XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

23 Yanvar 2018 - 18:10

Rusiyanın Neft Fondunda bir qəpik qalmayıb –Gələcək nəsil üçün yığılmış 86 milyard dollar hara xərclənib? – TƏHLİL

 

Simon Kraus

BERLINSGKE”

23 yanvar 2018-ci il

 

Rusiyanın Suriya və Ukraynada başlatdığı xarici siyasət və hərbi avantüra bir vaxtlar dolu olan neft fondunu axırıncı rubluna kimi boşaldıb. Bu isə qarşıdan gələn seçkilər ərəfəsində Vladimir Putinə çoxlu sərt sual verməyə məcbur edir.

Artıq neçə ildir Vladimir Putin öz siyasi əleyhdarları ilə birbaşa müzakirələrdə iştirak etmir. Rusiyada seçkiqabağı mübarizə başladıqda hakim partiya debatların əvəzinə tərəfdarlarını bağlı qapılar arxasında görüşlərə toplayır. Putin burada çıxış edir və onun nitqi dövlət televiziya kanallarında yayımlanır. Sonda prezident seçilmiş suallara cavab verir və bununla da hər şey başa çatır.

"Rusiya iqtisadiyyatı inkişaf edir və bu inkişaf davam edəcək",  — deyə Vladimir Putin Tver vaqonqayırma zavodunun işçiləri ilə görüşdə həmyerlilərini əmin edib. Beləliklə prezident millətin atası obrazını ifa etməyə davam edir, eyni zamanda zəif yerlərini ictimaiyyətə göstərməməyə çalışır. Lakin problemlər olduğu kimi qalır. Televiziya ekranlarının hüdudlarından kənar Putinin ünvanına tənqidlər səslənməyə davam edir: elə ki əvvəlki qərarlarına görə məsuliyyət daşımaq vaxtı yetişir, o, qalib bayrağını yelləməyə başlayır.

Tverdəki zavodda Putinin təsvir etdiyi nikbin mənzərəyə baxmayaraq, məhz pis iqtisadiyyat 18 mart seçkiləri ərəfəsində onun rəqiblərinin əlinə ən böyük kalibrli silahı verir. Bunun səbəbi açıq-aşkar ölkənin rəsmi statistikasında qeyd olunub. Yoxsulluq səviyyəsində yaşayan Rusiya vətəndaşlarının sayı son beş il ərzində 15 milyondan 21 milyona çatıb, real gəlirlər isə 2015-ci ildən etibarən azalmağa davam edir. Bütün bunlar yüksək neft qiymətləri fonunda Putinin dövlətə başçılıq etdiyi zəngin 2000-ci illərlə kəskin təzad təşkil edir. Onda Rusiya da Norveç kimi neft fondu yaratmışdı. Fond gələcək nəsilləri təmin etməli idi. Üç il əvvəl Rusiyanın ən iri neft fondu 86 milyard dollara qədər “şişdi”.

Yeni ildən dərhal sonra Rusiya hökuməti elan etdi ki, ruslar daha milli neft fonduna ümid etməməlidir. Bu, mühüm rəmzi dönüş məqamı oldu. Fond tamamilə boşdur: sonuncu rubl dekabrda dövlət büdcəsindəki kəsri bağlamaq üçün istifadə edilib.

Pullarla büdcədəki kəsirləri bağlayıblar

Bu xəbər rus siyasətçiləri və iqtisadçıları arasında qızğın müzakirələrə səbəb olub. Bəziləri Rusiyanın boş fondunu daha az neft ixrac edən Norveçdəki vəziyyətlə müqayisə edib. Neft qiymətlərinin aşağı düşməsinə baxmayaraq, 2017-ci ilin sentyabrında Norveçdə müvafiq fondun həcmi 1000 milyard dollara çatıb.

“Putin niyə debatlardan qorxur?” — siyasi şərhçi Matvey Qanapolski “Exo Moskva” radiosunda sual verib. Sualını özü də cavablandırıb: “Çünki onda hər kəs ondan soruşa bilər: Putin bəs Norveçin 1000 milyard dolları hardandır?”

Əlbəttə, hər şey ilk baxışdan göründüyü kimi elə də sadə deyil. Kiçik firavan skandinaviya ölkəsini yorğun və çox şey yaşamış, hətta 1998-ci ildə demək olar müflis olan böyük Rusiya ilə müqayisə etmək düzgün deyil. Üstəlik, Rusiyanın kiçik də olsa əlavə neft pensiya fondu fəaliyyət göstərir. Hazırda plana əsasən bu fond gələn il büdcə kəsrini qapamalıdır.

Amma bir çox cəhətdən belə bir müqayisə aparmaq kifayət qədər ədalətlidir. Rusiya Norveçlə müqayisədə beş dəfə çox neft hasil edir. Rus neftini hasil etmək qat-qat asandır, çünki onu suyun dərinliyindən çıxarmaq lazım gəlmir. Maliyyə naziri Aleksey Kudrin hesab edir ki, bu səbəbdən Rusiya gələcək nəsillərin qeydinə qala bilərdi və bunu etməli idi. Məhz Kudrin 2004-cü ildə Moskvada Maliyyə nazirliyində böyük bir fondun yaradılması təşəbbüsü ilə çıxış edib.

Amma plan baş tutmayıb. Son illər pulların böyük hissəsi büdcə kəsirlərinin aradan qaldırılmasına gedir, yerdə qalanı isə qış Olimpiya oyunlarına, sanksiyalardan zərər çəkən müəssisələrə kreditlərə və arktik qaz terminallarına sərf olunub. Vəsaitin yalnız kiçik bir hissəsi hələlik gələcək pensiyaçıların payına düşür.

Bu isə Rusiyanın ən tanınmış müxalifət nümayəndəsi Aleksey Navalnını Kremli ittiham etməsinə imkan verib. Müxalifətçi məmurların bütöv bir nəslin topladığı vəsaitin böyük bir hissəsini xərclədiyini bildirib. “Ölkəmizin əlinə tarixi şans düşmüşdü. Ancaq biz bu şansı Putinin varlı dostlarının və Putinin özünün daha da varlı olmasına dəyişdik”, – hökumətin seçkilərdə namizədliyini irəli sürməsinə imkan vermədiyi Navalnı bildirib.

 

Rusiya siyasətinin cokeri

Maraqlıdır ki, bir sıra yüksək vəzifəli və Putinə loyal məmurlar da həyəcan təbili çalır. Rusiyanın iqtisadi siyasəti neft qiymətlərinə müvafiq şəkildə dəyişir. Bu heç kimə sirr deyil. Neft qiymətləri aşağı olanda hökumət başçıları sərt islahatlara əl atır, qiymətlərin yüksək olduğu dövr isə müharibəyə meylli xarici siyasətlə xarakterizə olunur. Lakin son illər ərzində qaydalar tamamilə dəyişib. Neft qiyməti aşağı düşsə də, Rusiya Ukrayna və Suriyada baha başa gələn hərbi əməliyyatlara qoşulub. Krımın ilhaqından sonra tətbiq olunan Qərb sanksiyaları da ehtiyatların boşalmasında öz işini görüb. Rusiya bankının idarə heyətinin sədri Qerman Qref bu həftə baş tutan konfransda xəbərdarlıq edib ki, Rusiya eyni zamanda dünyanın yarısı ilə münaqişə aparıb, ölkə daxilini xoş güzəranla təmin edə bilməz. “Əlbəttə, şans var. Ancaq bu kiçik şansdır. Bəs dövlət nə isə etməlidirmi? Əlbəttə, etməlidir. İlk növbədə, geosiyasi vəziyyəti yaxşılaşdırmaq lazımdır”, – deyə Qref qeyd edib.

Amma neft Rusiya siyasətinin cokeri kimi qalmaqda davam edir. Ona görə seçki kampaniyası fonunda qara qızılın qiymətlərinin yenidən artmağa başlaması Putin üçün yerinə düşən xəbər olub. Bu, bir çox banklara ölkə təsərrüfatı ilə bağlı neqativ proqnozlarını daha pozitivlərlə əvəz etməsinə imkan verib.

Kremlə ümid etmək qalır ki, hər şey belə də davam edəcək. Axı növbəti sanksiya və ya iqtisadi böhran baş verərsə, işə salmaq üçün daha ehtiyat fond qalmayıb. Bu barədə iqtisadçı Natalya Milçakov “Moskovskiy Komsolomets” nəşrində yazır. Sözsüz, Vladimir Putin bu mövzu ilə bağlı çarpaz dindirilmədə iştirak etmək istəmir, o, sadəcə daha altı il müddətinə prezident olaraq qalmaq istəyir. Gözlənilir ki, Kreml teledebatlara Putinin əvəzinə xüsusi nümayəndəsini göndərəcək.

Siyasi şərhçi Aleksandr İvaknik “RBC” nəşrinə bildirib ki, Kremlin belə bir addım atması seçkiqabağı debatların “çara layiq olmaması” məntiqinə əsaslanır. Nəşrin verdiyi məlumata əsasən, bunun əvəzində prezident seçki qabağı bir neçə zavoda vaxt səfər etməyi planlaşdırır.

Xpressa.net