XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 December 2015 - 03:54

Rusiya-Türkiyə qarşıdurması: Suriya böhranının qlobal geosiyasi eskalasiyası – Təhlil

turkiye-suriye-5.jpg

Məlum olduğu kimi, Türkiyənin F-16 qırıcısının Suriyada əməliyyatlar keçirən Rusiyanın Su-24 bombardmançı təyyarəsini vurması böyük əks-sədaya, Suriya düyününün daha da mürəkkəbləşməsinə səbəb oldu. Türkiyə tərəfi bu addımını Rusiya təyyarələrinin ölkənin hava sərhədlərini pozmasına cavab kimi qiymətləndirir. Rəsmi Moskva isə sərhəd pozuntusu ittihamını qəbul etməyərək, Türkiyənin davranışını “arxadan vurulan zərbə” adlandırır.

Təyyarənin vurulmasından sonra Rusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə gözlənilən səfərini ləğv etməsi, rəsmi Moskvanın ölkə vətəndaşlarını qeyri-müəyyən müddətə Türkiyəyə səfər etməkdən çəkinməyə çağırması, Türkiyə ilə hərbi əlaqələrə son qoyması, yanvarın 1-dən etibarən Türkiyə vətəndaşlarının ölkəyə vizasız gəlişinin ləğv edilməsi, Türkiyədən gətirilən bir sıra mallara sanksiyaların tətbiq olunması, “Türk axını” layihəsinin icrasının dayandırılması iki ölkə münasibətlərinin ciddi şəkildə zədələnməsindən xəbər verir.

Suriyada baş vermiş insident iki ölkənin hərbi, siyasi və iqtisadi münasibətlərinə mənfi təsir göstərməklə bərabər, Suriya böhranına, Rusiya-NATO münasibətlərinə, dolayı yolla Cənubi Qafqazdakı proseslərə də təsir göstərmək gücündədir.

Tarixi rəqabət və toqquşan maraqlar

Bu hadisə ilk növbədə, çoxlarını Türkiyə-Rusiya münasibətlərinin tarixi köklərinə nəzər salmağa, Rus-Türk müharibələrini, XX əsrin ikinci yarısında “Soyuq müharibə” dövründə iki ölkənin qarşı cəbhələrdə yer almasını xatırlamağa vadar edib. Keçmişdəki ziddiyyətlərə baxmayaraq, SSRİ-nin süqutundan sonra Rusiya-Türkiyə münasibətlərinin inkişafına yeni imkanlar açıldı. Bununla belə, çoxşaxəli və geniş iqtisadi, ticari, turizm əlaqələrinin qurulmasına baxmayaraq, siyasi məsələlərdə maraqların toqquşması daim özünü göstərməkdə idi.

Türkiyəli ekspertlər Türkiyənin qonşu olduğu regionlarda Kremlin siyasətinin bir çox hallarda ölkənin maraqlarına zidd xarakter daşıdığına diqqəti yönəldirlər. Məsələn, Türkiyənin Cənubi Qafqazdakı strateji tərəfdaşı olan Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayan Ermənistanla Rusiyanın yaxın əlaqələri, 2008-ci ilin 5 günlük Rusiya-Gürcüstan müharibəsi və onun nəticələri, Krımın ilhaqı və bölgənin tatar əhalisinin üzləşdiyi çətinliklər Türkiyəni narahat edən məsələlərdir. Bununla belə, Rusiya ilə xüsusi münasibətlərə malik olan Türkiyə bu ölkəyə qarşı Qərbin sanksiyalarına qoşulmayıb.

Türkiyəli mütəxəssislərə görə, Suriya məsələsində Rusiya Türkiyənin həssaslığını və maraqlarını nəzərə almadan hərəkət edir. Bu isə iki ölkə arasında “Soyuq müharibə” münasibətlərinə bənzər gərginliyin yaranmasına gətirib çıxarıb. Xüsusən də, türkmən silahlılarının olduğu ərazilərə zərbələrin endirilməsi rəsmi Ankara tərəfindən daha böyük narahatlıqla qarşılanıb (bax: Rusya ile İlişkilerde Yeni Bir Soğuk Savaş Mı? / “Uluslararası Stratejik Araştırmalar Kurumu”, 25 noyabr 2015). Güman etmək olar ki, bütün bunların fonunda Rusiya hərbi təyyarəsinin Türkiyə tərəfinin iddia etdiyi kimi, bu ölkənin hava sərhəddini növbəti dəfə pozması səbr kasasını daşıran son damla rolunu oynayıb.

Rusiya-Türkiyə qarşıdurmasının Cənubi Qafqazdakı siyasi və iqtisadi təsirləri

Türkiyə-Rusiya münasibətlərindəki gərginlik indiki məqamda Cənubi Qafqazdakı siyasi vəziyyətə ciddi təsir göstərməsə də, Ermənistanın durumu üçün müsbət heç nə vəd etmir. Məlum olduğu kimi, Rusiyanın forpostu olan Ermənistan digər dövlətlər və beynəlxalq qurumlarla əlaqələrini genişləndirmək üçün daim Kremlin razılığını almağa çalışır. Lakin beynəlxalq münasibətlər sistemindəki dəyişikliklər bunu mümkünsüz edir. Avropa İttifaqı ilə Rusiya münasibətlərinin kəskinləşməsi nəticəsində Ermənistan təbii olaraq asılı olduğu Rusiyanı seçməli oldu. Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi isə Ermənistanın Türkiyə ilə bağlı xəyallarının da puç olmasına gətirib çıxarır. Bununla belə, Türkiyə və Rusiyanın Minsk qrupunda yer almasını, Rusiyanın isə həm də həmsədr olmasını və regiondakı maraqlarını nəzərə aldıqda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin daha münbit şəraitdə keçməsi baxımından iki ölkənin münasibətlərinin müsbət olması mühüm amildir.

Məlum insidentdən sonra qısa müddət ərzində Türkiyə xarici işlər nazirinin və baş nazirinin Azərbaycana səfər etməsi rəsmi Ankaranın yaranmış vəziyyətdə Bakının mövqeyinə böyük önəm verdiyini göstərdi. Türkiyə ilə strateji tərəfdaşlıq və qardaşlıq, Rusiya ilə sıx qonşuluq münasibətləri olan Azərbaycan isə iki ölkə münasibətlərinin gərginləşməsində maraqlı olmadığını bildirərək, Türkiyə-Rusiya münasibətlərinin nizamlanmasına yardım göstərə biləcəyini bəyan etdi. üstəlik, Mərkəzi Asiya ölkələrinə yük daşıyan Türkiyə tırlarının Rusiya ərazisindən keçməsinə qadağanın qoyulmasından sonra Azərbaycan özünün tranzit imkanlarından istifadə edərək, təşəbbüsü ələ aldı. Yük maşınlarının Azərbaycan ərazisinin quru hissəsindən və Xəzər dənizi sularından güzəştli şərtlərlə və aşağı tariflərlə gediş-gəlişinə şəraitin yaradılması hər iki ölkənin iqtisadi maraqlarını təmin etməklə yanaşı, Azərbaycan-Türkiyə dostluğunu və qardaşlığını möhkəmləndirən addıma çevrildi.

Yaxın Şərqdə mürəkkəbləşən geosiyasi və hərbi vəziyyət

Məsələnin başqa bir tərəfi isə odur ki, Türkiyə NATO ölkəsidir və onunla hər hansı silahlı toqquşma hərbi ittifaqı da prosesə cəlb edə bilər. Təsadüfi deyil ki, təyyarənin vurulmasından dərhal sonra Türkiyə NATO-ya müraciət etdi. Qurumun keçirdiyi toplantıda nəticə etibarilə alyans Türkiyə-Rusiya münasibətlərindəki böhrandan kənarda dayanmaq qərarını verdi. Bununla belə, NATO və ABŞ rəhbərliyi baş vermiş insidentlə bağlı Türkiyənin addımlarına və mövqeyinə dəstək ifadə etdilər.

Təbii ki, Yaxın Şərqdə, o cümlədən Suriyada gedən proseslərdə Rusiyanın öz maraqları var. O hesab edir ki, terrorizmin Rusiya sərhədlərinə gəlib çatmasını gözləməkdənsə, yerindəcə mübarizə aparmaq lazımdır. Xatırladaq ki, hələ BMT Baş Assambleyasının 70-ci sessiyasındakı çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin ABŞ da daxil olmaqla sivil dünyanı beynəlxalq terrorizmə qarşı koalisiyada birləşməyə çağırmışdı. Şübhəsiz, ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya alternativ kimi irəli sürülən yeni komandada Rusiya aparıcı mövqedə dayanmalı idi. Qərbin bu təklifi qəbul etməməsinə baxmayaraq, İŞİD və di
gər terrorçu qruplaşmalara qarşı Rusiya, Suriya, İran və İraqdan ibarət kiçik bir koalisiyanın formalaşması mümkün oldu.

Türkiyə ilə baş vermiş insident Rusiyanın təkcə bu ölkə ilə deyil, Qərblə münasibətlərinə də təsir göstərə bilər. Təsadüfi deyil ki, bu hadisədən sonra rusiyalı ekspertlər Rusiyanın liderliyi ilə nə vaxtsa genişmiqyaslı koalisiyanın formalaşacağına daha çox şübhə ilə yanaşırlar. Bunun bir səbəbi Rusiya ilə Qərb dövlətlərinin terrorçu anlayışına və Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdə qalması məsələsinə fərqli yanaşmasıdır. Digər tərəfdən, Suriya məsələsində Türkiyənin mövqeyi Qərbin mövqeyinə daha yaxındır, xüsusən də Əsədin hakimiyyətdən getməsi ilə bağlı ortaq mövqe nümayiş etdirilir. Ona görə də Türkiyə ilə gərginləşən münasibətlər Qərblə əlaqələrə də təsir göstərə bilər.

Ekspertlərin də gözlədiyi kimi, məlum insident Suriya hava məkanındakı gərginliyi daha da artıracaq və böhranın həllini daha da çətinləşdirəcək. Bu, bir tərəfdən onunla bağlıdır ki, münaqişənin həlli üzrə mümkün danışıqlar prosesində təmsil olunacaq üsyançı qrupların bir çoxu Türkiyə və Qərb tərəfindən dəstəklənir. Başqa bir tərəfdən, türkmən silahlılarının rusiyalı pilotlara atəş açdığını göstərən kadrların yayılmasından sonra türkmənlərin danışıqlar masasında əyləşməsinə Rusiyanın razı olmayacağı güman edilir (bax: What to Expect After the Downing of a Russian Fighter Jet / “Stratfor”, 24 noyabr 2015).

Bununla belə, Rusiya rəsmilərinin açıqlamalarından da göründüyü kimi, rəsmi Moskva Türkiyə ilə birbaşa hərbi qarşıdurmada maraqlı deyil. Məlumdur ki, Rusiya Suriyadakı hərbi əməliyyatlardan minimal zərərlə çıxmağı düşünür. Hələ əməliyyatların ilk günlərindən etibarən rusiyalı ekspertlər bu məsələdə mümkün qədər ehtiyatlı davranmağın vacibliyini bildirmiş, ölkənin Yaxın Şərqdəki konfliktlər bataqlığına qərq olmaq təhlükəsi barədə xəbərdarlıq etmişdilər. Rəsmi Moskva isə mövcud təhlükələrin və insidentlərin onun Suriyadakı əməliyyatlarının gedişatına mənfi təsir göstərmədiyini nümayiş etdirməyə çalışır. Xatırladaq ki, Rusiyaya məxsus sərnişin təyyarəsinin Misirin Sinay yarımadasında terror aktı nəticəsində qəzaya uğradılmasından dərhal sonra Kreml Suriyadakı anti-İŞİD əməliyyatlarını daha da genişləndirdi. Türkiyə ilə məlum insidentdən sonra isə Rusiya tərəfi bombardmanları davam etdirməklə yanaşı, Latakiyadakı hərbi bazasında S-400 zenit-raket sistemini quraşdırmaq qərarına gəldi. Bu isə ABŞ tərəfindən narahatlıqla qarşılanıb. Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi isə istər İŞİD-lə mübarizəyə, istərsə də Suriya böhranının həllinə mənfi təsir göstərir.

Hülya Məmmədli

Newtimes.az