XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

23 Noyabr 2017 - 17:59

PUTİNƏ SARILAN BƏŞƏR –Əsəd Rusiyanın əli ilə necə zəfər qazandı? –TƏHLİL

YOCHİ DREAZEN

VOX

 

Suriya diktatoru Bəşər Əsəd son altı ildə amansız vətəndaş müharibəsi aparır. Nəticədə ən azı 465 min nəfər həlak olub, ölkənin Hələb kimi iri şəhərləri yerlə bir olub, milyonlarla insan evindən məhrum olub və II Dünya Müharibəsindən sonra ilk dəfə ən güclü qaçqın böhranı yaşanıb.

İndi o, zəfərini tamamlamaq üçün Rusiyadadır. Bütün bunlar çox kədərli bir gerçəkliyi ön plana çəkir: Əsəd Rusiya və İranın köməyi ilə üsyançıları tamamilə darmadağın etməyə çox yaxındır. Halbuki hamı əksinin baş verəcəyini gözləyir, üsyançıların Əsədi devirib, hakimiyyətdən məhrum edəcəyini düşünürdü. Düzünü deyək: Əsəd qalib gəldi.

Suriya lideri ən yaxın müttəfiqi rusiyalı həmkarı Vladimir Putinə minnətdarlığını dilə gətirmək, həmçinin müharibənin artıq sona çatdığını, onun isə hələ də hakimiyyətdə olduğunu birlikdə qeyd etmək üçün Qara dəniz sahillərindəki kurort şəhəri Soçiyə yollanıb: “Onu [Putinə] və onun timsalında bütün rus xalqını salamladım. Ölkəmizi xilas etmək üçün Rusiyanın göstərdiyi səylərə görə minnətdarlığımı bildirdim”, – deyə Əsəd Putinin əsas generalları ilə görüşü zamanı bildirib.

Kremlin bu məsələ ilə bağlı şərhlərində deyilir ki, Putin və Əsəd Rusiya liderinin nifrətlə “terrorçu” adlandırdığı döyüşçülərin üsyanını tamamilə yatırmağa hazırdır: “Terrorizm üzərində tam qələbəyə, əlbəttə, hələ çox var. Ancaq Suriya ərazisində terrorçularla mübarizədə apardığımız birgə fəaliyyətimiz həqiqətən başa çatır”, – deyə Putin qeyd edib.

Amansız müharibənin davam etdiyi altı il ərzində Əsəd ikinci dəfədir ki, Suriyanı belə əminliklə tərk edib. Təəccüblü deyil ki, hər iki dəfə bu, Suriyaya qoşun, hərbi təyyarə və başqa silah göndərməklə düşmən zərbələrini dəf etməyə yardım edən Rusiya səfəri ilə əlaqədar olub.

Əsədin Putini qucaqlayan yerdə əks olunan fotoşəkli “Twitter”-də çox sürətlə yayılıb.

Səbəbi başa düşüləndir. Dünyanın ən amansız iki başçısını hər gün qucaqlaşan yerdə görmək olmur.

Birləşmiş Ştatlar Əsədin getməsini istəyirdi. Rusiya isə onun qalması üçün hər şeyi etdi. Əsədi hakimiyyətdən uzaqlaşdıra bilmədiyinə görə prezident Trampı günahlandırmaq lazım deyil. Hərbçilərinin məsləhəti ilə razılaşmayan sabiq prezident Obama Əsədi devirməyə çalışan müxalif qruplaşmalarını silahlandırmadı. Suriya diktatoru kimyəvi silah vasitəsilə Dəməşq yaxınlığında 1400-dən çox suriyalını məhv etdikdən sonra Obamanın elan edilən “qırmızı xətlərə” riayət edilməsi üçün gücdən imtina etməsi hamıya çox yaxşı məlumdur.

Sonra ABŞ hər cür yardımdan məhrum olan “mötədil” üsyançılara təlim keçib, onları silahlandırmaq üçün bahalı və qeyri-effektiv cəhdlər silsiləsi həyata keçirdi. Ancaq bu cəhdlər elə əvvəlcədən uğursuzluğa məhkum idi. Çünki Pentaqon və MKİ proqramları arasında qarşılıqlı əlaqəni yoluna qoymadan çox zəif nəzarət altında paralel əməliyyatlar həyata keçirdilər.

Həmkarım Zak Boşamın (Zack Beauchamp) məlumatına əsasən, 2015-ci il Müdafiə nazirliyi ayrılan 250 milyon dollara cəmi 60 hərbçiyə təlim keçdiyini etiraf edib (deməli, hər hərbçi 4 milyon dollara başa gəlib).

Rusiya, əksinə, Suriyaya böyük həcmdə maddi vəsait, silah və qoşun göndərməklə üsyançı qruplaşmalar tərəfindən işğal edilən əraziləri azad etmək, həmçinin döyüş meydanında məğlubiyyət seriyası yaşatmaq üçün Əsədə kömək edib. Əsəd ən güclü zərbəsini ötən ilin dekabrı Suriyanın ən iri şəhərlərindən biri Hələbi öz nəzarəti altına qaytarmaqla endirib (Bu bir növ pir qələbəsi olub, çünki Rusiya və Suriya aviasiyası şəhərin böyük bir hissəsini yerlə bir edib, minlərlə dinc sakini məhv edib və on minlərlə insanı oradan qaçmağa məcbur edib).

Əsədin tədricən hakimiyyətdən imtina etməsi ilə bağlı Tramp administrasiyası uzun müddət tərəddüd içərisində olub. Bu tərəddüd və şübhələr Əsədin növbəti dəfə öz xalqına qarşı kimyəvi silah tətbiq etməsinə qədər davam edib. Tramp buna Suriya hərbi aerodromuna raket zərbəsi ilə cavab verib və yenidən Əsədi istefaya çağırmağa başlayıb.

Promlem ondan ibarətdir ki, Tramp da Obama kimi Əsədin hakimiyyətdən getməsi üçün heç bir ciddi addım atmayıb. Putin isə bütün bu müddət ərzində yorulmaq bilmədən işləyib, öz hərbçilərinin həyatı bahasına belə Əsədi hakimiyyətdə saxlamağa hazır olduğunu nümayiş etdirib. Ona görə Əsədin Putinə minnətdarlığını bildirməsi üçün Rusiyaya səfər etməsi təəccüblü deyil. Məsələ orasındadır ki, Putin Əsədin Suriya vətəndaş müharibəsində qələbə qazanmasının əsas səbəbidir. (XPress)




Yuxarı Əvvələ Ana Səhifə