XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

02 Mart 2015 - 17:05

Nazirlik rəsmisi “qara siyahı”dan danışdı

“İşğal edilmiş ərazilərimizə Azərbaycanın razılığı olmadan həyata keçirilən səfərlər Azərbaycan Respublikasının dövlət sərhədi haqqında qanununun pozulmasıdır”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev deyib.

H. Hacıyev xatırladıb ki, qanunsuz səfərləri həyata keçirən şəxslər arzuedilməz şəxslər siyahısına daxil edilirlər: “ümumiyyətlə, bu, dünyada qəbul olunmuş bir praktikadır. ölkələrin sərhəd keçid qaydalarını və digər qanunlarını pozan şəxslərin həmin ölkəyə girişinə qadağa qoyulur. Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən şəxslər Ermənistanın Azərbaycana qarşı işğal, təcavüz və qanlı etnik təmizləmə siyasətinin nəticələrini təşviq etmələrinə görə daşıdıqları siyasi və mənəvi məsuliyyətlərini dərk etməlidirlər. Bu səfərləri həyata keçirən şəxslər onu da dərk etməlidirlər ki, onların bu qəbildən olan səfərləri bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün həssas hissələrinə toxunur. Dünya ölkələrinin əksəriyyəti tərəfindən Xarici İşlər nazirlikləri vasitəsilə öz vətəndaşlarını bu kimi qeyri-qanuni səfərlərdən çəkindirən xəbərdarlıq verilib”.

H. Hacıyev bildirib ki, işğal olunmuş ərazilərə səfər edən şəxslər öz şəxsi təhlükəsizliklərini də nəzərə almalıdırlar. Belə ki, işğal olunmuş ərazilərdə müharibə vəziyyəti hökm sürməklə bərabər, insan alveri, silah qaçaqmalçılığı, narkotik malların istehsalı və tranziti, terrorçuların hazırlığı və sair digər belə fəaliyyətlər də həyata keçirilir. O qeyd edib ki, Ermənistan tərəfindən “statistik metodlar” vasitəsilə fərqli bir mənzərə təqdim etmək siyasəti yürüdülür: “Dünya səyahət xəritəsində Ermənistan hər hansı bir formada cəlbedici dövlət deyil və bu ölkəyə olan səfərlər çox məhdud xarakter daşıyır. Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinə səfərdən isə əksər şəxslər digər ölkənin ərazisi olduğu və riskli müharibə zonası olduğuna görə çəkinirlər. Təhlillər göstərir ki, işğal edilmiş ərazilərə səfər edənlərin əksəriyyəti Ermənistan vətəndaşlarıdır. Onların da mütləq əksəriyyətini əsgər valideynləri təşkil edir. Ermənistan ordusundakı acınacaqlı vəziyyətə görə əsgər valideynləri Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilmiş əsgər övladlarına mütəmadi əsasda qida, dərman və digər azuqə aparırlar. Ermənistan rejimi isə işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilmiş saxta “sərhəd məntəqəsi” vasitəsilə səfər edən əsgər valideynlərinin uçotunu aparır və bunu “statistika” naminə istifadə edir. Digər səfər edən şəxslər qrupuna əsasən erməni diaspora üzvləri və onların təsiri altında olan şəxslər daxildir. Bu kimi şəxslərin səfərləri bilavasitə erməni diasporunun maliyyəsi vasitəsilə təşkil olunur. Bu şəxslərin təkrar səfərləri təşkil olunaraq, erməni diasporu və Ermənistan tərəfindən sanki yeni səfərlər kimi təqdim edilir. Bu və ya digər məqsədlə Ermənistan tərəfindən müəyyən şəxslərin aldadılaraq Azərbaycanın işğal olunmuş ərazilərinə aparılması halları da geniş yayılıb”.

Nazirliyin sözçüsü bəyan edib ki, Azərbaycan tərəfindən həyata keçirilən tədbirlər, o cümlədən arzuedilməz şəxslər siyahısının tətbiq olunmasından sonra işğal altındakı ərazilərə səfərlərin kəskin azalmasına görə Ermənistan bu ərazilərə səfər edən xarici vətəndaşların pasportlarına “viza” vurulmasını aradan qaldırılıb.

H. Hacıyev indiyə qədər 10-dan artıq şəxsin adının “qara siyahı”dan çıxarıldığını açıqlayıb: “Prosedur olaraq, adının bu siyahıdan çıxarılmasını istəyən şəxslər yazılı məktubla Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və diplomatik nümayəndəliklərimizə müraciət edə bilərlər. Bu müraciətdə Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və qanunlarına hörmət və qanunsuz səfərdən peşmançılıq ifadə olunmalıdır. Bu müraciət müvafiq qaydada nəzərdən keçiriləcək”.

H. Hacıyevin sözlərinə görə, arzuolunmaz şəxslər siyahısının tətbiq olunmasından sonra özünü göstərən digər müsbət məqam da jurnalist və ya elmi araşdırma məqsədilə işğal edilmiş ərazilərə səfər etmək niyyətində olan şəxslərin bu kimi səfər barəsində Azərbaycan Respublikasından əvvəlcədən icazə almalarıdır.

APA