XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

01 Yanvar 2016 - 11:24

BBC: 2016-cı ilin başlıca hadisələri dünyaya nələr vəd edir? – Proqnozlar

Həyatdakı olaylar və dəyişimlər təqvimə bağlı olmadan baş verir. 1 yanvar şərti tarixdir. Lakin madam ki, onu hansısa bir hədd saymağı qət etmişik, gələcəyə proqnozlarsız ötüşmək olmur.

ABŞ-da prezident seçkiləri

Britaniyanın Independent qəzeti məqalələrinin birində qeyd edir: “Bir halda ki, Birləşmiş Ştatların prezidenti bütün bəşəriyyətin həyatına bu qədər təsir edir, onda onu təkcə amerikalılar seçməməlidirlər”.

Əlbəttə, bu, bir zarafatdır. Lakin 2016-cı il noyabrın ilk bazar günündən sonra baş verənlər, doğrudan da dünya əhəmiyyətli olacaq. İndiki seçkilərin əlavə intriqası namizədlər içində xarici siyasət və mühacirət məsələləri üzrə çıxışları intellektualları şoka salan, publikanın bir qisminə xoş gələn respublikaçı Donald Trampın varlığıdır.

Rusiyada Trampı üslubuna görə bəzən Vladimir Jirinovski ilə müqayisə edirlər, lakin hər halda Jirinovski radioaktiv tozu qonşulara püləməkdən ötrü sərhəddə nəhəng ventilyatorlar quraşdırmağı və yaxud 80 kq-dan artıq çəkisi olan məmurları işdən azad etməyi təklif etmir.

Sorğulara görə, Tramp hələlik 12 respublikaçı namizəd içində ən populyarıdır.

Rusiya beynəlxalq məsələlər üzrə şurasının baş direktoru Andrey Kortunov hesab edir ki, “Respublikaçı elita ona inamır, lakin aşağıdan basqını durdurmaq olduqca çətin olacaq“.

Ekspertlər qeyd edirlər ki, orta amerikalı kollektiv Vaşinqtonla bağlı hər şeyi sevmir və zaman-zaman ona “Peşəkar siyasətçilər hər şeyi qəsdən qəlizləşdirir, vətəndaşları aldadıb oynadır, üç yazırlar, amma beyinlərindəki ikidir, mən isə sizin adamam, düşündüyümü danışıram və həmişə ən yaxşı qərar sadə qərardır” deyənlərə aludə olur.

Lakin analitiklər düşünməyə meyllidirlər ki, respublikaçılar Trampı irəli verib-verməsələr də, ABŞ-ın 45-ci prezidenti Hillari Rodem Klinton olacaq. O, artıq 20 ildən çoxdur ki, dünyaya birinci ledi, senator, dövlət katibi rolunda tanışdır.

Kortunov deyir: “Əsas mövzular təhlükəsizlik, terrorizm, xarici siyasət olacaqsa, onda respublikaçının ümidi var. Lakin seçkiqabağı kampaniyanın əsas mövzusu həmişəki kimi iqtisadiyyat olacaqsa, qələbə çalmağa demokratların böyük şansı olacaq. Ştatlar iqtisadi baxımdan özünü qismən pis hiss etmir və bu, demokratların işinə yarayacaq”.

1990-cı illərdə respublikaçılar arasında bir lətifə məşhur idi: “Nə prezident Klintondan xoşumuz gəlir, nə də əri Billdən”.

İndi, deyəsən, bu, həyata keçəcək və ABŞ-da ilk qaradərili prezidentin ardınca ilk qadın prezidenti seçəcəklər. özlüyündə tarixi hadisədir. Jurnalistlər artıq təxmin edirlər ki, bu halda Bill Klintonu necə adlandıracaqlar: Birinci centlmen?

Həmçinin qeyd etmək lazımdır ki, səsverməyə bir həftə qalmış Hillari Klintonun 69 yaşı tamam olacaq. Belə yaşda birinci müddətə yalnız Ronald Reyqan seçilmişdi.

Mütəxəssislər işarə edirlər ki, rusiyalıların əksəriyyətinin Barak Obamanı iblisləşdirmək və lağa qoymaq meyli məsələni anlamamaqla bağlıdır. Əslində, Obama II dünya savaşı bitəndən bəri Ağ Evdə ən böyük “göyərçin”dir. Növbəti prezident istər Hillari Klinton, istərsə də respublikaçılardan Ted Kruz, Marko Rubio və ya Ceb Buş olsa da, ehtimal ki, Kremlə münasibətdə daha sərt mövqe tutacaq.

Təkcə Tramp dəfələrlə deyib ki, Putinlə dil tapmağı bacarar – düzdür, dəqiqləşdirməyib ki, necə və hansı şərtlərlə.

Putin dekabrın 17-də jurnalistlərlə təmasda olarkən Trampı “prezident qovğasının mütləq lideri” adlandırdı, lakin respublikaçılardan onun namizədliynin irəli  sürüləcəyi hələlik yəqin deyil – hələ prezident seçiləcəyini demirik.

Kortunov qeyd edir: “Tramp ağ vərəqdən başlayar, heç bir öhdəlik və əvvəlki qərarlarla bağlı olmaz, yeni adamlar seçərdi. Digər tərəfdən, o, nüfuzlu, parlaq fərdiyyətli siyasətçidir. Bu isə, digər yöndə işləyə bilər: Putinlə Ərdoğanın münasibətlərini xatırlayaq”.

 

Suriya

Yetərincə böyük ehtmalla öncədən demək olar ki, Suriyada son bir neçə ildə davam edən böhran 2016-da başa çatmayacaq. 

Rusiya EA Şərqşünaslıq İnstitutunun Ərəb və İslam Araşdırmaları Mərkəzinin rəhbəri Vasili Kuznetsov qeyd edir:“Biz necə vərdiş etsək də, İŞİD ümumiyyətlə, dövlət deyil”.

Rəqibin nə dağıdılmalı mürəkkəb infrastrukturu, nə alınmalı həyatönəmli mərkəzləri, nə də hamının qəbul etdiyi liderinin nümayişkaranə şəkildə uşurulası heykəli var. Onunla müharibə – kəsilmiş başın yerində üçü göyərən əjdaha ilə savaşdır. Lakin Suriya prezidenti Bəşər Əsədin mövqeyi də laxdır.

Aparıcı ərəbşünas Georgi Mirski deyir: “Mən əsla inanmıram ki, Suriyada nəyəsə gətirib çıxarası seçkilər keçirmək mümkün olar. Bu gün baş verənlərdən çıxış etməklə demək olar ki, Rusiyanın dəstəyi ilə Suriya ordusunun bütün düşmənləri qovacağı da, olduqca cürətli ehtimaldır”.

Yaxın Şərq münaqişələrinin monitorinqi üzrə mütəxəssis Leonid İsayev razılaşır: “Suriya cəmiyyətinin tənəzzülü qırmızı xətti keçib“.

Mirski xatırladır: “Bütün müxalif qruplar məsələni qəti və sərt şəkildə qoyur: nə qədər ki, Əsəd hakimiyyətdədir, siyasi nizamlamadan söhbət gedə bilməz. Bununla belə, onlarla sazişə gəlmək üçün vahid mərkəzləri də yoxdur”.

çox güman ki, bütün 2016-cı ilboyu hər şey əvvəlki kimi qalacaq.  Rusiya təyyarəçiləri məşq ed
ərək, gündəlik pullarını qazanacaq, qalan camaat öz işi ilə məşğul olacaq, Kreml dünyanın işlərinə fəal şəkildə qarışdığını sərgiləyəcək.

 

Ukrayna

Müşahidəçilərin əksəriyyətinin proqnozlarına görə, Ukraynada həyat coşqun olacaq, lakin nə yeni Maydan, nə də Donbasda müharibə baş verəcək. İqtisadi durum mürəkkəb qalacaq. Ekspertlərin bir qismi suveren Ukraynanın bütün tarixi ərzində ilk dəfə 2016-da balanslaşdırılmış büdcənin qəbul edildiyinə işarə edərək  qarşıdakı ilin sonunda və yaxud 2017-də böhrandan çıxılacağını ehtimal edir.

İndiyədək görülən qarşılıqlı işlər nəzərə alınmaqla ehtimal etmək olar ki, ukraynalılar bu il Avropaya vizasız gedib-gələcəklər.

 

Neft

Proqnoz, əsasən, birdir: Enerji daşıyıcıları ucuz olaraq qalacaq.

Yeni il ərəfəsində Brent markalı neftn qiyməti hər barrelə görə, 37 dollardan aşağı düşdü – bu, son 11 ildə ən aşağı səviyyədir.

OPEK 4 dekabr toplantısında hasilatın azaldılması haqda qərar qəbul etmədi. Bu ilin əvvəlindən öncələr sanksiyalara görə ixracı mümkünsüz olan İran nefti bazara çıxmalıdır.

Rusiyanın 2016-cı il büdcəsi bir barrel neftin 50 dollara olacağına görə tərtiblənib, lakin yüksəkvəzifəli məmurlar artıq dekabrda 40 dollardan (maliyyə nazirinin müavini Maksim Oreşkin), hətta 35 dollardan (Mərkəzi bankın rəhbəri Elvira Naibullina) danışdılar.

Bank of America-nın analitklərinin fkrincə, neft hasilatının maya dəyərinin aşağı olduğu Səudiyyə Ərəbistanı həm Birləşmiş Ştatların şistli neft hasilatçılarına, həm də digər ənənəvi tədarükçülərə qarşı qiymət müharibəsi aparır.

Həm də şistli neft hasilatı 60 dollaradək qiymətlə rentabelli olur, ona görə də qiymət yaxın gələcəkdə bu göstəricidən yuxarı çətin qalxar.

Maliyyə analitiki Valeri Vaysberq qeyd edir: “Ənənəvi sənaye xammalı xarici ticarət potensialını tükədib”.

 

Rusiya

VII çağırış Dövlət Dumasına seçkilər 2003-dən bəri ilk dəfə qatışıq siyahı ilə keçiriləcək: yarısı partiya siyahısı, yarısı isə birmandatlı dairələr üzrə.

Analitiklər şübhə etmirlər ki, “Vahid Rusiya” parlamentdə əksəriyyəti qoruyub saxlayacaq. Başlıca qeyri-müəyyənlik bundan ibarətdir ki, hökumət Xalq Azadlığı Liberal Partiyasına (Parnas) seçkilərə qatılmaq imkanı verəcəkmi? Hökumət son anda qanunvericiliyi elə dəyişər ki, “Parnas”ı seçicilərin imzasını toplamağa məcbur edər.

“Parnas”la Aleklsey Navalnı səsləşir. Mövcud qanunvericiliyə görə, o təkcə namizədliyini irəli sürmək deyil, həm də seçkiöncəsi debatlarda iştirak etməkdən məhrumdur. Bununla belə, o, partiyanın lokomotividir və eyni zamanda Kremli güclü şəkçildə qıcıqlandırır.

Politoloq Dmitri Oreşkin hesab edir: “Hökumət bir yöndə işləyir və bu, “qaykaların bərkidilməsi” adlanır. Durum ona görə mürəkkəbləşir ki, iqtisadiyyat artıq tam saya oturub. Tənqidçilər və narazılar çoxalacağından hökumət daha da sərt davranacaq“.

 

Artyom Kreçetnikov

bbc.com, rus xidməti,  01.01.2016