XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Oktyabr 2017 - 14:35

Moskva Ankaraya badalaq gəlir:“Türkiyəyə S-400  texnologiyası verilməyəcək” – Təhlil

Zeynəb Gürcanlı

Sözcü (Türkiyə), 02.10.2017

*****

Məlum olduğu kimi, prezident Rəcəb Tayib Ərdoğan İraqın şimalında müstəqillik haqda referendumdan sonra bildirib: “Görünür, Bərzani barəsində yanılmışıq”…

Lakin daha bir bəyanat yaxınlaşır: “aldanmışıq, görünür, səhv etmişik”…

Və çox ehtimal ki, “görünür, aldanacağımız” yeni adam Ərdoğanın “dostum” dediyi Rusiya lideri Vladimir Putin olacaq. Bu durumun bütün siqnalları Putinin Türkiyə səfərinin gedişində Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında verilib. Ərdoğan “İraq və Suriyanın ərazi bütövlüyü haqda məsələdə tam razılaşmanın” mövcudluğundan danışıb. Putin bu mövzuya birbaşa toxunmayıb. Əvəzində Rusiya Xarici İşlər Nazirliyinin bu məsələ üzrə verdiyi açıqlamaya isnad edib. Rusiya XİN-nin həmin bəyanatında isə belə bir cümlə var idi: “Rusiya kürdlərin müstəqillik səylərinə sayğı bəsləyir”.

Amma bu, hələ hamısı deyil…

Putinin mətbuat katibi Dmitri Peskov Ərdağanın “tam razılaşma” barədə bəyanatından sonra daha bir açıqlama verib. Peskov deyib: “Putinlə Ərdoğan arasında İraq Kürdüstanı bölgə administrasiyasının keçirdiyi referendum məsələsi üzrə önəmli fikir ayrılığı yoxdur”.

Diqqət yetirin, mətbuat katibinin bəyanatı göstərib ki, bu məsələlər üzrə “önəmli” olmasa da, “fikir ayrılıqları” var. Başqa sözlə, Ərdoğanın İraq məsələsində “tam razılaşma” haqda bəyanatı izi itməyə macal tapmamış boş söz çıxıb.

Suriya məsələsi isə…

Ərdoğan və Putinin danışıqlar apardığı saatlarda Suriyadan da mühüm bəyanat gəlib. Əsəd asdministrasiyasının əsas adamı, xarici işlər naziri Valid Müəllim deyib: “Kürdlərlə özünüidarə haqda danışıqlar aparmağa hazırıq”.

Rusiya sayəsində duruş gətirmiş Əsəd administrasiyası eyham vurub ki, İŞİD-in məğlubiyyətindən dərhal sonra Türkiyənin Ədalət və İnkişaf partiyası (ƏİP) hökumətinin imkan düşən kimi terrorçular adlandırdığı “Demokratik Birlik” Partiyası (PYD)/Xalq özünümüdafiə dəstələri (YPG) ilə danışıqlar masası arxasına əyləşə bilər.

Ərdoğanın Putinə şəxsən dəfələrlə şikayətləndiyinə baxmayaraq PYD-nin Moskva ofisi indiyədək açıqdır. Rusiya hərbçiləri isə PYD/YPG-nin nəzarət etdiyi Afrin kantonunda əvvəlki kimi patrulluq edirlər. Beləliklə, Suriya məsələsində də Ankara və Moskva arasındakı “tam razılaşma”dan söhbət salmaq qeyri-gerçəkçilikdir. Bütün bunları nəzərə almaqla deyərdim: gözləyin, deyəsən, yeni “görünür, mən yanılmışam” və yaxud “bizi aldadıblar” bəyanatı uzaqda deyil…

S-400-lə bağlı Rusiya ilə böhran?

S-400 “Triumf” zenit raket kompleksləri

Hamı gözləyirdi ki, Ərdoğan və Putin birgə mətbuat konfransında S-400 raketləri üzrə saziş haqda bir neçə cümlə deyəcəklər. S-400 kimi müasir müdafiə sistemi texnologiyalarının NATO üzvü Türkiyəyə verilməsinin ayrıntılarıni mübaliğəsiz bütün dünya bilmək istəyirdi.

Amma biz deyən olmadı… Nə Ərdoğan, nə də Putin bu mövzunu qaldırıb. Amma Ərdoğan əvvəllər hətta S-400-dən danışıb: “Biz beh vermişik”.

S-400 üzrə bu cür ən önəmli məsələ açlıqlanmayıbsa, nə baş verib? Bu haqda məlumat Putinin səfəri başa çatdıqdan dərhal sonra Rusiya tərəfdən sızıb… Moskva S-400-ün texnologiyasını Türkiyəyə verməkdən imtina edib. Yəni Moskva 2,5 milyard dollara yaxın sazişi yalnız “adi raket satışı” sayıb və sonradan istehsal və yaxud hətta bu silahın təkmilləşdirilməsi ilə nəticələnməli olan texnologiyanı verməkdən imtina edib.

Moskvanın bu cür mövqeyi isə ƏİP hökumətini qəliz duruma salıb. Axı Ərdoğan administrasiyası əvvəllər bildirmişdi: “Biz Çinlə anlaşmışıq. Çin raketləri və texnologiya alacağıq”.

Sonra isə bu niyyətdən imtina etmişdi.

İndi S-400 üzrə də bənzər durumdan söhbət gedir. Yaxşı, bəs “beh” necə olacaq? Bunu prezident sarayından soruşmaq gərəkdir…

Tərcümə Strateq.az-ındır.