XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

14 Aprel 2015 - 07:51

Moskva hamımızı oyuncağa çevirib – təhlil

Rusiya heç vaxt azadlıq görməyib

Rusiya zəif iradəli Qərbə açıq nifrətlə yanaşan qanunsuz, əxlaqsız bir dövlətdir.

Rusiyanın Su-27 təyyarəsi bir neçə gün əvvəl Baltik dənizi üzərindəki səmada, az qala, Amerikanın kəşfiyyat təyyarəsi ilə toqquşmuşdu. Amerika hərbçiləri bu hadisəni “məsuliyyətsiz davranış” kimi qələmə verdilər.

Bu, Putinin quraşdırdığı növbəti fitnəkarlıq idi. Buna qədər digərləri də baş verib. Məsələn, Rusiya bombardmançılarının Kornuel sahillərində (İngiltərə ərazisi – red.) görünməsi. İl ərzində NATO təyyarələri cəmi yüz dəfədən çox rus təyyarələrini yaxalayıb, lakin rus təyyarələri 11 dəfə son dərəcə aqressiv davranıb.

Hələ Krımın ilhaqı və Ukraynaya təcavüz, həmçinin Putinin bu yaxınlarda Baltikyanı ölkələri qarışdırmaq hədələri də olub.

NATO üzvləri üçün aşkar təhlükəyə baxmayaraq, alyans heç nə etmədi, yalnız yumruqlarını düyünlədi. Putin ABŞ-ın dünya polisi rolundan – proses Obamanın səfeh bir nikbinliklə Rusiya ilə münasibətləri yenidən qurmaq cəhdlərində zirvə nöqtəsinə yetişdi – imtina etdiyini görüb ələ düşmüş fürsətdən istifadə etdi.

Kommunizmin süqutu ilə “tarixin bitməsi” haqda nəzəriyyə tamamilə yalana çıxdı. Rusiyada tarix daim təkrar olunur.

Rusiya nə çarın, nə kommunistlərin, nə kapitalist oliqarxların hakimiyyəti altında öz dərin mahiyyətini dəyişmədi. Rusiya heç vaxt azadlıq görməyib və bu gün hakimiyyət azad cəmiyyət oyununu Rusiya üçün ənənəvi manerada – öz vətəndaşlarının təqibi, onları kələyə salmaq, qısnamaq və istismar etmək üçün istifadə edir. Rusiya Putin dönəmində də Qərb ölkələrinə yol açıb sonra həbslər, rüşvətlər, qətllər və mənfəət götürmək üçün şantajlardan yararlanıb kürəsəlləşmədən istifadə etməyə başladı.

Bu yaxınlarda Rusiya haqda iki tükürpədici kitab oxudum. Birincisi “Hər şey yalandır və hər şey mümkündür” adlanır, müəllif Pyotr Pomerantsevdir. Kitabda indiki kapitalizm şəraitində rusların gündəlik həyatı təsvir olunur. İkincisi – Aleksandr Butun “Gələcək necə hazırlanırdı” kitabı onların kommunist rejimindəki davranışını təsvir edir. Hər iki kitab hərəkətləndirici qüvvəsi başqalarının üzərində amansız hakimiyyət acgözlüyü olan vəhşi, əxlaqsız cəmiyyətdən danışır.

But Xroşov dönəmindəki uşaqlığını xatırlayaraq qeyri-iradi mədəniyyət, az qala, psixopatik təcavüz və zorakılıq, qalmaqal, əyyaşlıq, vəhşiləri sivil insanlara çevirən sosial davarnış normalarının olmamasından yazır. Dövlət aparatı insanlara icazə verilmiş düşüncə xəttindən sapmağı yasaqlamaqla özünü aldatma, paranoya və təzavüz sayəsində onları itaətkar durumda saxlayıb.

But yazır: “Yalnız az adam başa düşürdü ki, ölkə tamamilə anlaşılmazdır, çünki divanədir”.

Pomerantsev də postmodernçi Potyomkin cəmiyyətində hökm sürən eynən belə bir divanəliyi qələmə alıb. Uydurma və gerçəklik iç-içə hörülüb. İdeologiyalar və baxışlar teatr dekorasiyaları kimi bir-birini əvəz edir, Putin isə ipin ucunu oynadır.

Kreml televiziyanın köməyi ilə kimin cib müxalifəti olacağını və tarixin, cəmiyətin vahimə və şüurunun necə biçimlənəcəyini qət edir. “Siyasi sistemi özəlləşdirmiş” Vladimir Surkov televiziya realiti-şousundakı kimi Rusiya gerçəkliyini idarə edir. O, kimə hücum etmək və kimi müdafiə etmək barədə hər həftə telekanalların rəhbərlərinə təlimat verir. Cəmiyyət qorxutma, talan və mövcud olmayan sağ partiyalar tərəfdən təhlükələrin şişirdilməsi yolu ilə üzüyola hala gətirilib, xəbər yenilikləri daim Rusiya ilə tənəzzülə uğrayan Qərb arasında alovlanan münaqişədən xəbər verir, geylərin hüquqları isə Krımın ilhaqı və Ukraynaya təcavüzə bəraət kimin təqdim olunur.

Qərb bvelə bir vəziyyətdə NATO ordularını Rusiya ilə qonşu ölkələrə yeritməli, Ukrayna müqavimətinə yardım göstərməli və müdafiə xərclərini artırmalıdır, yəni Putinə göstərməlidir ki, işi necə görürlər. Qərb bunun əvəzinə kor-kor, gör-gör öz zəifliyini nümayiş etdirir. Müdafiə naziri Maykl Fallon haqlı olaraq beynəlxalq qaydalara misli görünməmiş hərbə-zorbadan danışır. Lakin mister Fallonun partiyası NATO-nun müəyyən etdiyi üDM-un 2%-dən artıq müdafiə xərcini artırmağa hazır deyil.

Londona qaçmış və Kremlin hazırladığı çirkli pulların yuyulması sxemini açacaqları ilə hədə-qorxu gələn Rusiya mühacirləri müəmmalı şəraitdə həlak olurlar. Lakin Britaniya hökuməti rus oliqarxlarının Britaniyaya keçirdiyi milyardlarla dolları təhlükə altında qoymaq əndişəsinə görə nəsə etməyə qorxur. Hələ təcavüzü hərbi yolla durdurmaq üçün istənilən cəhdi “müharibəni qızışdırmaq” hesab edən Qərbin indiki fəlakətli siyasətini demirik.

Yeni soyuq müharibə? Daha çox Kremlin kuklalar teatrında təşkil etdiyi postmodernçi virtual realiti-şou fonunda beynəlxalq iflic.

Melani Filips (“The Times” qəzeti, Böyük Britaniya)

qaynaq: inosmi.ru

çevirən – Fərzuq Seyidbəyli




Yuxarı Əvvələ Ana Səhifə