XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

01 Dekabr 2017 - 22:30

İRAN VƏ ŞİMALİ KOREYA –Nüvə böhranının strategiyaları – TƏHLİL

Hüseyn Malik

"Tabnak"

 

Şimali Koreyanın beynəlxalq birliklə qarşılıqlı fəaliyyət üslubunun təhlili İran üçün çox faydalıdır. Çünki Amerika və müttəfiqlərindən mümkün hərbi müdaxilə ilə bağlı təhdidlər alan hər iki ölkə siyasi baxımdan eyni vəziyyətdədir.

İstənilən halda, Birləşmiş Ştatlar bu iki ölkənin nüvə və raket proqramları ilə bağlı ciddi narahatlıq keçirir, onları “şər oxu”na aid edir.

Bununla belə 20 il ərzində Hərtərəfli Birgə Fəaliyyət Planı (HBFP) sayəsində İran dünya ictimaiyyətini nüvə proqramının sülh məqsədli olduğuna müəyyən qədər inandıra, ölkəni çoxtərəfli əməkdaşlığın yeni orbitinə çıxara bilib. Şimali Koreya isə nüvə silahının yaradılması yolunda irəlilədiyi üçün hazırkı vəziyyətə düşüb. Bəzi proseslərin və hər iki ölkənin nailiyyətlərinin müqayisəsi xüsusi əhəmiyyət kəsb edir, çünki hər ikisində əks tərəfin daha ağıllı yol seçdiyini düşünən qüvvələr var.

Bu məqalədə yalnız hərbi ssenarini qısa təhlil edəcəyik.

2017-ci il sentyabrın 3-ü Şimali Koreya özünün altıncı atom bombasının sınağını həyata keçirdikdən sonra siyasi şərhçilər belə bir fikir irəli sürməyə başladılar ki, ABŞ-Şimali Koreya böhranının həlli ilə bağlı qərarda hərbi ssenari gündəlikdən çıxarılıb. Bu məsələ ilə bağlı açıqlama verən Şimali Koreya Əmək partiyasının Mərkəzi Komitəsinin sədr müavini bildirib: “Dünyada yeni siyasi qurum formalaşıb. Onun tərkib hissələrindən biri də Şimali Koreyadır”.

Arsenalına nüvə silahı qatmaq istəyən ölkələr ilk növbədə mümkün hücumlara qarşı təhlükəsizliyinin təmin edilməsi, həmçinin “qlobal idarətetmə” prosesində iştirak etməyə görə narahatdırlar. Əlbəttə, bu məqsədləri həyata keçirmək həmişə mümkün olmur. Məsələn, atom bombası olan Pakistan nəinki dünya, heç regional proseslərə təsir göstərmək potensialına malik deyil. Bu silah ona yalnız Hindistanla münasibəti balanslaşdırmağa imkan verir. Nüvə silahına malik Çin daxili siyasi oriyentirlərinin dəyişdirilməsi nəticəsində iqtisadi inkişafını reallaşdırsa da, dünyaya yeni heç bir şey verə bilməyib. Çinin iqtisadi artımının onun nüvə bombasına sahib olması ilə heç bir əlaqəsi yoxdur, hərçənd hazırda bu fakt Birləşmiş Ştatların qarşısını almaqda Çinə yardım edir.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heylinin (Nikki Haley) sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının 11 sentyabr 2017-ci il tarixli 2375 saylı qətnaməsi neft sanksiyalarının artırılması və Şimali Koreya iqtisadiyyatının üçdə bir hissəsinin məhv edilməsi məqsədilə qəbul edilib.

Xatırladaq ki, Şimali Koreya 2006-cı il ilk nüvə sınaqlarını həyata keçirməyə başladıqdan sonra BMT Təhlükəsizlik Şurası bu ölkəyə qarşı artıq doqquz qətnamə qəbul edib. Onların hər birini rədd edən KXDR rəhbərliyi bu istiqamətdə səylərini artıracağını bildirib. Nüvə sınaqları ilə yanaşı Şimali Koreya ballistik raketlərin də sınağını həyata keçirib. Ümumilikdə 17 sınaqdan sonuncusu bu il sentyabrın 15-i baş tutub.

Bu sınaqlar  KXDR-in nüvə bombasını tətbiq etmək niyyətindən xəbər verir. Bununla əlaqədar tam əminliklə demək olar ki, Pxenyan raket başlıqlarından atom partlayışını son nəticəyə yaxınlaşdıra bilib. Əmək partiyasının Mərkəzi Komitəsinin sədr müavinin sözlərinə görə, KXDR “nüvə klubuna” daxil olub və həmişəlik hərbi aqressiya təhlükəsini neytrallaşdıra bilib.

Hazırda Şimali Koreya böhranı ilə bağlı əvvəlcədən “siyasi həll”dən yana çıxış edən – hərçənd bunun altında nəyin gizləndiyi indiyə kimi məlum deyil – Çin və Rusiyadan başqa digər Şərqi Asiya ölkələrinin liderləri də artıq hərbi ssenari barədə danışmırlar.

Sentyabrın 15-i Şimali Koreyanın həyata keçirdiyi ballistik raketlərin ikinci sınağını öz ölkəsindən müşahidə edən Yaponiyanın baş naziri Sindzo Abe (Shinzo Abe) böhranın siyasi yolla həll edilməsi üçün danışıqlara çağırıb. Təkcə ABŞ prezidenti Donald Tramp spesifik ritorikasından istifadə etməyə davam edir. Və bu ritorikanı çox az adam layiqincə qiymətləndirir.

2003-ci ildən başlayaraq, İranın nüvə proqramı BMT tərəfindən daima nəzarətdə saxlanılır. Bu proses İslam Respublikasına bir çox problem yaşadıb. Belə ki, sanksiyalar əvvəlcə qismən ölkənin dünya ilə siyasi, sonra isə iqtisadi münasibətlərinə təsir edib. Bununla belə bütün bu illər ərzində İran nəinki nüvə potensialını on dəfə artıra bilib, eyni zamanda uranın zənginləşdirilməsinə nail olub və raket gücünü artırıb. İran nüvə proqramını işıqlandırmaq məqsədi ilə əvvəlcə Avropa, sonra isə BMT Təhlükəsizlik Şurasının digər üzvləri ilə danışıqlara başlayıb, 2012-ci ildən isə bu məsləhətləşmələr daha intensiv xarakter alıb.

2015-ci ilə qədər BMT Təhlükəsizlik Şurası İranın nüvə proqramı ilə bağlı on qətnamə qəbul edib. Onlardan sonuncu hazırda qüvvədə olan 2231 saylı qətnamədir. Bu sənəd İranın “5+1” qrupu, ələlxüsus ABŞ-ın hakim dairələrinin bəzi nümayəndələri ilə konsultasiyalarının nəticəsidir. Sənəd Təhlükəsizlik Şurasının İrana qarşı əvvəlki bütün qətnamələrini və ölkəyə qarşı tətbiq edilən sanksiyaları ləğv edib. Beləliklə, sanksiya “izolyasiyasından” çıxan İran yenidən “beynəlxalq arenaya” qayıdıb.

Gündəlikdən əvvəlcə Birləşmiş Ştatlar və müttəfiqləri tərəfindən İrana qarşı hərbi əməliyyatlar variantı çıxarılsa da, Amerikada baş verən hökumət dəyişikliyi ilə növbəti dəfə aktivləşdirilib. Bu dəyişiklik ilə İranda siyasi rejimin dəyişdirilməsinə və ölkəyə qarşı hərbi hücuma çağırışlar yenidən səslənməyə başlayıb. Beləliklə, İran İslam Respublikası xarici işlər nazirliyi yenidən yeni böhranla üzləşib. Böhranın tam aradan qaldırılması baxımından, çətin ki, nüvə danışıqlarının nəticəsini yüksək qiymətləndirmək olar, lakin nisbi iqtisadi zəifliyə nail olmaq mümkün olub.

İran ideoloqları üçün mühüm strateji məqam Şimali Koreya və İranın həyata keçirdiyi iki mövqeyin müqayisəli təhlilidir. Hər iki ölkənin Amerika ilə prinsipial fikir ayrılıqları var və bu rejimlərin ABŞ ilə düşmənçiliyinin nə vaxtsa sona çatacağı şübhə doğurur.

Bu ölkələrdən biri gücünün nümayişi və arsenalına nüvə silahı daxil etmək hesabına hərbi təhlükədən canını qurtara bilib. Ancaq eyni zamanda sanksiyalara məruz qalıb. Ona görə belə bir mövqeyin üstünlükləri barədə nəticə çıxarmaq hələ çox tezdir. Məsələn, nüvə silahına malik olan Sovet İttifaqı xarici müdaxilənin deyil, sosial-iqtisadi problemlərin ucbatından dağılıb. Şimali Koreya hökuməti də öz ölkəsində oxşar problemlərlə üzləşib. Nüvə silahı əldə etmək cəhdlərində ittiham edilən İran isə danışıqlara başlayıb və məruz qaldığı bəzi sanksiyaların ləğvinə nail olub. Sosial-iqtisadi baxımdan İranı ümumiyyətlə KXDR ilə müqayisə etmək olmaz. Axı İslam Respublikasında əhalinin həyat səviyyəsi, Şimali Koreya vətəndaşlarının həyat səviyyəsindən qat-qat yüksəkdir. Hərçənd müharibə təhlükəsi indiyənədək bu ölkə üçün aktual olaraq qalır.

İstənilən halda İran və Şimali Koreya mövcud dünyada hakimiyyətin iyerarxik qaydasını qəbul etməyən suveren dövlət kimi öz mövcudluqları uğrunda mübarizəni davam etdirir və bunun üçün vəsait xərcləyirlər. Bununla yanaşı, belə bir təəssürat yaranır ki, İranın seçdiyi yol daha az xərc tələb edir. (Xpress)