XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

28 Sentyabr 2017 - 15:00

Kərkükdən asılı qalan Kürdüstan –2 ildir adamlara maaş verə bilməyən “dövlət” nəyə ümid edir? TƏHLİL

Bütün hədə-qorxulara baxmayaraq  kürdlər İraq Kürdüstanının müstəqilliyinə səs veriblər. Lakin "hə" deyənlərin arasında İraqla bir dövlətin tərkibində daha yaxşı gələcəyə tərəfdar olanlar da var, regionun tamamilə müstəqil dövlət olmasını istəyənlər də.

Bu barədə populyar "The Conversation" portalında dərc edilmiş məqalədə deyilir. Yazıda qeyd olunur ki, bütün hallarda bu, müstəqllik üçün verilmiş çox ciddi bir mandatdır.

Məqalədə qeyd olunur ki, son 25 ildə Bağdadla ondan çox uzaqda, şimalda yerləşən Kürdüstanın tutuduğu siyasi yollar çox fərqli olub və bu da kürd bölgəsinin tam müstəqilliyini qaçılmaz edir.

Buna baxmayaraq, İraq Kürdüstanı hökumətinin başçısı Məsud Bərzani Bağdad hökuməti ilə uzun-uzadı danışıqlara girməli olacaq. Başqa sözlə, Kürdüstanın müstəqil olması üçün Bağdad bu bölgə üzərindəki suverneliyini güzəştə getməyə hazır olmalıdır. Bu mənada müstəqilliyin qaçılmaz olduğu heç də o demək deyildir ki, onun əldə edilməsi çox asan olacaq.

Bu çətinliklərdən birincisi müstəqil Kürdüstanın özünü necə maliyyələşdirəcəyi barədə suala cavabın tapılmasındadır. Kürdüstanın yerli iqtisadiyyatı tamamilə Türkiyədən asılıdır. Türkiyə bu referendumnla əlaqədar Kürdüstana yük daşımalarına blok qoyacağı və neft idxalını dayandıracağı ilə hədələyib.

Digər tərəfdən İraq Kürdüstanı hazırda öz büdcəsinin 13-17 faizini Bağdaddan alır. Bu büdcə daim mübahisələr doğursa da, hazırda Kürdüstan hökumətinin və onun xidmətlərinin ayaqda qalması üçün həyati əhəmiyyət daşıyır.

Doğrudur, tam müstəqillik tərəfdarları gözlərini neft gəlirlərinə dikiblər. Amma neft qiymətlərinin aşağı, siyasi vəziyyətin isə qarışıq olduğu bir vaxtda bu bölgəyə beynəlxalq investorlar o qədər də maraq göstərməyəcəklər.

Əslində Kürdüstan 2014-cü ildən bəri dərin maliyyə böhranı yaşayır. Neft qiymətlərinin düşməsi, qaçqın axını – bunların hamısı bölgənin maliyyə vəziyyətinə çox mənfi təsir göstərir. Burada 2015-ci ildən bəri maaşlar verilmir.

Digər tərəfdən referendumda İraq Kürdüstanından başqa kürdlərin nəzarəti altında olan daha dörd bölgə iştirak edib: Kərkük, Məxmur, Sincar və Xanagin bölgələrinə Bağdad da iddialıdır.

Kürdüstanın indiki bərbad vəziyyəti nəzərə alınarsa, onun müstəqil olması üçün Kərkükün yeni dövlətin tərkibində olması vacibdir. Çoxmillətli Kərkük İraqın ən böyük neft yataqlarından birinin üstündə oturub. Bu bölgənin kimə məxsus olması çox qədim sualdır. Kürdüstan bura 2014-cü ildən nəzarət edir. Lakin indi, İŞİD təhlükəsinin aradan qalxdığı bir vaxtda Bağdad neft bölgəsinə nəzarəti hərbi yolla da özünə qaytarmaq istəyə bilər.

Odur ki, Bağdad və Ərbil arasındakı gələcək danışıqların əsas mövzusu Kərkükün neft yataqları barədə olacaq. Məqalədə deyilir ki, hətta İraq kürdlərinin öz arasında da referenduma münasibət birmənalı deyil. Bəzi kürd partiyaları hesab edirdilər ki, referendum üçün heç də münasib vaxt seçilməyib. Başqaları isə deyirlər ki, Bərzani referendumdan hakimiyyətdə qalmaq və özünün siyasi gələcəyini təmin etmək üçün faydalanmağa çalışır. Və nəhayət Kürdüstan təkcə kürdlərdən ibarət deyil. Burada ərəblər, türkmanlar və başqa etnik qruplar var. (BBC)

Müəllifin fikrincə, bu problem Kürdüstan İraqdan tam ayrılsa belə, ona rahatlıq verməyəcək.