XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

08 Aprel 2015 - 09:02

Türkiyə prezidentinin Tehran səfəri – Təhlil

Ruhani və Ərdoğan ikitərəfli əlaqələrin inkişaf tempindən razılıq ediblər

Türkiyə regional oyunçu olaraq bir çox fürsətləri itirib

Tehran çərşənbə axşamı günü (7 aprel) Türkiyə prezidentinə ev sahibliyi edib. İran və Türkiyə prezidentlərinin görüşündə 8 əməkdaşlıq sənədinin imzalanması ilə yanaşı, regional böhranların həlli istiqamətində iki ölkə rəsmiləri arasında məsləhətləşmələrin davam etməsinə təkid olunub. Amma, Rəcəb Təyyib Ərdoğanın İrana səfəri ilə bağlı diqqəti özünə cəlb edən əsas məsələ İran-Türkiyə Strateji Əlaqələr Ali Şurasının 2-ci iclasının baş tutması idi. İran və Türkiyə iqtisadi baxımdan strateji əlaqələri gündəmə gətiriblər və ötən 3 ildə 21 əməkdaşlıq sənədi imzalayıblar. Bu də hər iki tərəfin ikitərəfli əlaqələrin genişləndirilməsində nə dərəcədə yüksək iradəyə malik olmalarının göstəricisidir. Amma, buna baxmayaraq, hələ də iki ölkə arasındakı ticarət və iqtisadi əlaqələr mövcud potensialları nəzərə alaraq, xeyli aşağı səviyyədədir. Bu üzdən iki ölkə başçıları illik ticarət dövriyyəsinin 30 milyard dollara çatdırılmasına təkid edirlər. Bu məqsədə nail olmaq üçün xüsusilə özəl sektorun aktivləşdirilməsi, qarşılıqlı sərmayə qoyuluşu zəminlərinin yaradılması, azad sənaye və ticarət zonalarının yaradılması kimi məsələlər üzərində xüsusi işlər görülməkdədir. Bu arada Ərdoğanın İrana səfəri regionun ciddi roblemlərlə üz-üzə olduğu bir zamanda baş tutub ki, bu da Türkiyə prezidentinin Tehran səfərinin önəmini daha da artırmış olub. Yəməndə yaranan böhranlı vəziyyət, Suriyada terrorçuların fəaliyyətinin davam etməsi, İraqda İŞİD-ə qarşı amansız mübarizə, ABŞ, Ərəbistan və Türkiyənin regionda cərəyan edən bu hadisələrlə bağlı fərqli baxışları Ərdoğanın İran rəsmiləri ilə görüşlərində araşdırılan məsələlərdən olub. Bu üzdən regionun hazırkı həssas dönəmində baş tutan bu səfərə nəzər saldıqda onun əhəmiyyəti bir neçə dəfə artmış olur. Diqqət mərkəzində duran ilk məsələ Tehran-Ankara əlaqələrinin möhkəmləndirilməsidir. İki qonşu ölkə olaraq bu əlaqələr sadəcə ikitərəfli fonda məhdudlaşmamalıdır. Bunun təsirləri regional münasibətlərdə də öz əksini tapmalıdır. Xüsusilə İran və Türkiyənin İqtisadi Əməkdaşlıq Təşkilatı (EKO) və D-8 qrupunun üzvləri olmasını nəzərə alaraq, iki ölkə arasındakı əlaqələr bu regional təşkilatların daxilində də bir növ canlanmaya səbəb ola bilər.

Bu arada Ərdoğanı Tehrana səfəri zamanı müşayiət edən heyətin tərkibinə müxtəlif sahələri əhatə edən yüksək səviyyəli rəsmilərin daxil olması hər iki tərəfin əlaqələrin bütün sahələr üzrə genişləndirilməsində maraqlı olmalarından xəbər verir.

Buna baxmayaraq, Türkiyə regional məsələlərlə bağlı özünəməxsus baxışa malikdir. Və özünün regionda oynadığı rolu da məhz bu baxış əsasında qurub. Suriya, İraq və Yəmən olayları ilə bağlı Türkiyənin baxışları İranın regional məsələlərə olan baxışları ilə tam fərqlidir. Regional məsələlərlə bağlı fərqli baxışlara malik olmaq Tehran-Ankara münasibətlərinə heç də təsirsiz ötüşməyib. Ərdoğanın bir neçə gün öncə İranı regiona nəzarəti ələ keçirməyə cəhd göstərməkdə ittiham etməsi İranın reaksiyasına səbəb olan rəftarlardan biri sayılır. İranın Xarici İşlər Nazirliyi bu məsələyə reaksiya olaraq, ötən çərşənbə günü, Türkiyə səfirinin ölkədə olmadığı üçün, səfirliyin müvəqqəti işlər nazirliyini çağırtdıraraq, Ərdoğanın sözləri ilə bağlı öz etirazını bəyan etdi.

İran Türkiyə əlaqələrində şübhəsiz əməkdaşlıq üçün potensiallar az deyil. Və əməkdaşlıq hissinin qeyri-konstruktiv rəqabət hissindən daha üstün olması baxışların reallığa daha yaxın olmasına zəmin yaradır. Bu üzdən Tehran və Ankara fikir ayrılıqlarına rəğmən regionda sabitlik və təhlükəsizliyin qorunmasında təsirli rola malik ola bilərlər. Bu üzdən Türkiyə prezidentinin İrana olan səfəri iqtisadi əməkdaşlıqlarla yanaşı, siyasi və təhlükəsizlik baxımından da əməkdaşlıqların genişləndirilməsinə kömək edə bilər. Hazırda regionun ümumi atmosferi ümumi maraqların İDİL tərəfindən təhdid edilməsini nəzərə alaraq, kollektiv əməkdaşlıqları zəruri bir məsələyə çevirib. Bu üzdən ixtilaflı məsələlər üzərində manevr etmək yersiz görsənir. Türkiyənin Suriyada yol verdiyi strateji səhvlər hazırda terrorizm və ifratçılığın daha da genişlənməsinə və bütün regionu təhdid etməsinə səbəb olub. Buna görə də Türkiyə regional oyunçu olaraq bir çox fürsətləri itirmiş olub. Hazırda Türkiyə xəyallardan uzaqlaşıb, məsələlərə real yanaşmalı və gerçəklikləri görməlidir. Yalnız belə olacağı təqdirdə Ankara Tehran ilə əməkdaşlıq yolu ilə regionda bütün ölkələrin maraqlarını təhdid edən terrorizm və ifratçılıq ilə mübarizədə təsirli rol oynaya bilər.

qaynaq: aran.irib.ir