XƏBƏR LENTİ

11 Dekabr 2019
10 Dekabr 2019

Digər Xəbərlər

31 Oktyabr 2017 - 14:32

ABŞ-Pakistan münasibətlərində soyuq küləklər –Tillersonun səfəri də gərginliyə son qoymayıb - TƏHLİL

Yusuf Hatip

“Anadolu” agentliyi, Türkiyə

 

Pakistan və ABŞ-ın bir-birinə yönəltdiyi qarşılıqlı ittihamlar iki ölkə arasında soyuq küləklərin əsməsinə yol açdığı bir vaxtda, ABŞ Xarici işlər naziri Reks Tillersonun İslamabad səfəri də problemləri həll etməyə töhfə verməkdən uzaq qalıb.

Vaşinqton ilə İslamabad arasındakı münasibətlər ABŞ prezidenti Trampın avqust ayında yeni Cənubi Asiya strategiyasını açıqlamasından bu yana, gərginləşməkdə davam edir. Trampın yeni strategiyasını açıqladığı nitqində Pakistanı terrorçulara ev sahibliyi etməkdə suçlaması İslamabaddan sərt qarşılıq gördü. Bu iddiaları rədd edən İslamabad, ABŞ-ın radikallıqla mübarizəsinin minlərlə məsumun həyatını itirməsinə yol açdığını bildirdi.

24 oktyabrda Pakistanı ziyarət edən Tillersonun aeroportda Pakistanlı orta səviyyəli bir xarici işlər nazirliyi işçisi tərəfindən qarşılanması da münasibətlərin gəldiyi nöqtəni açıq şəkildə göstərməkdədir.

 

ABŞ Pakistanı terrorçulara ev sahibliyi etməkdə suçlayır

 

Xatırladaq ki, ABŞ prezidenti Tramp avqust ayında yeni Cənubi Asiya strategiyasını açıqlayıb və Pakistanı ağır şəkildə tənqid edib. Öz nitqində Pakistanı terrorçulara ev sahibliyi etməkdə ittiham edən Tramp, “Terror təşkilatlarının Pakistandakı təhlükəsiz sığınaqları üçün daha artıq səssiz qala bilmərik. Pakistana milyardlarla dollar ödəyib dururuq, ancaq onlar bizim mübarizə apardığımız terrorçulara ev sahibliyi etməyə davam edirlər” ifadələrini işlədib.

Tramp ABŞ-ın Əfqanıstanda 16 ildir davam edən hərbi varlığını dəstəklədiyini və ora daha artıq əsgər göndəriləcəyini də sözlərinə əlavə edib. ABŞ-lı qaynaqlar, hazırda 8500 hərbçinin olduğu Əfqanıstana əlavə olaraq təxminən 4000 hərbçinin də göndəriləcəyini bildirib.

BMT-nin məlumatlarına görə, Əfqanıstanda ilin birinci yarısında 1662 mülki şəxs həyatını itirib, 3500-dən artıq mülki şəxs isə yaralanıb. Eyni zamanda, "Taliban" ilə mübarizədə 2500-dən artıq Əfqanıstan təhlükəsizlik işçisi həyatını itirib.

Tillerson da “Pakistanın NATO-dan kənar müttəfiqlik statusunu itirə biləcəyi” ilə bağlı xəbərdarlıq edib. Tillersonun bu açıqlamasını, ABŞ-ın Pakistana hərbi yardımlarını kəsə biləcəyi təhdidi təqib edib.

 

Pakistan da Əfqanıstan müharibəsində ABŞ-ı cavabdeh sayır

 

Trampın açıqlamalarına İslamabadın cavabı gecikməyib. Pakistan Xarici İşlər Nazirliyindən avqust ayında verilən açıqlamada "Pakistan, öz topraqlarının hər hansı bir ölkəyə qarşı istifadə olunmasına izn verməməkdədir. ABŞ yanlış anlamalara əsasən hərəkət etmək yerinə, terrorla mübarizə üçün Pakistanla əməkdaşlığını davam etdirməlidir” ifadələrinə yer verib.

ABŞ-ın Əfqanıstandakı əsgərlərinin sayını artırmasına da qarşı çıxan  Pakistan Xarici İlər Nazirliyi, “Əfqanıstandakı 16 illik ABŞ hərbi mövcudluğu sülh gətirməyib, gətirəcəyi də görünmür” qiymətləndirməsini verib.

Pakistan Xarici işlər naziri Xoca Məhəmməd Asif, sentyabr ayında BMT Baş məclisində etdiyi çıxışında deyib ki, “Bizi Hakkani terror təşkilatına ev sahibliyi etməkdə ittiham etməyin. Bu insanlar 20-30 il öncəsinə qədər sizin müttəfiqiniz idi. Ağ evdə yedirilib-içirilirdilər. İndi qalxıb bizə “Cəhənnəmə gedin pakistanlılar, çünki terroristləri bəsləyirsiniz” deyərək, ittiham edirsiniz”. Asifin bu çıxışı Pakistan-ABŞ münasibətlərinin nə qədər gərildiyinin ən açıq əlamətidir.

Pakistan Baş naziri Şahid Hakan Abbasi isə deyib ki, “Pakistan ABŞ-ın günah keçisi olmayacaq”. Abbasinin açıqlaması, Pakistan cəmiyyətində məmnuniyyətlə qarşılanıb.

Pakistana dəstəyini açıqlamaqda gecikməyən Çinin Xarici işlər Nazirliyi, “Beynəlxalq birliyin Pakistanın terrorla mübarizədəki rolunu tanımasının lazım olduğuna” işarə edib.

 

Pakistanda qurtarılan amerikalı ailə ümid qığılcımı olub

 

Bu arada "Taliban"a bağlı qüvvələr tərəfindən girov götürülən Kanada vətəndaşı Coşua Boyl, ABŞ vətəndaşı Keitlan Koleman və onların üç uşağı Pakistan ordusunun əməliyyatı ilə 12 oktyabrda xilas edilib. Əməliyyat ABŞ-ın paylaşdığı kəşfiyyat məlumatına əsasən aparılıb. Boyl-Koleman ailəsi 2012-ci ildə Əfqanıstanda turist kimi olarkən, "Taliban"a bağlı qüvvələr tərəfindən qaçırılmışdı. Boyl-Koleman ailəsi Pakistanın şimal-qərbində olan bir nöqtədən başqa bir nöqtəyə nəql edilərkən, xilas edilib. Ailənin qurtarılmasından duyduğu məmnuniyyəti dilə gətirən Tramp, “ABŞ hökuməti Pakistan hökumətilə ortaq şəkildə çalışaraq, Boyl-Koleman ailəsinin qurtarılmasını təmin etdi. Bu gün onlar sərbəst durumdadırlar. Bu, ölkəmizin Pakistanla münasibətləri baxımından müsbət bir andır” deyib.

Pakistan hökumətinin bu addımının həm ABŞ ilə münasibətlər, həm də regional təhlükəsizlik öncəlikləri baxımından dəyərli olduğunu vurğulayan Tramp, “Bundan sonrakı terrorla mübarizə və girov xilasetmə əməliyyatlarımızda bu cür əməkdaşlıqları və komanda çalışmalarını görməyi ümid edirik” ifadəsini işlədib. Trampın bu açıqlamaları, Tillersonun Pakistan ziyarəti öncəsində, hər iki tərəfin ictimai rəyində münasibətlərin yeni bir stimul qazanması üçün müsbət bir hadisə olaraq şərh edilib.

 

Tillersona Pakistanda “soyuq qarşılama”

 

İki ölkə arasında Şimali Amerikalı girovların qurtarılması ilə yaranan müsbət hava qısa sürüb. Pakistanın Baş naziri Abbasinin və Xarici işlər naziri Asifin ABŞ səfərlərinin ardından, Tillerson da ötən çərşənbə axşamı günü Pakistana dörd saatlıq qısa bir səfər edib. Tillersonun İslamabad hava limanında Pakistan Xarici İşlər Nazirliyinin orta səviyyəli bir əməkdaşı tərəfindən qarşılanması "soyuq qarşılama" olaraq şərh edilib. Amerikalı nazir, Abbasi və heyəti ilə görüşündə “Pakistanın terrorla mübarizə məsələsindəki öz öhdəliklərini yerinə yetirməsinin lazım olduğu” tezisini təkrarlayıb.

Bu durum ölkədəki mütəxəssislər tərəfindən Pakistanın qısa müddətdə Çin, Türkiyə və Rusiya ilə yeni münasibətlər inkişaf etdirmə arayışlarının sürətlənəcəyi, ABŞ ilə münasibətlərin isə öz həssaslığını qorumağa davam edəcəyi şəklində şərh edilib.

 




Yuxarı Əvvələ Ana Səhifə