XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

22 Noyabr 2017 - 14:35

ZİMBABVE ÇEVRİLİŞİNDƏ ÇİN İZİ –Muqabeni devirmək “Səma imperiyasının” nəyinə lazımdır? - TƏHLİL

VADİM ZAYTSEV

KARNEGİ MƏRKƏZİ

 

Əgər vəziyyət yaxın gələcəkdə nəzarətdən çıxmasa, Zimbabvedəki “çevriliş” Çin və CAR-ın Afrikada siyasi mövqeyinin möhkəmlənməsində mühüm mərhələ olacaq. Dünya birliyi vacib siqnal alacaq ki, bu ölkələr problemlərini, o cümlədən keçmiş metropoliyaların və ümumilikdə Avroatlantik birliyin iştirakı olmadan Cənub-Cənub xətti üzrə təminat sistemi çərçivəsində hakimiyyətin ötürülməsini həll etmək iqtidarındadırlar.

Zimbabve tez-tez Rusiya və Qərb mətbuatında səriştəsiz və rüşvətxor avtokrat tərəfindən idarə olunan iqtisadi və siyasi cəhətdən “müffəqiyyətsizliyə uğramış” dövlətin xrestomatik nümunəsi kimi qeyd olunur. Bununla belə, bu ölkə iqtisadi iflas və çoxillik sanksiya təzyiqi qarşısında rejimin təəccüb doğuracaq dayanıqlığının nümunəsidir.

Son iyirmi ildə Zimbabve kəskin iqtisadi və 90-cı illərin ortasında torpaq böhranı (ağ fermerlərin əlindən alınan torpoqlar sonradan Böyük Britaniya tərəfindən satın alınmayıb və bununla da İngiltərə üzərinə düşən öhdəliyi yerinə yetirməyib), 2007-2008-ci illərdə hiperinflyasiya (bir günün içində qiymətlər 98% artıb və ölkə milli valyutadan imtina etməli olub), həmçinin siyasi böhran yaşayıb (1980-cı il müstəqillik əldə edildikdən sonra ölkəyə başçılıq edən prezident Robert Muqabe (Robert Mugabe) müxalifətlə “qlobal saziş”ə getməli və hökumətin başında əsas rəqibi Morqan Svanqiraiyə (Morgan Tsvangirai) dözməli olub).

2013-cü il Muqabenin partiyası “ZANU-PF” seçkilərdə 61% qazandıqdan sonra, baş nazir postu ləğv olunub və ölkə yenidən əvvəlki birpartiyalı idarə üsuluna qayıdıb. Lakin Muqabe yaşlandıqca hakim sinfin daxilində xələf uğrunda mübarizə kəskinləşməyə başlayıb.

Böhranın səbəbləri

Zimbabvedə baş verənlərə hərbi çevriliş kimi baxmaq lazım deyil. Bu daha çox milli azadlıq hərəkatının veteran hərbçiləri tərəfindən təqdim edilən elita nümayəndələrinin hakimiyyətin onların başının üzərindən gənc partiya funksionerlərinə ötürülməsinə və mövcud ehtiyatlara nəzarət sistemində sonrakı dəyişikliklərə yol verməmək cəhdidir. Yəni, bu status-kvonun qorunub saxlanılmasına yönəlmiş preventiv əks-çevrilişdir.

Əsas xarici regional (CAR) və dünya (Çin) oyunçuları Zimbabvedə sabitliyin və siyasi kursun saxlanılmasında maraqlıdır. Muqabenin hakimiyyətdən uzaqlaşdırılması ilə bağlı ABŞ və Böyük Britaniyanın Zimbabvedə siyasi quruluşun keyfiyyətli dəyişikliyinə ümidləri, görünür, əsassızdır.

Zimbabvedə klanlararası ziddiyyətlər siyasət və iqtisadi resurslara çıxışda mühüm rol oynayır. Ölkənin demək olar bütün ali rəhbərliyi bir millətin (şona) nümayəndəsi olsa da, bu, subetnik qruplar arasında aktiv mübarizəyə mane olmur. Prezident Muqabe zezuru, onun çoxillik rəqibi, müxalifət lideri Morqan Svanqirai isə karanqa klanına məxsusdur. Bununla yanaşı, karanqanın ən nüfuzlu liderlərindən biri Muqabenin ən yaxın silahdaşlarından biri Emmerson Mnanqaqvadır (Emmerson Mnangagwa). Bir neçə gün öncə noyabrın 6-ı Mnanqaqvanın vitse-prezident postundan istefaya göndərilməsi hazırkı siyasi böhrana səbəb olub.

Mnanqaqva 2014-cü il dekabrda vitse-prezident təyin olunub. Onda o, yaşlı Muqabenin gələcək xələfi, ölkənin siyasi elitasını razı salan kompromisli fiqur hesab edilirdi. Mnanqaqva noyabrda “vəzifəsinə qeyri-uyğun olduğu” üçün istefaya göndərilib. Ancaq səbəb açıq-aşkar başqa məsələdə olub. Vitse-prezidentin istefasından bir gün öncə Zimbabvenin birinci xanımı 52 yaşlı Qreys (Grace) Muqabe (1996-cı ildə prezindentlə ailə həyatı qurub) mitinqdə çıxışı zamanı Mnanqaqvanı dövlət çevrilişinin hazırlanmasında ittiham edib.

İstefadan sonra vitse-prezident vəzifəsinə Qreys Muqabenin təyin edilməsinə maneçilik törətməmələri üçün Mnanqaqvanın tərəfdarlarını hakim “ZANU-PF” partiyasından uzaqlaşdırmağa başlayıblar. Robert Muqabenin özü sabiq vitse-prezidenti prezidentin yerini tutmaqda “səbirsizlik” nümayiş etdirdiyini və kömək üçün cadugərə müraciət etdiyini bildirib. 

Ancaq xələfin dəyişdirilməsi üzrə əməliyyatı sakit şəkildə həyata keçirmək mümkün olmayıb. Noyabrın 13-ü Zimbabve müdafiə qüvvələrinin komandanı general Konstantino Çivenqa (Constantino Chiwenga ) gözlənilmədən açıq şəkildə Mnanqaqvanı dəstəkləyib və “1970-ci illər azadlıq mübarizəsində iştirak etməyən insanları” (yəni Qreys Muqabe və “ZANU-PF” daxilində G40 adı altında tanınan gənc funksionerləri) partiyanı ələ keçirməkdə ittiham edib. General, həmçinin bildirib ki, “inqilabın müdafiəsi üçün hərbçilər müdaxilə etməkdən çəkinməyəcək”.

General Çivenqanın müraciəti siyasi quruluşun gələcəyi ilə bağlı qarşıdurma xəttini aydın göstərirdi: milli azadlıq hərəkatının güc strukturlarında əsas postları tutan və bir növ “güc sahibkarlığı”ndan renta əldə edən veteranlar nüfuzlarına görə büdcə resurslarını bölüşdürən patronaj şəbəkələrə və Qreys Muqabenin himayəsinə borclu olan gənc (40-50 yaşlı) partiya funksionerləri və hökumət texnokratlarına qarşı çıxırdılar.

General Çivenqanın çıxışından sonra “ZANU-PF” partiyasının üzvləri dərhal onu Zimbabvedə sülh və sabitliyə qəsddə ittiham ediblər. Ertəsi gün hərbçilər dövlət kanalı “ZBC”-nın binasını ələ keçirib, bir sıra hökumət binalarına zirehli texnika yerləşdiriblər. Ancaq nəqliyyat, ticarət və sakinlərin yerdəyişməsinə heç bir məhdudiyyət tətbiq etməyiblər.

Noyabrın 15-i Zimbabve müdafiə qüvvələri general-mayor Subisiso Moyonun (Subisiso Moyo) timsalında bildirib ki, dövlət başçısının əhatəsindən “cinayətkarları” ifşa etmək üçün prezident Muqabe və ailəsini mühafizə altına götürüblər. KİV-in məlumatlarına görə, Qreys Muqabeyə yaxın bir neçə nazir artıq həbs olunub, ancaq hakimiyyət səlahiyyətlərinin hərbçilərin əlinə keçməsi ilə bağlı hələlik rəsmi məlumat daxil olmayıb.

Beynəlxalq kontekst

Təsadüfi deyil ki, hərbçilər Zimbabvedə hakimiyyəti ələ keçirdiklərini rəsmi şəkildə etiraf etmirlər. İş orasındadır ki, Afrika İttifaqı hərbçilərin daxili siyasətə müdaxiləsinə son dərəcə neqativ yanaşır. 2013-cü il baş verən çevrilişdən sonra İttifaq Misirin üzvlüyünə son verib.

Dənizə çıxışı olmayan Zimbabve üçün istənilən regional sanksiyalar və ya məhdudiyyətlər təchizatla bağlı son dərəcə ciddi problemə səbəb ola bilər. Hərçənd Afrika İttifaqının sədri, Qvineya prezidenti Alfa Konde Zimbabvedə baş verənlərin “çevrilişə oxşadığını” desə də, hələlik İttifaq nisbətən neytral və ölçülüb-biçilmiş bəyanatla çıxış edib.

 

Qonşu ölkələrin heç biri, xüsusən regional lider CAR Zimbabvedəki hadisənin irimiqyaslı münaqişəyə çevrilməsində maraqlı deyil. Mümkün zorakılıq bütün Afrikada humanitar fəlakət perspektivi ilə qaçqın axınına səbəb olacaq. Ona görə məhz CAR prezidenti Ceykob Zuma (Jacob Zuma)  xarici vasitəçi rolunu öz üzərinə götürüb, telefonla Muqabe ilə danışıb və hərbçilərlə əlaqə saxladığını bildirib.

Böhran başladıqdan bir neçə gün əvvəl general Çivenqa Çində olub, orada müdafiə naziri Çan Vansyuanla (Chang Wanquan) görüşüb. Yəni Pekinin çevrilişdə əli olmasa da, ən azından Muqabenin hakimiyyətdən uzaqlaşdırılması ilə bağlı planlardan xəbərdar olub. ÇXR XİN-in rəsmi nümayəndəsi jurnalistlərin müvafiq suallarına cabav verərkən səfəri adi ikitərəfli tədbir adlandırıb, amma eyni zamanda Zimbabvedəki vəziyyəti qiymətləndirməyib.

Çinin çevrilişdə əli olduğunu yayan Zimbabve mətbuatı qeyd edir ki, sabiq vitse-prezident Mnanqaqva guya istefasından dərhal sonra 1970-ci illərdə hərbi hazırlıq keçdiyi Çinə səfər edib. Bu səfəri təşkil etməkdə ona müharibə veteranlarının nüfuzlu assosiasiyasının rəhbəri Kristofer Mutsvanqa (Christopher Mustwanga), Zimbabvenin 2002-2006-cı illərdə Çindəki səfiri kömək edib.

Bəs sonra?

Muqabenin faktiki olaraq hakimiyyətdən (daha doğrusu, xələf namizədliyi ilə bağlı qərar verməkdən) uzaqlaşdırılması elita daxilində yumşaq əks-çevrilişə oxşayır. Görünür, əvəzsiz lider təhlükəsizlik və simvolik “millətin atası” rolu ilə təmin olunacaq, ancaq hakimiyyətin Qreys Muqabeyə ötürülməsinə və indiki idarə modelinin saxlanılmasına icazə verilməyəcək.

Zimbabvedə deputatların nəticələrə uyğun prezident seçdiyi növbəti parlament seçkiləri 2018-ci ilin yayına təyin olunub. Ola bilsin, Robert Muqabe prezident postunu saxlaya bilməsə də, idarəetmə sistemində həyata keçirilən islahatlar nəticəsində real hakimiyyət səlahiyyətlərini itirərək bu və ya başqa şəkildə statuslu və formal yüksək dövlət vəzifəsində qalacaq. Məsələn, 2013-cü ildə ləğv edilmiş baş nazir postunu yenindən bərpa etmək və ya xüsusi Muqabe üçün yeni konstitusion orqan yaratmaq olar.

Çox güman, sonra Zimbabvedə rejim elə transformasiya olunacaq ki, Robert Muqabenin yerini formal və ya faktiki olaraq milli azadlıq hərəkatının veteranlarından biri tutacaq. Ya da ölkədə bir şəxsiyyətə yönəlmiş rejim zəifləyəcək, hərbçi veteranların kollektiv idarəsinə əsaslanmış yeni rejim yaranacaq. Hər iki halda indiki siyasi iqtisadi sistemin əsas parametrlərində mühüm dəyişikliklər olmayacaq.

Həmçinin milli azadlıq hərəkatının veteranları müxalifətin iştirakı ilə milli birlik hökuməti yaratmağa cəhd edə bilərlər. Beləliklə, onlar bir tərəfdən Muqabe klanı ilə şəxsən əlaqəli olan opponentləri neytrallaşdıra, digət tərəfdən beynəlxalq təcriddən çıxmaq üçün bundan istifadə edə bilərlər. Belə bir ssenari üçün əsas maneə hələlik heç kimim imtina etməyə hazır olmadığı Robert Muqabe fiqurudur.

Əgər vəziyyət yaxın gələcəkdə nəzarətdən çıxmasa, Zimbabvedəki  “çevriliş” Çin və CAR-ın Afrikada siyasi mövqeyinin möhkəmlənməsində mühüm mərhələ olacaq. Dünya birliyi vacib siqnal alacaq ki, bu ölkələr problemlərini, o cümlədən keçmiş metropoliyaların və ümumilikdə Avroatlantik birliyin iştirakı olmadan Cənub-Cənub xətti üzrə təminat sistemi çərçivəsində hakimiyyətin ötürülməsini həll etmək iqtidarındadırlar, onların təsiri isə artıq ayrı-ayrı mənfur liderlərdən asılı  deyil. (XPRESS)




Yuxarı Əvvələ Ana Səhifə