiv Şah, bu qərarın qiymət üzərindəki təzyiqi daha da artırdığını söylədi.
Dünya Bankı önümüzdəki il neft hasil edən ölkələrə şad xəbərlər verərək, neftin 1 barrelinin illik orta qiymətinin 51 dollar olacağını təxmin edir. 2015-ci il üçün isə bu göstərici 52 dollar səviyyəsində proqnozlaşdırılmışdı.
Commerzbankın xammal mütəxəssisi Eegen Veynberq bu proqnozu bölüşmür. OPEC-in hasilatı azaltmamaq qərarından sonra neftin qiymətinin gözlənildiyindən daha uzun bir müddət aşağı səviyyədə qalacağını söyləyən Veynberq, “neftin qiymətinin uzun müddət aşağı səviyyədə qalmasından yalnız OPEC üzvü ölkələrə deyil, Rusiya, Meksika və Norveç kimi müstəqil neft ixrac edən ölkələrə də mənfi təsir göstərəcəyini” deyir.
Beynəlxalq Valyuta Fondu isə neftin qiymətinin ucuzlaşmasının Venesuela, İraq və Nigeriyada da iqtisadi inkişafa mənfi təsir göstərəcəyini açıqlayıb.
Neft hasilatının aşağı düşməsi gözlənilmir
Dünya Bankı da əhəmiyyətli neft hasil edən ölkələrdən biri kimi İranın bazara dönməsindən sonra neft hasilatının yüksək səviyyədə qala biləcəyi ilə bağlı xəbərdarlıq edib. Qərb ilə nüvə proqramıyla əlaqədar razılıq əldə edən İran üçün artıq neft embarqosu problem deyil. İran neft naziri Bijan Namdar Zanganeh sentyabr ayında, “sanksiyaların qalxmasından sonra xam neft istehsalını uzun müddət orta səviyyədən yüksək saxlamaq bizim haqqımızdır”, – demişdi.
Neftin qiyməti önümüzdəki il tələbi aşağı salan qlobal iqtisadi geriləmə səbəbiylə də aşağı səviyyədə qala bilər. Valyuta Fondu son hesabatlarından birində ” xammal qiymətlərinin ucuzlaşmasının qlobal səviyyədə çox böyük risk olduğunu” qeyd edib.
Beynəlxalq Enerji Agentliyi da neft qiymətinin aşağı qalmasının mənfi nəticələrinə diqqət çəkir. Şirkətin illik hesabatında bildirilir ki, “neftin ucuz qalması istehlakçı baxımından sevindirici ola bilər. Ancaq neft istehsalı üçün lazımlı investisiyaların təxirə salınması riski və istehsal xərci aşağı olan Yaxın Şərq ölkələrindən asılılığın artmasıyla nəticələnə bilər”.
Neftin qiymətinin daha da aşağı düşəcəyini düşünənlər də var. Energy Aspects adlı tədqiqat şirkəti şirkəti neftin qiymətinin 20 dollara qədər aşağı düşə biləcəyini proqnozlaşdırıb.
Londondakı konslatinq HIS-in təhlilçilərindən Spencer Velş “Alman dalğası”nın sualını cavablandıraraq bildirib ki, “neftin daha da ucuzlama riski hələ də mövcuddur. Amma neftin qiyməti 20 dollar səviyyəsinə düşərsə, hasilat və ehtiyatlar azalacaq. Bu isə yenidən qiymətlərin qalxmasına səbəb olacaq”.
Onun sözlərinə görə, neftin ucuzlaşması hidravlik usulla neft çıxarılması və alternativ enerji alınması ilə bağlı işlərə də mənfi təsir göstərəcək.
Almaniya alternativ enerji planlarından əl çəkə bilərmi?
Neft bazarındakı inkişaf Almaniyanın alternativ enerji istehsal edilməsinin inkişaf etdirilməsi planlarına təsir göstərə bilərmi? Veynberqin sözlərinə görə, Almaniyada elektrik enerjisi istehsalında neftdən istifadə olunmur. Neft daha çox nəqliyyatda, təbii qaz isə isitmədə istifadə olunur. Neftin ucuzlaşması Almaniyanın alternativ enerji mənbələrinə keçmək planlarına təsir etməyəcək.
Neftin ucuzlaması Almaniya və digər sənaye ölkələrində konyukturun canlanmasına müsbət təsir göstərir. Veynberq hesab edir ki, neftin qiymətinin ucuzlaşması ölkə iqtisadiyyatına müsbət təsir edir.
“Alman dalğası”nın Türk xidməti