XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Noyabr 2017 - 08:00

ABŞ İRAN NEFTİNİN ALICILARINA TƏZYİQ EDİR –Tramp Tehranı “blokadaya” alır

"JAVAN" qəzeti

İRAN

 

Neft bazarının vəziyyətinin təhlili göstərir ki, ABŞ İran neftinin əsas alıcıları olan ölkələrə təzyiq göstərməyə davam edir. Birləşmiş Ştatlar hətta bu ölkələrə öz neftini dəyərindən daha ucuz qiymətə satmağa hazırdır. Nəticədə Koreya Respublikası aldığı İran neftinin həcmini xeyli azaldıb. Lakin İranın “avropalı müştərisi” Polşa hələlik bu göstərişə müqavimət göstərir.

“Fars” xəbər agentliyinin məlumatına görə, İran neft hasilatının həcminin azalması ilə əlaqədar Asiya bazarlarına öz neft və qaz-kondensatlarının ixracının həcmini azaldıb: belə ki, enerji daşıyıcılarının idxal və ixracı üzrə beynəlxalq analitik mərkəzlərin statistik məlumatlarına əsasən, Cənubi Koreya oktyabr ayında İran neftinin idxal həcmini əvvəlki aya nisbətən 9,5% azaldıb.

Cənubi Koreya Asiya regionunda İran neftinin əsas alıcılarından biridir. Oktyabr ayında İran neftinin bu respublikaya idxal həcmi 1,65 milyon ton (və ya sutkada 390657 barel) təşkil edib. Halbuki sentyabr ayında bu göstərici 1,83 milyon ton təşkil edib.

Lakin dünya enerji ticarətini araşdıran bəzi analitik mərkəzlər qeyd edir ki, Şərqi Asiyanın bu ölkəsinə ixrac olunan İran neftinin həcminin nəzərçarpacaq dərəcədə azalmasının başqa bir səbəbi də var. Bu da ABŞ tərəfindən Cənubi Koreyaya göstərilən təzyiqdir. Bəziləri isə bu təzyiqi əsas səbəb adlandırır. Yəni, məsələ İranın özündə neft hasilatının azalması deyil. Bununla əlaqədar, ABŞ prezidentinin bu yaxınlarda Cənubi Koreyaya səfər etməsi də nəticəsiz ötüşməyib. Çox güman, idxal həcmində İranın payının azalmasına görə Amerika elə onda Koreyanın karbohidrogen xammalına olan ehtiyacını ödəməyi öz öhdəsinə götürüb.

Aydındır ki, ABŞ-ın İran neftinin alıcılarına göstərdiyi təzyiq Asiya regionu ilə məhdudlaşmır. Avropada da Amerikanın həyata keçirdiyi eyni siyasi kurs müşahidə edilir. Avropada Polşanın tədricən İran neftinin ən böyük alıcısına çevrildiyini görən Amerika bu ölkənin müxtəlif neft şirkətləri ilə ixrac müqavilələrinin imzalanması üzrə aktiv fəaliyyətə başlayıb.

Bu vəziyyətdən özlərinə məxsus şəkildə istifadə etmək qərarına gələn polyaklar Amerika tədarükçülərindən güzəştli şərtlərlə neft ixracına nail olmağa çalışırlar.

Lakin yaranmış bu vəziyyət Polşanın yenidən İran neftinə müraciət etməsinə mane olmayıb: mərkəzi İraq hökuməti və Kürdüstan regionu arasında neftin nəqli ilə bağlı artan fikir ayrılığı fonunda Avropa bazarında turş xam neftə (tərkibində daha çox turşu birləşmələri olan neft) olan tələbat sürətlə artır. Beləliklə, tələbatın artması nəticəsində Polşanın aparıcı neft emalı şirkəti “PKN Orlen” İran tədarükçülərinə sorğu ilə müraciət edib.

“PKN Orlen” şirkəti Polşanın ikinci ən böyük neft emalı şirkəti “Grupa Lotos” ilə birgə 2017-ci ildə iki partiya olmaqla bir milyon barel həcmində İran nefti əldə edib. Bu partiyalardan olan neft yoxlandıqdan sonra şirkət tədarükün davam etdirilməsi üçün yenidən İranın Milli Neft Şirkətinə müraciət edib.

Bu şirkətlərdən olan mənbələrin verdiyi məlumata əsasən, “PKN Orlen”-ın əldə etdiyi yeni partiya 24-25 noyabrda yola salınacaq. Alış Polşanın neft tədarükü səbətinin diversifikasiyası məqsədilə həyata keçirilib.

Məsələ ondadır ki, hazırda Polşa neft tədarükünə görə Rusiyadan, “Ural Neft” şirkətindən çox asılıdır. Ancaq Polşanın yuxarıda qeyd olunan iki neft emalı şirkəti tədarük kanallarının diversifikasiyasına başlayıb. Çünki “Primorsk” limanının terminalları vasitəsilə həyata keçirilən rus neftinin həcmi də kifayət qədər azalıb. Buna noyabr ayı Primorsk neft terminalının yenidən qurma işlərinin başlanması, ardınca neft emalı zavodunun inşası səbəb olub.

Bununla yanaşı, “PKN Orlen” və “Grupa Lotos” İran neftinin tədarükünə dair danışıqların davam etdirilməsini uzunmüddətli əsasda öz gündəliyinə daxil edib. Şərqi Avropanın digər iri neft emalı şirkətləri, xüsusilə Macarıstanın “Mol”, Belarus respublikasını təmsil edən “BNK” dövlət şirkəti, habelə Avstriyanın “OMV” şirkəti və başqaları bu il ilk dəfə İran neftinin əldə edilməsi ilə bağlı müqavilə imzalayıb. (Xpress)