XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 November 2017 - 22:00

Yaxın Şərqi şoka sala biləcək yeni ittifaqın cizgiləri –Səudiyyə Ərəbistanı İsraillə məxfi danışıqlar aparır

Səudiyyə Ərəbistanını Fələstin ərəblərinin taleyindən daha çox İsraillə diplomatik münasibətlərin yaradılması maraqlandırır.

Bu sözləri "The Sunday Telegraph" qəzeti İsrailin baş naziri Benyamin Netanyahunun keçmiş milli təhlükəsizlik müşaviri  Yakov Nagelə istinadən yazıb. Vəzifəsini bu ilin əvvəllərində tərk etmiş Yakov Nagelin dediyinə görə, Səudiyyə İrana qarşı İsraillə əməkdaşlığa elə can atır ki, onu fələstinlilərlə israillilər arasındakı razılaşma qətiyyən maraqlandırmır: "Onları İsrailllə fələstinlilər arasındakı razılaşmanın Fəlsətinin xeyrinə olub-olmadığı bir damcı da narahat etmir".

Nagelin şərhi Səudiyyə ilə İsrail arasında münasibətlərin son dərəcə yaxınlaşdığı və Səudiyyə ilə İran arasında gərginliyin son dərəcə eskalasiya etdiyi bir vaxta təsadüf edir. Bu günlərdə Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman İranın ali rəhbərini "Yaxın Şərqin yeni Hitleri" adlandırıb. Bundan qəzəblənən İran şahzadənin "qeyri-yetkin" və "ağıldan zəif" olduğunu bildirib. Səudiyyə liderləri Ərəb dünyasının və eləcə də öz ictimaiyyətlərinin qəzəbindən ehtiyat edərək indiyədək İsraillə rəsmi sülh sazişi imzalamaqdan çəkiniblər.

Lakin Nagelin fikrincə, Səudiyyənin indiki de fakto hakimi Məhəmməd bin Salman İsraillə Fəsləstin arasında hər hansı bir şəkildə saziş olmasını istəyir ki, bundan sonra İsraillə öz münasibətlərini yaxşılaşdıra bilsin. Keçmiş müşavirin dediklərindən belə bir məntiq hasil olur ki, Səudiyyə İsraillə yaxınlaşmaq xatirinə fələstinliləri onlara əlverişli olmayan sülhə məcbur edə bilər.

Bəzi təsdiq olunmamış məlumatlara görə şahzadə Məhəmməd artıq indidən Fələstin prezidenti Mahmud Abbasa təzyiqlər etməyə başlayıb. Şahzadə fələstinlilərin ABŞ tərəfindən təklif olunan sülh sazişini qəbiul etməsini istəyir.

Cənab Nagel deyib ki, o Səudiyyənin fələstinliləri nəyəsə məcbur etmək iqtidarında olub-olmadığını bilmir, amma fələstinlilər bildiriblər ki, Riyaddan gələn heç bir təzyiqə boyun əyməyəcəklər. "The Sunday Telegraph" yazır ki, Səudiyyə ilə İsrail arasında münasibətlərin normallaşması Yaxın Şərqdə onilliklərlə mövcud olan siyasəti dəyişdirə bilər. Bu dəyişiklik yəhudi dövləti ilə ərəb krallığı arasında ümumi düşmən İrana qarşı müttəfiqlik yaradardı.

Belə bir yaxınlaşma ABŞ-ın da ürəyincə olardı. Beləki onun iki müttəfiqi İrana qarşı vahid cəbhə yarada bilərdi. Səudiyyəyə səfər zamanı Tramp belə bir yaxınlaşmanın "çox pozitiv" ola biləcəyinə işarə etmişdi. Bu yaxınlarda İsrail nazirlərindən biri ilk dəfə olaraq İsrail və Səudiyyə rəsmiləri arasında danışıqların getdiyi təsdiq edib, lakin bildirib ki, bu görüşlər Səudiyyə tərəfinin ricası ilə məxfi saxlanırdı. Nagel vəzifədə olduğu vaxtda səudlarla hər hansı təmasda olub-olmadığı barədə suala: "Mən sizə nə "hə", nə də "yox" deyirəm" cavabını verib. Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cübeyr dəfələrlə bəyan edib ki, Riyadın mövqeyində heç bir dəyişiklik yoxdur. O deyib ki, Səudiyyə İsraillə yalnız bu dövlət 1967-ci ildə işğal edilmiş ərazilədən çıxandan və Şərqi Yerusəlim paytaxt olmaqla Fələstin dövləti yaradılandan sonra münasibətlər qura bilər.

"Bu baş verənədək bizim İsraillə münasibətlərimiz olmayacaq" – deyə Cübeyr vurğulayıb. Bu isə öz növbəsində Netanyahunun sağ təmayüllü hökumətini qane edən şərtlər deyil. (BBC)