XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

02 Yanvar 2016 - 13:54

Antitürk sanksiyaları: Rusiyada onlarla müəssisə tədarüksüz qalıb, bəziləri isə işini dayandırmalı olub – Təhlil

Rusiyanın Türkiyəyə qarşı sanksiyaları qüvvəyə mindi.

Məişət texnikası üçün komplektləyicilər, avtoehtiyat hissələri, türk parçaları – bütün bu yüklər Rusiya zavodlarına yetişə bilmir. Bununla belə, türk mallarının hələ yanvarın 1-dək Rusiya bazarına girişində problemlər var idi. Sankt-Peterburq şəhər Sənaye siyasəti və İnnovasiyalar üzrə Komitəsinin sədri Maksim Meyskin bildirib ki, noyabrın sonundan türk mallarının gömrük postlarında sənədləşdirilməsindəki ləngimələr nəticəsində, şəhər ətrafındakı zavodlar məişət texnikasının yığılması üçün komplektləyicilər və avtokomponentlər əldə edə bilmir.

Onun sözlərinə görə, onlarla müəssisə tədarüksüz qalıb, bəziləri isə işini dayandırmalı olub.

Gömrükxana brokerləri – yük sahibləri ilə gömrük xidməti arasındakı  vasitəçi şirkətlər yüklərin ləngiməsi haqda həvəssiz danışır. Türk yüklərinin dənizlə çatdırıldığı Novorossiyskdə şirkətlərdən birinin  rəhbəri DW-ə bildirib ki, “Təyyarə vurulandan dərhal sonra yüklər saxlanıldı, amma indi buraxırlar”.

Lakin Moskva firmasının təmsilçisinin məlumatına görə, gömrükxanada xeyli sayda türk malları ilişib qalıb: “Həmkarlarımız deyirlər ki, işlər pisdir, hər şey dayanıb”.

Rusiya ticarət şirkətləri və məişət və kompüter elektrik texnikası  istehsalçıları birliyinin təmsilçisi Anton Quskov DW-ə deyib ki, “Gömrük postlarındakı süründürməçilikdən birinci növbədə məişət texnikası istehsalçıları zərər çəkib. Əksəriyyəti ya istehsalı dayandırıb, ya da çətinliklə işləyir”.

Onun sözlərinə görə, Türkiyə Rusiya bazarına hazır məişət texnikası və lokal istehsal üçün komplektləyicilərin ən mühüm tədarükçülərindən biridir.

Quskov qeyd edir ki, Rusiyada istehsal edilən soyuducu, paltaryuyanlar və mikrodalğalı sobaların 15-20%-nin komplektləyiciləri Türkiyə mənşəlidir. Onun fikrincə; 

“Buna görə də münasibətlərin mürəkkəbləşməsi nəticəsində sərhəddəki çətinliklər daxili bazara güclü zərbə vurur”.

Gömrükxana “yaxşı” deyir, lakin…

Meyksin “RBK” telekanalına müsahibəsində deyib ki, Sankt Peterburq ətrafındakı Bosch-Siemens zavodu komplektləyicilərin saxlanması üzündən dekabrın 9-da paltaryuyan maşınların istehsalını dayandırıb. Onun sözlərinə görə, dekabrın 14-dən isə soyuduculaırn istehsalını da dayandırmalı olublar. Zavod sahibi BSH Bosch und Siemens Hausgeräte şirkətinin Münhendəki baş ofisində durumu şərh etməkdən imtina etdilər.

Peterburq nəşri “Фонтанка. ру” Meyskindən sitat gətirir: Dekabrın 15-ə olan məlumata görə, yüklərin gömrükxana sənədləşməsi başlanmışdı və yeni süründürmələr olmasaydı, zavod növbəti həftə konveyeri işə sala bilərdi.

Federal gömrük xidmətində (FGX) əmin edirlər ki, Türkiyədən gələn yüklərin sənədləşməsi zamanı heç bir yubadılma baş vermir. İdarədən DW-nin sorğusuna cavab verdilər ki, “Türkiyə malları Rusiya gömrükxanalarına daxil olur və müəyyən edilmiş qaydada buraxılır.  Tez xarab olan mallar və ölkə sənayesinin müəssisələri üçün komplektləyicilər Rusiya gömrükxanasından gömrük baxışı olmadan keçir”.  

FGX-dən əlavə edirlər ki, qalan mallar qanunla nəzərdə tutulmuş müddətdə gömrükxana nəzarətindən keçir.

Düzdür, Peterburq zavodlarından birinin təmsilçisinə isnad edən fontiki.ru-nun məlumatına görə, yüklərin bir hissəsi hətta gömrükxanaya çatmır, çünki sərhəddə yük maşınlarının böyük növbəsi yaranıb.

Avtomobuil həvəskarları və dəbbazlar zərbə altındadır

Rusiyanın avtosənayesi də Türkiyənin ehtiyat hissələrindən asılıdır. Gömrükxanada saxlanmış yüklərin içində Sankt-Peterburqdaki Toyota zavodu üçün konteynerlər var.  Lakin daha çox avtomobil istehsalçısı ziyan çəkə bilər.

Ernst & Young avtomobil sahəsinin analitiki Andrey Tomışev qeyd edir ki, bütün Rusiya üzrə 15 avtomobil zavoduna Türkiyə komponentləri tədarük olunur.

Rusiya-Türkiyə münasibətlərinin kəskinləşməsi Rusiyanın yüngül sənayesinə mənfi təsir göstərə bilər. çünki Türkiyə Rusiyanın geyim istehsalçıları üçün iri parça tədarükçüsüdür.

Fashion Consulting Group-un kommersiya direktoru Anuş Qasparyan bildirir ki, Rusiyaya tədarük edilən bütün parçaların 12,5%-i Türkiyənin payına düşür. Vaxtlı-vaxtında tədarük geyim istehsalçıları üçün həlledici önəm kəsb edir: “İstehsal – sazlanmış prosesdir. Parça vaxtında gəlməsə, onda bütün silsilə çökəcək”.

Qasparyanın sözlərinə görə, istehsalçılar qeyri-müəyyənlik şəraitində digər bazarlarda alternativlər axtarmaq məcburiyyətindədirlər ki, bu da əlavə məsrəflərə səbəb olacaq.

Ekspert xəbərdarlıq edir ki, bu, alıcılar üçün məhdudiyyətlərin dolayı nəticəsi kimi geyimlərin qiymətinin artımı demək olacaq.

Qasparyan fikrini yekunlaşdırır: “Sınaqdan çıxmış tədarükçülərin təcili dəyişdirilməsi zərurəti keyfiyyətli məhsulun rublla qiymətinin artımını davam etdirəcək”.

İstehlakçılar nə hiss edirlər?

Ali İqtisadiyyat Məktəbinin professoru Aleksey Portanski əmindir ki, iki ölkənin ticari-itisadi münasibətlərinin mürəkkəbləşməsi Rusiya istehlakçıları üçün hiss olunmadan ötməyəcək. O, DW-ə müsahibəsində bildirdi ki, AB ölkələrindən məhsullara münasibətdə sanksiyalar təcrübəsi artıq göstərib ki, istehlak bazarı bu cür tədbirlərdən güclü zərər görür.

Ekspert vurğulayır: “Heç bir idxalat əvəzlənməsi təcili baş vermir. Sazlanmış tədarükləri dərhal dəyişmək çətin olur və mənfi nəticələrsiz ötüşmür”.

İrina Filatova

Deutsche Welle (Almaniya), 02.01.2016




Yuxarı Əvvələ Ana Səhifə