Moskva Tükiyəyə yenidən qatı düşmən kmi yanaşır. Lakin münaqişə sonu görünməyən hərbi-siyasi mövqe savaşının yalnız tərkib hissəsidir. Türklər artıq bir dəfə rusların düşməni olublar. Hələ I Pyotr deyirdi ki, “Qadına, türkə və içməyənə inanma”.
XVI yüzillikdən I Dünya Savaşınadək türklərlə 12 müharibə baş verib, Fransa və Böyük Britaniyanın Rusiya Krımının və orada yerləşmiş Sevastopol qalasının işğal olunduğu 1853-1856-cı il Krım müharibəsi istisna olmaqla bunların əksəriyyətini ruslar udublar.
Hələ çar II Nikolay Osmanlı imperiyasını lağa qoyur və onu “xəstə adam” adlandırırdı. O, Krım müharibəsini uzaq məqsədlə – Konstantinopolu Türkiyədən qoparmaq qəsdilə başlamışdı, fransızlar və ingilislər isə öz məğrurluqlarını məmnun etmək istəyirdilər.
İki ölkənin münasibəti hazırda daha dolaşıqdır. Putin və onun türk həmkarı Ərdoğan lap bu yaxınlaradək tərəfdaş sayılır, onları ümumi energetik layihələr, həmçinin avtoritar-populist idarəçilik üslubu birləşdirirdi. İndi isə NATO-ya üzv ölkə, ən azı, formalcasına Qərbin dəstəyini təmin edib. Hər iki ölkə fəal şəkildə Suriya müharibəsinə qatılır. Hər ikisi iddia edir ki, terrorçu qurum İŞİD-lə mübarizə aparır. Lakin türklər hər şeydən əvvəl PKK-nın döyüşçülərinə, ruslar isə suriyalı müttəfiqləri prezident Bəşər Əsədə dəstək verməklə, sünni qiyamçılara aviazərbələr endirirlər.
Rusiyadaxili təbliğat hazırda fərəhlə Putinin xarici düşmənlərinin obrazını yaradır, lakin Türkiyə rus vətəndaşlarında əvvəlki əsrin müharibəsindənsə, daha çox Antaliyanın çimərlik barları ilə səsləşir. Bununla belə, münaqişə beynəlxalq duruma ziyan gətirir. Moskva bir neçə ay boyunca İŞİD-lə mübarizədə Qərbə köməyini müttəfiq rolunda ciddi-cəhdlə təklif edir. Atlantika şəkkakları iddia edirlər ki, Türkiyə ilə münaqişə rusların lap əvvəldən Suriyada sülhə deyil, iğtişaşa səbəb olduqlarını göstərdi. Bundan başqa, Kreml digər cəbhəni də yaddan çıxarmır. Türkiyə bu dəfə yalnız ikinci dərəcəli rəqibdir. Rusiya 2014-cü ilin martından ikinci, olduqca gizli Krım müharibəsini aparır. Burada əsas döyüş meydanı Qərbin dəstəyini alan Ukraynadır.
Ruslar və fransızlar Suriyada öz aviazərbələrinin koordinasiyası üzrə danışıqlar aparırlar. Buna baxmayaraq, Avropa Birliyi anti-Rusiya sanksiyalarının müddətini uzatdı ki, bu da Rusiyada iqtisadi böhran fonunda son dərəcə xoşagəlməzdir. Xarici İşlər Nazirliyi qeyd edir ki, Rusiya Ukraynaya münasibətdə öz mövqeyindən geri çəkilməyəcək. Başqa sözlə, biz Donbassda qalacağıq! Suriyada hər şeyin necə gedəcəyi önəmli deyil.
Ştefan Şoll
General-Anzeiger (Almaniya), 24.12.2015