XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

05 Yanvar 2018 - 20:20

“İRANI YENİDƏN QÜDRƏTLİ EDƏK” –Fəhlə qiyamları dünyanı hara aparır?

Daniel Henninger

“The Wall Street Journal”

05 yanvar 2018

 

Keçən cümə axşamı, dekabrın 28-i İranda kütləvi etirazlar başlayıb. Əfqanıstanla sərhəddə yerləşən Məşhəd şəhərindən başlayan hökumət əleyhinə etirazlar cümə günü onlarla başqa şəhərə yayılıb.

Şənbə günü Manhettenin Aşağı İst-Saydında Qarri Oldmenin (Gary Oldman) Uinston Çörçilldən (Winston Churchill) bəhs edən “Çətin vaxtlar” (Darkest Hour) filminə baxmaq üçün kinoteatra yola düşdük. Nümayişdən əvvəl Barak Obamanın (Barack Obama) xarici siyasəti haqda lentə alınan “Sonuncu il” (The Final Year) sənədli filminin treylerini gördükdə, məncə, bizim təəccübümüzü təsəvvür etmək elə də çətin olmaz.

Treylerdə Obama, Syuzan Rays (Susan Rice), Samanta Pauer (Samantha Power), Ben Rouds (Ben Rhodes) və İran nüvə proqramına dair sazişin əsas müdafiəçisi Con Kerrinin (John Kerry) ən ciddi niyyətləri barədə bəyanatlarını eşitdik. Təxminən 100 dəqiqə sonra Çörçillin kabinetinə müraciət edərək “diktatorlarla saziş bağlamaq olmaz” söyləməsinə baxdıq. Və elə bu zaman İrandakı etirazçılar “Xamneyiyə ölüm!” qışqırırdılar! İran xalqının yumor hissinə malik olduğunu görmək xoşdur.

Altı ölkə İranın nüvə proqramına dair sazişlə bağlı razılığa gələndə İran rejiminə qarşı ötən həftə başlayan etirazlara səbəb olmaq niyyətində deyildilər. O vaxt Xamenei-Ruhani rejimi özünü savab işdə Amerikanın tərəfdaşı kimi göstərmişdi. İndi isə ABŞ, Birləşmiş Krallıq, Fransa və Almaniya (Rusiya Xameneinin müttəfiqidir, Çin isə həmişə etirazların yatırılmasını dəstəkləyib) qərar verməlidir: onların iranlı tərəfdaşları küçələrə tökülüşən insanlardır, yoxsa bu insanlara atəş açan hökumət?

“Sonuncu il” filminin treylerində Obamanın komanda üzvləri etdikləri hər şeyin düzgünlüyünə əmin olduqlarını bildirirlər. Ancaq 2016-cı ilin noyabrında məlum olduğu kimi Obamanın komandası çox vacib bir məqamı, məhz real iqtisadiyyatın iş prinsipini başa düşə bilməyib. Real iqtisadiyyat dedikdə dövlət xərclərinin iqtisadiyyatını deyil, özəl iqtisadiyyatı nəzərdə tuturam.

Sənəd İran xalqına “kömək” etməli idi. Nüvə sazişinin mərkəzi elementi bu olmalı idi. Belə ki, saziş sanksiyaların ləğv edilməsinə və İran iqtisadiyyatına 100 milyard dollar həcmində dondurulmuş aktivlərin geri qaytarılmasına imkan yaratmalı idi. 2009-cu il Obama administrasiyasının ABŞ iqtisadiyyatına 832 milyard dollar həcmində vəsaitin daxil olması ilə bağlı qəbul edilmiş qərarının da əsasını təxminən belə bir iqtisadi nəzəriyyə təşkil edirdi. Hər iki qərar yaxşı heç nəyə gətirib çıxarmadı. Çünki onlar real iqtisadiyyatı kənardan hökumətin fəaliyyətini müşahidə edən təsadüfi şahidə çevirməkdan başqa bir şey deyildi.

Obamanın 832 milyard dolları hökumət bacasından yox oldu. İranın 100 milyard dolları isə ballistik raketlərin istehsalına və ölkənin Suriya, Yəmən, Livan, həmçinin Qəzza sektorunda vasitəçilərinə sərf olundu.

Qanqaraldan müqayisələrin məqamı yetişdi.

Donald Tramp (Donald Trump) prezident seçildi, çünki Obama və Klintonun (Hillary Clinton) demokratları Pensivaniya, Viskonsin və Miçiqanda çətin vəziyyətə düşən seçiciləri unutdular. Xamenei-Ruhani rejimi zərbə altında qaldı, çünki İranın fəhlə sinfinin nümayəndələri paytaxt hüdudları xaricində qiyam qaldırdılar.

Bəlkə dünyada baş qaldıran populizmin əsl səbəbi hökumət və real iqtisadiyyat şəraitində birtəhər dolanan insanlar arasında əlaqənin qırılmasıdır?

Məhz bu səbəbdən Fransa fəhlə sinfinin nümayəndələri, eləcə də kolleclərin gənc işsiz məzunları Emmanuel Makronu (Emmanuel Macron) ölkə prezidenti etdi. Məhz bu səbəbdən Briyaniyanın fəhlə sinfi “Brexit”ə səs verdi. Bu yeni qlobal reallıq – tamaşa göstər, yoxsa səni kənarlaşdıracaqlar – Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd ibn Salmanın başlatdığı islahatlara səbəb oldu.

İran vətəndaşları qışqırırlar: “Suriyanı tərk edin, bizi düşünün!” Hələ bu yaxınlarda Qərbi Virciniya şaxtaçıları qışqırırdılar: “Amerikanı yenidən qüdrətli edəcəyik!” Və bu, cahillik deyil. Bu, iqtisadi artım tempinin aşağı düşməsinin yeni norma olduğuna inandırmağa çalışan elitadan narazıçılıq və ona qarşı dözümsüzlüyün ifadəsidir. Xalq heç vaxt bununla razılaşmayacaq.

Şimali Koreya kimi İran da ən parlaq “beyinlərini”, həmçinin vəsaitinin böyük bir hissəsini atom bombalarının yaradılmasına sərf edib, iqtisadiyyatı isə Brüssel səviyyəsində texnokratların əlinə buraxıb.

Növbəti büdcədə vergilərin artırılması ilə bağlı çağırışlarla yanaşı, əsas ərzaq məhsullarının sürətlə qiymətinin artmasına baxmayaraq, Həsən Ruhani hökuməti idxal olunan malların əksəriyyətinə yüksək rüsum tətbiq edib. İndi İran vətəndaşlarının istədikləri geyimi, məişət texnikasını və elektronikanı ala bilməyəcəyini söyləməyə ehtiyac yoxdur.

Mobil telefon qaçaqmalçılığının öhdəsindən gəlmək üçün İran bu yaxınlarda 9%-lik ƏDV-dən başqa əlavə 5%-lik rüsum tətbiq etməyə və telefonların xüsusi istifadəçi bazasında qeydiyyatdan keçməsini tələb etməyə başlayıb. Hazırda qanunsuz yolla ölkəyə gətirilən milyonlarla telefon İran hökumətinə etirazçılar arasında məlumat mübadiləsinə mane olmağa əngəl törədir. Bazar teokratiyadan güclü çıxa bilər.

Hazırda Qərb KİV-ində belə bir ideya müzakirə edilir: Avropa liderləri prezident Trampın Tehrana qarşı “aqressiv” mövqeyini dəstəkləsə, onda bu, Obamanın imzaladığı “müqəddəs” nüvə sazişinə son qoyacaq, habelə Ruhani hökumətində “liberalları” dəstəkləməyə imkan yaradacaq. Məhz bu dəm filmdəki həmin səhnəni yada salmalıyıq: Uinston Çörçill cəsarətsiz Britaniya isteblişmentini inandırmağa çalışır ki, ekspansionist diktatura heç bir şeyin qarşısında dayanmayacaq.

Etiraf etməliyik ki, cəsarətsiz Qərb dünyamız İran hökumətinin atəş açdığı insanları dəstəkləməsə, onda biz İran sərhədləri daxilində raketlərin, nüvə texnologiyalarının və qoşunun qarşısını ala bilməyəcəyik. (Xpressa) 




Yuxarı Əvvələ Ana Səhifə