Dmitri Remizov
rosbalt.ru, 29.09.2017
Rusiyada nəmurlar demoqrafik problemlər üzündən işçi qüvvəsi qıtlığı təhlükəsindən danışırlar. Ekspertlər isə hesab edir ki, bu, obyektiv amil deyil, hökumətin səhvinin nəticəsidir.
İqtisadi inkişaf naziri Maksim Oreşkin bildirib ki, əməkqabiliyyətli vətəndaşların azalmasına görə, Rusiya kadr qəhətliyi qarşısındadır. Oreşkin göstərib: “Rusiyaya gəldikdə, xüsusən də ən yaxın beş-altı ildə demoqrafik baxımdan dünyada ən ağır durumlardan biridir – hər il demoqrafik struktur ucbatından əməkqabiliyyətli yaşda əhalinin, təxminən, 800 min nəfərini itirəcəyik”.
Ekspertlər hesab edirlər ki, nazirin ifadələri səriştəsizliyə bərabərdir. Əmək bazarındakı problemlər demoqrafik durumdan çox Rusiya hökumətinin fəaliyyəti və fəaliyyətsizliyi ilə şərtlənir. Kürəsəlləşmə və sosial hərəkatlar İnstitutu (KSHİ) İqtisadi Aaraşdırmalar Mərkəzinin rəhbəri Vasili Koltaşov hesab edir ki, məmurların əməkqabiliyyətli əhalinin azalmasının iqtisadiyyatda problemlər doğurduğu haqda iddası yanlışdır. Ekspertin “Rosbalt”ın müxbirinə bildirdiyinə görə, əksinə, əhalinin azalması iqtisadi problemlərin nəticəsidir.
Ölkənin əməkqabiliyyətli əhalisi, həqiqətən, azalacaq. Ekspert izah edir: “Sıfırıncı illərədək sürən əvvəlki illərin doğuşunun iflası qismən təsir edir. Lakin bizdə son illər də böhranlı olub və 2012-ci ildən başlayaraq yaşayış səviyyəsi düşüb. Bu, 2012-2013-cü illərdə hələ hiss olunmurdu, 2014-cü ilin axırına yaxın artıq məlum idi. 2015-2016-cı illərdə isə görmək çətin deyildi ki, ölkə iqtisadi böhrandadır. Böhranın ikinci dalğası əhalinin gerçək gəlirlərinin və uyğun olaraq uşaq – ikinci, üçüncü, bəzən isə birincini də – törətmək istəyinin əksilməsinə səbəb olub. Yəni yaşayışın maddi şəraiti pisləşib və əhalinin azalmasını doğurub, ən azı, əhalinin əvəzlənməsini yaratmır”.
Vasili Koltaşovun fikrincə, əməkqabiliyyətli əhalinin azalması ölkədə işçi qüvvəsinin azalacağını bildirmir. Biznesmen yerli rusiyalıları mühacirlər əvəzləyəcək. Ekspert güman edir: “Nazir Maksim Oreşkinin bəhs etdiyi azalma Rusiya Federasiyası pasportlarına sahib vətəndaşların azalmasıdır. İqtisadiyyatda durum elədir ki, söhbət hansısa özəl mütəxəssislərdən getmirsə, işçi qüvvəsi qıtlığı əcnəbi fəhlə axını hesabına tarazlanır. Hətta əcnəbilər böhrana görə öz ailələrini də Rusiya Federasiyasına gətirməyə çalışırlar, çünki bu, məsrəfi azaldır və onların yaşayış səviyyəsini yüksəldir”.
RF əmək nazirinin keçmiş müavini, dosent Pavel Kudyukin bildirir ki, əhalinin azalması dayandırılmadan işçi qüvvəsi qıtlığının həlli problemində özgə bütün axtarışlar yalnız yeni müşküllər doğuracaq. Pavel Kudyukin deyir: “Problemin həlli birinci variant kimi əmək məhsuldarlığının çox sürətlə artırılmasını tələb edir. Amma bunu tez etmək çətin olacaq və haradan götürüləcəyi çox da aydın olmayan böyük kapital yatırımı tələb edir. İkinci variant əcnəbi mühacirlərin kütləvi cəlbini nəzərdə tutur. Lakin bu qaynaq da tükənəndir və bundan başqa, mühacirlər yetərincə ciddi sosial-siyasi promlemlər çıxardırlar”.
Dövlət Duması əmək, sosial siyasət və veteranların işi üzrə komitə üzvü Oleq Şein hesab edir ki, Rusiya əmək bazarının problemləri əsla demoqrafik durumdan ibarət deyil. Problem Rusiya işçilərinin peşə vərdişlərinin genişləndirmək imkanına malik olmadığı və vaxtsız vəfatındadır. Bu səbəbdən Rusiyada işçinin “məhsuldar dövrü” olduqca qısadır.
Parlamentari deyir ki, işləyən əhalinin işləməyən əhaliyə nisbəti üzrə iqtisadiyyat üçün durum hətta 1970-1990-cı illər sövet dövründə olduğundan da əlverişlidir. Oleq Şein məlumat verir: “Biz demoqrafiyadan danışarkən işləyənlərlə təqaüdçülərin nisbətindən deyil, işləyənlər və işləməyənlər arasındakı uyğunluqdan danışmalıyıq. Təqaüdçülərdən savayı yetkinlik yaşına çatmamış uşaqlar da işləmir. Sovet İttifaqında hesabla min işçiyə 780 qeyri-işçi – təqaüdçü, uşaq, əlil düşürdü. Bu gün 725 nəfər düşür”.
Deputatın fikrincə, bu gün işçi kadrlarla həqiqi problem adamların əməkqabiliyyətli yaşda erkən ölümü ilə şərtlənir. Millət vəkili əmindir: “Rusiyada bu gün kişilər arasında ölüm Fransadakı kişilərdəkindən 15 il tez və ABŞ-dakı kişilərin ölümündən 12 il əvvəl baş verir. Yəni amerikalı, fransalı işçilər Rusiya işçisindən 12-15 il çox yaşayırlar. Bu, birinci növbədə ürək-damar xəstəlikləri ölümündən asılıdır – bu, ümumi ölüm hadisələrinin 55%-idir. Səbəblər səhiyyəni büdcələşmənin künc-bucağına göndərmiş Rusiya hökumətinin siyasətində gizlənib. Rusiya bu gün ÜDM-dən səhiyyəyə sərf etdiyi paya görə dünyada 95-ci yeri tutur. Buna görə də burada, hörmətli nazir Maksim Oreşkinin dediyi kimi, obyektiv amil deyil, səbəb isə budur: adamları müalicə etməsən, yedirtməsən, – adamlar aşağı maaşa görə keyfiyyətli qidanı özlərinə rəva bilmirlər – onda daha çox xəstələnəcək və erkən öləcəklər ki, bu da uyğun olaraq əmək bazarında problemələr törədir”.
Əmək bazarındakı problemlərin növbəti səbəbi Rusiya hökumətinin təhsilə qənaətidir. Oleq Şein qeyd edir: “Dünyanın aparıcı iqtisadiyyatlarında, İqtisadi Əməkdaşlıq və İnkişaf ölkələrində – bunlar həm Avropa, həm Şimali Amerika, həm də Şərqi Asiya ölkələridir – işçilərin ixtisasının yüksəldilməsinə müntəzəm şəkildə pul qoyulur. Rusiyada isə mütəxəssislərin “yaş diapazonu”nun olduqca dar olduğu ilə bağlı problem var. 30 yaşadək onların təcrübəsi olmur, 40 yaşdan sonra isə təcrübə olur, lakin ixtisasın özü inkişaf etməkdə olan informasiya cəmiyyətinin tələblərindən artıq geridə qalır. Bilik əldə etmək, haradasa ixtisasın yüksəldilməsi üçün kurslarda hazırlıq keçməyə işçinin öz pulu yoxdur, büdcə və yaxud korporativ pullar da bu şeylərə yönəldilmir”.
Rusiya EA İqtisadiyyat İnstitutunun baş elmi işçisi Nikita Kriçevski də hesab edir ki, nazir Oreşkinin əməkqabiliyyətli əhalinin sayca azalması haqda bəyanatı hökumət üzvlərinin pis işindən xəbər verir. İqtisad elmləri doktorunun bildirdiyi kimi, bu cür bəyanatlar ona vaxtsız “Canavar, canavar!” bağıran çoban haqda nağılı xatırladır. Nikita Kriçevski deyir: “Nazir deyir ki, bizdə əməkqabiliyyətli əhali azalır. Bəs sonra?.. Bunu müstəqil mütəxəssis kimi mən də bəyan edə bilərdim, sonra isə mənim səlahiyyət və səriştəm bitir. Mən təhlükələri, çağırışları göstərirəm, sonra isə buna görə maaş alanlar reaksiya verməlidirlər. Cənab Oreşkin növbəti addımla azalmanın variantlarını, iqtisadiyyata mənfi təsirinin cüziləşdirilməsini tapmalıydı. O deməliydi: biz filan- filanı etməyi qət etmişik. Amma ondan bunu eşitmirik. Əvəzində təkcə bizim nazirin səriştəli və ixtisaslı olduğunu göstərməyi nəzərdə tutan effektli tezis eşidirik ki, bu da əslində belə deyil. Ona görə belə deyil ki, iqtisadiyyatda dövlət idarəçiliyi tələb edir ki, planlar qurub onu gerçəkləşdirmək lazımdır. Bizdə isə İqtisadi İnkişaf Nazirliyi reaksiya verməklə məşğul olur. Budur, nəsə baş verib və idarə yalnız bu zaman əks tədbirlər görməyə başlayır”.
Ekspertin fikrincə, Oreşkinin bəyanatı son dərəcə küy-kələkçi görünür. Əməkqabiliyyətli əhalinin sayı, doğrudan, azalır, amma eyni zamanda o cümlədən avtomatlaşdırma və kompüterləşdirmənin sayəsində işçilərin azad edilməsi baş verir.
Kriçevski xatırladır ki, artıq Rusiya iqtisadiyyatının böyük hissəsini xidmət təşkil edir, azixtisaslı işlərlə isə mühacirlər məşğuldurlar. İqtisadçı qeyd edir: “Dünən çilingər və xarrat lazım olan yerdə bu gün hər şeyi avtomatika edir. On il qabaq təyyarə və yaxud qatara bilet almaq üçün kassaya getməliydiniz, indi isə bunu İnternetdən və yaxud mobil telefondan edə bilərsiniz. Bunun nəticəsində nə qədər adam azad olunub? Bəs hazırda bankların lisenziyasının geri çağırılmasıyla nə qədər adam azad edilir? Yəqin ki, on minlərlə. Buna görə də, əksinə, iş axtaran adamların meydana çıxmasından əmək bazarında əlavə təzyiq görürük”.
Ekspertin gümanına görə, “qorxuducu” bəyanatlar nazirlərə öz işlərinin mənfi nəticələrinə, iqtisadiyyatın inkişaf tempinin tənəzzülünə haqq qazandırmaq üçün lazımdır.
Qabaqcıl iqtisadiyyatlarda artıq avtomatlaşmadan deyil, istehsalın robotlaşdırılmasından danışıldığı və iş yeri tapılmayan adamlar üçün qeydsiz-şərtsiz baza gəlirinin tətbiqi haqda düşündükləri bir vaxtda Rusiyada hökumət işçi qüvvəsinin qıtlığından şikayətlənir. Əlbəttə, çala ekskavatorla deyil, əllə qazılsa, xeyli işçi qüvvəsi lazımdır. Lakin əl əməyindən aralanmaq üçün hələ ekskavator istehsal etmək və adamlara onda işləməyi öyrətmək lazımdır… Dedikcə çətin işdir.
Rusiya məmurları bunun əvəzinə xaricdən qara fəhlə gətirmək və hətta kürəkləri qocalara sırımaqdan ötrü təqaüd yaşını artırmağa üstünlük verirlər.
Tərcümə Strateq.az-ındır.