XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

29 Dekabr 2017 - 12:42

NAVALNI SEÇKİLƏRƏ NİYƏ BURAXILMADI?-  Putinin “rus Saakaşvilisi” adlandrıdığı müxalifətçi  problemə çevrilir –TƏHLİL

Endru Higgens

“Nyu –York Tayms”

 

Rusiyanın anti-korrupsiya aktivisti Aleksey Navalnının prezident seçkilərində Vladimir Putinə qalib gəlməsi üçün real şansı yox idi. Hökumət onu cəmiyyətdə heç bir rol oynamayan, öz reklamı ilə məşğul olan insan kimi təqdim edib.

Bazar ertəsi Kreml onun martda keçiriləcək prezident seçkilərində iştirakına icazə verməyib. Çərşənbə axşamı hökumət onu məhkəmə iddiası ilə hədələyərək, seçkilərin boykotunun təşkil edilməsinə görə xəbərdarlıq edib. Vəziyyəti dönə-dönə absurd həddə çatdıran Rusiya hakimiyyəti xarizmatik və istedadlı küçə siyasətçisinə əhəmiyyətsiz bir şey kimi barmaqarası baxıb. Sonra bunun məhz belə olduğunu sübut etmək üçün hər şeyi edib.

Boykotla bağlı xəbərdarlıq Putinin mətbuat katibindən daxil olub və təxminən 18 il hakimiyyətdə olan prezident rəsmi şəkildə dördüncü müddətə namizədliyini irəli sürdüyünü bəyan etdiyi gün səslənib. Mərkəzi Seçki Komissiyası (MSK) Navalnıya seçkilərdə iştirak etməyə icazə verməyib. Səbəb kimi dələduzluqda təqsirləndirilərək azadlıqdan şərti məhrum edilməsi göstərilib. Aktivist Avropa İnsan Hüquqları Məhkəməsi və Avropa Şurasının dəstəyi ilə ittihamı şikayət edib, qərarın siyasi motivli olduğunu bildirib. 

AB-nin xarici siyasət xidmətinin çərşənbə axşamı yayılan məlumatında deyilir ki, Navalnının mart seçkilərinə buraxılmaması “Rusiyada siyasi plüralizmin mövcudluğu və gələn il demokratik seçkilərin keçirilməsi perspektivi ilə bağlı ciddi şübhələr oyadır”.

Bu da onunla nəticələnə bilər ki, siyasəti məhz Kremlin yayınmaq istədiyi istiqamətə, yəni küçəyə yönəldə bilər. Bütün Rusiya üzrə 84 şəhərdə qərargah yaradan Aleksey Navalnı çərşənbə günü yanvarın 28-i ümumrusiya etiraz aksiyası keçirməyə çağırıb. Məqsəd onun fars adlandırdığı mart seçkilərinin boykot edilməsinə ümumi dəstək qazanmaqdır: “Bizdə seçki olmayacaq, çünki Vladimir Putin çox qorxur, mənimlə rəqabətdən qorxur, bunda təhlükə görür”, – qeydiyyatda rədd cavabı ilə üzləşəcəyini təxmin edən 41 yaşlı siyasətçi videomüraciətində bildirib. – İştirak etməyimizi istədikləri prosedur seçki deyil. Onda yalnız Putin və onun şəxsən seçdiyi namizədlər iştirak edir”.

Kremlin Navalnıdan qorxması şübhə doğurmur. Dələduzluqda, qanunsuz etirazların təşkilində və bir sıra başqa cinayətlərdə təqsirkar olduğu göstərildiyi hallar istisna olmaqla, onun adı dövlət televiziya kanallarında tabuya çevrilib. Hökumətə bağlı ictimai rəyin araşdırma mərkəzləri aparıcı siyasi xadimlər haqqında sorğular keçirən zaman Navalnının adını sual siyahısına daxil etmirlər.

Düzdür, Kremlin məhz nədən ehtiyat eməsi çaşqınlığa səbəb olur. Əgər Navalnı mart seçkilərinə buraxılsaydı, bu, Putinin qarşısında duran əsas problemlərdən birini həll etməyə kömək edərdi. Seçkini darıxdırıcı tacqoyma mərasimindən nəticələrini hamının “həyəcan və səbirsizliklə” gözlədiyi yarış prosesinə çevirə bilərdi. Axı Kreml seçici fəallığının aşağı olacağından çox qorxur.

Müstəqil “Levada” mərkəzin keçirdiyi ictimai rəy sorğularının nəticələrinə əsasən, Vladimir Putinin reytinqi 80% təşkil edir. Bu, o deməldir ki, Putin seçkilərdə Navalnını yerlə bir edərdi. Elə bu mərkəzin dekabrın əvvəlində apardığı sorğunun nəticələrinə görə respondentlərin 66%-i Vladimir Putinə səs verəcəyini söyləyib. Halbuki Navalnıda bu göstərici cəmi 2% təşkil edib. Qeyd edək ki, 2013-cü il Moskva meri postuna namizədliyini irəli sürdükdə Navalnı 27% səs toplaya bilmişdi.

Putinin köhnə dostu, xüsusi olaraq seçilmiş baş nazir Dmitri Medvedyev bu yaxınlarda Navalnı haqqında etinasız açıqlama verib, çıxışında onun adını çəkməyib, sadəcə onu heç kimin inanmadığı “fırıldaqçı” adlandırıb. Ancaq dövlətin media aparatı Navalnını ölkənin siyasi səhnəsindən uzaqlaşdırmaq üçün əvvəlki kimi hər şeyə gedir. Görünən odur ki, mətbuat onun heç adını da çəkmək istəmir.

Amma ötənilki ABŞ seçkilərini izləyən Putin deyəsən, narahatdır və başa düşür ki, soğruların nəticələrinə inanmaq olmaz, uğur qazanmaq üçün şansı az olan rəqib qalib gəlməsə də, ən azından gözləniləndən daha çox səs toplaya bilər: “Birinin adı namizədlər siyahısına düşdümü, artıq məğlub hesab edilənlər üçün də nəticə nəzarətdən çıxır”, – Amherst kollecinin fəxri professoru, Mixail Qorbaçovun yeni bioqrafiyasının müəllifi Uilyam Taubman (William Taubman) deyib. – “Trampın gözlənilməz uğuru bunun ən bariz nümunəsidir. Bu uğuru isə Putin nəinki maraqla izləyib, çox güman ona yardım əlini də uzadıb”.

Taubmanın sözlərinə görə, hər iki prezident – Tramp və Putin – “sadəcə qalib olmaq deyil, mütləq qalib olmaq istəyirlər. Putinə gəldikdə, Navalnı qələbə qazana bilməsə də, seçkilərdəki iştirakı ilə fərqi azalda bilsəydi və Putin ötən seçkilərlə müqayisədə daha az səs sayı ilə qalib gəlsəydi, onda bu, Putin üçün təhqiredici hal olardı”.

Navalnını namizədlər siyahısına salmaqdan imtina edən Kreml seçiciləri seçkilərə getməməyə çağırmaqla onun hələ də Putinə problem yarada biləcəyindən ehtiyat edir. Bu, Stalin dövründən dövlət başçısı postunda ən çox qalan Putinin lider olması perpektivi ilə bağlı cəmiyyətin şən həyəcanını nümayiş etdirmək istəyən hökumətin seçkilərə marağı artırmaq məqsədilə həyata keçirdiyi bütün səyləri puç edə bilər.

Putinin mətbuat katibi və Aleksey Navalnının yüksək vəzifəli məmurların sərvət mənbələrinin araşdırılması ilə bağlı tədqiqat işinin əsas fiqurlarından biri Dmitri Peskov çərşənbə axşamı bildirib ki, Navalnının boykot çağırışları seçkinin legitimliyinə heç bir vəchlə təsir göstərə bilməz. Bu bəyanat hüquq-mühafizə orqanları tərəfindən araşdırmaya, həmçinin Navalnı və köməkçilərinin mümkün cinayət təqibinə yol açıb.

Navalnının seçki qərargahına rəhbərlik edən köməkçilərdən biri Leonid Volkov bu ay Nijni Novqorodda mitinq təşkil etdiyi üçün 30 sutkalıq həbs cəzası alıb. Məhz Nijni Novqorodda Putin ötən ay prezident postuna namizədliyini irəli sürdüyünü elan etmiş və bu bəyanat yerli avtomobil zavodunun işçiləri tərəfindən gurultulu alqışlarla qarşılanmışdı.

Navalnı tərəfdarları çərşənbə axşamı onlara təzyiqin gücləndiyini, ən azı iki şəhərdə Tula və Orenburqdakı qərargahlarda axtarışların başlanıldığını bildiriblər.  “Görürsünüz, onlar çox qorxurlar”, – Viktor Şaveddinov adlı tərəfdar yazıb, “Facebook” səhifəsində hökumətin fəaliyyətini ətraflı təsvir edib.

Sovet dövründə qaliblər demək olar 100% səs toplayırdı. Putin buna ümid etməsə də, 2012-ci ildəki kimi dördüncü və çox güman sonuncu prezident seçkilərində 63%-dən çox toplamaq istəyir.

Putinin kefini pozan başqa məqam da var. O, 2011-2012-ci illərin qışında Moskvada baş qaldıran kütləvi küçə etirazlarını yaxşı xatırlayır. Bundan da pisi dörd il əvvəl Ukraynada keçirilən etirazlar olub ki, nəticədə ölkənin rusiyayönlü prezidenti Viktor Yanukoviç postunu tərk etməli və Rusiyaya getməli olub.

“Putin Navalnını dövlətin siyasi sferasına buraxmaqdan ona görə qorxur ki, Navalnı insanları səfərbər etmək qabiliyyətinə malikdir. Ona görə insanlar küçələrə çıxa bilər”, – politoloq Aleksandr Morozov qeyd edib.

 

Navalnı dəfələrlə bu qabiliyyətini nümayiş etdirib. Rəsmi qadağalara rəğmən bir neçə ümummilli etiraz aksiyası təşkil etməklə xüsusilə gənc, təhsilli Rusiya vətəndaşlarını ətrafına toplaya bilib.

Aleksey Navalnı başqa formal müxalifət siyasətçiləri kimi deyil. Onlar Kremlin dəstəyinə arxalanır, heç vaxt Putini tənqid etmir və seçicilərlə görüşmək üçün xüsusi səy göstərmirlər. Navalnı isə bütün ölkəni gəzir, ətrafına insanları toplayır, onları bir ideya ətrafında cəmləyir. Bu ideya isə ondan ibarətdir ki, Putin və ətrafı korrupsiyaya uğrayıb və sadə insanların qayğıları onları narahat etmir.

Bu ay keçirilən yekun mətbuat konfransında “hakimiyyət ədalətli rəqabətdən qorxmurmu” sualını cavablandıran Putin çıxışında etirazlara bütün qəzəbini bildirib. Məhz bu etirazlar sayəsində keçmiş Sovet İttifaqı ərazisində rəngli inqilablar zamanı sarsılmaz hesab edilən liderlər devrilib.

“Axı əsas məsələ meydanlarda səs-küy yaratmaq və ya daha kuluar şəraitdə anti-xalq rejimi haqda danışmaqda deyil. Əsas məsələ vəziyyəti yaxşılaşdırmaq üçün nəsə təklif etməkdir”, – prezident deyib.

Putin Navalnının adını çəkmədən onu küçə nümayişləri sayəsində hakimiyyətə gələn Gürcüstanın sabiq prezidenti, Ukraynada prezident Petr Poroşenkonun ətrafında etirazçılar ordusu toplaya bilən müxalifətçi Mixail Saakaşvili ilə müqayisə edib: “Adını çəkdikləriniz rus Saakaşvililəridir, – Navalnı haqqında sualı cavablandıran Putin deyib. – Və siz istəyirsiniz bu Saakaşvili kimilər ölkədə sabitliyi pozsun?”.

Aleksey Navalnı dövlət tərəfindən pul və informasiya dəstəyinə ümid etmədən, seçicilərin simpatiyasını qazanmağa çalışan adi siyasətçi kimi fəaliyyət göstərir. O, “idarə edilən demokratiya” – daha avtoritar sistem yaratmaq istəyən Kremlə qarşı çıxır. Belə bir sistemdə tənqidə yer var. Ancaq bu tənqid çar-prezidentə qarşı olmamalıdır.

Varşava Perspektivli Araşdırmalar mərkəzinin rusiyalı alimi Vladislav İnozemtsev bildirib ki, Putin sadəcə qələbə qazanmaq istəmir, bunu bütün xalqın dəstəyini qazanan mistik şəxsiyyət obrazına uyğun şəkildə etmək istəyir. Navalnıya seçkilərdə iştirak etməyə icazə verilsə, bu, o demək olacaq ki, müxalifətçi televiziyaya çıxacaq, Putin onun adını çəkməyə məcbur qalacaq və tilsim öz gücünü itirəcək.

“Rusiya prezidenti– ya da özünün hesab etdiyi kimi ölkə hökmdarı olaraq Putin artıq 20 ildir Qərb liderlərindən fərqli olaraq postunu funksiya kimi deyil, müqəddəs missiya kimi qəbul edir. O, alın yazısına, Müqəddəs Rusiya tarixindəki roluna çox inanır”, – İnozemtsev deyib.

Aleksey Navalnının namizədliyini irəli sürmək üçün fəalın tərəfdarları ötən həftəsonu Moskva çayının sahilindəki çadırda görüşüblər. Çünki adətən onlar görüş təşkil etmək istəyəndə heç bir məkan onlara icarəyə verilmir.

Çərşənbə axşamı Vladimir Putinin namizədliyinin irəli sürülməsi isə əksinə, Stalin dövrünün parkı, xalq təsərrüfatı nailiyyətləri sərgisi ərazisində yerləşən isidilmiş pavilyonda baş tutub. Navalnıdan fərqli olaraq prezident “Güclü prezident. Güclü Rusiya” şüarı qeyd olunmuş böyük Rusiya xəritəsinin asıldığı zalda onun seçkilərdə iştirakına həsr edilmiş tədbirdə iştirak etməyib. (Xpressa)