XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

16 Oktyabr 2017 - 10:24

Avropa İttifaqı Türkiyə ilə münasibətlərini müzakirəyə çıxarır –Sammitdə üzvlüklə bağlı hansı qərarlar qəbul olunacaq?

Avropa İttifaqına üzv ölkələr Türkiyənin təşkilata üzvlüyü ilə bağlı son rəylərini bildirməlidirlər və onlardan bir çoxunun Ankara ilə gərgin münasibətləri Türkiyəni ona üzvlük səyləri ilə bağlı ayrılmış 1 milyard avrodan məhrum edə bilər.

BBC radiosunun məlumatına görə, bu barədə "Financial Times" qəzeti bugünkü sayında yazıb. Məqalədə deyilir ki, bu həftə keçiriləcək sammitdə Türkiyə ilə üzvlük danışıqlarının dondurulması və ya birdəfəli ləğvi barədə qərar gözlənilmir. Türkiyənin üzvlük məsələsi ilə bağlı Aİ sammiti Almaniya kansleri Anqela Merkelin təşəbbüsü ilə çağırılıb.

FT yazır ki, Aİ hökumətləri Türkiyədə davam edən təqiblərdən və Avropa vətəndaşlarının həbslərindən qəzəblidirlər. Lakin bəziləri Ankara ilə bağlanmış miqrant sazişinin pozula biləcəyindən ehtiyatlanırlar. Türkiyə bu sazişə əsasən öz üzərinə Avropaya miqrant axınının dayandırılmasını götürüb.

Bir Aİ diplomatı deyib ki, söhbət "tam və səmimi" olacaq. Almaniya başda olmaqla bir sıra Avropa ölkələri Türkiyəyə dair müzakirələrin ictimaiyyət üçün açıq olmasını istəyir. Başqa bir Aİ diplomatı isə FT-yə deyib: "Türkiyə ölkədə insan haqlarının vəziyyəti və qanunun aliliyi məsələsində Avropadan aralanmaqda davam edir. Bu elə bir situasiyadır ki, Avropa ona Türkiyə-Aİ münasibətlərinin, üzvlük məsələsi də daxil bütün aspektlərini nəzərdən keçirməklə cavab verməlidir".

Diplomatlar bildiriblər ki, Avropa İttifaqı ilə Türkiyə arasında əldə edilmiş razılaşmaya görə, Türkiyəyə üzvlük üçün islahatların keçirilməsi məqsədilə 4 milyard avro verilməsi məsələsi debatların əsas mövzusu olacaq. FT yazır ki, ən pis halda Türkiyəyə 2020-ci ilədək hər il 600-700 milyon avroluq tranşlarla verilməli olan təzminatın dörddə üç nisbətində ixtisarı baş verə bilər. Söhbət ilk növbədə infrastrukturun və kənd təsərrüfatının inkişaf etdirilməsi üçün ayrılan pullardan gedir. Türkiyəyə münasibətdə ən yumşaq variant yalnız hökumətin QHT-lərinə veriləcək pulun kəsilməsi olardı.

FT yazır ki, bu sammitin keçirilməsi planları Türkiyə prezidenti Ərdoğanla Almaniya kansleri Merkel arasında münasibətlərin nə dərəcədə gərgin olduğunu göstərir. Almaniyada ötən seçki kampaniyası zamanı xanım Merkel Türkiyənin Aİ-yə üzv qəbul edilməməsinə çağırmışdı. FT yazır ki, Avropa İttifaqının danışıqları həm də Ankara-Vaşinqton münasibətlərinin son dərəcə gərgin dönəminə təsadüf edir. ABŞ səfirliyi İstanbuldakı konsulluğunda bir əməkdaşın həbsi ilə bağlı Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna cavab olaraq ABŞ-dakı Türkiyə səfirliyi də eyni addımı atıb.

Bəzi Avropa ölkələri narahatdırlar ki, Avropaya qaçqın axınını dayandırmalı olan NATO üzvü Türkiyə ilə eyni gərginlik yaşana bilər. Məqalədə deyilir ki, hətta Ankaranın ən kəskin tənqidçiləri də Avropa İttifaqı daxilində Türkiyə ilə rəsmi danışıqların tam dayandırılmasını istəyənlərin çoxluğa malik olmadığını bilirlər.

Bu danışıqlar bütün hallarda hazırda dalana dirənib. Bir Avropa diplomatı deyib ki, bu sammitdə iki yoldan biri seçilə bilər: "ya sadəcə olaraq narahatlıqların mövcud olduğunun qəbul edilməsi" və ya Ankaraya qarşı bundan daha sərt addımlar.

Avropa ölkələrindən bəziləri Türkiyəyə veriləcək pulun kəsilməsini münasib variant sayırlar. Onların fikrincə, bu puldan miqrant probleminin həlli üçün istifadə oluna bilər. 2016-cı ildə bağlanmış miqrant sazişinə görə, Türkiyə Yunanıstan adalarına gəlmiş qaçqınları qəbul etməyə razılıq verib. Bu razılaşmaya əsasən, əgər Türkiyə öhdəliklərini yerinə yetirərsə, 2018-ci ilin sonunadək Ankaraya 3 milyard avro ödənilməsi nəzərdə tutulub.

FT yazır ki, Ankara Aİ üzvlüyünə qəbul üçün ayrılmış pulun kəsilməsini böyük bir ehtimalla Aİ-nin Türkiyəyə qarşı düşmən hərəkəti kimi təqdim edəcək. Ola da bilsin ki, Ankara bu pulun onun böyük iqtisadiyyatı qarşısında "heç nə olduğunu" deyərək özünü qərara məhəl qoymamış kimi aparsın. Avropa İttifaqında gələn həftə bu sammitdən heç də az əhəmiyyəti olmayan başqa bir hadisə də gözlənilir.

Avropa Komissiyası Türkiyənin üzvlük islahatları sahəsində tərəqqisinə dair hələ aprel ayında hazırlanmalı olan hesabatı bu həftə açıqlayacaq.