XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Dekabr 2017 - 16:58

PUTİNİN YAXIN ŞƏRQDƏKİ MÖCÜZƏSİ –Rusiya ərəb dünyasının yeni sahibidir? - TƏHLİL

Pyer Avril

“Le Fiqaro”

13 dekabr 2017

2015-ci il Suriya münaqişəsinə hərbi müdaxilə nəticəsində Yaxın Şərqə qayıdan Rusiya o vaxtdan bəri regionda təsirini dayanmadan artırır.

2011-ci ildə başlayan “ərəb baharı”, anti-putin nümayişləri, sonra isə Ukraynadakı inqilab Kremlin çətin vəziyyətdə olduğunu təsdiqləyib. Vəziyyəti dəyişdirmək və təşəbbüsü ələ keçirmək üçün Rusiya Suriya müharibəsində iştirak etmək imkanını dəyərləndirib.

Moskva özünün sovet keçmişinə bel bağlaya bilərmi?

Dofar azadlıq cəbhəsini kim xatırlayır? 60-cı illərin silahlı marksist təşkilatının sponsoru SSRİ olmasaydı, heç kim. İmperializmlə ilə mübarizə naminə SSRİ həmişə ərəb millətçi və inqilab hərəkatını dəstəkləyib. Fars körfəzi monarxiyalarını uğursuz şəkildə devirməyə çalışan Dofar azadlıq cəbhəsi tamamilə yox olanadək 12 il fəaliyyət göstərib. İndi Rusiya Suriyada sülhməramlı rolunu üzərinə götürdüyü bir vaxtda ağla ilk növbədə Sovet İttifaqının Yaxın Şərqdəki təcrübəsi gəlir. Səudiyyə kralı Salmanı Moskvada qəbul edən Vladimir Putin bildirib ki, SSRİ 1926-cı ildə krallığı tanıyan ilk dövlət olub. 1952-ci ildən SSRİ regionda möhkəm mövqe tutub, Misirdə britaniyalılar tərəfindən dəstəklənən monarxiyaya son qoyan Nasirin hakimiyyətə gəlməsini müdafiə edib. Bu, heç vaxt dayanmayan uğurlu hərbi əməkdaşlığın başlanğıcı olub. Müstəqillik uğrunda müharibə zamanı Əlcəzair də SSRİ-dən silah alıb. Cənubi Yəməndəki hadisələrdən sonra Moskva ideoloji qələbəsini qəti şəkildə bəyan edə bilib. 1967-1990-cı illər ərzində Cənubi Yəmən ərəb dünyasında 100%-lik marksist rejimə malik yeganə ölkə olub. Bu rejim ölkələr müvəqqəti birləşənədək mövcud olub. Sovet İttifaqı dağıldıqdan sonra onun Yaxın Şərqdəki təsiri də yox olub. “Təsirimiz sıfıra endirildi. Rusiyanın regionda siyasət yürütmək üçün maliyyə resursları yox idi. Qarşı tərəf də Moskva ilə əlaqələrdə bütün maraqlarını itirmişdi”, – Rusiya beynəlxalq məsələlər üzrə şuranın əməkdaşı Kiril Semyonov bildirir.

Suriya müharibəsi Rusiyanın təntənəli qayıdışına təsir göstərəcəkmi?

“Valday” beynəlxalq diskussiya klubunun saytında dərc olunan məqalədə misirli analitik Nuhran əl-Şeyx Suriya hadisələrini “Putinin Yaxın Şərqdəki möcüzəsi” adlandırır. Əslində ərəb baharı dövründə baş verən hadisələr zənciri Moskvanın səhnəyə çıxmasına təkan verib. 2011-ci il Qahirədə Mübarək devrildikdən sonra London və Paris Rusiyaya xəyanət edib. Neytralitetlərini qoruyacaqlarına söz versələr də, sonuncular Liviyada hava əməliyyatlarına başlayıblar. BMT qətnamələrinə zidd olan bu əməliyyatlar Moskvanın müttəfiqi və iqtisadi tərəfdaşı Qəddafinin hakimiyyətdən uzaqlaşdırılmasına gətirib çıxarır. Bir neçə aydan sonra Əsəd təhlükə altına düşdükdə Kreml bunda Suriya vətəndaşlarını deyil, Qərb sponsorlarını günahlandırıb. Cihadda iştirak etmək üçün regiona yola düşən Qafqaz döyüşçülərinin səbəb olduğu təhlükə arqumentini Rusiya hökuməti çox sonra istifadə etməyə başlayıb.

Ərəb hadisələrinin 2011-2012-ci illər Putin əleyhinə etiraz dalğası ilə üst-üstə düşməsi, daha iki il sonra rusiyayönlü hakimiyyəti devirən Ukrayna inqilabının baş verməsi vəziyyəti daha da ağırlaşdıran amillərdən olub. Kreml də bu hadisələrlə bağlı 2014-cü il Təhlükəsizlik Şurasının baş katibinin müavini Mixail Popovun gəldiyi nəticəyə gəlib: “Ərəb baharı hadisələri, Suriyada hərbi münaqişə və Ukraynadakı vəziyyət Rusiya üçün yeni hərbi təhlükələrin yaranmasından xəbər verir”.

2015-ci il Moskvanın Tartusda kiçik hərbi dəniz bazasına malik olduğu Suriyaya hərbi müdaxiləsi milli təhlükəsizliyinə yeni təhdidə daha əhəmiyyətli cavab olub. Moskva hətta bir müddət bu hərbi vasitədən Qərbi Donbas hadisələrindən sonra Rusiyaya qarşı tətbiq olunan sanksiyaları ləğv etməyə məcbur etmək üçün istifadə etmək haqqında düşünsə də, səyləri nəticəsiz olub. Semyenovun fikrincə, “baş verənlərin hamısı Ukrayna hadisələrinin əksidir”. Beləliklə, ekspert Rusiyanın yeni təsirinin gözlənilməz xarakter daşıdığını vurğulayıb.

Rusiya əsas oyunçuya çevrilib?

Ərəb dünyası üzrə mütəxəssis Marina Belenkaya deyir ki, bu böhran vəziyyətində “Rusiya bütün tərəflərlə əlaqə saxlayan və bütün iştirakçılar arasında vasitəçi roluna iddia edə biləcək yeganə real qüvvədir”. Suriyada atəşkəsin əldə olunması və məsələnin siyasi yolla həll olunması üçün Moskvanın İranla sıx əməkdaşlıq etməsi vasitəçiliyin miqyasına parlaq nümunə ola bilər. Halbuki Səudiyyə Ərəbistanından tutmuş ABŞ-a kimi digər iri dövlətlər Tehranla əməkdaşlıq etmir. Vladimir Putin, həmçinin Yəməndə şiə rejimi ilə mübarizə aparan Səudiyyə Ərəbistanı kralı Salman ben Abdel Əziz əl-Saudu da Kremldə qəbul edib. Beləliklə, Rusiya məmnuniyyətlə regionda İranın artan təsirinə əks tarazlıq rolunda çıxış etməyə razılaşır. Ər-Riyad və Moskva Cenevrə danışıqlarında Suriya müxalifətinin nümayəndə heyətlərini birləşdirilməsi sayəsində səylərini əlaqələndirir.

Münaqişəyə birbaşa müdaxilə etməyən Moskva Səudiyyə Ərəbistanı və BƏƏ-nin diplomatik əlaqələrini kəsdiyi Qətərlə yaxınlaşır və Fars körfəzindəki rəqibləri dialoqa səsləyir. Sentyabrda Rusiya Qətərlə hərbi-texniki sahədə əməkdaşlıq haqqında saziş imzalayıb.

Əvvəlcə Suriya üsyançılarının bütün sponsor ölkələri Rusiyanın Əsədi dəstəkləmək üçün müdaxilə bəyanatına pis reaksiya verib. Bu gün hərbi uğuru sayəsində Moskva tamhüquqlu oyunçuya çevrilib və hamı onunla hesablaşmaq məcburiyyətindədir. Dəməşqin qatı düşməni olan Türkiyə rejimin möhkəmlənməsi və atəşkəsin əldə olunması üçün İran və Rusiya ilə birgə “üçlü ittifaqda” sıx əməkdaşlıq edir. Vladimir Putin düz altı dəfə Ərdoğanla görüşüb. Asiya və Afrika ölkələrinin institutunda çalışan ərəbşünas alim Vladimir İsayev Rusiya təsirini izah etmək üçün çox sadə bir fikir irəli sürüb: “Yaxın Şərq ölkələri gücə hörmət etdiyi üçün, bizə də hörmət edir”…

Neft müharibəsindən sonra əməkdaşlıq?

Enerji bazarının qatı rəqibləri Rusiya neft monarxiyaları, ilk növbədə Səudiyyə Ərəbistanı ilə artıq bir aydır iqtisadi “bal ayı” şəraitindədir. Neft qiymətlərinin aşağı düşməsindən narahatlıq keçirən Ər-Riyad və Moskva istehsal həcminin məhdudlaşdırılması haqqında saziş imzalayıb və prosesə digər istehsalçı ölkələri də cəlb edib. Həmçinin nəzərə almaq lazımdır ki, Rusiya OPEC təşkilatının üzvü deyil. “Opep Plus” sazişi tərəflərə büdcə resurslarını artırmağa imkan verib. Bu yaxınlarda sənədin müddəti 2018-ci ilədək uzadılıb. Bu, Rusiyanın Yaxın Şərqdəki təsirinin əsas elementidir.

Marina Belenkaya təsdiqləyir ki, “neft qiyməti ideologiyadan daha güclüdür”. Uzun müddət  əsasən “Qazprom” vasitəsilə diqqətini Avropa və Asiyaya cəmləyən Kremlin neft diplomatiyası indi üzünü Yaxın Şərqə çevirib, bu dəfə niyyətini Putinə yaxın İqor Seçinin başçılığı altında fəaliyyyət göstərən nəhəng “Rosneft” şirkəti vasitəsilə həyata keçirir. Ötən ilin sentyabr ayında dünyanın ən iri maye qaz istehsalçısı Qətər Rusiyanın neft şirkətindən təxminən 2,5 milyard avro məbləğində paya sahib olub, sonra isə kapitalının böyük bir hissəsini Çinə satıb. Noyabrda “Rosneft” kürd hökumətinə neftlə zəngin ərazilərin araşdırılması üçün 1,3 milyard dollar həcmində avans verdiyini elan edib. Bu, Bağdadın qəzəbinə səbəb olub.

Beləliklə, Rusiya regionın bütün oyunçuları ilə xüsusilə hərbi sahədə ticarət münasibətlərini möhkəmləndirməyə çalışır. “Siyasi əlaqələrdən asanlıqla yaxa qurtarmaq olar, ancaq iqtisadi əlaqələrlə bunu etmək çox çətin olacaq”, – Vladimir İsayev deyir. Məsələn, Səudiyyə Ərəbistanı Vaşinqtonun blokladığı bazarda rus silahını alacaq.

Rusiyanın mövqeyi nə dərəcədə möhkəmdir?

Suriya müharibəsinə görə Yaxın Şərqdəki münaqişəyə müdaxilə edən Moskva sülh sazişi imzalandıqdan sonra regiondakı təsirini itirə bilər: bu hipotez hazırda rus ərəbşünasları arasında müzakirə edilir. Ekspertlər Rusiyanın mövqeyinin möhkəm olmadığını qeyd edirlər. Ərəb oyunçular Rusiyanı qlobal geosiyasi balans naminə asanlıqla manipulyasiya olunan “piyada” hesab edir. Ər-Riyad və Tehranın regionda apardığı konfessional təsir müharibəsi kontektində Rusiyanın təsiri gülünc görünür. Suriyada Rusiya tərəfindən dəstəklənən İraqın şiə ekspansionizmi Moskvanın narahatlığı üçün bəhanədir. Eynilə bu şəkildə “Rusiya ilə Səudiyyə Ərəbistanı arasında münasibətlər yenidən yerlə bir ola bilər”, – Rusiya Dövlət Humanitar Universitetinin müasir Şərq kafedrasının professoru Qriqori Kosaç xəbərdarlıq edir.

Daha bir əngəl Vaşinqtondan gəlir. Moskva ilə aviabazaların birgə istismar planını müzakirə edən Misir ilk növbədə müttəfiqi Amerikanın təsirini qoruyub saxlamağa çalışır. Türkiyə də eyni gizli motivlərə malikdir. Onun da Rusiya ilə dostluğu ABŞ ilə mübarizəsi davam edənə qədər davam edəcək. Qüdsü İsrail dövlətinin paytaxtı kimi tanıyan Tramp tamamilə qeyri-təbii Rusiya-Avropa koalisiyasının yaradılmasına imkan verib. Qeyd edək ki, həm Rusiya, həm Avropa Trampın bu qərarına qarşı çıxıb. Bu fakt həm də ona görə maraqlıdır ki, 80-ci illərin sonu kütləvi yəhudi emiqrasiyasından sonra Moskva və Tel-Əviv çox sıx tandem formalaşdırsa da, Rusiya diplomatiyası heç vaxt İsrail-Fələstin münaqişəsinin tənzimləməsinə təzyiq göstərməyib. Vladimir Putin bu narahat regionda strateji baxışları ilə öyünə bilməz: taktikin və bəzilərinin də dediyi kimi, opportunistin rolu onun iddialarını tamamilə qane edir. (Xpress)