XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 April 2015 - 08:57

İran-Turan münasibətləri yeni mərhələdə

Tarix, coğrafiya, mədəniyyət və inancın məcbur qıldığı rəqabət içindəki əməkdaşlıq

Telman Nüsrətoğlu

İstanbul Universitetinin tədqiqatçısı

Yaxın Şərq regionunda, elə bütövlükdə dünyada da liderlik, hakimiyət uğrunda rəqabətin qızışdığı, yeni paylaşımların baş verdiyi günümüzdə dəngələr, ittifaqlar, əməkdaşlıqlar da sürətlə dəyişməkdə, yeni xarakter almaqdadır. Günümüzün ən ciddi hadisəsi isə, şübhəsiz ki, İranla Amerikanın, Qərbin anlaşma, yeni əməkdaşlıq dövrünə qədəm qoyduqlarını elan etməsidir. Əslində, Qərblə İranın əməkdaşlığının önündə ciddi maneyə çevrilən nüvə qarşıdurmasının həlli Rusya ətrafında yaranan son geoplotik şəraitdə bir az da gözlənilən idi. Nəhəng neft və qaz ehtiyatlarına malik olan, onu dünya bazarlarına çıxartmaqda da ən əlverişli coğrafi mövqeyini qoruyan belə bir rəqibin buxovlardan azad olması Rusya qədər Körfəz ölkələrini də narahat etməlidir.

İran bu potensial coğrafi-iqtisadi imkanları və tarixdən aldığı imperialist ilhamla həm də regional, kürəsəl güc olmaq istəyir. Avropanın da həm bu zəngin karbohidrogen ehtiyatlarına, həm də son dövrlər “ipə-sapa yatmayan” Türkiyənin yüksəlişini dəngələyəcək bir gücə ehtiyacı vardı. Və beləcə, bölgədə yeni siyasi münasibətlərin, konfiqurasiyalar əsasını qoyan yeni bir mərhələ də açılmış oldu. Bu mərhələnin ən başlıca sualı İran-Türkiyə münasibətlərinin, İran – ABŞ və Türkiyə-ABŞ münasibətləri fonunda işləyəcəyi prosesdir.

Asiyadan Avropaya uzanan bu coğrafiyanın iki rəqib gücü Dandanakanda qarşılaşalı min il oldu.

1040-cı ildə Səlcuqlu axınçıları Qəznəliləri məğlub edərək İranın, Anadolunun içlərinə doğru yayılmaya başladılar və o tarixlə də İranın türkləşməsi prosesi də sürətlənmiş oldu. İran əhalisinin, təxminən, yarısının türkləşməsiylə nə İranda, nə də ətraf coğrafiyada fars təsiri yox olmadı, yeni tarixi şəraitdə iki imperial vizyonun “əməkdaşlıq” içindəki dərin rəqabət dövrü də başladı.

Monqol-tatarların İran hakimiyəti bölgədəki Türk varlığını zəiflətməklə bərabər, sasani-fars çizgisinin şiə anlayışında yeni kimlik və enerji qazanmasına gətirib çıxartdı. Bu məsələdə farsların bürokratik ənənəsi, hiyləgərlik dolu siyasi qabiliyyəti təsirli oldu. Tarixi rəqabət, müharibələr, zaman-zaman hər iki ölkənin milli varlığı üçün təhdid yaradacaq Rusya kimi qüvvələrə qarşı əməkdaşlığı da əhatə edən uzun bir qeyri-stabil münasibətlər dövrünü təhlil etmək fikrimiz yoxdur. Sadəcə, bəzi tarixi əsaslara söykənən münasibətlərə nəzər salmaq istəyirəm.

1639-cu ildə imzalanan “Qəsri-Şirin” anlaşmasıyla dəqiqləşdirilən Türkiyə-İran sərhədləri günümüzə qədər də dəyişməz olaraq qalmaqdadır. Lozannada İran da sərhəd zolağı bəzi bölgələrlə bağlı Türkiyəyə torpaq tələbi irəli sürməyə çalışsa da, 1926-cı ildə imzalanan dostluq anlaşması və daha sonrakı “Sadabat paktı”yla bu anlaşmazlıqlar həll edildi. Ancaq İrandakı 1979-cu il inqilabına qədər də İranla Türkiyənin “əməkdaşlıq ” şəraitindəki rəqabəti davam etdi. Yeni rejimlər şəraitində də münasibətlərdəki bu rəqiblik xarakteri dəyişmədi. İran öz torpaqlarında panturanizmin canlanmasını həmişə özü üçün təhdid olacaq gördü və buna səbəb olacaq bütün faktorlardan uzaq durdu. Bu qorxu 1979-cu ildən sonra da davam etdi. İran bir yandan öz torpaqlarında hər hansı kürd ayrılıqçı hərəkata şiddətlə qarşı gələrkən, Türkiyəyə qarşı PKK kartına da zaman-zaman investisiya qoydu. İnqilabdan sonra irançı radikal qrupların Türkiyədə şəbəkə qurmaları istiqamətində də çalışmaları oldu.

Ancaq İranın özünün də şüşə evdə yaşadığını heç bir zaman unutmayaraq,Türkiyəyə qarşı bu fəaliyyətlərdə çox da uzağa getmədiyini, əsasən qarşılıqlı “daxili işlərinə qarışmamaq” prinsipinə üstünlük verdiyini də qeyd etmək lazımdır. Sovetlərin çöküşü və türk cümhuriyətlərinin meydana çıxmasını İran özü üçün yeni bir panturanizm təhdidi olaraq gördü və Rusya, Ermənistanla əlaqələrini daha da inkişaf etdirdi. Qafqaz və Orta Asyada Türk xəttiylə mübarizə aparan İran Amerikanın İraqda bir kürd dövləti qurmaq istədiyini görüncə, Türkiyəylə bu məsələdə məcburi əməkdaşlıq xəttini tutdu. Eyni zamanda, bütün Yaxın Şərqdə “şiə hilalı” deyilən strateji bir təsir şəbəkəsi qurmaq istiqamətindəki fəaliyyətinə də davam etdi. İranın özünün İslam təəssübkeşi, Türkiyənin isə Qərb, İsrail yönümlü siyasət yürütməsi istiqamətindəki ideolojik təbliğatı AKP iqtidarıyla təsirini itirdi. Ərdoğan iqtidarının qonşuluq, qarşılıqlı maraqlar, İslam qardaşlığı prinsiplərindən çıxış edərək İranın çətin zamanlarında onun yanında yer alması, Birləşmiş Millətlər Təhlükəsizlik Şurasında embarqoya qarşı çıxması yaxın tariximizin bilinən həqiqətləridir.

Ancaq bütün bunların əksinə, İranın Türkiyəyə ən bahalı qazı satdığını, İran ərazisindən keçərək türk dövlətlərinə mal aparan türk maşınlarına necə maneələr yaratdığını da gördük. TAV və Türkcellin Tehranda qatıldığı tenderlər İnqilab Keşikçilərinə verildikdən sonra bu şirkətlər oradakı fəaliyyətlərini dayandırmışdılar. İranın eyni zamanda İraqda, Suriyada, Livanda Türkiyəylə rəqabət apardığı bilinməkdədir.

Bu tarixi təməllər üzərində inşa edilmiş münasibətlər indi daha maraqlı bir dövrə qədəm qoyur. Bölgədə və dünyada yüksələn gücləri əngəlləyərək yeni dəngələr formalaşdırmaq və enerji qaynaqlarına hakim olmaq istəyən bir iradə var. Məzhəb savaşlarıyla müsəlmanları bir-birinə düşmən etmək istəyənlər ortadadır. Türkiyənin, İranın güvənliyinə təhlükə törədəcək proseslərin arxasında da bu gün İranla əlaqələri yaxşılaşdırmaq istəyən, İran üzərindən hədəflərini həyata keçirmək istəyən eyni iradə var.

Artıq silahlı qruplar üzərindən davam edən təmsili savaşlar da bir nəticə vermir. İndi daha böyük fəlakətləri əngəlləmək üçün bölgədə uzlaşma və anlaşma zəmini formalaşdırılmalıdır. Yoxsa, müsəlman ölkələri bütün iqtisadi potensiallarını bir-biriylə mübarizədə tükəndirərək oyun oynayan birinin oyuncağına çevrilməkdən başqa bir işə yaramayacaqlar. Türkiyə bu mənada ərəb dünyasıyla İran arasında da bir körpü rolu oynaya bilər. İslam ölkələri tarixi rəqabəti, ayrışmanı tərk edərək birlikdə ortaq bazar, ortaq pul formalaşdıraraq müsəlman üst kimliyiylə bölgəsəl inkişafı təmin edə bilərlər.