Yeni dünya nizamının formalaşması ilə bağlı nəzəriyyələr SSRİ-nin dağılması ilə 1990-cı illərin əvvəllərindən geniş yayılıb. Beynəlxalq terrorizm təhlükəsi, son illərin ərəb inqilabları və digər hadisələr bu nəzəriyyələrin daim gündəmdə qalmasına səbəb olur. Zaman-zaman ABŞ, Britaniya, Avropa İttifaqı rəhbərlərinin və bəzi digər siyasət adamlarının nitqlərində yeni dünya nizamından ötəri şəkildə də olsa bəhs etməsi də bu məsələnin ciddi qəbul olunmasını zəruri edir. Elə isə yeni dünya nizamı özünü nədə göstərir və bəşəriyyətə nə vəd edir?
Yeni dünya nizamından danışarkən alimlərin fikirləri əsasən iki istiqamətdə inkişaf edir: 1) dünyanın güc mərkəzləri arasında yenidən bölüşdürülməsi; 2) milli dövlətlərin gücünün və suverenliyinin azalması.
Əslində, müasir beynəlxalq proseslərə nəzər saldıqda, hər iki yanaşmanın müəyyən dərəcədə özünü doğrultduğunu söyləmək olar. Belə ki, son illərin ərəb inqilabları Yaxın Şərqdə və Şimali Afrikada qüvvələr balansını dəyişdirməkdədir. Qərbin dəstəklədiyi inqilablar bölgədə əsas rəqiblərdən olan Rusiyanın təsirini minimuma endirib. Lakin Misirdə, Tunisdə, Liviyada, Yəməndə rejim dəyişikliyindən sonra hakimiyyətə gələn qüvvələrin kifayət qədər demokrat olmaması bölgənin Qərbin də nəzarətindən çıxması ehtimalını artırır. Bundan başqa, hazırda Şərqi Asiyada və Cənubi Çin dənizində Çin ilə ABŞ arasında bəzən müharibə ritorikalarının səsləndiyi “nüfuz savaşı” güclənməkdədir. Dünyanın nüfuz dairələrinəyenidən bölünməsi prosesinin nisbətən sakit və səssiz irəlilədiyi regionlardan biri isə Arktikadır. Bölgənin zəngin karbohidrogen ehtiyatları ilə yanaşı, Avropa ilə Asiya arasında daha qısa dəniz ticarət yolu kimi istifadə imkanları bu yaxınlarda 8 şimal ölkəsinin təmsil olunduğu ArktikaŞurasına Çin, Yaponiya, Cənubi Koreya, Hindistan, Sinqapur və İtaliyanın müşahidəçi qismində cəlb olunmasına gətirib çıxarıb (1).
Dünyanın strateji əhəmiyyətli regionlarına nəzarət uğrunda gedən mübarizə, eyni zamanda, milli dövlətlərin zəiflədiyi bir dövrdə baş verir. Son zamanlar elmi ədəbiyyatda geniş yayılan fikrə görə, milli dövlətlərin beynəlxalq münasibətlər sistemindəki yeri bundan sonra da zəifləməkdə davam edəcək. Siyasi məsləhətçi Erik Şnurerin fikrincə, milli dövlət “hökumət”in təzahür formalarından sadəcə biridir (2). Milli dövlətin dominantlığı uzun müddət “dövlət” və “hökumət” anlayışlarının sinonim kimi başa düşülməsinə səbəb olub. Onun fikrincə, idarəetməni dövlətlə yanaşı başqa aktorlar da həyata keçirə bilir. Məsələn, ənənəvi olaraq, kilsə, mafiya “ərazisiz hökumətlər” rolunu oynayıblar. Hazırda isə özəl sektor, virtual məkan, sosial şəbəkələr dövlət hakimiyyətinə rəqib kimi çıxış edir. Formalaşmaqda olan “virtual dövlətlər” özü ilə yeni imkanlar, həm də yeni təhlükələr gətirir. Həmin təhlükələrə qarşı onların öz metodlarından istifadə etməklə mübarizə aparmaq lazımdır. Məsələn, terrorizm şəbəkələri ilə mübarizə aparmaq üçün sadəcə olaraq hansısa ərazini bombalamaq kifayət etmir, bunun üçün eyni zamanda, informasiya məkanında geniş iş görmək lazımdır. Qeyri-dövlət aktorları ilə rəqabət apara bilməsi üçün dövlətin yeni şəraitə uyğunlaşması və yeni imkanlardan yararlanması zərurətdir.
Lakin reallıqda məsələ bir qədər də mürəkkəb görünür. Son dövrlərdə dünyada irqçiliyin, etnik, dini separatçılığın, anarxist meyllərin güclənməsi ilə əlaqədar, partikulyarlaşma və mərkəzi dövlət hakimiyyətinin zəifləməsi tendensiyası özünü göstərir. Bunun ən bariz nümunəsi kimi Yaxın Şərqdə gedən prosesləri göstərmək olar. İnqilabların baş verdiyi ölkələrdə yaradılan yeni hökumətlərin daxildə dini ekstremizm və etnik separatçılıqla üz-üzə qalması, mərkəzi hakimiyyətin zəifliyi həmin dövlətlərin xarici təsirlərdən də müdafiəsini zəiflədir. Zidd düşüncəli ünsürlərin fəallaşması son zamanlar Türkiyədə də özünü göstərir və Gezi parkı olayları da bu baxımdan, yeni reallıqları gözlər önünə sərir. İstər Türkiyədə, istərsə də digər ölkələrdə mərkəzi hakimiyyətin ölkəyə nəzarətini zəiflədən hadisələrin ardıcıl və sistemli şəkildə baş verməsi radikal dini qrupların, anarxistlərin, solçuların və s. eyni mərkəzdən idarə olunması təsəvvürünü gücləndirir.
“İdarə olunan xaos” şəraitində insanlar hadisələrin axarını müəyyənləşdirməkdə, proseslərin arxasında dayanan qüvvələri görməkdə, gələcəyi proqnozlaşdırmaqda çətinlik çəkirlər. Belə şəraitdə bəzən zamanın tələblərinə uyğunlaşmağı bacaran ən çevik siyasətçilər belə çətinliklər qarşısında qalır.
Belə bir vəziyyətdə analitiklər gələcəkdə milli dövlətlərin suverenliklərini itirərək beynəlxalq təşkilatlar və ya transmilli şirkətlərin başında dayanacağı “qlobal hökumətin”, yaxud “dünya hökumətinin” bir hissəsi olacağı fikrini irəli sürürlər. Lakin yaxın gələcəkdə dünyaya ağalıq uğrunda əsas iddiaçıların məhz güclü milli dövlətlər olacağını söyləmək olar. Xüsusən də, ABŞ özünün mütləq söz sahibi olduğu “birqütblü dünya” formalaşdırmaq üçün əsas rəqibləri olan Rusiya və Çinin sıxışdırılmasına çalışmaqda davam edəcək. ABŞ-ın dünya liderliyinə can atan xarici siyasətinin elmi cəhətdən əsaslandırılmasına da çalışılır.
ABŞ siyasi analitiki Robert Kaplan “Anarxiya və hegemonluq” məqaləsində beynəlxalq münasibətlərdə demokratiya prinsiplərinin özünü doğrultmadığını bildirir, dövlətlər arasında qeyri-bərabərlik və iyerarxiyalılığın vacibliyini önə sürür, ABŞ-ın dünya siyasətində hegemonluq iddialarına haqq qazandırır (3). R.Kaplan hegemonluq siyasətinin dünyada sabitliyi təmin edəcəyini düşünür.
Belə qənaətə gəlmək olar ki, Yeni dünya düzəni, ilk növbədə, “çoxqütblü dünyaya” qarşı yönəlib. Bu səbəbdən də, dünya siyasi səhnəsində iddialı görünən dövlətlər, xüsusən də, güclənən Çin faktoru Qərbdə narahatlıqla qarşılanır. Dünyanın müxtəlif regionlarında maraqlarını təmin etməyə çalışan ABŞ-ın rəhbərlik etdiyi Qərb bloku bu məqsədlərində onlara mane olan dövlətlərdə mərkəzi hakimiyyəti zəiflədən etnik, dini ziddiyyətlərin artmasında və eyni region daxilindəki dövlətlərin bir-birinə düşmən münasibətində maraqlı ola bilər. Bu cür siyasət Qərbdə “konstruktiv xaos” adlandırılır və ABŞ-ın müttəfiqləri ilə birlikdə Yaxın Şərq və digər regionlarda məhz bu siyasəti həyata keçirdiyi düşünülür. Beləliklə, dövlətdaxili və dövlətlərarası münaqişələrlə, iqtisadi, siyasi böhranlarla zəngin, xaotik durumdan yararlana biləcək qüvvənin dünya ağalığını formalaşmaqda olan yeni dünya nizamının gələcək mənzərəsi kimi görmək olar.
Hülya Məmmədli