İan Buruma
“Project Syndicate” (Çexiya)
Ağ irqin üstünlüyünü iddia edən şüarlar və məşəllərlə ötən ay Virciniya ştatının Şarlotsvil şəhərində keçirilən dəhşətli neonatsist yürüşü şəhər rəhbərliyinin Robert Linin heykəlini endirilməsinə dair planlarına görə ortaya çıxmışdı.
Konfederasiya lideri Li ABŞ-dakı vətəndaş müharibəsi dövründə müstəmləkəçi cənubda köləliyi saxlamaq üçün mübarizə aparıb. General Linin atlı heykəli 1924-cü ildən bəri zənci vətəndaşların linç edildiyi meydan olub.
Şarlotsvildə baş verən hadisələrdən ilhamlanan vəkillər Britaniyada, Londonda, admiral Nelsonun Trafalqar Meydanındakı məşhur heykəlinin yığışdırılmasına cəhd göstərib. Çünki Britaniyanın dəniz qəhrəmanı kölə ticarətini dəstəkləyirdi.
İki il əvvəl Oksford Universitetindən olan etirazçılar Oriel Kolleci önündən Sesil Rodesin heykəlinin götürülməsini tələb edib, çünki bir vaxtlar kollecin tələbəsi olmuş Rodesin irq və imperiya haqqında düşüncələri indi heç kimə xoş gəlmir.
Rəmzlərə sitayiş əleyhdarlığında həmişə sirli bir şey mövcud olub və bu, pərəstiş təsvirinin sınması ilə onun doğurduğu təzahürün həll edilməsi əqidəsidir. XVI əsrdə ingilis protestantları Roma Katolik Kilsəsinin gücünə meydan oxuduqda, onlar müqəddəslərin daşdan düzəldilən təsvirlərini baltaladılar. On səkkizinci əsrdə inqilabçılar Fransada kilsələrin başına eyni oyunu açdılar. Ən radikal nümunə 50 il əvvəl Çindəki “mədəni inqilab” zamanı baş verib. “Qırmızılar” Budda məbədləri məhv edib və Konfutsinin kitablarını yandırıblar.
Bu cür məhvetmədən qorxma başadüşüləndir. Böyük binalar və sənət əsərləri itib-batır. Təsvirlərin sehrli gücünə inananlar yalnız onları məhv etməklə işlərini bitirmir. Keçmişin abidələri ilə “məşğul olanlar” onları həssas bir şəkildə tarixi artefaktlar kimi nəzərdən keçirmirlər.
Hər şey elə də sadə deyil. Kim 1945-ci ildən sonra Almaniya şəhərlərində küçə və meydanlara Adolf Hitlerin adını verilməsinin lehinə ola bilər ki? 1989-cu ildən sonra Orta və Şərqi Avropada Fürer və ya sovet liderlərinin heykəllərinin yığışdırılması sadəcə uşaq səhvi deyildi. Əlbəttə, iddia etmək olar ki, bu liderlərin və onların əlatılarının təsvirləri Orta əsr İngiltərəsindəki böyük kilsələri və ya Çindəki Tanq sülaləsi dövrünün buddist heykəlləri qədər bədii dəyərə sahib idi. Lakin belə olan halda, general Li heykəli də bədii dəyər kimi qorunmalıydı.
Əsas məsələ – lazımi cızığın haradan çəkilməsidir. Tarixi dəyərin meyarı heykəli ucaldılan şəxsin əlinə bulaşan qanın miqdarı olmalıdırmı? Yoxsa onların hər biri üçün tarixi çərçivə müəyyənləşməlidir?
İddia etmək olar ki, xatirəsi qan yaddaşında qalmış zalımların heykəlləri hələ də sağ qalmış, yaşayan və qurban olmaqdan qurtulanlarda qəzəb oyadır, buna görə də həmin abidələr aradan qaldırılmalıdır, daha köhnələrə isə toxunulmamalıdır. Amma bu prinsip də işləmir.
ABŞ-da yaşayan bir çox insan hesab edir ki, Konfederasiya abidələri ümumi "miras" kimi qorunmalıdır – sadəcə keçmişi xatırlanması üçün. Problem ondadır ki, tarix həmişə neytral deyil. O, zərərli ola bilər. Keçmişimiz münasibət onun haqqında necə danışmağımız və mədəni əsərlərə dair xatirələrə kollektiv olaraq necə baxdığımızdan asılıdır. Bu, xüsusilə söhbət Vətəndaş müharibəsindən düşdükdə, müəyyən konsensus tələb edir.
Müharibədən sonrakı Almaniyada bu məsələyə baxış olduqca sadədir. Həm Şərqi, həm də Qərbi Almaniyada faşist keçmişə qarşı kollektiv mövqe vardı. Amma Üçüncü Reyxə dair xoş xatirələr yenidən baş qaldırır.
Buna baxmayaraq, bu günə qədər Almaniyanın dövlət orqanları xalqın tarixinin ən qaranlıq epizodlarını təkrar etməyə təşviq edə biləcəyindən qorxaraq, nasist görüntülərini nümayiş etdirməyə qadağa qoyur. Bu qorxu anlaşılandır və tamamilə səmərəsiz deyil. Nasizm fəlakətindən xilas tam olmaq üçün belə cəzalar daha da güclənə bilər.
İngiltərənin daha az travmatik son tarixi var. Sesil Rodes və ya admiral Nelsonun fikirləri öz vaxtlarında olduqca şərti olsa da, bu gün artıq dəbdə deyil. Böyük Britaniyada Nelsonun və ya Oriel Kolleci önündəki abidəyə baxanların köləliyi müdafiə etməsi və Afrikada imperiya qurmağa ilhamlanması mümkün deyil.
Ancaq Amerikanın cənubunda bu problem qalır. Vətəndaş müharibəsində məğlub olanlar heç vaxt bununla barışmazdılar. Bir çox cənublu üçün Konfederasiya hələ də kollektiv eyniliyin bir hissəsidir. Doğrudur, köləliyin dirçəldilməsini müdafiə edən çətin ki, tapılar, amma Köhnə Cənub xiffəti hələ də irqçiliklə bağlıdır. Buna görə də məhkəmə binaları və digər ictimai yerlərin qarşısında general Linin heykəlləri zərərlidir.
Bu problemin heç bir mükəmməl həlli yoxdur, çünki söhbət yalnız daşdan oyulmuş şəkillərdən getmir. Cənubdakı narazılıq siyasidir. Vətəndaş müharibəsinin yaraları qaysaq bağlamayıb. Cənubdakı kənd əhalisinin çox hissəsi, ABŞ-ın digər bölgələrinə nisbətən, yoxsul və daha az təhsillidir. İnsanlar özlərini sahil şəhərlərinin elitası tərəfindən unudulmuş hiss edirlər. Buna görə də əksəriyyət Donald Trampa səs verib. Bir neçə heykəlin yıxılması bu problemi həll edə bilməz. Hətta məsələni pisləşdirə bilər.
Tərcümə: Strateq.az