XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

11 Oktyabr 2017 - 19:19

“Amerikanın müttəfiqi olan köhnə Türkiyə artıq yoxdur”-ABŞ dövlət katibinin keçmiş müavini yazır

ABŞ dövlət katibinin keçmiş müavini Filip Qordon bildirib ki, amerikalılar Türkiyəni arzu etdikləri kimi yox, onun bu gün olduğu kimi qəbul etməlidirlər.

Bu barədə o, "Financial Times" qəzetində yazıb. Qordon yazır ki, o Obama administrasiyasında dövlət katibinin Avropa üzrə müavini portfelini qəbul edəndə, xarici siyasət üfüqlərində ən parlaq nöqtələrdən biri də Türkiyə idi.  Onun yazdığına görə, Türkiyə müsəlman çoxluğuna, enerjili liderə, artan iqtisadiyyata və genişlənən media azadlıqlarına malik bir ölkə kimi ümid verirdi. Bu ölkə Əfqanıstan, İraq və Yaxın Şərqdə sülhün bərqərar edilməsi cəhdlərində ABŞ və Avropa İttifaqı ilə çiyin-çiyinəydi. Qordonun yazdığına görə, Obama sevinirdi ki, müsəlman ölkəsinin həm də qərbyönlü demokratiya olması mümkündür. Prezident Türkiyə məclisi qarşısında etdiyi çıxışda demişdi ki, ABŞ və Türkiyə "tərəfdaşlığın modeli" ola bilər: "Bu gün, həmin çıxışdan on ildən də az zamanın keçdiyi bir vaxtda o baxış tamamilə alt-üst olub və münasibətlər təmirə gəlməyəcək dərəcədə korlanıb" – deyə Qordon yazıb.

O qeyd edir ki, ABŞ-ın, elə Ərdoğan kimi sərt kişi olduğu düşünülən yeni prezidenti Trampın vəziyyəti düzəldəcəyinə ümidlər tez bir zamanda puça çıxıb. Əksinə, iki dövlət öz təhlükəsizlik maraqlarının nə qədər fərqli olduğunu başa düşür. Məqalədə deyilir ki, iki müttəfiq arasındakı ən son qarşıdurma Türkiyədə çevriliş cəhdi sonrası Ərdoğan tərəfindən aparılan repressiya kampaniyasının əsnasında getdikcə artan sayda ABŞ vətəndaşının da həbs edilməsinə görə başlanıb.

Amerikanı ən çox narahat edən budur ki, Vaşinqtonun fikrincə, Ərdoğanın bu həbslərdən məqsədi müsəlman vaiz Gülənin dəyiş-düyüş edilməsi üçün alış-veriş subyekti yaratmaqdır.

Ötən həftə Türkiyə ABŞ konsulluğunun bir əməkdaşını həbs edəndən sonra Birləşmiş Ştatların səfirliyi türklərə viza verilməsini dayandırıb. Bu gərginliyin eskalasiyası iki müttəfiq arasındakı uçurumu daha da dərinləşdirəcək.

Ərdoğan və bir çox türklər qəzəblidirlər ki, amerikalılar çevriliş cəhdini və onun arxasında Gülənin durmasını tam ciddiliyi ilə qəbul etmirlər. Amerikalılarsa inanırlar ki, əsl problem Ərdoğanın avtoritarlığında və onun çevriliş cəhdinin ardınca keçirilən repressiyalarda öz siyasi opponentlərini məhv etmək niyyətindədir.

Qordon yazır ki, iki ölkənin regional təhlükəsizlik maraqlarında da kəskin ixtilaf yaranıb. Vaşinqtonu daha çox İŞİD-lə, Türkiyəni isə Suriya və İraq kürdləri ilə mübarizə maraqlandırır.

ABŞ İŞİD-in süqutundan sonra Suriyada yaranacaq boşluğun İran tərəfindən doldurulmasını istəmir və çox güman ki, kürdlərə dəstəyini bundan sonra da davam etdirəcək.

Qordon yazır ki, Türkiyənin “Həmas”, Misirin “Müsəlman Qardaşlığı” və Liviya silahlılarını dəstəkləməsi, onun Qətərlə hərbi əməkdaşlığının artması, NATO-nu rədd edib Rusiyadan raket sistemləri alması Ərdoğanın Amerikadan küskünlüyünün nümayişidir. Lakin bu, eyni zamanda iki ölkə arasındakı uçurumu daha da dərinləşdirir.

Məqalədə deyilir ki, Ərdoğan və onun partiyası Amerikaya nifrət hissini körükləyir və təsadüfi deyildir ki, Pew mərkəzinin keçirdiyi rəy sorğusuna görə, bu gün türklərin yalnız 13 faizi ABŞ-ın ideyalarına etimad göstərir, 72 faiz isə onun qüdrətini təhlükə sayır.

Qordon yazır ki, amerikalılar başa düşüləcək bir tərzdə bu reallıqları görməməzliyə vurmağa çalışırdılar. Lakin indi bunun işə yaramadığını görürlər. Bu isə o deməkdir ki, heç bir illiyuziyasız-filansız, mümkün olan sahələrdə əməkdaşlıq etmək, lakin Ərdoğanın ABŞ vətəndaşlarını məhbus etdiyi kimi hallarda sərtlik göstərmək lazımdır.

Qordon yazır ki, ötən avqustda məhbusların dəyiş-düyüşü ideyası ortalıqda olanda, Ərdoğan öz partiyasının mitinqində uca səslə elan etmişdi: "Daha köhnə Türkiyə yoxdur. Bu yeni Türkiyədir!" O haqlıdır və ABŞ da "yeni Türkiyə" ilə onun davrandığı kimi rəftar etməlidir. (BBC)




Yuxarı Əvvələ Ana Səhifə