XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

16 Oktyabr 2017 - 22:38

Trampın “ipini çəkən” 3 general –Prezidenti İranla bağlı sərt mövqeyindən kim döndərdi?

ABŞ prezidenti Donald Trampın BMT tərəfindən təsdiq edilmiş 2015-ci il nüvə sazişinə birtərəfli qaydada hücumu Amerikanın həm dostları, həm də düşmənləri tərəfindən kəskin qınanıb.

BBC radiosunun məlumatına görə, bu barədə "The Guardian" qəzeti bugünkü sayında yazıb.  

Britaniya, Fransa və Almaniya İranla 2015-ci ildə imzalanmış nüvə sazişinə sadiq qaldırlarını bildiriblər. Çin və Rusiya isə Trampın hərəkətini əsassız və təhlükəli adlandırıb. Trampın başqalarının rəyinə məhəl qoymaması şakəri çoxdan bəllidir, lakin indi aydın olur ki, məhz kənar qüvvələr diplomatik fəlakətin daha dəhşətli forma almasına imkan verməyiblər.

Trampın İranla nüvə sazişindən tamamilə çıxacağı, Tehrana qarşı daha sərt sanksiyalar tətbiq edəcəyi və İranı "terrorçu dövlət" kimi daha ağır cəzalandırmaq qərarı verəcəyi gözlənilirdi. Lakin Trampın son anda bu sərt hərəkətlərdən çəkinməsi güclü lobbiçilik fəaliyyətinin nəticəsi olub.

"The Guardian" yazır ki, Trampın İrana münasibətdə düşünülməmiş addımlar atmasının qarşısının alınmasınfa ilk növbədə Ağ Ev rəsmiləri xüsusi rol oynayıbar. Belə düşünülür ki, ABŞ nazirləri də Trampı İrana qarşı ekstremal tədbirlər qərarından daşındırıblar.

Trampın buxovlanmasında həm də ABŞ-ın müttəfiqləri böyük rol oynayıblar. Britaniyanın baş naziri Tereza Mey Trampı İrana qarşı sərt hərəkətlərdən çəkindirmək üçün ona telefon zəngi edib. "The Guardian" yazır ki, nəticə "ən azı indilik" göz qabağındadır. Trampın ən təhlükəli addımlarının qarşısı alınıb.

 

Üç "ipçəkən" general

 

Belə xəbər verilir ki, Trampı İrana qarşı daha sərt tədbirlər elan etməkdən ən azı üç keçmiş general çəkindirib. Bunlar administrasiyanın başçısı Con Kelli, müdafiə naziri Ceyms Mettis və və prezidentin milli təhlükəsizlik müşaviri general MakMasterdir. Belə bir müdaxilənin yaxşı nəticəsi bu olub ki, Trampın nitqi strateji baxımdan səhv, əsassız yerə davakar tonlu, tarix və faktlar baxımından yanlış olsa da, əvvəlcədən gözlənildiyi qədər fəlakətli olmayıb. "The Guardian" bunu "Ağ Evdə generalların gecəsi" adlandırır.

Müttəfiq ölkələrin təsiri altında Trampın ipini çəkənlərin gələcəkdə bu sayaq uğur qazana biləcəyini bilmək olmaz. Amma hər halda mühüm presedent yaradılıb.

Qarşıdan gələn ən böyük narahatlıq Trampın "başına od ələyəcəyi ilə" hədələdiyi Şimali Koreya lideri Kim Çen Indır. Konqres sanki qəflət yuxusundan ayılaraq başa düşüb ki, prezident əvvəlcədən ağlabatan məşvərət aparmadan da nüvə raketlərinin düyməsini basa bilər. Bu məsələdə təhlükəsizliyin təmin edilməsi naminə uyğun qanunvercilik aktınnın hazırlanması hələlik reallıqdan uzaqdır. Bununla belə, yaxşı ki, indilik Trampı üçüncü dünya müharibəsinə başlamaqdan saxlaya bilən üç general – Kelli, Mettis və MakMaster var.

 

Trampın ipi çəkilib, amma əl-qolu açıqdır

 

Əlbəttə, Avropa müttəfiqləri İran qərarında onların lobbiçiliyinin həlledici olmasından məmnunluq duya bilərlər, lakin bu məmnunluq hüdudsuz deyil.

Tramp nüvə sazişini gələcəkdə  istədiyi vaxt darmadağın edəcəyi ilə hədələyib. Üstəlik qlobal bank və maliyyə sistemində Amerikanın hegemonluğu nəzərə alınarsa, Tramp bunu sözün əsl mənasında edə bilər.

Əgər Konqres İranın nüvə sazişinə əməl etməsini təftiş etməyi Tramp deyən kriteriyaları və bu sazişə nüvə ilə əlaqəsi olmayan raket proqramı kimi məsələləri əlavə etsə, onda belə sazişdən İranın imtina etməsi və ümumilikdə razılaşmanın iflası bir neçə ayın içində baş verə bilər. Eyni zamanda Trampın qanadlarının azacıq kəsilməsi, onun birtərəfli qaydada çıxdığı Paris iqlim sazişinin təmirinə ümid yaradır. Ötən ay MakMaster və Reks Tillerson Paris razılaşması məsələsində ABŞ-ın geri qayıda biləcəyinə işarə ediblər. Onsuz da İqlim Razılaşması məsələsində ABŞ-ın bir çox ştatları prezidentin qərarına məhəl qoymur, sazişin şərtlərinə əməl etməkdə davam edirlər. Əlbəttə, təzyiq və lobbiçilik düzgün tətbiq edilərsə, Trampın "mənəm-mənəmliyinin" qarşısı alına bilər, amma bunun əksi də ola bilər.

 

İran Amerikaya çox bənzəyir

 

"The Guardian" yazır ki, İsrail və Səudiyyə Ərəbistanının israrlı mədhiyyələri Trampın "ən konfrontasiyalı instinktlərini" qıcıqlandırıb. Onlar Trampın İranı kəskin tənqid atəşinə tutmasını çıxışdan bir neçə dəqiqə sonra bayram ediblər.

Belə bir vəziyyətin xoşagəlməz nəticəsi ABŞ-ın Səudiyyəyə Yəməndə əl-qol açmasına imkan verməsi ola bilər. Digər tərəfdən Vaşinqton Riyadın bərbad insan haqlarına göz yummaqda davam edər. İsrail isə işğal olunmuş ərazilərdə yeni yəhudi məskənlərinin salınmasına ABŞ-ın xeyir-duasını əldə edər.

Səudlar və israillilər həm də Trampı inandıra biliblər ki, İranın öz nüfuzunu artırması ABŞ-ın maraqlarına ziddir. Kampaniya gəlirlərində və müdafiə kontraktlarında payı olan Konqres respublikaçı və demokratlarını bu qənaətdən döndərmək, təbii ki, mümkün olmayacaq. Trampın tarix fənnindən savadsızlığı ona başa düşmək imkanı vermir ki, İranın Yaxın Şərqdəki davranışı, ABŞ-ın Mərkəzi və Cənubi Amerikadakı, 1945-ci ildən isə Qərbi Avropadakı davranışlarına bənzəyir.

Belə bir davranışda məqsəd milli təhlükəsizliyin möhkəmləndirilməsi, siyasi kapital və iqtisadi maraqlardır. Bu da qeyd olunmalıdır ki, İranın bu ambisiyalarının pöhrələnməsinə elə Amerikanın Tehranın köhnə düşməni İraqa 2003-ci ildə müdaxilə ilə başladığı siyasət təkan verib. İran siyasətində Amerika özü özünün düşmənidir. Nadan Tramp bu ənənəni davam etdirir.

 




Yuxarı Əvvələ Ana Səhifə