XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

22 Dekabr 2017 - 21:10

Putinin “boynundan” asılan Əsəd –NİYƏ ABŞ SURİYADA QALİB GƏLƏ BİLMİR? - TƏHLİL

Daniel de Petris

“The National  İnterest”

 

17 ildir Rusiya siyasətində hökmranlıq edən şəxs – Vladimir Putin iki il öncə Rusiya hərbi hava qüvvələrinə Bəşər Əsədin prezident sarayını hədəfə alan Suriya üsyançı qruplaşmalarına cavab vermək əmri verdiyi gündən bəri ilk dəfə olaraq ötən həftə Suriyaya səfər edib.

Rusiya hərbi təyyarələri əməliyyatlara başladığı ilk vaxtlar Əsəd rejimi iflas həddində idi. İndi Suriya diktatoru sakit və özündən əmin halda ölkəsinə başçılıq edir, opponentlərinin çoxu isə artıq yeddi ildir davam edən müharibədən demoralizə edilmiş və yorğun düşmüş halda belə bir sual verirlər: rejimi devirmək mümkündürmü?

ABŞ və Qərbi Avropada bir çoxlarına Putinin Suriyadakı hərbi avantürasını rusların qeyd-şərtsiz qələbəsi, habelə Vaşinqton və Brüsselin qeyd-şərtsiz məğlubiyyəti adlandırmaq daha asan gəlsə də, Suriya tarixi hələ başa çatmayıb. Rus aviabazasında Putinin qələbə bəyanatlarına baxmayaraq, Moskva hazırda özünü çox çətin bir vəziyyətə salıb: hazırda qarmağa düşən Rusiya Əsəd rejimini bundan sonra uğurla təmin etməlidir. Həqiqətən, 2015-ci ilin sentyabrında Əsədin köməyinə gələn və son iki il ərzində Əsəd hökumətini qələbə ilə təmin edən Rusiya indi Suriyanın gələcəyinə görə birbaşa məsuliyyət daşıyır.

Hərbi baxımdan Bəşər Əsədin bu müharibəni udması ilə bağlı heç bir şübhə yoxdur. Hərbi əməliyyatlar zonasında ekstremist qruplaşmalar tərəfindən məğlub edilməyən və ya rəqib tərəfə keçən mötədil Suriya müxalifət qüvvələri əhəmiyyətini itirərək deqradasiyaya uğrayır, Şərqi Qutedə zəifləyir, ya da getdikcə azalan, hökumət qoşunları tərəfindən ələ keçirilməyən İdlib ərazisinə çəkilmək məcburiyyətində qalırlar. Suriyadakı münaqişəni müşahidə edənlərin əksəriyyəti hələ bir il əvvəl rejim qoşunlarının Deyr-əz-Zor şəhərini ələ keçirəcəyini eşitsəydi, təəccüblənərdi.

Reallıq isə belədir: Deyr-əz-Zor əvvəllər uzun illər boyu şəhərin mərkəzində Suriya qoşununu mühasirədə saxlayan İŞİD döyüşçülərindən təmizlənib. Suriya hökuməti bütün əsas giriş nöqtələrinə, nəzarət-buraxılış məntəqələrinə, aeroportlara, limanlara və ölkədə nominal hakimiyyəti saxlamaq üçün lazım olan yaşayış məntəqələrinə nəzarət edir. Deyəsən, rejimin hərbi uğurunun ən parlaq nümunəsi ondan ibarət olub ki, Qərb Əsədin siyasi gələcəyinə marağını itirib. Əvvəlki illərdə BMT himayəsi altında Cenevrədə keçirilən Suriya danışıqları zamanı Bəşər Əsədin prezident postunu tərk etməsi Qərb üçün Vaşinqtonun israr etdiyi şərt idi.

İndi hətta Səudiyyə Ərəbistanı da fərdi qaydada etiraf edib ki, Suriyada nəzəri siyasi keçid prosesi zamanı Əsədin istefası yerinə yetirilməsi mümkün olmayan şərtdir və siyasi müxalifət həqiqətlə barışmalı, yaxın gələcəkdə diktatorun hakimiyyətdə qalmasını qəbul etməlidir.

Vətəndaş müharibəsində hadisələr rejimin xeyrinə inkişaf etsə də, Suriya hazırda tamamilə iflas durumundadır. Ölkə parçalanıb, əhali müxtəlif yerlərə səpələnib, iqtisadiyyat tamamilə məhv olub, siyasi sistem isə səriştəsizdir və korrupsiyaya uğrayıb. Bu da çox güman Əsədin bir neçə rəqibini mübarizəni davam etdirməyə məcbur edəcək. Bu həftə Suriya rəsmiləri ilə görüşü zamanı Vladimir Putinin nümayiş etdirdiyi əminlik bir çox cəhətdən saxtadır; diqqətlə baxanda aydın olur ki, Əsəd qələbəsinin suveren sərhədlərinə nəzarət edən və ya müstəqil şəkildə sağ qala bilən möhkəm və fəaliyyət qabiliyyətli dövlətlə heç bir əlaqəsi yoxdur.

Suriya müharibəsi nəinki xalq, eyni zamanda iqtisadi potensial və sosial birlik üçün olduqca baha başa gəlib. Hərbi əməliyyatlar zamanı təxminən 400 min nəfər həlak olub. BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin məlumatına əsasən 13,1 milyon suriyalı (əhalinin təxminən 72%-i) gündəlik yaşamında beynəlxalq donorların humanitar yardımından asılıdır. Altı milyondan çox suriyalı məcburi köçkün kimi yaşayır. Ölkənin başqa-başqa yerlərinə səpələnən əhali təhlükəsizlik baxımından öz evinə qayıda bilmir. Əksəriyyətinin isə ümumiyyətlə qayıda biləcəyi evi  yoxdur. Beş milyondan çox suriyalı Livan, Türkiyə və İordaniyadakı qaçqın düşərgələrində məskunlaşıb. Beynəlxalq maliyyədən məhrum olan bu düşərgələr insan axınının öhdəsindən çətinliklə gəlir.

Vətəndaş müharibəsinə qədər Suriya milli iqtisadiyyatı hansı potensiala malik idisə, indi bu potensial yoxdur. İstənilən rasional hesablamalara görə, Suriyanın müharibədən əvvəlki vəziyyətinin bərpa edilməsi üçün onilliklər lazım gələcək. Dünya Bankının hesablamalarına əsasən, beş ildən çoxdur davam edən münaqişə zamanı hərbi əməliyyatlar və fiziki dağıntılar nəticəsində Suriya hökumətinin ümumi zərəri 226 milyard dollar təşkil edib. Bu məbləğə dağıdılan və ya ən yaxşı halda fəaliyyət göstərməyən səhiyyə, təhsil infrastrukturu və ümumilikdə əhalinin yaşamını təmin edən obyektlər daxildir. Dünya Bankının məlumatlarına görə “mənzil fondu 27% zərər görüb, evlərin 7%-i tamamilə dağılıb, 20%-nə isə qismən ziyan dəyib”. Klinika və xəstəxanaların yarısı ya dağıdılıb, ya da zədələnib. Bu da ölkədə humanitar fəlakətə yaxın fövqəladə vəziyyəti daha da dərinləşdirir, milyonlarla insanı əsas tibb xidmətlərindən məhrum edir. Bu gün Suriyadan gələn videoreportajlara baxsaq, görərik ki, şəhərlər – Rakka, Hələb, Dəməşqin cənub-qərb və şimal-şərq bölgələri, əvvəllər üsyançıların nəzarətində olan İdlib və Homsdakı rayonlar tamamilə məhv edilib.

Bu problem Putin üçün niyə belə vacibdir? Çünki “Suriyanın dostları” (aralarında Birləşmiş Ştatlar, Böyük Britaniya, Fransa, Səudiyyə Ərəbistanı və Qətərin də olduğu zəngin ölkələrdən ibarət beynəlxalq kollektiv) əlaqə qrupu bildirib ki, ölkədə BMT Təhlükəsizlik Şurasının bir neçə qətnaməsində qeyd edilən siyasi islahatlar həyata keçirilməsə, Suriyanın bərpa edilməsinə yardım ayırmayacaq. ABŞ dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisinin vəzifəsini müvəqqəti icra edən Devid Satterfild (David Satterfield) sentyabrın 18-i jurnalistlər qarşısında çıxış edərkən qeyd edib ki, Əsəd hakimiyyətdə qalsa, yalnız öz gücünə ümid edə bilər. “Rejim və rejim tərəfdaları yalnız hərbi əməliyyatlar xəritəsinə və yerlərdə mövqelərin göstərildiyi rənglərə əsaslanaraq qələbə qazandıqlarını elan edə bilməz”, – Satterfild bildirib. Keçid prosesi olmasa, beynəlxalq ictimaiyyət “Suriyanın legitimləşdirilməsinə, autentifikasiyasına və ya bərpasına yardım etməyəcək”.

Qərb və ərəb dünyası tərəfindən maliyyə yardımı olmadan Əsədin başçılığı altında Suriya müharibədən sonra normal həyat hissi yaratmaq uğrunda çarəsizcəsinə mübarizə aparacaq. İstisna edilmir ki, diktator bu tapşırığı xalqın gözündə legitimliyini möhkəmlətmək üçün yerinə yetirəcək. Putin üçün bu, o deməkdir ki, Moskva qərar qəbul etməli olacaq: ya Əsədə yardım etməli və zəif müttəfiqinin bərpasına on milyardlarla dollar xərcləməli, ya da oyundan çıxıb, Əsədi taleyin hökmünə buraxmalıdır. Xüsusilə Rusiya iqtisadiyyatının rüblük artım tempinin gözləniləndən daha aşağı olduğunu nəzərə alsaq, birinci planın reallaşdırılması Putinə baha başa gələcək. İkinci ssenari o deməkdir ki, Rusiyanın regiondakı ən yaxın müttəfiqi daim zəif vəziyyətdə olacaq və Livanın “Hizbullah” təşkilatı, İraqın şiə qruplaşmaları və İran İnqilab Korpusunun Keşikçiləri kimi xarici qüvvələrin müdaxiləsi olmadan öz milli təhlükəsizliyini təmin edə bilməyəcək.

Əsəd postunda qaldığına görə Putin və onun İran tərəfdaşları indi de-fakto Suriya dövlətinin ən azından qismən fəaliyyət göstərəcəyi və istənilən təhlükə ilə mübarizə aparmaq iqtidarında olacağı şəraitlə təmin etməkdən dolayı məsuliyyət daşıyır. Ağır itkilərdən (həlak olanların, yaralananların və fərarilərin ümumi sayı on min nəfər təşkil edib) sonra Suriya ordusunun kifayət qədər döyüş qabiliyyətinə malik olmamasını nəzərə alsaq, Əsədin hakimiyyətinə qarşı təhlükəni müstəqil şəkildə dəf edə biləcəyi vaxta qədər illər keçəcək.Və yalnız ən son halda Moskva özünə pir qələbəsini rəva görə bilər. Belə bir qələbə zamanı məlum olardı ki, Putinin hərbi planı müdrik qərardan daha çox səhv olub.

Suriya ABŞ üçün də dərs olub. Vaşinqton 16 il ərzində iki qitədə və bir neçə ölkədə həyata keçirdiyi hərbi müdaxilədən sonra belə bir dərs çıxarmalı idi. Nəticə isə belə səslənir: ehtiyatlı olun və strateji qələbə kimi təqdim edilən taktiki uğurları fərqləndirməyə çalışın. Döyüş meydanlarında uğur uzunmüddətli deyil. Və bu uğura nail olmaq üçün çoxlu qurbanlara və külli miqdarda maddi xərcə ehtiyac var. Müttəfiqlərə ərazi zəbt etməkdə yardım məqsədilə həyəcan siqnalı ilə qırıcı təyyarələri səmaya qaldırıb, xüsusi təyinatlıları göndərməklə müqayisədə, bir qayda olaraq, qələbəni təmin edib möhkəmlətmək üçün lazım olan böyük hərbi və siyasi resurslar ayırıb, milyardlarla dollar xərcləmək daha baha başa gəlir. Həyatda olduğu kimi xarici siyasətdə də qərar qəbul edib, hərəkətə keçməmişdən öncə nəticələr barədə düşünmək daha yaxşı olar.  (Xpressa)