XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 December 2015 - 07:30

Xomeyninin nəvəsi yüksəliş yolunda – Oğul Xamnei nəvə Xomeyniyə qarşı

xomeyni-2.jpg

İrandan alınan bəzi xəbərlərə görə, İran İslam İnqilabının banisi ayətullah Ruhulla Xomeyninin nəvəsi yaxın gələcəkdə ali rəhbər postunu tuta bilər

“Reuters” xəbər verir ki, ayətullah Həsən Xomeyninin fevral ayında qüdrətli hakimiyyət strukturu üləmalar Məclisinə üzv seçiləcəyi gözlənilir. 

Onun ölkənin ali rəhbərini seçmək səlahiyyəti olan bu quruma üzvlüyünə, bəzi xəbərlərə görə ali rəhbər ayətullah Əli Xamneinin özü xeyir-dua verib.

O, ümumiyyətlə, Xomeyni ailəsindən seçki prosesinə qoşulan ilk nümayəndə olacaq.
 
Bəzi şərhçilər deyirlər ki, Həsən Xomeyninin üləmalar Məclisinə seçilməsindən məqsəd, onun son nəticə etibarilə ölkənin ali rəhbəri postuna oturdulmasıdır.
 
Gələcəyə doğru keçmişlə
 
43 yaşlı Həsən Xomeyni siyasi cəhətdən mötədil ruhanidir və islahatyönlü düşərgə ilə sıx bağlıdır. Siyasi şərhçilər onun 88 mandatlı qüdrətli məclisə seçilmək üçün son dərəcə şanslı olduğunu bildirirlər. 
Ruhulla Xomeyninin iki oğlu vəfat edib və hazırda Həsən Xomeyni inqilab rəhbərinin yeganə bioloji varisi sayılır.
 
Xomeyniyə yaxın mənbələrdən gələn məlumatlara görə, onun üləmalar Məclisinə üzvlüyü ötən həftə keçirilən bir görüşdə ali rəhbər ayətullah Xamnei tərəfindən dəstəklənib.

xomeyni-3.jpg

Bəzi məlumatlara görə, bu görüşdə Xamnei xəbərdarlıq edib ki, Həsən Xomeyni siyasətlərində ehtiyatlı olmalı, babasının reputasiyasına xələl gətirməməlidir. 
 
Ali rəhbər Xamnei 76 yaşındadır və bu səbəbdən də fevralda seçiləcək yeni üləmalar Məclisinin ölkənin gələcəyində xüsusi rol oynayacağı düşünülür. Bu quruma seçkilər hər 10 ildən bir keçirilir.
 
Qadınların və musiqinin müdafiəçisi
 
Siyasi təhlilçilər deyirlər ki, Həsən Xomeyni praqmatik və mərkəzçi prezident Həsən Ruhani ilə çox yaxın münasibətlərdədir.
 
Ruhani və onun qüdrətli müttəfiqi Əkbər Haşemi Rəfsəncani yeni Milli Məclisdə və üləmalar Məclisində daha çox öz həmfikirlərini görməyi arzulayırlar. İranda üləmalar Məclisinə və parlamentə seçkilər eyni gündə keçirilməlidir.
 
Tərəfdarları Həsən Xomeynini mütərəqqi düşüncəli ilahiyyatçı, qadın azadlıqlarının və musiqinin müdafiəçisi kimi təqdim edirlər.
 
Onlar “Reuters” agentliyinə bildiriblər ki, Xomeyni sosial media və mətbuatı sıx izləyir.
 
Adının çəkilməsini istəməyən yaxın yoldaşlarından biri deyib ki, inqilab banisinin nəvəsi Qərb fəlsəfəsi ilə İslam fəlsəfəsi qədər dərindən maraqlanır.
 
Futbol ulduzu ola bilərdi
 
Keçən il Xomeyni İran dövlət telekanalında populyar futbol proqramına qatılmış və ölkə premyer liqasını mükəmməl tanıdığını nümayiş etdirmişdi.
 
Deyilənlərə görə, o, 21 yaşına qədər bacarıqlı futbol oyunçusu olub və bu məşğuliyyətini, babası onu İslam ilahiyyatını öyrənmək üçün Qum şəhərinə göndərəndə dayandırmalı olub.
 
“Mən yaxşı müdafiəçi idim və əgər futbolu davam etdirsəydim, nəyəsə nail ola bilərdim” – deyib Xomeyni ötən həftə öz ofisində İranın futbol ulduzları ilə görüşündə.
 
Həsən Xomeyninin dörd övladı var və oğlu Əhməd 200 min davamçısı ilə İranda İnstagram ulduzudur.
 
O, internetə atasının fotolarını da yükləyir. Bunlardan bəzilərində Hasan Xomeynini keçmiş prezident, islahatyönlü Məhəmməd Xatəmi ilə birlikdə görmək olar, hərçənd Xatəmi axır vaxtlar ali rəhbərin gözündən düşüb. Bu, onunla bağlıdır ki, Xatəmi 2009-cu ilin nümayişlərində etirazçıları müdafiə etmişdi.
 
Susqun mübariz
 
Həsən Xomeyni özünün islahatpərəstlərə rəğbətini açıq büruzə verməsə də, 2010-cu ildə siyasi məhbuslar Əlirza Behişti və Məhəmmədrza Cəlaipur azad olunduqdan iki gün sonra onlara baş çəkmişdi.
 
Siyasi fəallardan biri “Reuters”-ə bildirib ki, Xomeyni ailəsini islahatpərəstlərlə həm də bir neçə qohumluq əlaqələri birləşdirir.
 
Həsən Xomeyni 2012-ci ildə islahatyönlü tərəfdarlarının prezidentliyə namizədliyini vermək təklifini rədd etmişdi, lakin indi onun üləmalar Məclisinə namizədliyini verməsi daha yüksək hakimiyyət təmənnasında olduğunu göstərir.
 
Adlarının çəkilməsini istəməyən siyasətçilər bildirirlər ki, Həsən Xomeyni ilə hazırkı liderin oğlu Müjtəba Xamnei arasında əsl rəqabət gedir.
 
Onların hər ikisi ayətullah Xamneinin postunu tutmağa təmənnalı görünürlər.
 
Oğul Xamnei nəvə Xomeyniyə qarşı
 
40 yaşlarında olan Müjtəba Xamnei daha çox mühafizəkarlara və İnqilab Keşikçilərinə yaxınlığı ilə tanınır. Belə şayiələr də var ki, Mahmud Əhmədinejatın ikinci müddətə prezident seçilməsinin arxasında məhz Müjtaba durub.

mujteba-1.jpg

 
Xomeyninin əsas rəqibi Müjtəba Xamnei
 
“Reuters” yazır ki, ölümündən 26 il sonra da ayətullah Xomeyninin kəlamları İranda az qala “ikinci konstitusiya” kimi əziz tutulur. Xomeyni barədə lətifə danışmaq belə adamı həbsxanaya gətirib çıxara bilər.
 
Bu mənada tərəfdarları da Həsən Xomeyninin Ayətullahın siyasi irsini tənqid edəcəyini gözləmirlər, lakin onlar ümid edirlər ki, nəvə babasının unudulmuş mötədil tərəflərini canlandıra biləcək.
 
Məsələn, Həsən Xomeyni 2008-ci ildə Şəhrvənd məcmuəsinə müsahibəsində demişdi: “İmam Xomeyninin ideyalarına sadiq olanlar onun belə bir fətvasını da unutmamalıdırlar ki, hərbiyyə siyasətdən kənar durmalıdır”.
 
O vaxt onun bu sözləri İnqilab Keşikçiləri Korpusuna bilavasitə hücum kimi qiymətləndirilmişdi.
 
“Xomeyni və Xomeyni”
 
İran filosoflarından Yaser Mirdamadi deyib ki, Həsən babasının müasir və demokratik tərəfini qabartmaqla, onun qaranlıq və mürtəce xüsusiyyətləri barədə susmağa üstünlük verir.
 
“O, göstərmək istəyir ki, əsl Xomeyni bütün qrupların hüquqlarına hörmət göstərib və onun avtokratik tərəfi müvəqqəti zərurətdən doğub” – deyir filosof.
 
Mirdamadi inanır ki, mühafizəkarlar onun İmamı belə interpretasiya etməsinin əleyhinə çıxacaqlar.
 
Xameneiyə yaxınlığı ilə seçilən “Keyhan” qəzeti ötən həftə yazırdı ki, Həsən Xomeyninin üləmalar Məclisinə namizədliyi “İmam Xomeyni ailəsindən istifadə etməklə onun həqiqi ideyalarını təftiş etmək üçün pərdələnmiş taktikadır”.
 
Qəzet yazırdı ki, bu, “Xomeynini Xomeyniyə qarşı qoymaq cəhdidir”.
 
Buna baxmayaraq, bəzi yaxın tərəfdarları Xomeyni ilə mühafizəkar düşərgə arasında qarşıdurma baş verəcəyini gözləmirlər.
 
“Həsən Xomeyni babası kimi radikal və inqilabçı deyil. Elə onun qüdrəti də bundadır” – deyir tərəfdarları.
 
azadliqradiosu.az