XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 January 2015 - 15:36

Yaxın Şərqdə geosiyasi vəziyyət: toqquşan maraqlar və təhdidlər

Bir neçə ildir ki, dünya geosiyasətində Yaxın Şərq faktoru ciddi yer tutur. “Ərəb baharı” adlanan proses meydana çoxlu sayda problemlər çıxardı. O zamandan başlayaraq, həmin regionun taleyi ilə bağlı müxtəlif proqnozlar verilir. Məsələ həm də ondan ibarətdir ki, “Ərəb baharı” hadisəsinin mahiyyəti tam aydın deyil. Bunun fonunda regionda terror, liderlik uğrunda rəqabət, dini məzhəbçilik kimi hallar yeni səviyyəyə qalxıb. Hazırda Yaxın Şərq alov içindədir. İŞİD o dərəcədə fəaliyyətini genişləndirib ki, onun qarşısını almaq çox çətindir. Eyni zamanda, regionun bir sıra dövlətləri arasında rəqabət daha kəskin mərhələyə qalxıb. Yaranmış bu vəziyyətin bölgəni haraya apara biləcəyini proqnozlaşdırmaq xeyli çətinləşib.

Mürəkkəb region: Yaxın Şərq üçün təhlükələr

2011-2014-cü illərdə “Ərəb baharı”nın təsir etdiyi ölkələr bütövlükdə 800 milyard ABŞ dolları həcmində zərər görüblər. Etiraf edək ki, bu, kifayət qədər böyük rəqəmdir. Özü də bu, həmin prosesin yalnız maliyyə tərəfini ifadə edir. Daha çox narahat edən isə “Ərəb baharı”nın geniş kontekstdə geosiyasi, mədəni, sosial-psixoloji nəticələridir. O cümlədən Yaxın Şərq və Şimali Afrikada meydana gələn mürəkkəb, risklərlə dolu vəziyyət düşündürücüdür.

Hazırda Yaxın Şərqdə geosiyasi proseslərin dinamikasını müəyyənləşdirmək çətindir. Burada hadisələr bir-biri ilə o dərəcədə qarşılıqlı əlaqədədirlər ki, onları proqnozlaşdırmaq çox mürəkkəb məsələyə çevrilib. Siyasi ixtilaflar, dövlətçiliyin tənəzzülü, terror, dini radikalizmin vüsət alması, iqtisadi deqradasiya və s. kimi hallar regionda olduqca qeyri-müəyyən bir mənzərə yaradıb.

Burada mütləq kənar qüvvələrin Yaxın Şərqdə fəaliyyəti də vurğulanmalıdır. Çünki bu faktor kifayət qədər güclü təsirə malikdir. Hətta burada hadisələrin inkişaf ssenariləri əsasən böyük geosiyasi qüvvələrin planları üzrə baş verir. Mütəxəssislər bu məqamı daim xatırladırlar. Regionda sabitliyin formalaşmamasının başlıca səbəbi kimi də məhz bu məqamı göstərirlər. Suriya, İraq, Misir, Liviya, Livan və digər nümunələrdə bu fikrin təsdiqini tapmaq mümkündür.

İraq uzun illərdir ki, terrorun, siyasi qarşıdurmaların, dini məzhəbçilik və enerji mənbələrini ələ keçirmək uğrunda mübarizə aparan qrupların savaş meydanına çevrilib. İndi bu ölkədə vəziyyət daha mürəkkəbdir. Sünni və şiə qrupları arasında müşahidə edilən ziddiyyətlər, mərkəzi hökumətlə kürd muxtariyyəti arasındakı ixtilaflardan başqa, İŞİD terroru da ərazi bütövlüyü üçün böyük təhlükə yaradıb.

Artıq o, dünya miqyaslı problemə çevrilib. Bu təşkilat İraqda yeni-yeni əraziləri zəbt etməkdədir. Bir neçə gün əvvəl İŞİD növbəti şəhəri işğal edib. Maraqlıdır ki, çoxlu sayda dövlətlərdən ibarət olan beynəlxalq koalisiya da həmin təşkilatı dayandıra bilmir. Buna əsaslanan bir sıra ekspertlər İŞİD-in hansısa böyük bir dövlətin planının olduğunu qeyd edirlər.

Məsələnin bu şəkildə qoyuluşu Yaxın Şərqdə təxmin ediləndən daha miqyaslı və qorxulu proseslərin getdiyini göstərir. Çünki terrorun həmin regionun sərhədlərini aşaraq digər bölgələrə yayılması ehtimalı yüksək olaraq qalır. Hətta onun Uzaq Şərqə qədər gedib çıxa bilməsi haqqında informasiyalar da daxil olmaqdadır. Eyni zamanda, Yaxın Şərqdə geniş miqyaslı terror qalmaqda davam edirsə, bu, həmin regionda sabitliyin təminində ciddi problemlərin qalması deməkdir.

Bu aspektdə təhlükə mənbəyi yalnız İraq deyil. Suriya kifayət qədər həssas məkana çevrilib. Belə ki, İŞİD burada da çox fəaldır. Bu terror təşkilatı nəinki Suriyada öz nüfuzunu saxlayır, üstəlik, regionun başqa ölkələrini də hədələməkdə davam edir. Belə çıxır ki, İŞİD-i Yaxın Şərqin geosiyasi mənzərəsini şərtləndirən faktorlardan biri kimi qəbul etmək olar.

Mütəxəssislər bu məqamı vurğulamaqla region üçün ciddi təhlükənin mövcudluğuna işarə verirlər. Həmin çərçivədə burada geosiyasi proseslərin gedişatının mümkün ssenariləri haqqında fikir söyləmək olar.

Rəqabət və sabitlik: iki faktorun uyğunsuzluğu

Bu kontekstdə İsrail-Fələstin münasibətləri maraq doğurur. Tərəflər arasında son qanlı toqquşmalardan sonra gərginlik bi
r qədər azalıb. Lakin bu, aldadıcı hal hesab edilir, çünki bir sıra radikal dini qrupların İsrailə qarşı sərt addımlar atması gözlənilir.

Xüsusilə rəsmi Təl-Əvivin müsəlmanlar üçün müqəddəs sayılan bir neçə yerə müdaxiləsi sərt reaksiya ilə qarşılanıb. Bu proses Yaxın Şərqin böyük dövlətlərinin geosiyasi nüfuz uğrunda apardıqları mübarizənin fonunda ayrıca məzmun kəsb edir.

Məsələ burasındadır ki, hazırda Yaxın Şərq uğrunda Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, İran və Türkiyə arasında mübarizə növbəti səviyyəyə yüksəlib. Burada daha çox Ər-Riyadla Tehran arasında gedən kəskin rəqabətdən bəhs olunur. Hətta bir sıra ekspertlər İŞİD məsələsini Səudiyyə Ərəbistanı faktoru ilə əlaqələndirir.

Bunun doğru olub-olmadığını demək çətindir, ancaq bu cür fikirlərin sünni-şiə qarşıdurmasını şiddətləndirə biləcəyini istisna etmək olmaz. Bununla yanaşı, bölgə dövlətlərinin nüfuz savaşında məzhəb amilinin yer alması təhlükəli bir haldır.

Göstərilən şərtlər daxilində Yaxın Şərqdə proseslərin inkişaf ssenarisində qeyri-müəyyənlik faktorunun mühüm yer tuta biləcəyini proqnozlaşdırmaq olar. Bütövlükdə həmin bölgə ciddi risklərlə dolu məkana çevrilmiş olur.

Dünyanın böyük dövlətlərinin burada oynadıqları rolu ayrıca qiymətləndirmək gərəkdir. ABŞ, Aİ, Rusiya və Çin öz maraqlarına uyğun addımlar atırlar. Əgər Pekin daha çox iqtisadi, enerji və mədəni aspektlərə üstünlük verirsə, Vaşinqtonla Brüssel siyasi, təhlükəsizlik və enerji sferalarına nəzarəti tam ələ keçirməyə çalışırlar. Rusiya son zamanlara qədər həmin regionun müəyyən hissəsində fəal idi. Ancaq indi Qərbin Ukrayna məsələsinə görə bu ölkəyə ciddi sanksiyalar tətbiq etməsi ilə Yaxın Şərqdə Moskva bir qədər arxa plana keçib. Kreml daha çox iqtisadiyyatda özünü büruzə verən tənəzzülün qarşısını almaqla məşğuldur.

Bu o demək deyil ki, Yaxın Şərqdə Rusiya öz nüfuzunu saxlamağa çalışmayacaq. Hesab edirik ki, bütün hallarda Moskva həmin regionda öz varlığını bu və ya digər dərəcədə nümayiş etdirmək üçün addımlar atacaq. Onun bununla nələrə nail ola biləcəyi isə artıq başqa məsələdir.

Rusiyadan fərqli olaraq, Avropa İttifaqının Yaxın Şərq siyasətində Amerikanın iradəsindən kənarda hansısa ciddi addım atacağını demək çətindir. Xüsusilə indiki mürəkkəb bir geosiyasi vəziyyətdə Brüssel həmin istiqamətdə riskə getməz. Mümkündür ki, bir sıra lokal xarakterli problemlər üzrə Aİ müstəqil mövqe nümayiş etdirsin.

Onu vurğulamaq istərdik ki, Şimali Afrikada da kənar qüvvələrin mübarizəsi geosiyasi mənzərənin əsas elementidir. Burada ABŞ, Fransa və Çin arasında rəqabət daha kəskindir. Lakin bu, regionda terrorun getdikcə güclənməsi fonunda baş verir. Burada cərəyan edən proseslərin gərginliyi Yaxın Şərqdəkindən heç də az deyil. Mütəxəssislər Şimali Afrikada baş verən hadisələri Yaxın Şərqlə qarşılıqlı əlaqədə proqnozlaşdırırlar.

Bütün bunlar yuxarıda göstərilən hər iki regionda geosiyasi vəziyyətin inkişaf ssenarilərinin özündə bir neçə təhlükəli məqamı saxladığını ifadə edir. Hər şeydən əvvəl, bütövlükdə regionda sabitliyin və davamlı inkişafın təmin olunacağını demək çətindir. Qeyri-müəyyənlik və ixtilaflara apara bilən risklərin bir müddət qalacağını proqnozlaşdırmaq olar.

Bunun fonunda region ölkələrinin dövlətçiliyi üçün təhlükələrin olduğunu demək mümkündür. Ekspertlər həmin bölgədə yerləşən ölkələrin bəzilərinin sərhədlərinin dəyişə bilməsindən yazırlar. Həmin sırada İraq, Suriya, Səudiyyə Ərəbistanının adı çəkilir, onların bir neçə kiçik hissələrə parçalana biləcəyi ehtimalından bəhs olunur. Ümumilikdə isə Yaxın Şərqdə belə ssenarinin reallaşması mümkündürsə, onda burada yaxın perspektivdə geosiyasi vəziyyətin aydınlaşacağı ehtimalı minimumdur.

Nəhayət, Yaxın Şərq üçün dünyanın böyük dövlətlərinin burada öz maraqlarını qorumaq planlarından əl çəkməməsi ciddi problem olaraq qalır. Həmin məqam regionun gələcək taleyində qeyri-müəyyənliyin və təhlükələrin geniş yer alacağına dəlalət edir. Bu isə özlüyündə Yaxın Şərqin hələ bir müddət geosiyasi spekulyasiyalar məkanı kimi qalmaqda davam edəcəyi anlamına gəlir.

Newtimes.az