XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

13 Aprel 2015 - 04:07

Moskvadan Ermənistana “yubiley” şilləsi – təhlil

putin feysbuk.jpg

Rusiya prezidenti Vladimir Putin aprelin 24-də saxta soyqırımın 100 illiyi ilə əlaqədar Ermənistana getməyə bilər.

Hər halda, ötən həftəsonu Putinin mətbuat katibi Dmitri Peskovun açıqlaması təhlilçilərdə belə təəssürat yaradıb. Peskov bildirib ki, hələlik qəti qərar verilməyib, məsələ müzakirə mərhələsindədir. Doğrudan da Rusiya prezidentinin İrəvana səfər niyyəti ciddi olsaydı, bunu fransalı həmkarı Fransua Olland kimi xeyli öncədən, hətta bir neçə dəfə şəxsən dilə gətirərdi. Belə şey isə yoxdur.

Kreml başçısının sözçüsü erməniləri məyus etməklə bərabər, üstəlik, onlara az qala, od vuracaq başqa bir ifadə də işlətmişdi. Putinin İrəvan səfərinin naməlum olması fonunda bəyan eləmişdi ki, “Türkiyədəki çanaqqala mərasimlərində Rusiya ən yüksək səviyyədə təmsil olunacaq”.
Neçə gündür Ermənistanın media və ekspert dairələri də məhz elə bu açıqlamanın sehrinə düşüb, onun şokunu yaşamaqdadır. Erməni ekspertləri Peskovin sözlərini “Ermənistanın sifətinə vurulan şillə”, Moskvanın Ermənistanla Türkiyə arasında seçimdə üstünlüyü ikinciyə verməsi və öz forpostunu aşağılaması, Türkiyənin “ayağına verməsi” kimi qiymətləndirirlər.
Hətta erməni siyasi şərhçilərindən biri bildirib ki, belə bir açıqlamadan sonra Putin İrəvana gələsi olsa belə, nəticə dəyişməyəcək, çünki “çanaqqala mərasimlərində Rusiya ən yüksək səviyyədə təmsil olunacaq” fikri özlüyündə çox şey deyir, rəsmi Moskvanın Türkiyəyə verdiyi önəmi, “onu Ermənistanla müqayisədə daha qiymətli tərəfdaş saydığını, Ermənistana isə bir əyaləti kimi münasibət bəslədiyini” nümayiş etdirir.
* * *
Şübhə yox ki, bu, qondarma soyqırımın 100 illiyi ilə bağlı Türkiyənin ötən il hazırladığı hücum diplomatiyasının mühüm uğurudur. çanaqqala zəfərinin 100 illik yubiley tədbirlərini eyni günə təyin eləməklə Ərdoğan iqtidarı nəinki ermənilərin yubiley tədbirinin təbliğati effektini azalda, dünya gündəmində onu daha arxa plana itələyə bilib, eyni zamanda Ermənistanda öz əsas müttəfiqinə qarşı şübhə toxumu səpib, İrəvanda Moskvaya qarşı etimadsızlığı gücləndirib. çanaqqala mərasimləri başqa vaxta təyin edilsəydi, yəqin ki, Putinin İrəvan səfəri ilgili belə dilemması da olmayacaqdı…
* * *
Rusiyalı politoloqlar da situasiyanın ciddiliyinin fərqindədirlər. Məsələn, Karnegi Mərkəzinin Moskva əməkdaşıAleksey Malaşenko Kremlin qəliz situasiyaya düşdüyünü deyir: “Bunu nəzərə alaraq, şəxsən Putin üçün bu tədbirlərə qatılmamaq daha məqbul olardı, nəinki qatılmaq. Moskvanın öz sifətini saxlaması baxımından optimal variant o olardı ki, hər iki ölkəyə komandasından kimisə göndərsin, özü getməsin”.
Lakin ekspert Boris Tumanov Putinin Ermənistana getməməsi təklifi ilə qəti şəkildə razılaşmır: “Putin “soyqırımın” 100 illiyi mərasiminə mütləq qatılmalıdır. İş emosional faktorda deyil. Ondadır ki, Moskva-İrəvan münasibətlərində status-kvo pozula bilər. Təkcə onu xatırlatmaq yetər ki, Ermənistan rəhbərliyi Moskvanı Azərbaycana silah satmağa görə tənqid edir. Və belədə Bakı Putinin yubileyə gəlməməsini Moskvanın İrəvana dəstəkdən geri çəkilməsi kimi interpretasiya edə bilər ki, bu da onun Qarabağ problemini güc yolu ilə həlli üçün yeni əlverişli fon yaradardı”.
Rusiya xarici işlər nazirinin sabiq müavini, Siyasi Təhqiqatlar Mərkəzinin direktoru Andrey Fyodorov isə hesab edir ki, yaranmış vəziyyətdə Rusiyanın balans saxlaması çox çətindir: “Bir yandan, İrəvanla ənənəvi əlaqələr və Ermənistanın bu yaxınlarda Avrasiya İqtisadi Birliyinə qoşulması Moskvanın üzərinə ciddi öhdəliklər qoyursa, başqa yandan karta Türkiyə ilə münasibətlərlə bağlı da çox şey qoyulub. Söhbət xüsusilə də energetika sahəsindəki əməkdaşlığın perspektivlərindən gedir. Putin üçün optimal çıxış yolu o olardı ki, Ermənistan getsin, lakin “genosid” mövzusunu səfərin yeganə mövzusu eləməsin”.
* * *
Göründüyü kimi, prezident Putin yetərincə ağır dilemma ilə üz-üzə kimidir. Onu da yada salaq ki, Putinin Bakıya – Avropa Yay Oyunlarının açılış mərasiminə qatılacağı xəbəri də yayılıb və Kremldən təkzib edilməyib. Bu da onun 24 aprellə bağlı tərəddüdünün ciddiliyini təsdiqləyən növbəti fakt sayıla bilər.
Lakin Rusiya liderinin tərəddüdünün özü ermənilərin ziyanına olan və özlərinin də etiraf elədiyi mühüm bir qənaət yaradır: iş ondadır ki, bu, həm də Qarabağda yeni hərbi əməliyyatlar başlayacağı təqdirdə Rusiyanın tərəddüddə qalacağı anlamına gəlir. Təbii ki, müstəsna olaraq Kremlin mühüm iqtisadi-ticari və energetik tərəfdaşı olan (“Türk axını” və s.-ə görə) Türkiyənin dəyərinin ciddiyə alınması səbəbindən. Qardaş ölkə sanksiyalardan sıxılan Rusiya üçün indi həqiqətən də heç vaxt olmadığı qədər vacib əhəmiyyətli, moskvalı analitiklərin də təsdiqlədiyi kimi, vazkeçilməz, böyük iqtisadi tərəfdaşdır.
Diqqət çəkən başqa bir əhəmiyyətli məqam Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkinin Ermənistan səfərindən az sonra (gələn həftə) Türkiyəyə səfərə hazırlaşmasıdır. Belə təəssürat yaranır ki, dilemma qarşısında olan Moskva Türkiyə və Ermənistan arasında aprelin 24-ədək intensiv zondaj aparmaq qərarı verib.
24-ə isə cəmi 10 gün qalır. Necə deyərlər, 4 paytaxt – Moskva, Ankara, Bakı və İrəvan üçün kritik geri sayım artıq başlayıb. 24 aprel xeyli “i”lərin üzərinə nöqtə qoyacaq. Kimin xeyrinə? Bir şey almayıb. Bəzi təsdiqlənməmiş məlumata görə, Rusiya prezidenti aprelin 24-də Türkiyəyə getməsə də, İrəvana da səfər etməyəcək və öz yerinə baş nazir Dmitri Medvedyevi göndərəcək, çanaqqala mərasiminə isə Sergey Narışkin qatılacaq.
Ancaq hətta bu variantın üstündə dayanılsa belə, o da Türkiyə diplomatiyasının uğuru, Ermənistana vurulan şillə sayılacaq. Niyəsi aydındır yəqin ki.
Musavat.com